Əlbəttə, sən!

İqtibas
(nağıl)       


 Biri vardı, biri yoxdu, iki balaca siçan vardı. Onlardan birinin adı Təti, o birininki isə  Mətiydi. Təti ilə Məti bütün günü oynayır, deyir, gülür və əylənirdilər. Onların yaxınlığında bir xoruz da yaşayırdı. Xoruz səhər açılan kimi hamını yuxudan oyadır, sonra isə özünün başqa işlərini görürdü. Arada bir də Təti ilə Mətiyə qoşulub onlarla oynayırdı.  
 Bir gün Xoruz həyətdən bir neçə buğda tapdı. Sevincək dedi: 
-Təti, Məti, baxın, görün nə tapmışam, buğda!
Təti ilə Məti buğdaya baxıb dedilər: 
-Onu dəyirmana aparıb üyütmək lazımdır!
 Təti üzünü o yana çevirdi: 
-İstinin bu vaxtında kimdir dəyirmana buğda aparan? Şəxsən mən getmərəm!
 Məti də yoldaşının dedikləri ilə razılaşdı:
-Mən də!
 Xoruz buğdaları torbaya yığıb üyütməyə apardı. Üyüdüb gətirdi. Unu siçanlara göstərdi. Una baxan kimi Məti dedi: 
-Bu undan yaxşı çörək bişirmək olar!
 Xoruz dedi: 
-Gəlin bişirək! Odunu kim gətirəcək?
 Amma yenə də Təti ilə Məti heç bir iş görmək istəmədilər: Təti dedi: 
-Bu iş mənlik deyil! Mən bu istidə odun daşıya bilmərəm!
 Məti da dedi: 
-Mən də!
Xoruz dedi: 
-Onda mən odun gətirməyə gedirəm, siz də xəmiri hazırlayın!
 Xoruz gedib meşədən odun yığıb gətirdi, siçanlar xəmir yoğurmamışdılar, xəmiri də yoğurdu, təndiri də qaladı. Çörəyi təndirə yapanda dedi: 
-Heç olmasa çörəyi təndirə siz yapın!
Təti topu Mətiyə atıb dedi: 
-Bu mənlik deyil!
 Məti da eyni sözləri dedi: 
-Mənlik də deyil!
Xoruz çörəyi təndirə yapdı. Çörəyin ətri aləmi bürüdü. Tət ilə Məti tez süfrə arxasında oturdular ki, isti çörək yesinlər. Xoruz isti çörəyi ortaya qoymamışdan Təti ilə Mətiyə sual verdi: 
-İndi mənə deyin görüm, buğdanı kim tapıb? 
Siçanlar bir ağızdan «Əlbəttə, sən!», dedilər. Xoruz yenə sual verdi: 
-Onu üyütməyə kim aparıb?
Siçanlar bir ağızdan: «Əlbəttə sən!», dedilər. 
-Odunu kim gətirib? Təndiri kim qalayıb? Çörəyi kim bişirib? İndi mənə deyin görüm, çörəyi kim yeməlidir?
 Təti ilə Məti səhvlərini başa düşdülər. Xoruz onlara axırıncı sualını verəndə yavaşca süfrə arxasından durub getdilər.    

 

          Nağılçı: Gülzar İbrahimova