(nağıl)
Biri var idi, biri yox idi, bir yer var idi, bir də göy. Yerdə olanlardan sizə çox danışmışam, gəlin indi görək göylərdə nələr baş verir.
Bir gün göylər şahı olan Günəş, ulduzları, yeddi doğma qardaş olan göy qurşağını bir yerə yığıb onlara deyir:
- Müqəddəs Tanrımızın hökmünə görə bütün yeri, göyü Günəş işıqlandırmalı və qızdırmalıdır. Amma dünya get-gedə dəyişir. Yer od tutub yanır. İndi yerdən qalxan alovun istisi, Günəşin istisindən çoxdur. Yanğınların istisi göyə ucalır, tüstüsü göz çıxarır. Qırmızı, sarı rəngli alovlardan başqa yerdən yaşıl rəngli alov da qalxır. Bu onu göstərir ki, bəzi məmləkətlərdə adam da yandırırlar.
Hökmdarlar bir-birləri arasında müharibələr aparır, obalara od vurub yandırırlar. Bütün dünyaya heyvani bir hökmranlıq yayılıb. Güclülər gücsüzləri məhv edirlər. Gözlərini qan tutmuş bəzi hökmdarlar insan qırğınlarından yorulmurlar. Canlı adamlar tonqallarda diri-diri yandırılır. Min bir əziyyətlə əkib-becərilən taxıl zəmilərinə od vurulur, təbiətin illər boyu əkib-becərdiyi meşələr rəhmsizcəsinə yandırılır. Yerdən püskürən alov az qalır Günəşə çatsın. Yerdə olan haqsızlıqlar, qanlı müharibələr aman vermir ki, biz burda rahat qalaq. Mən bütün bunlara çarə etmək, qan-qadanı azaltmaq üçün yeddi göy qurşağı qardaşlarını yerə göndərmək istəyirəm.
Mənim rəngli oğullarım! Siz Yer səltənətinə gedib orada əmin-amanlıq yaratmalısınız. Öz mehribanlığınızdan yerdəkilərə də verməlisiniz ki, onlar bir-birləri ilə mehriban davransınlar. Hər yana ədalət toxumu səpməlisiniz.
Hərəniz bir ölkəyə gedin, orada qan tökülürsə, qarşısını alın. İnsanlar bir-birlərini qırırlarsa, qoymayın.
Xain, acgöz, tamahkar, riyakar, dünyaya ağalıq iddiasında olan adamların ürəkləri yuyulmalı, onlar bu pis naxoşluqdan sağalmalıdırlar. Həmin adamları bu çirkin əməllərdən çəkindirmək, azğınlaşmışları yoluna qoymaq üçün siz, əlinizdən gələni etməlisiniz.
Qardaşlar arasında ən böyük qardaş sayılan Göy rəng Günəşin qarşısında baş əyib dedi:
- Ey aləmi işıqlandıran, və isidən Günəş ana! Biz heç vaxt sənin sözündən çıxmamışıq. Bu gün də sənin dəyərli fikirlərinlə biz hamımız razıyıq. Yerdən qalxan müharibələrin, amansızlıqların qara tüstüləri göydə bizim də rəngimizi dəyişib. Mənim göy rəngim az qalır ki, boz rəngə çevrilsin. Mən və mənim qardaşlarım sənin bütün əmrlərini yerinə yetirməyə hazırıq, təki dünyamız öz rəngində qalsın.
Günəş razılıqla başını tərpətdi. Sonra üzünü Sehr ulduzuna tutub dedi:
-Sehr ulduzu! Bu gündən göy qurşağı qardaşlarının qiyafəsini dəyişib, insan qiyafəsinə çevirərsən. Onlara insan düşüncəsi, insan kamilliyi bəxş edib, yerə göndərərsən. Qardaşların hərəsini üstünü qara duman almış, qarmaqarışıqlıq olan bir məmləkətə göndər ki, orada nizam yaradıb, qan-qadanın qarşısını alsınlar.
Sehr ulduzu Günəşə «bəçeşm» deyərək, onun tapşırıqlarını yerinə yetirməyə başladı. Əvvəlcə qardaşları bir-birindən ayırıb, onları insan simasına saldı. Onlara insan dili, insan kamilliyi bəxş etdi.
Bundan sonra Sehr ulduzu göyün rəngində olan göy qurşağına Göyoğlan, sonrakı qardaşa Ağoğlan, qara rəngli göy qurşağına Qaraoğlan, qırmızı rəngli göy qurşağına Qırmız,
yaşıl rəngli göy qurşağına Yaşılbaş, çəhrayı rəngli göy qurşağına Çəhray, axırıncı sarı rəngə isə Sarıoğlan adları qoydu. Sonra isə qardaşların hərəsini üstündə daha çox qara duman olan bir məmləkətə yolladı.
Gün keçdi, vədə tamam oldu, göy qurşağı qardaşları qayıdıb gəldilər. Onların görkəmi çox pis vəziyyətdə idi. Qardaşların rəngi solmuş, onlar əvvəlki kimi şölə saçmırdılar.
Günəş qardaşların başına gələnləri öyrənmək üçün birinci üzünü göylər oğlu Göyoğlana tutdu:
-Göyümüzün göy rəngi, ən gözəl göy qurşağı ! De görüm getdiyin yerdə nələr gördün? İnsanların arasında başına nələr gəldi ki, rəngin belə bozardı? Getdiyin məmləkətdə qan-qadanı silə bildinmi? Kimlərə ümid verdin? Kimlərə həyat verdin? Kimləri məyus etdin? Özünə dostmu qazandın, yoxsa düşmən? Çörək verməyəmi bais oldun, yoxsa çörək almağa? Əhli məmləkət sənin gəlişindən şad oldumu, yoxsa yasa batdımı?
Birinci qardaş Göyoğlan Gəncə məmləkəti haqqında hekayətinə belə başladı:
-Müqəddəs Günəş ana! Mən göylərdən od-alovu, tüstünü, dumanı təmizləmək üçün üstünü qara duman almış Gəncə məmləkətində oldum.
Gördüklərimdən dəhşətə gəldim. Kaş ki, görər gözlərim kor olaydı, belə dəhşəti görməyəydim. Kaş ki, eşidər qulaqlarım kar olaydı belə nankorluq haqda eşitməyəydim.
Məmləkət od tutub yanırdı. El-oba qan ağlayırdı. Hər yan xarabalığa çevrilmişdi.
Kimdən nə soruşdumsa, mənə cavab verən olmadı. Hamı qaçhaqaçda idi.
Bir də gördüm ki, bir kişi başını dayayıb şəhərin bir tay qalmış darvazasına, hönkür çəkib ağlayır. Ona yaxınlaşıb soruşdum:
- Ey Allah bəndəsi, nə baş verib bu məmləkətdə ki, hər tərəf od tutub yanır, hamı təlaş içərisində o tərəf, bu tərəfə qaçır? Bu qaçhaqaçda bəs sən niyə başını dayamısan bu tay qalmış darvazaya, zülüm-zülüm ağlayırsan? Bütün bunlardan məni agah et, mən göylərin oğluyam, adım da Göyoğlandır. Ruhumda müqəddəslik var, bəlkə bu başıbəlalı məmləkətin camaatına köməyim dəyə bildi.
-Ey Göyoğlan! Ruhundakı müqəddəslik qarşısında baş əyirəm. Amma mənim elimə, obama indi heç kəsin köməyi dəyə bilməz, - deyə kişi gözlərinin yaşını dayanmadan tökdü.
-Ümidini Tanrıdan qırma! Başına gələnləri mənə də danış. Peşiman olmazsan. Əvvəlcə de görüm, sən kimsən, niyə sənin məmləkətin bu haldadır? – soruşub , kişinin gözlərini sildim.
Kişi el-obasının başına gələn müsibətləri danışmağa başladı:
-Üzünün nurundan qəlbi təmiz adama oxşayırsan. Geyimindən qərib qonağa bənzədirəm səni. Qərib, bil və agah ol. Bizim Gəncə məmləkəti həmişə çox gözəl və zəngin bir diyar olub. Dörd bir tərəfimizdə yaşayan acgöz qonşu hökmdarlar onun var-dövlətini ələ keçirmək üçün daima müharibələr edib, camaatımızı qırıblar. Bax, indi qırdıqları kimi. Tayı-bərabəri olmayan şəhərimizi dağıdıblar, bax, indi dağıtdıqları kimi.
Mən ustayam. Adım İbrahim Osmandır. Cavanlıqdan bəri sidq ürəklə məmləkətimizi əllərimin zəhmətilə bəzəmişəm. Yeddi-səkkiz il öncə Gəncəmiz bəzəkli gəlinə bənzəyirdi. İndi isə gördüyün gündədir. Bax, indi bir tayı qalmış dəmir darvazanı da mən bu sınmış əllərimlə bura bərkitmişəm. Onun üstünün bəzəklərini min bir həvəslə işləmişəm. Gecələri yatmamışam, gündüzləri dincəlməmişəm, gözəl məmləkətimizi pis niyyətlə gələnlərdən qorumaq üçün bu darvazanı düzəltmişəm. Məmləkətimizin üstündə çox davalar olub, çox qırğınlar olub, qonşu məmələkətin gürcü çarı Demetrenin və onun əsgərlərinin qəddarlığı isə elimə-camaatıma lap dağ çəkib. Qulaq as, danışım, sən də bil.
Bu gün bir ay olar ki, başımıza müsibət gəlib. Məmləkətimizdə böyük zəlzələ olub. Torpaq aralanıb, üç yüz minə qədər adamımızı udub. Camaat özünə gəlməmiş gürcü çarı məmləkətin üstünə qoşun göndərib ki, şəhəri talan edib, qənimət əldə eləsinlər. Bütün varımızı-dövlətimizi yığıb-yığışdırıblar. Apardıqları azmış kimi acgöz gürcü çarının əmri ilə əsgərlər bu darvazanın da bir tayını çıxarıb aparıblar.
Usta elə ağlayırdı ki, gözlərindən elə bil yaş əvəzinə qan tökülürdü. Mən baxdım ki, dəmir darvazanın naxışları doğrudan da çox gözəldir. Darvazanın üstündə xırda-xırda naxışlarla biri-birindən gözəl mələklərin əksi işlənmişdi. Amma mənim üçün maraqlı idi ki, niyə qarətçilər qapının təkcə bir tayını aparıblar, ona görə də ustanın sözünü kəsdim:
-Bəs onlar nə əcəb qapının təkcə bir tayını aparıblar, o biri tayına dəyməyiblər?
Usta İbrahim Osman dedi:
- Qapının bu tayının bəndini torpağın çox dərininə basdırmışam deyə, onu çıxarda bilməyiblər. Göyoğlan, eşit, mən müsibətimizin gerisini sənə nağıl edim.
Mən ustanın dərdinə qulaq asmağa başladım. O, dərindən ah çəkib, söhbətini davam elədi:
-Zəlzələdən sonra məmləkətin ən hündür dağı, Kəpəz dağının bir tərəfi uçub, Ağsu çayının qarşısını bağlayıb. İndi o çay mənim elimə axmır, yurdum susuz qalıb. Çay axan səmtini dəyişib qonşu məmləkətə döndərib. Başı müsibətlər çəkmiş camaatımız bir tərəfdən də susuz qalıb. Bir-iki günə yəqin zəlzələdən, müharibədən sağ qalanlar susuzluqdan qırılmağa başlayacaqlar.
Bax, başımıza gələn müsibətlər bunlardır, mən buna görə hönkür-hönkür ağlayıram. Bilirəm ki, bu bəla bizlərə Tanrıdan gəlib, heç bir bəndə bizə kömək eləyə bilməz.
Məni də ağlamaq tutdu, ürəyi nazik bu qocanın titrəyən, qiymətli əllərindən tutub dedim:
-Usta, mən əlimdən gələni edəcəyəm ki, sənin elinə, camaatına köməklik göstərim.
Mənim sözlərimdən o, bir az da kövrəldi. Sonra mən üzümü göylərə tutub Sehr ulduzunu çağırdım və bu məmləkətə kömək üçün ondan sehr istədim. Hər şeyi İbrahim Osmanın danışdığı kimi ona danışdım. Sehr ulduzu qəzəbləndi:
-Mən elə bu zamandan sehr duası oxuyub Gəncə məmləkətinə qonşu olan bütün məmləkətlərin bərəkətlərini alıb bu yurdun üstünə tökəcəyəm. Qoy onların acgöz camaatı ömürləri boyu dayanmadan işləsinlər, amma heç bir var-dövlət sahibi olmasınlar. Gəncə məmləkəti isə günü-gündən varlansın, acgöz qonşuları onlara baxıb paxıllıqdan yansınlar. Camaatın isə susuz qalmaması üçün böyük bir göl yaradacağam.
Mən məətəl-məətəl Sehr ulduzuna baxdım:
İndi görərsən, deyib Sehr ulduzu par-par parıldadı. Bu vaxt uzaqdan görünən hündür bir dağ iki yerə bölünüb aralandı.
-Bu bizim ən hündür dağımız - Kəpəz dağıdır. Ey sehrli varlıqlar, mənə deyin görüm, niyə Kəpəz dağı iki yerə bölündü, - deyə İbrahim Osman soruşdu.
Sehr ulduzu cavab verdi:
- İki yerə bölünmüş Kəpəz dağı indi Ağsu çayının axan səmtini dəyişəcək və orada böyük bir göl əmələ gələcəkdir. Həmin göl də daşanda sənin məmləkətinə axacaqdır. Bununla da camaat susuz qalmayacaq.
Bundan sonra Sehr ulduzunun bütün dedikləri bir anda baş verdi. Kəpəz dağının uçulduğu yerdə elə bil tufan başladı ki, yerin torpağı göyə sovruldu. Torpağı sovrulmuş yerdə böyük boş yer yarandı. Çayın suyu axıb həmin boş yerə tökülməyə və oradan da məmləkətin məhəllələrinə axmağa başladı.
Usta İbrahim Osman suyu görən kimi sevincək oldu və mənim əllərimdən tutub öpdü, minnətdarlıq bildirdi:
-Mənim elimi susuzluqdan qurtardığına görə çox sağol, ey nəcib cavan. Bir də izn ver, bu gölün adını sənin adınla Göy-göl qoyum.
Mən razılığımı bildirdim. İbrahim Osmanla görüşüb ayrıldım. Ayrılanda ona məmləkətlərində bir daha qara günlər olmamasını arzuladım.
Mənim gördüklərim bunlar oldu, Günəş ana, kaş ki, görməz olaydım. Eşitdiklərim bunlar oldu, Gözəl ana, kaş ki, eşitməz olaydım.
-Düz deyirsən, Göyoğlan, bu məmləkətin başına gələnlər mənim də qəlbimi göynətdi. Sən çox düzgün eləmisən ki, onları susuz qoymamısan. Mən öz istimi bu məmləkətin üstündən heç vaxt əskik eləməyəcəyəm. Qoy bizim müqəddəs ulduzlarımız da də bu məmləkətin camaatının başı üstündə olsun.
Qoy Ulu Tanrı özü də Gəncə elinin həmişə başının üstündə olsun, onu pislərdən, xainlərdən və acgözlərdən qorusun!
Bundan sonra Günəş üzünü Ağoğlana tutdu:
- Göyümüzün ağ rəngi, yaraşıqlı göy qurşağı Ağoğlan! De görüm, getdiyin yerdə nələr gördün? İnsanların arasında başına nələr gəldi ki, rəngin dəyişdi? Getdiyin məmləkətdə qan-qadanı silə bildinmi? Kimlərə ümid verdin? Kimlərə həyat verdin? Kimləri məyus etdin? Özünə dostmu qazandın, yoxsa düşmən? Çörək verməyəmi bais oldun, yoxsa çörək almağa? Əhli məmləkət sənin gəlişindən şad oldumu, yoxsa yasa batdımı?
İkinci qardaş Ağoğlanın romalıların karfogenlilərlə müharibəsi haqqında hekayəti
-Cahanı nurlandıran ana! Səndən qeyrisi məni belə bir buyruğa göndərsəydi, mən ölümümə razı olardım, amma belə qəddar insanların arasına getməyimə razı olmazdım. Qulaq asın, başıma gələnləri sizə nağıl edim.
Mən, üstünü ən çox qara duman almış Roma məmləkətinə yollandım. Roma hökmdarı müharibə edərək, başqa yurdları viran qoymaqdan yorulmaz, var-dövlət yığmaqdan doymazdı. Onun Varron adlı qaniçməkdən doymayan bir qoşun başçısı var idi. O, hər dəfə müharibədən qayıdanda ölkəsinə minlərlə əsir gətirər, onları qula çevirərdi. Ölkə camaatını müharibələr bezdirmişdi.
Bunula belə, Roma hökmdarı yenə də növbəti müharibəyə hazırlaşırdı.
Bir gün şahın carçısı car çəkir ki, sübh tezdən bütün kişilər bir nəfər kimi qoşun başçısının yanında olsunlar. Bunu eşidən camaatın fəryadı göyə yüksəlir. Arvadlar ağlamağa, şivən qoparmağa başlayırlar. Amma bu ah-vayın heç bir köməyi olmur. Sübh tezdən məmləkətin döyüşə bilən bütün kişiləri meydana toplaşırlar.
Roma qoşunları karfagenlilərlə müharibə etməyə, onların torpaqlarını almaq üçün hücuma keçməyə hazırlaşırdı.
Karfagenlilər dinc yaşamağı xoşlar, qonşu ölkələrlə də mehriban münasibətlər saxlamağa çalışardılar. Onlar müharibəyə hazır deyildilər və qoşunları da romalılardan çox az idi.
Müharibə istəməyən karfagenlilərin başçısı Roma hökmdarına xəbər göndərir ki, nahaq yerə qan tökülməsi hələ heç bir hökmdara şan-höhrət gətirməyib. Nə qədər ki, gec deyil, bu yoldan geri dönsün.
Amma Roma hökmdarı bu xahişə məhəl qoymadan karfagenliləri döyüşə çağırır.
Mən o vaxt yetişdim ki, hər iki qoşun İtalyano şəhərinin Kanna kəndində üz-üzə dayanmışdılar. Onlar döyüşün başlanması əmrini gözləyirdilər. Mən əvvəlcə Roma hökmdarına və onun qoşun başçısı Varrona yaxınlaşdım və dedim:
-Ey böyük hökmdar! Mən göylər oğluyam, göylərdən gəlmişəm. Məqsədim qan-qadanı dayandırmaq, adamlara kömək etməkdir. Yerləri və göyləri ah-nalədən qorumaqdır. Bilmək olarmı ki, müharibə etməkdə sizin məqsəd-məramınız nədir?
Roma hökmdarı mənim sözlərimə uğunub getdi. Cavabı isə qoşun başçısı Varron verdi:
-Roma hökmranlığından başqa dünyada heç bir hökmranlıq olmamalıdır. Karfagenlilər isə bizə itaət etmək istəmir, torpaqlarını öz xoşları ilə bizə vermək istəmirlər. Buna görə də onlar bizim qulumuza çevrilməlidirlər.
Mən onları bu səhv addımdan çəkindirmək istədim:
-Bəlkə nə qədər ki gec deyil, bu nahaq qan tökməni dayandırasınız?
Sözlərimdən qəzəblənən Varron qılıncı mənim başım üstünə qaldırıb dedi:
-Sən öz sözlərinlə bu muharibədə birinci qurban olmağa layiqsən!
Elə qılıncı başıma endirmək istəyəndə bu vaxt Sehr ulduzu vaxtında mənim köməyimə çatıb, məni yox elədi.
Sonra mən karfagenlilərin hökmdarının hüzurunda baş əyib dedim:
-Ey böyük hökmdar! Mən göylər oğluyam, göylərdən gəlmişəm. Məqsədim qan-qadanı dayandırmaq, adamlara kömək etməkdir. Yerləri və göyləri ah-nalədən qorumaqdır. Bilmək olarmı ki, müharibə etməkdə sizin məqsəd-məramınız nədir?
Hökmdar olmağına baxmayaraq, o da mənə baş əydi və dedi:
-Əgər sən həqiqətən də göylər oğlusansa, sən müqəddəssən, mən və mənim qoşunum sənin qarşında baş əyirik və sənə əyan edirik ki, bizim müharibədə bircə məqsədimiz var. Üstündə gəzdiyimiz və əkib -becərdiyimiz torpaqlarımızı düşməndən qoruyaq. Biz onlardan çox azıq. Amma qırılsaq da gərək torpağımızı qoruyaq. Qoy göydəki Tanrımız bizi qorusun.
Bu sözləri eşidəndən sonra mən Sehr ulduzundan xahiş etdim ki, göydəki ulduzları karfagenlilərin başları üzərinə səpələsin.
Özüm isə göylərə qayıdıb oradan bu dəhşətə tamaşa elədim. Döyüş cəmi bircə gün çəkdi. Çox qüdrətli roma əsgərləri bu döyüşdə yetmiş min əsgərdən əlli minini bircə gündə itirdilər. Karfagenlilər döyüşdən qalib çıxdılar. Dünya hökmdarları bu müharibəyə möcüzə kimi baxdılar.
Həmin gündən darmadağın olan Romalıların daha heç bir ölkəyə hücum etməyə gücləri qalmadı. Başqa ölkələrin canı da bu qaniçənlərdən qurtardı. Bizim də göylərimiz ərşə qalxan müharibə tüstülərindən təmizləndi.
Cahana nur verən ana! Mən özümü bəxtiyar sanıram ki, sənin tapşırığını yerinə yetirdim.
Günəş Ağoğlanın hekayətindən sonra qəmgin oldu.
Ağoğlan soruşdu:
-Niyə kefin pozuldu, Günəş ana?
-Gör bircə günün içərisində nə qədər adam məhv oldu. Bir acgöz hökmdarın ucbatından. Sən düz eləmisən ki, ulduzları karfagenlilərin başlarının üstünə səpmisən. Başqa çarə yox imiş. Romalılar qalib çıxsaydılar, karfagenliləri qıracaq, sonra isə başqa ölkəyə hücum edəcəkdilər.
Günəş məyus-məyus üzünü göylər oğlu Qaraoğlana tutdu:
- Sakit gecələrimizin qara rəngi, Qaraoğlan! De görüm, getdiyin yerdə nələr gördün? İnsanların arasında başına nələr gəldi ki, rəngin belə bozardı? Getdiyin məmləkətdə qan-qadanı silə bildinmi? Kimlərə ümid verdin? Kimlərə həyat verdin? Kimləri məyus etdin? Özünə dostmu qazandın, yoxsa düşmən? Çörək verməyəmi bais oldun, yoxsa çörək almağa? Əhli məmləkət sənin gəlişindən şad oldumu, yoxsa yasa batdımı?
Üçüncü qardaş Qaraoğlanın atəştpərəstlər haqqında hekayəti:
-Müqəddəs Günəş! Mən göyümüzü od-alovdan qurtarmaq üçün, üstünü qara buludlar almış İran məmləkətində oldum. İran əhli atəşpərəst idilər və ilahi qüvvə saydıqları oda səcdə edirdilər. Camaat dünyada bütün olanları və olacaqları odla bağlayır, gecə və gündüz oda dua edirdilər.
Onlar deyirdilər ki, Od Ahura Mazdanın (Hürmüzdün) oğludur və o müqəddəsdir. Əgər kimsə odu söndürərdisə, o adam müqəddəs «Ahura Mazdanın oğlunu öldürən» sayılardı. Həmin adam dinsiz kafir kimi tanınar və onun özünü tonqalda yandırardılar.
Hətta ölkədə hər hansı bir yerə od düşüb yansa belə, həmin odu heç kəs söndürməz, bunu günah sayardılar.
İran məmləkətində hər külfətin istidə də, soyuqda da evində və həyətində ocaq yanardı. Daima yanan ocaq külfətin müqəddəs piri sayılardı. Ocaq sönərsə, həmin külfət yasa batar, qara geyinərdi.
Məmləkət əhli ocağı sönən adamlara Ahura Mazdanın xoşu gəlmədiyi adamlar kimi baxardılar. Belə adamlar pis niyyətli adamlar sayılar, onları heç kəs xeyrinə, şərinə çağırmazdı.
Bunun qorxusundan camaat var gücləri ilə çalışardılar ki, ocaqları sönməsin. Onlar gecə-gündüz ocağın keşiyini çəkər, onu sönməyə qoymazdılar. Meşələr qırılıb yandırılar, nahaqdan tüstülənən ocaqlar isə yerdə camaatın gözlərini kor edərdi, göydə də bizim.
Mən hal-qəziyyəni İran hökmdarına danışmaq üçün onun yanına getdim. Hər şeyi açıb, ona danışdım. O, mənə axıra qədər qulaq asdı. Mən yəqin hökmdar məni başa düşdü, deyə ürəyimdə sevindim. Elə bu vaxt o ayağa qalxıb, cəllada əmr elədi:
-Cəllad, bu dinsizi, kafiri diri-diri odda yandırın. Qoy bilsin ki, bizim od müqəddəsdir, kimsə onun müqəddəsliyinə şəkk gətirə bilməz.
Sən isə göydən gəlmiş cavan, əgər dediyin düzdürsə, doğrudan da sən göylər oğlusansa, qoy onda göylər sənin imdadına çatsın.
Mən sonra nə dedimsə, nə danışdımsa da, heç kəs məni eşitmədi. Elə istəyirdim ki, Sehr ulduzunu köməyə çağırım, bir də onu gördüm ki, ağzımı möhkəm bağladılar. Məni meydana apardılar. Orada böyük bir tonqal qaladılar ki, məni yandırsınlar.
Hökmdarın carçısı car çəkib hamını meydana çağırdı. Hamı tez bir vaxtda meydana yığışdı.
Eşitdiyimə görə hökmdarın çox ağıllı bir qızı var idi. Adı da Sepidə idi. O, atasının hüzurunda baş əyib ona dedi:
-Mehriban ata! Gəl sən bu cavanı odda yandırma. Bəlkə oğlan düz deyir, göylərdən gəlib? Əgər göylərdən gəlibsə, onu yandırmaq olmaz, o müqəddəsdir. Göylərin qəzəbinə gələrik.
Hökmdar sevimli qızı Sepidənin də sözünü eşitməyib, dediyinin üstündə durdu:
-Mən onu edam etməsəm, Ahura Mazdanın bizə qəzəbi tutar. O, kafirdir, dinsizdir. Bu cavanı kafirlər bilə-bilə göndəriblər bizim məmləkətə ki, bizim odumuz-ocağımız sönsün, bütün atəşpərəstlər məhv olsun. Onu mütləq tonqalda yandırmaq lazımdır. Cəllad, dayanma, əmr edirəm, tez onu at tonqala!
Yekəpər cəllad və onun köməkçiləri məni bir yoğun ağaca sarıdılar. Sonra isə həmin ağacı yerə sancılmış iki ağacın üstünə qoydular ki, mən yaxşıcana yana bilim. Daha sonra mənə od vurmaq üçün tonqaldan yaxşı alışıb yanan odunlardan götürdülər ki, gətirib mənim altıma qoysunlar. Bu vaxt leysan bir yağış başlayıb, tonqalı söndürdü.
Meydana yığışanlar bu işə məətəl qaldılar. Çünki burada yağış çox az-az yağardı. Hamı qaçdı öz həyətinə ki, görsün ocağı sönüb, yoxsa yanır. Ocaqlar sönmüşdü deyə, hamı yasa batdı.
Səhərisi günü Hökmdarın tapşırığı ilə yenə də hamı meydana toplaşdı. Bu dəfə də eyni hadisə təkrar oldu. Amma bu dəfəki yağış dünənkindən də çox yağdı. Camaatın həyətlərində təzədən qaladıqları ocaqlar da söndü. Üçüncü gün eyni vaxtda yağış yağanda şahın nurani vəziri irəli çıxıb dedi:
-Qibleyi-aləm və əhli İran! Bu cavan müqəddəsdir və o həqiqətən də dediyi kimi göylərdən gəlib! Bu bizi Yaradanın elçisidir. Bu cavanı biz incitdiyimizə görə o, bizim müqəddəs saydığımız odu söndürdü. Yəqin od daha bizim ona səcdə etməyimizi istəmir. Mən bu gündən oda səcdəmi dayandırıram. Kim mən deyənlə razıdırsa, əllərini göylərə tutsun və desin, «Müqəddəs Yaradan, keç bizim, günahımızdan, sənin elçini incitdiyimizə görə !»
Hökmdar ağıllı vəzirini həmişə eşidərdi. Çünki nurani vəzir deyən həmişə doğru olardı. Bu dəfə də o vəzirin bu ağıla batan sözlərini bəyəndi və vəzirin dediyi son sözləri təkrar elədi:
-Müqəddəs Tanrı, keç bizim, günahımızdan, sənin elçini incitdiyimizə görə !
Meydana toplaşanların hamısı bu sözləri təkrar etdilər.
Beləliklə də, bu hadisədən sonra İran məmləkətində atəştpərəstliyə sitayiş dayandı. Oda səcdə edən qonşu ölkələrdən Əfqanıstan, Hindistan, Pakistan məmləkətlərində də bu möcüzəli hadisəni eşidəndən sonra oda sitayişi dayandırdılar. Beləliklə də, məmləkət və müqəddəs göylərimiz qara tüstülərdən qurtuldu.
Günəş daha sonra üzünü göylər oğlu Qırmıza tutub dedi:
-Cahanın ən gözəl rəngi olan qırımızı rəng! Sevinc rəngi, gözəllik rəngi, Qırmız! De görüm, getdiyin yerdə nələr gördün? İnsanların arasında başına nələr gəldi ki, rəngin dəyişdi? Getdiyin məmləkətdə qan-qadanı silə bildinmi? Kimlərə ümid verdin? Kimlərə həyat verdin? Kimləri məyus etdin? Özünə dostmu qazandın, yoxsa düşmən? Çörək verməyəmi bais oldun, yoxsa çörək almağa? Əhli məmləkət sənin gəlişindən şad oldumu, yoxsa yasa batdımı?
Dördüncü qardaş Qırmızın Süleyman şah haqqında hekayəti
-Hər yeri nura qərq edən Günəş ana! Getdiyim diyarda çox müsibətlər gördüm, çox acılar çəkdim, amma şükr olsun qüdrətli Allahın kərəminə ki, sənin yanına üzüqara qayıtmadım. Getdiyim məmləkətin üstünü qara dumandan təmizlədim. İndi qulaq as, başıma gələnlərin hamısını sənə danışım.
Mən getdiyim məmləkət Süleyman şahın məmləkəti idi. Süleyman şah məmləkətində təzə doğulmuş bütün qız uşaqlarını məhv edir, onları tonqalda yandırırdı. Amma deyilənlərə görə o, vaxtilə çox ədalətli şah olubmuş.
Əvvəlcə öyrəndim ki, Süleyman şahın ən çox sevdiyi xanımı Hüri xatun ərinə xəyanət eləyərək, hər gecə şah yuxuya gedəndən sonra vəzirlə görüşürmüş.
Bundan şübhələnən şah bir gecə onları güdmək qərarına gəlir.
Gecə şah özünü yatmışlığa vurur. Huri xatun gözləyir, şah yuxuya gedəndən sonra yerindən qalxır və xəlvətcə yola düşür zirzəmiyə. Oradan yerin altına yol açılırmış. Huri xatun bu yolla gedir, gedir, gəlib çıxır böyük və yarıqaranlıq bir otağa. Burada hamı kefdə idi. Çalan kim, oynayan kim, bir sözlə hamı əylənirmiş. Vəzir də onların arasında imiş. O, Huri xatunu görən kimi hirslənir və ayağa durub ona möhkəm bir sillə vurur:
-Sən mənim lap zəhləmi tökmüsən. Hər gün görüşümə gecikirsən. Bundan lap təngə gəlmişəm. Sabahdan bir də görüşümə gəlmərsən.
Huri xatun bunu eşidəndə düşür vəzirin ayağına:
-Ey sahibim! Yalvarıram sənə, belə qərar vermə ! Mən ölümümə razıyam, səndən ayrılmağıma yox. Mən nə günahın sahibiyəm ki, şah gec yuxuya gedir? Mən o yatandan sonra sənin görüşünə gələ bilirəm. Al, bu barmağımdakı üzüyü sənə verim, amma günahım varsa, keç günahımdan.
Vəzir hirsli-hirsli üzüyü alıb, bir yana tullayır:
-Bir şərtlə günahından keçərəm ki, ayağımın altından öpəsən.
Huri xatun sevinə-sevinə vəzirin ayaqlarının altından öpür.
Bu vaxt şah onların hər ikisini öldürmək qərarına gəlir. Nə qədər istəyir gizləndiyi yerdən ayağa qalxsın, qalxa bilmir. Elə bil qəlbinə qılınc saplanıbmış. Huşunu itirib gizləndiyi yerdəcə səhərə qədər qalır.
Səhər ayılanda həmin yerdə heç kəsi görmür. Xanımın yerdə qalmış üzüyünü görüb götürür və qayıdır taxtına çıxır.
Elə bu vaxt Huri xatun ağlaya-ağlaya gəlir.
-Şahım, mənim tacidarım! Haradaydın? Ürəyim az qala partlayacaqdı. Səndən çox nigaran qaldım. Mən ölümümə razıyam, amma səndən ayrı düşməyimə razı deyiləm,- deyə xatun istəyir şahın əlindən öpsün. Şah əlini çəkir.
Huri xatun başa düşür ki, şaha nəsə olub. Sakitcə bir tərəfə çəkilib gözləyir.
Şah əmr edir ki, camaat meydana yığılsın. Hamı meydana yığılır. Meydanda Süleyman şahın əmri ilə dar ağacı düzəldilir. Şah əmr edir ki, vəzir və Huri xatun asılsın. Meydandakılar bu işə məətəl qalırlar. Vəzirlə Huri xatun asılmaqlarının səbəbini soruşanda, şah ovcundakı üzüyü onlara göstərir. Müqəssirlər hər şeyi anlayırlar və şaha təzim edirlər. Xainlər edam edilirlər.
Bundan sonra ədalətli Süleyman şah olur zülümkar şah. Əvvəlcə şah camaatı aldadaraq başa salır ki, əgər hankı bir kişininsə, birinci qız uşağı anadan olursa, həmin evdə xeyir-bərəkət olmaz. Ona görə də din yazılarına əsasən mütləq o körpə tonqalda yandırılmalı, ya da edam olunmalıdır.
Ondan sonra şahın qəddar əmri ilə evin ilki qız doğulurdusa, mütləq tonqalda yandırılırdı. Şahın camaatdan gizlin əmri ilə isə gündə bir qız uşağı yoxa çıxıb, öldürülürdü.
Mən, bütün bunlardan xəbər tutan kimi Süleyman şahın yanına getdim. Ona başa salmağa çalışdım ki, verdiyi qərar haqsız qərardır. Bu bir az da belə davam eləsə, onun camaatı get-gedə azalacaq, ölkəsinə başqaları sahib çıxacaqlar.
Şah məni nəinki eşitmədi, hətta məni zindana da saldırdı. Yaxşı ki, zindanın balaca bir bacası vardı. Həmin bacadan mənim dara düşməyimi Sehr ulduzu gördü və məni gözəgörünməz edərək zindandan xilas etdi. Bir də gözümü açdım ki, sarayın darvazasının ağzındayam. Tez oradan aralanıb xəlvəti bir yer tapdım. Dizi üstə çöküb Sehr ulduzuna yalvardım:
-Ey qüdrətli Sehr ulduzu! Çətinə düşmüşəm, mənə yardım elə! Günəş ananın tapşırığını yerinə yetirə bilmirəm, Süleyman şah tərsin biridir. İpə-sapa yatmır ki, yatmır. Anadan olan bütün körpə qızları atıb tonqalda yandırır.
Bütün ulduzlardan parlaq olan Sehr ulduzu daha da alışıb yandı:
-Qırmız! Sən çox tərs bir hökmdarla rastlaşmısan. Amma biz, göylər səltənətinin məxluqları üçün hər şey asandır. Şah hər cümə axşamı dərvişi-libas olub gizlincə məzarıstana gedir. Orada Huri xanımın məzarı üstündə doyunca ağlayıb baş daşını öpür və yenə də saraya qayıdır. Şəh qəbir üstünə getməmişdən qabaq sən gedib Huri xanımın qəbrini taparsan, həmin qəbrin aşağı tərəfində bir sarı gül bitib. Onu dərərsən və sürtərsən baş daşına. Şah gəlib qəbir daşını öpəndə nəfəsi sarı çiçəkdən zəhərlənəcək.
Qorxudan tez soruşdum:
-Bəs zəhərli çiçək şahı öldürməz ki?
Sehr ulduzu məni sakitləşdirdi:
-Yox, sən qorxma, mən deyənləri elə, gerisi ilə işin yoxdur.
Mən, Sehr ulduzu deyən kimi elədim. Aradan iki gün keçdi, eşitdim ki, Süleyman şah ağır dərdə düçar olub, heç bir təbib, loğman dərdinə çarə tapa bilmir. Şahın carçısı şəhərdə car çəkməyə başladı:
-Ey məni eşidənlər! Eşidin,bilin və agah olun! Sevimli hökmdarımız Süleyman şah ağır dərdə mübtəla olmuşdur. Onun rəngi sap-sarı saralmış, özü də qızdırmadan od tutub yanır. Şahımız nəfəs ala bilmir, boğulur. Hər kim Süleyman şahın dərdinə çarə edə bilsə, şah ona özü ağırlığında qızıl verəcək. Eşidin, bilin və agah olun!
Mən başa düşdüm ki, bu azara səbəb qəbir üstündəki sarı çiçəkdir. Mən gecənin düşməyini gözlədim. Elə ki, ulduzlar göydə göründü, Sehr ulduzunu çağırdım:
-Ey qüdrətli Sehr ulduzu! Əvvəlin sən deyən kimi elədim, şah ağır dərdə mübtəla olub, bundan sonra nə edəcəyimi də söylə ! Şah yazıqdır, ölə bilər.
-Ürəyi rəhmli Qırmız! Şəhərin günbatan tərəfdən çıxacağında üç yol ayrıcı var. Həmin yol ayrıcında çadralı bir qız uşağı oturub dilənir. Qızın adı Gövhərdir. Gövhərin özündən kiçik bacısı doğulanda Süleyman şahın əmri ilə körpəni tonqalda yandırmışdılar. Bundan sonra Gövhərin anası havalanmış, atasının isə ürəyi partlamışdı. Kimsəsi olmayan Gövhər ac qalmasın deyə, dilənməyə başlamışdı. Süleyman şahın yanına gedərsən. Ona deyərsən ki, dərdinə dərman bir qız uşağındadır.
Həmin qız uşağı müqəddəs Qurani-Kərimi şahın başı üstünə tutarsa, şahın nəfəsi açılar və dərdinə dərman olar. Onda sən şahla əvvəlcədən şərt kəsərsən, istəyini ona bildirərsən. Qoy Süleyman şah hamının yanında söz versin ki, bir də qız uşaqlarını məhv etməyəcək. Şahın başqa əlacı olmadığından şərtinlə razılaşacaq.
-Bəçeşm, qüdrətli və sehrli ulduzum! Elə həmən, ərz elədiklərini gedib Süleyman şaha çatdıracağam,- deyə mən xeyirxah Sehr ulduzuna baş əydim.
Bundan sonra mən yola düşüb saraya gəldim. Biləndə ki, mən şahı sağaltmağa gəlmişəm, tez məni şahın hüzuruna gətirdilər. Şah nəfəs ala bilmir, az qala boğulurdu. Mən, Sehr ulduzunun mənə dediklərini olduğu kimi şaha çatdırdım. Şah bir xeyli fikirləşəndən sonra çox çətinliklə danışmağa başladı:
-Mən sən dediyinlə bu şərtlə razıyam ki, sən məni sağaldasan. Əgər dediklərin yalan çıxsa, özünü əvvəlcədən dar ağacından asılmış bil !
Dedim:
-Şah sağ olsun, əvvəla səni mən yox, o dediyim qızcığaz sağaldacaq, özü də Qurani-Kərimin köməkliyi ilə. Yox, əgər dediklərim yanlış olarsa, mən dar ağacından asılmağa hazıram.
Süleyman şah mənim bu sözlərimi eşidən kimi nökərlərinə əmr etdi ki, həmən qızı tapıb saraya gətirsinlər.
Çox keçmədi ki, Gövhəri tapıb saraya gətirdilər. Sən demə, Gövhər də tərsin biriymiş. Şahı sağaltmaq adı gələndə qız hövrləndi və əyilib mənim qulağıma dedi:
-Mənim əlimdən naxoş sağaltmaq gəlmir, əgər gəlsəydi də, mən ata-anamın və körpə bacımın qatilini sağaltmazdım.
Mən birtəhərlə qıza hər şeyi başa saldım. O, çox ağıllı qıza oxşayırdı. Məni tez başa düşüb yola gəldi. Quran gətizdirib ona verdim. Qız quranı götürüb şahın başı üstünə tutdu. Elə o saat şahın nəfəsi açıldı. Qızdırması düşdü. Oldu əvvəlki kimi sap-sağlam. Saray əyanları bu möcüzəyə heyran qaldılar. Hamı mənə «əhsən» dedi.
Süleyman şah əmr etdi ki, bir imarət tikib Gövhərə versinlər. Mənə verdiyi sözə də əməl edib, hamının qarşısında söz verdi ki, bir də körpə qızları tonqalda yandırmayacaq.
Bundan sonra Süleyman şah yenə də əvvəllərdə olduğu kimi rəiyyəti ədalətlə idarə etməyə başladı. Mən də bütün məkanlardan gözəl olan öz məkanıma,- göy səltənətimə qayıdıb gəldim.
Günəş Qırmızın hekayətinə qulaq asıb, ona «afərin» söylədi.
Sonra isə Günəş üzünü Yaşılbaşa tutub dedi:
-Ey, yaşıl rəngli göy qurşağı! Sən cümlə-cahana yaşıllıq verən yeganə rəngsən. Rəngini görən bütün canlıların gözlərinə nur ələnir.
Yaşılbaş, de görüm, getdiyin yerlərdə nələr gördün, hansı qan-qadanı dayandırdın? Kimlərə ümid verdin? Kimlərə həyat verdin? Kimləri məyus etdin? Özünə dostmu qazandın, yoxsa düşmən? Çörək verməyəmi bais oldun, yoxsa çörək almağa? Əhli məmləkət sənin gəlişindən şad oldumu, yoxsa yasa batdımı?
Beşinci qardaş Yaşılbaşın Hindistan məmləkətində cüzam xəstəliyi haqqındakı hekayəti
-Hər yeri nura qərq edən Günəş ana! Getdiyim yerdə çox acılar gördüm, deyə, əvvəlcə elə bildim ki, cəhənnəmə düşmüşəm. Sonra isə həqiqəti öyrəndim. Qulaq as, başıma gələnləri sənə də danışım.
Getdiyim diyar Hindistan məmləkəti idi. Məmləkətin üstünü yaşıl tüstü, fəlakət tüstüsü, dəhşət tüstüsü bürümüşdü. Ölkəyə ölüm saçan bir naxoşluq gəlmişdi. Adına cüzam naxoşluğu deyirdilər. Bu azar aclıqdan və natəmizlikdən yaranmışdı. Çarəsi tapılmayan bu dərdə dərman yox idi. Bu naxoşluğa düçar olan adam bir-iki günün içərisində eybəcər qara yaralar tökür və onun sifəti şir sifətinə oxşayırdı. Bundan sonra həmin adamda dəhşətli ağrılar başlayırdı. Bu ağrılar o qədər dözülməz olurdu ki, naxoşluğa tutulan adam özü camaata yalvarardı ki, onu tonqalda yandırsınlar.
Naxoşluq məmləkəti ağzına almışdı. Bir gündə elə olurdu ki, cüzamdan yüzlərlə adam ölürdü. Onların hamısını bir çalaya töküb, od vurub yandırırdılar. Həmin dərdə mübtəla olan adamı mütləq yandırmalıydılar ki, həmin dərd torpaqdan çıxıb, kiməsə keçməsin. Amma bununla da onun qarşısını ala bilmirdilər. Günü-gündən cüzama tutulanların sayı artırdı. Camaat ölkədən baş alıb qaçırdı. Amma başqa diyarlardan biləndə ki, həmin qərib qonaq Hindistan məmləkətindən gəlib, onu ölkələrindən qovurdular ki, onlara da birdən bu dəhşətli naxoşluqdan keçər.
Biçarə və avam Hindistan əhlinin isə dua etməkdən başqa əllərindən başqa bir şey gəlmirdi. Onlar demək olar ki, bütün günü müqəddəs saydıqları Qanq çayına yalvarır, ondan imdad diləyirdilər. Dua etməkdən ötrü isə soyunub çaya girər, yalnız suyun içərisində məqəddəs Qanq sularından öz diləklərini diləyərdilər. Eyni suda çimdiklərindən azara tutulanların sayı isə günü-gündən artardı.
Mən məmləkətdə loğman, təbib soraqladım. Amma bir nəfər belə tapa bilmədim. Onlardan öləni ölmüş, ölməyənləri isə xəstəliyə düçar olmaqdan qorxaraq, qaçıb gizlənmişdilər.
Bu dəhşətin qarşısını ala bilsəydi, yalnız Sehr ulduzu ala bilərdi. Ona görə də mən gözlədim, gecə qaranlığında ulduzlar göydə görünəndə Sehr ulduzunu köməyə çağırıb dedim:
-Mərhəmətli Sehr ulduzu! Hindistan əhlinin başına acı bir müsibət gəlib. Cüzam azarından camaat qırılıb qurtarır. Həmin bəlanın qarşısını ancaq sən ala bilərsən. Azara tutulanlar yandırılır. Bununla da məmləkətin üstünü bürüyən dəhşətli, yaşıl tüstü günü-gündən artır. Bir yol göstər, köməyinə ehtiyacım var.
Sehr ulduzu bir xeyli fikirləşəndən sonra dedi:
-Yaşılbaş! Dediklərimə diqqətlə qulaq as! Dərviş paltarı geyinib gedərsən Hindistan hökmdarının hüzuruna. Deyərsən mən göylər tərəfindən göndərilmişəm ki, bu dəhşətli azara dərman eləyəm. Hökmdar sənə inanmasa bir əlini göyə qaldır və mənə əmr et ki, bir anlıq yağış yağdırım. Mən göydən yağış yağdıracağam. Bundan sonra hökmdar sənə mütləq inanacaq. Sonra qoy şəhərdə car çəkdirsin ki, sübh tezdən yağan yağışdan şəhər əhlinin hər biri heç olmasa bircə qurtum içsin. Sonrasını özün görəcəksən. Haydı, di yollan hökmdarın hüzuruna, işin avand olsun !
Mən dərviş paltarı geyinib Kuşan hökmdarın yanına getdim. Sehr ulduzu necə demişdisə də, eləcə elədim. Hökmdarın üzündən bildim ki, o, mənə inanmaq istəmir. Elə ki, əlimi göyə qaldırıb Sehr uluduzuna əmr etdim ki, bir anlıq yağış yağdırsın, bir yağış başladı ki, gəl görəsən. Saray əhli hamısı qaçdılar ki, həmin yağışdan ağızlarına alsınlar, amma yağış kəsildi. hökmdar mənə inandı. Hamı mənə müqəddəs bir varlıq kimi səcdə eləməyə başladı.
Kuşan hökmdar carçılarına əmr etdi ki, bütün şəhər əhlini xəbərdar etsinlər ki, sübh tezdən yağan yağışdan hərə bir damla da olsa, içsin. Özü isə məni müqəddəs qonaq kimi saraydan heç yerə buraxmadı.
Sübh tezdən oldu. Göydən leysan yağış başladı. Hamı evlərdən özünü bayıra atdı ki, bu müqəddəs sudan daha çox içsin. Bütün hindistan əhli yağışın altında idi. Birdən yağış kəsdi.
hökmdar və saray əhli məndən xahiş elədilər ki, yağışı yenə yağdırım. Mən hamını sakitləşdirdim ki, bu azarı yox eləməyə bəs eyləyəcək. Hamı bütün günü səbirsizliklə gözlədi ki, görəsən bu gün ölən olacaq, yoxsa yox. Həqiqətən də möcüzə baş verdi. Hər gün yüzlərlə adam ölən ölkədə, bu gün bir nəfər də olsa ölmədi. Həmin gündən sonra bir kəs də olsun cüzam azarına tutulmadı.
Hindistan əhli sarayın qarşısına toplaşaraq hökmdardan məni tələb elədilər ki, mənə minnətdarlıq bildirsinlər. Hökmdar bu fikri mənə söyləyəndə mən ona dedim ki, tələsməsinlər, bir gün də gözləsinlər. Həmin gecə hökmdardan xahiş elədim ki, mənim yerimi açıq havada, ulduzların altında saldırsın. hökmdar istəyimi yerinə yetirdi. Mən gecənin bir yarısında göylərə qayıtdım.
Göydən baxanda gördüm ki, Hindistan məmləkətinin üstündən yaşıl tüstü yavaş-yavaş yox olub gedir,çox sevindim.
Günəş ana! Mən sənin tapşırığını yerinə yetirdiyimə və göylərimizi dəhşətli, yaşıl tüstüdən təmizlədiyimə görə özümü xoşbəxt sayıram.
-Yaşılbaş, oğlum! Çox sağ ol ki, Hindistan məmləkətini belə bir bəladan qurtara bilmisən və həm də göylərimizi onun qara tüstüsündən azad eləmisən.
Günəş daha sonra üzünü göylər oğlu Çəhraya tutub dedi:
-Cahanın ən gözəl rəngi olan çəhrayı rəng! Aləmə bərəkət verən torpaq rəngli Çəhray! De görüm, getdiyin yerdə nələr gördün? İnsanların arasında başına nələr gəldi ki, rəngin dəyişdi, bozardın? Getdiyin məmləkətdə qan-qadanı silə bildinmi? Kimlərə ümid verdin? Kimlərə həyat verdin? Kimləri məyus etdin? Özünə dostmu qazandın, yoxsa düşmən? Çörək verməyəmi bais oldun, yoxsa çörək almağa? Əhli məmləkət sənin gəlişindən şad oldumu, yoxsa yasa batdımı?
Altıncı qardaş Çəhrayın Qaraçı haqqında hekayəti
-Ey göyləri, yerləri nura qərq edən Günəş ana! Gördüklərim dəhşət idi. Mən müsibətlər gördüm, acılar çəkdim. Kaş kar olaydım, onları eşitməyəydim, kor olaydım, onları görməməyəydim. Eşidin, gördüklərimi sizə də danışım.
Mən üstünü alov, od almış Mərcan adasına getdim. Adaya ancaq gəmi ilə getmək olur deyə, mən də gəmi ilə gedib adaya çatdım. Bura ada olsa da böyük bir məmləkət idi. Adaya yaxınlaşanda gördüm meşələr od tutub yanır.
Gəmidən təzəcə düşmüşdüm ki, üzü bağlı bir qız məni qırağa çəkib dedi:
-Ey insan, cavansan, sənə yazığım gəlir. Ona görə də sənə deyirəm, tez buradan çıxıb getməsən, səni böyük faciə gözləyir.
Mən ondan soruşdum:
-Qız, mən heç bir faciədən qorxmuram, danış görüm niyə belə qorxa-qorxa danışırsan? Nə baş verib buralarda, niyə hər tərəfdə meşələr od tutub yanır?
-Özünə yazığın gəlsin, cavan. Mən başımıza gələnləri sənə danışana qədər gəlib səni aparıb allahlara qurban kəsəcəklər,- deyib, məni qorxutmaq istədi.
Mən onu sakitləşdirdim:
-Sən nə danışırsan, heç adamı da allahlara qurban kəsərlər? Hansı vəhşiləşmiş məxluq özündən belə əməl çıxardıb? Tanrı birdir və onun yaratdığı hər bir insanın canını onun özündən başqa kimsə ala bilməz.
Mən bunu deyəndə qız lap ürəkləndi:
-Ey cavan, and iç ki, mənim sirrimi bu adada heç kəsə açmayacaqsan.
Bunu deyəndə mən bu üzü bağlı qızdan daha heç nə gizlətmədim:
-Məndən heç nə gizlətməyə bilərsən. Mən göylər oğluyam, sizin köməyinizə gəlmişəm. Hər şeyin düzünü mənə deməlisən ki, məmləkətinizi qan-qadadan qurtara bilim.
Qız bunu eşidən kimi üzünü açdı. Öz adını və kim olduğunu dedi. Bu məmləkətin əvvəlki başçısı gözəl Asiman idi. Asimandan məmləkətdə baş verənlərdən danışmasını xahiş etdim. Qız göz yaşları içərisində danışmağa başladı:
-Ey göylər oğlu! Mənim məmləkətim ən gözəl diyarlardan biri idi. Hamı gözəl yaşayırdı. Bir gün balıqçılar balıq tutanda dəryadan bir sandıq tapdılar. Sandığı açanda içərisindən bir qara oğlan çıxdı. Onun on yaşı olardı. O, bizim danışığımızı, biz də onun danışığını başa düşmürdük. Qara oğlanı apardılar başçının, yüəni mənim atamın yanına. O, köməkçilərinə əmr etdi ki, oğlanı yedirtsinlər və yavaş-yavaş ona dilimizi öyrətsinlər.
Bir müddətdən sonra oğlan dilimizi öyrəndi, başçıya dedi ki, mən qaraçı tayfasındanam və məni atamın düşmənləri qoyublar sandığa atıblar dənizə. Elə o vaxtdan da oğlanın adı Qaraçı qaldı.
İllər keçdi, oğlan böyüyüb on altı yaşlı yaraşıqlı bir oğlan oldu. Mən, bu axmaq başımla bir könüldən min könülə oğlana aşiq oldum. Atam bizə xeyir-dua verib, toyumuzu elədi.
Atam çox qocalmışdı. Bir müddət keçəndən sonra o öldü və vəsiyyət elədi ki, yerinə mən başçı olum. Atam ölən kimi tayfa başçıları yığılıb məni başçı seçdilər. Amma elə ki, hamilə oldum, ərim Qaraçı mənə dedi:
-Sən hamiləsən. Belə vəziyyətdə tayfalara başçılıq eləməyin həm ayıbdır, həm də günahdır. Ona görə də bütün tayfa başçılarını yığ, onlara de ki, tayfalara başçılığı mənə tapşırırsan.
Mən Qaraçıya inanırdım və onu çox sevirdim. Onun sözünü yerə salmadım. Bütün ada əhlini bir yerə toplayıb əyan etdim:
-Ey ada əhli! Mən bu gündən belə, adaya başçılığı Qaraçıya tapşırıram. Hamı onun əmrinə itaət eləməlidir.
Sözümdən çıxmayıb hamı mənimlə razılaşdı. Həmin gündən Qaraçı tayfalara böyüklük elədi. Elə o gündən də gözəl diyarımızın qara günləri başladı.
Adada gündə bir-iki adam yoxa çıxırdı. Bu sirrdən heç kəsin başı çıxmırdı.
Bir gün gündoğandan adaya güclü bir qasırğa gəldi. Qasırğa bir neçə komanı dağıtdı.
Hava sakitləşən kimi Qaraçı hamını bir yerə toplayıb dedi:
-Siz adada yaşayırsınız, dünyadan xəbəriniz yoxdur. Heç vaxt allahlarımıza səcdə eləmirsiniz, onlara qurbanlar kəsmirsiniz. Ona görə də allahlar bizdən inciyiblər. Onlar yaxınlarda bu adanı dənizin dibinə göndərmək istəyirlər.
Mən ərimin qarşısında baş əyib dedim:
-Ey qüdrətli başçı! Biz Allahımıza inanırıq və həmişə ona dua edirik ki, bizi və adamızı qorusun!
Qaraçının hirsindən qara rəngi bir az da qaraldı, o dedi:
-Yox, mən həmişə allahlarla danışıram. Onlar bizlərdən incikdirlər. Su allahı inciyir ki, mən sizə bu boyda dəniz vermişəm, siz mənə qurban vermirsiniz. Torpaq allahı inciyir ki, mən sizə bu boyda ada vermişəm, hələ bu vaxta qədər siz mənə qurban verməmisiniz. Göy allahı ona qurban kəsmədiyimizə görə bizdən küsüb. Onlar hamısı mənə deyirlər ki, əgər bu günlərdə mənə çoxlu qurbanlar verməsəniz adanızı alt-üst edəcəyik. Qurbanlar isə ancaq adamlardan olmalıdır.
Bunu eşidən tayfa camaatı zülüm-zülüm ağlamağa başladılar. Başçıdan kömək istədilər. Mən ərimin üstünə qışqırdım:
-Sən nə danışırsan, heç adamdan da qurban olar?
Başçı bundan qəzəblənib əmr etdi ki, mənim əl-qolumu bağlayıb zirzəmiyə atsınlar. Onun əmri ilə məni zirzəmiyə saldılar. Mənim qorxudan və həyəcandan bətnimdəki körpə tələf oldu. Keşikçi yaxşı adam idi. Bunu görəndə mənə təskinlik verdi:
-Asiman, qoy Allah özü mənim günahımdan keçsin, amma məncə, atası Qaraçı olan bir övladın dünyaya gəlməməsi daha məsləhətdir.
Keşikçi çox sadiq adamdı. Gizlincə məni azad elədi. Mən də həmin vaxtdan bu balaca mağarada gizlənirəm. Keşikçi tez-tez adada olanlardan mənə xəbər gətirir.
Qaraçı camaatı aldadıb, inandırıb ki, allahlara mütləq qurban vermək lazımdır.
Qaraçının əmrinə görə hər tayfa başçısı ona gündə bir qurban gətirməlidir. Əgər başçılardan hansısa qurban gətirməsə, onda onun özünü allahlara qurban edirlər. Tayfa başçıları qorxudan onun əmrini yerinə yetirirlər. Camaat qorxudan qaçıb meşələrdə gizlənir. Bizim meşələr çox sıx olduğundan gizlənəni tapmaq çox çətin olur. Ona görə də Qaraçı əmr edib ki, meşələri yandırsınlar. İndi mənim məmləkətim od tutub yanır. Mən necə ağlamayım?
Asiman bütün bunları göz yaşları içərisində danışdı.
Mən Asimana ümid verdim ki, onun məmləkətini Qaraçının zülmündən qurtaracağam. Sonra isə Sehr ulduzunu köməyə çağırdım. Ona hər şeyi danışdım. Sehr ulduzu bir anda şimşək çaxdırdı. Şimşək elə şiddətli idi ki, ada bərkdən silkələndi. Adanın ən hündür yerində yerləşən qəsr şimşəyin odundan yanmağa başladı. Qəsrdəkilərin hamısı qaçıb canın qurtardı. Qaraçı qaçmaq istəyəndə isə ildırım çaxdı və onu elə vurdu ki, yerindəcə qapqara qaraldı və öldü. Bundan sonra yağış başlandı. Leysan yağış yanan meşələri söndürdü.
Asiman sevindiyindən ayaqlarıma düşüb, mənə minnətdarlıq bildirdi. Mən onu ayağa qaldırdım. Ada camaatı onu özünə təzədən başçı seçdi. Mən adanın adamları ilə halallaşıb ayrıldım. Özüm də onlara köməyim dəydiyinə çox sevindim. Üzümü göyə tutanda gördüm ki, Sehr ulduzu da sevindiyindən alışıb yanır.
Ey müqəddəs Günəş! Mən sənin tapşırığını yerinə yetirdiyimə və göylərimizi qan-qadalı tüstüdən azad elədiyimə görə özümü xoşbəxt sayıram.
Günəş Çəhrayın bu sözlərindən daha da şölələndi.
Sonra isə Günəş üzünü Sarıoğlana tutub dedi:
-Qardaşlar içərisində ən nurlu rəng! Şəfəqlərimin rəngində olan Sarıoğlan!
De görüm, getdiyin yerlərdə nələr gördün, hansı qan-qadanı dayandırdın? Kimlərə ümid verdin? Kimlərə həyat verdin? Kimləri məyus etdin? Özünə dostmu qazandın, yoxsa düşmən? Çörək verməyəmi bais oldun, yoxsa çörək almağa? Əhli məmləkət sənin gəlişindən şad oldumu, yoxsa yasa batdımı?
Yeddinci qardaş Sarıoğlanın Siciliya məmləkətində od palçığı (etna) püskürməsi haqqında hekayəti
-Hər yeri nura qərq edən Günəş ana! Qulaq as, başıma gələnləri sənə danışım,- deyə Sarıoğlan hekayətinə başladı.
-Mən, məmləkətinin üstündə tüstü yox, od görünən Siciliya diyarında oldum. Məmləkət elə bil allahın qəzəbinə gəlmişdi. Gördüm ki, burada Yer aralanıb, yerin altından od püskürür. Bir böyük mahal və yüz minlərlə adam qalıb od palçığının altında. Yaxınlaşıb qolu sarıqlı bir qocadan soruşdum:
-Nə baş verib sizin məmləkətdə? Bu nə bəladır, Tanrı tərəfindən Sizə göndərilib?
Qoca mənə cavab verməyərək gözlərinin yaşını tökdü. Mənim ürəyim dözmədi, ona açıb söylədim ki, mən göylərdən gəlmişəm ki, sizə kömək edim. Məndən heç nə gizlətmə. Bunu deyəndən sonra qoca mənim ayaqlarıma düşdü:
-Ey göylər oğlu, yurdumun başına gələn bu fəlakətdən onu xilas eylə, yalvarıram sənə, qoy müqəddəs göylər bizim günahımızdan keçsin.
Mən qocanı ayağa qaldırıb sakitləşdirdim:
- Əvvəlcə danış görüm, siz bu bəlaya necə olub ki, düçar olmusunuz? Nə günahın sahibisiniz ki, başınıza od ələnir?
Qoca gözlərinin yaşını silib cavab verdi:
-Bu od palçığıdır. Buna başqa məmləkətlərdə vulkan deyirlər, biz isə ona etna deyirik. Məmləkətimiz allahın qəzəbinə düçar olub. Eşit gör, bu bəla başımıza necə gəlib.
Bizim çox qəddar bir hökmdarımız var idi. O, özündən gücsüz məmləkətləri həmişə işğal edər və həmin yerlərdən bizim diyara çoxlu əsir gətirib, onları qula çevirərdi. Əsirlərin arasında suriyalılar və kilikiyalılar daha çox idi. Hökmdarın amansızlığı hər yana yayılmışdı. Yerli camaat da qulları rəhmsizcəsinə işlədər, onlara yazıqları gəlməzdi. Qullar belə zülmdən artıq cana doymuşdular. Onlar son vaxtlar birləşib tez-tez üsyan edirdilər. Sonuncu dəfə isə iki yüz minə yaxın qul üsyan elədi. Onların başçısı çox yaraşıqlı və cəsur bir igid idi. Adı Afinion idi. Qulların dediyinə görə Afinion müqəddəs məxluq idi. Baş verən hər bir fəlakət ona qabaqcadan əyan olurdu.
Bir gün Afinion bütün qulları yığdı bir yerə və onlara dedi:
-Ey qullar, yatdığım gecə mən sizin hamınızı qan içərisində görmüşəm. Bundan başqa da görmüşəm ki, mən sizin qisasınızı alaraq düşmənlərimizin başına od palçığı səpirəm. Düşmənlərimiz yanıb külə dönür. Allaha dua edin və kim necə bacarırsa qaçıb canını qorusun.
Ertəsi günü Afinion deyən müsibət baş verdi. Əvvəlcə rəhmsiz hökmdarın əmri və Mani Akvilinin başçılığı ilə böyük bir ordu üsyan edən qulların hamısını rəhmsizcəsinə qılıncdan keçirtdi. Məmləkətdə qan, su yerinə axdı. Hökmdar qul üsyanından canı qurtardığına görə sevinib bayram etdi. Qulların meyitləri ortada ziyafətlər başlandı.
Aradan neçə vaxt keçdi. Günlərin bir günündə Siciliya məmləkətinin üstünü dəhşətli, heç yerdə görünməmiş bir bəla aldı. Qulların qanlarının ən çox töküldüyü yer aralandı, yerdən alovlu palçıq püskürüb, məmləkəti ağzına aldı. Od palçığı göylərə qədər püskürürdü. Onun hündürlüyü ən uca dağın zirvəsinə qədər idi. Odundan, istisindən həndəvərində belə dolaşmaq olmurdu.
Hökmdarımız saray əhli ilə birgə elə sarayqarışıq od palçığının altında qaldılar. Deyilənə görə od palçığı altında qalaraq yanıb kül olanların sayı iki yüz minə qədər olardı. Bu vaxtilə qırılan qulların sayına bərabər idi. Camaat bunu «Afinionun qisası» adlandırdılar.
Yerdən çıxan bu od palçığı (siciliyalıların dili ilə desəm, etna) hələ də püskürür.
Mən Sehr ulduzunu köməyə çağırdım. Çox təəsüf ki, Sehr ulduzu da bu od palçığı qarşısında aciz qaldı. Günəş ana! Məmləkəti od fəlakətindən qurtarmaq üçün onlara sənin köməyin lazımdır!
Günəş bir xeyli fikrə gedəndən sonra üz tutdu yerə. O, öz məlahətli səsi ilə Yer səltənətinin hökmdarını səslədi:
-Ey Yer səltənətinin hökmdarı! Böyük Tanrımız Göyləri mənə, yerləri isə sənə verib. Mənə hər yanı nur saçıb işıqlandırmağı, sənə də Yer səltənətinə sahib olmağı tapşırıb. Sənin varlığın cahanı yaşıdır. Bütün canlılar sənin torpağının bərəkətindən yeyərək yaşayırlar. Sənin üstündən axan çayların, bulaqlarından içib sənə dua edirlər. Həmişə var olasan Yer səltənəti! Torpaqların bərəkətli olsun!
Mənim bu gün sənin köməyinə ehtiyacım var. Son vaxtlar yerdən gələn istilər, tüstülər mənim istimi günü-gündən azaldır, şəfəq saçmağıma mane olur. Düzdür, mən Yer səltənəti hökmdarının işlərinə qarışmamalıyam, amma Böyük hökmdar! Səndən kiçik bir xahişim var, əgər mümkündürsə, Siciliya məmləkətindəki göylərə qədər püskürən od palçığını dayandır.
Günəş heç vaxt Yer səltənətinin hökmdarından bir şey xahiş eləməmişdi. Ona görə də Yer səltənətinin hökmdarı Günəşə qulaq asıb dedi:
-Yerləri, göyləri nura qərq eləyən Günəş! Bütün cahanı isidən varlıq! Bil ki, Siciliyalılar rəhmsizliklərinə görə lənətə gəliblər. Buna görə də cəza alırlar. Amma əziz Günəş! Heç olarmı mən sənin sözünü yerə salım. Bəçeşm, Günəş xanım! Mən bu saat sənin xahişini yerinə yetirib, onu azaldaram. Amma mən o odu tamam söndürməyəcəyəm. Qoy yolunu azmışlar bu etnanı yadlarında saxlayıb, bir də kimsəyə pislik eləməsinlər.
Yer səltənəti hökmdarının səsi kəsilən kimi Siciliya məmləkətində od palçığı püskürməsi get-gedə azalmağa başladı. Əhli məmləkət sevindiklərindən çalıb-oynamağa başladılar.
Günəş də rahatlandı. Sarıoğlan və Sehr ulduzu çox sevindilər.
Sonra isə Günəş bütün göy qurşağı qardaşlarının hamısına minnətdarlıq bildirib dedi:
-Ey müqəddəs qardaşlar! Biri-birindən gözəl rəngli göy qurşağı! Göylərimizin üstündən qara tüstüləri, dəhşət saçan dumanları, qan qoxularını təmizlədiyinizə görə sizə minnətdarlıq edirəm. Qoy sizin rəngləriniz heç vaxt solmasın, həmişə nur saçsın! Tanrı özü Göy səltənətini, Yer səltənətini, Müqəddəs su dəryalarımızı həmişə qorusun! İnsanlar isə öz varlıqları ilə həmin səltənətləri bəzəsinlər. Amin!
Göy qardaşları əl-ələ tutub bir səslə dedilər:
- Amin! Amin! Amin!
Sehr ulduzu qardaşları qaldırıb ən uca səmanın üstünə qoydu.
Bundan sonra Günəş daha da alışdı, yandı, şölələndi, parıldadı.
Qoy müqəddəs Günəşimiz daima nurlu, parıltılı olsun və başımızın üstünə həmişə şölə saçsın !!!
Nağılçı: Gülzar İbrahimova