(hekayə)
Atamın əmisi vardı, 68 yaşlı. Adı Bahadur əmi idi. Özü Masallıda yaşayırdı, amma qış olan kimi gəlib Bakıda – bizdə qalırdı. Çox deyingən idi. Həmişə nədənsə narazı qalar, nə isə tapıb deyinərdi. Atamın ürəyi xəstə idi deyən, çox əsəbi idi. Ona görə də əmisinin deyingənliyi ən əvvəl onu əsəbiləşdirirdi. Ondan savay anam da, kiçik qardaşım da qocanın deyinməsindən cana doymuşdu. Bir sözlə hamı bezmişdi.
Atamın dediyinə görə, elə cavanlıqdan Bahadur əminin əlindən çörək almaqdan başqa bir iş gəlməyib.
Bir gün Bahadur əmi deyindi, deyindi, sübh tezdən hamının kefinə soğan doğradı. Atam «Allah sənin başıva daş salsaydı, canımız qurtarardı» deyə, hirsləndi.
Anam da onun sözünü təsdiqlədi. «Başıva daş düşsün, ay Bahadur, görəsən bu günə qədər bir adama zərrə qədər də olsun, xeyrin dəyib sənin, ay qoca, nəyə bu qədər deyinirsən?», deyə anam da atamın qarğışına qüvvət verdi. Mən həmişəki kimi Bahadur əmini müdafiə elədim:
-Nə istəyirsiniz qoca kişidən. Deyinir, deyinir də, siz fikir verməyin.
Mənim sözlərimdən sonra anam bir az da qızışdı:
-Ömür boyu bu insan deyinib. Elə deyingənliyindən də arvadı onu qoyub gedib. Bu adamın hələ bu vaxta qədər bir adama xeyri dəyməyib.
Bahadur əmi hamını hirsləndirəndən sonra heç nə olmayıbmış kimi geyinib çörək almaq üçün həyətə düşdü. Çörək mağazası bizim evdən bir az uzaq idi. Üç bina o tərəfdə. Mən də dərsə gedirdim. Qapıdan Bahadur əmi ilə bir çıxdım. Pilləkənləri bir yerdə düşdük. Qocanın könlünü almaq istədim:
-Bahadur əmi, sən onlara fikir vermə, özləri deyingəndirlər adlarını sənə qoyublar.
Bahadur əmi, «Yaxşı bala, fikir vermərəm» deyib, yenə də dodağının altında nəsə deməyə başladı. Ayrıldıq. O, sağ tərəfə, mən isə sol tərəfə getdim.
Qış tətilindən sonra dərslər təzəcə başlayırdı. Sinfimizə təzə müəllimə gəlmişdi. Hamıya diqqət verir, uşaqlarla tanış olurdu.
Mən isə evimizdə olan söz-söhbətə görə bir az fikirliydim.
Sinfin pəncərəsindən çörək mağazasının həyəti görünürdü. Pəncərədən boylanıb qocaya baxmaq və fikrə dalmaq istəyirdim ki, insan ömrü boyu heç nəyə yaramayanda, heç kəsə xeyir verməyəndə nə qiymətsiz olur? Elə bu fikirlə də pəncərədən boylandım.
Bahadur əmi salafan torbada çörəkləri yellədə-yellədə evə tərəf gedirdi. Həmişəki kimi boynunu qabağa uzatmışdı. O qədər belə yerimişdi ki, beli azca qozbel kimi idi. Birdən binanın yuxarı mərtəbəsindən qara, böyük bir şey onun başına düşdü. Evdə o qədər ki ona demişdilər, başıva daş düşsün, ağlıma gələn birinci o oldu ki, Bahadur əminin başına daş düşdü. Qışqırtım aləmi götürdü. «Vay, əmimin başına daş düşdü», deyib şivən qorpardım.
Özümü sinifdən necə bayıra atdımsa, bütün sinif uşaqları da mənim dalımca qaçdılar həyətə.
Mən hadisə yerinə çatana qədər Bahadur əminin başına çoxlu adam toplaşmışdı. O, özündən getmişdi. Əvvəlcə elə bildim o ölüb. Ağlayıb, çığırmağa başladım. Məni sakitləşdirdilər ki, kişi ölməyib, özündən gedib. Onun yanında huşsuz halda cavan və qəşəng bir qız da uzanmışdı.
Sonralar bildim ki, bu cavan və qəşəng qız illərlə sevdiyi sevgilisindən ayrıldığına görə özünü balkondan aşağı atıb. Bu vaxt da Bahadur əmi ordan keçirmiş. Qızın xoşbəxtliyindən və qocanın bədbəxtliyindən qız düz düşüb Bahadur əminin başına. Əmim də başını qabağa əyibmiş deyə, qız qarnı üstə kişinin boynuna düşüb, ona görə də sağ qalıb. Sən bir taleyə, qismətə bax!
Nə isə... Hər ikisi ağır yaralanar, onları xəstəxanaya apararlar. Bir neçə müddət müalicədən sonra sağalarlar.
Bütün qonşular danışırdı ki, Bahadur əmi həmin vaxt ordan keçməsəydi, qız daş döşəmənin üstünə düşüb parça-parça olacaqmış.
Qızın ata-anası həmin günü xəstəxanada kişilərin palatasına girib Bahadur əmiyə də baş çəkdilər. Sevindiklərindən onu qucaqlayıb zülüm-zülüm ağladılar. Ona «Xeyirxah insan! Göydə Allah, yerdə sən bizi övladsız qoymamısan» dedilər.
Barışmış sevgililərin toyuna Bahadur əmini də, bizi də ailəlikcə çağırmışdılar. Toyda qızın atası təntənəli surətdə əmimə minnətdarlıq bildirdi. Sonra da qolundakı qızıl saatını açıb əmimə bağışladı.
Toyu aparan tamada əmimdən, onun xeyirxahlığından ağız dolusu danışdı. Atama və anama baxdım. Hər ikisi baxışlarını məndən qaçırtdı. Amma oturuşlarından, hərəsi bir tərəfdən əmimi tez-tez qucaqlamaqlarından başa düşürdüm ki, onunla fəxr edirlər.
Bahadur əmi isə adəti üzrə yenə də dodağının altında deyinirdi. Nəyə hirslənmişdi, niyə deyinirdi, həmişəki kimi heç kəs başa düşmürdü. Amma daha onun deyinməyinə heç kəs əsəbiləşmirdi. Çünki, Bahadur əmi bir insan həyatını, evin yeganə övladını özü də bilmədən ölümdən xilas eləmişdi, iki sevəni bir-birinə qovuşdurmuşdu. Bundan böyük xeyirxahlıq nə ola bilər ki?
Müəllif: Gülzar İbrahimova