İqtibas
- Bu gün bayram axşamıdır. Yeni ilə hazırlaşmaq lazımdır. Biz bazara gedirik, - Ata dovşan dedi.
- Biz bazardan qayıdana qədər özünüzü ağıllı aparın!- Ana dovşan uşaqlarına tapşırdı. Onlar yolka və Yeni il hədiyyələri almaq üçün bazara yollandılar.
Dovşan balaları Durşan, Elşan, Gülşan, Canşan və Ayşan sakit dura bilməzdilər. Çünki çox dəcəl idilər.
- Gəlin bayrama kökə bişirək! - Durşan dedi:
- Yaxşı olar, ata-anamız gələr, kökəni görüb sevinərlər!- Elşan sevincək qardaşı deyənlə razılaşdı!
- Əla olar! Dadlı kökə yeyərik! - deyə gombul Gülşan sevindi!
- Mən xəmir yoğura bilirəm! - deyib Ayşanqollarını çırmaladı.
- Mən də ocaq yandıraram! - Canşan belə deyib kibriti götürdü.
Bacı-qardaşlar kibriti Canşandan alıb dedilər:
- Balacalar kibrit yandırmaz! Yanğın olar!
Canşan həmişəki kimi küsüb ağladı.
Hərə bir iş görməyə başladı. Biri ocağı yandırdı, biri meyvə soydu. Ayşan reseptə baxıb xəmir yoğurdu. Canşan nə qədər xəmirin reseptinə baxdı, heç nə başa düşə bilmədi. Çünki özündən böyük bacı-qardaşları ona nə qədər yazıb-oxumaq öyrədirdilər, tənbəlliyindən öyrənmək istəmirdi. Özü də yalandan deyirdi ki, mən bütün hərfləri tanıyıram.
Kökənin bişməyinə lap az qalırdı. Xəmir
yavaş-yavaş qızardıqca ətri hər yana yayılırdı.
Hamı saata baxırdı ki, beş dəqiqədən sonra kökəni ocaqdan götürsünlər. Hamı deyib-gülür, Canşan isə qaşqabaqlı oturmuşdu. O istəyirdi ki, kökənin bişirilməsində o da iştirak eləsin. Amma bilmirdi neyləsin. Nə eləyirdi, deyirdilər: “Sən balacasan, bu işi bacarmazsan!”.
Canşan resepti əlinə götürüb höccələyə-höccələyə oxumağa başladı:
- Kö-kə ta-va-ya ya-pış-ma-sın de-yə, kö-kə-nin al-tı-na az-ca buz səp-mək la-zım-dır!
Bunu eşidən bacı-qardaşlar güldülər. Çünki Canşan səhv oxuyurdu. O, “duz” əvəvzinə “buz” oxuyurdu. Hamının gülməyini görüb Canşan lap pərt oldu. Balacalar gülüb qurtarandan sonra elə istəyirdilər ki, Canşanın səhvini başa salsınlar, birdən Canşan soyuducunu açdı, ordan buz qırıntılarını ovcuna doldurub dedi:
- Elə bilirsiz mən balacayam, kökə bişirə bilmərəm? Baxın mən də reseptdə yazılan kimi kökənin altına buz tökürəm!
Bacı-qardaşlar ağızlarını açmağa imkan tapmamış Canşan ovcundakı buz qırıntılarını tavaya tulladı. Soyuq buzlar isti tavaya düşən kimi yağ ətrafa sıçradı. Ocağa düşən yağ damlaları o saat alışdı. Ocağın ətrafında nə vardısa alışıb yanmağa başladı. Balacalar qorxudan qışqırıb ora-bura qaçmağa başladılar. Hamıdan bərk Canşan ağlayırdı. O elədiyinə çox peşman oldu. Qızarmış kökələr alovda yanmağa başlamışdılar.
- Ata, ana, köməyə gəlin, hardasız?
- Evimiz yanır!
- Alov güclənir, su gətirin ocağa tökək!
- Gəlin qaçaq!
- Kömək eləyin!
Balacalar nə qədər çalışdılarsa, yanğını söndürə bilmədilər. Birtəhər özlərini yanğından xilas elədilər. Yaxşı ki qonşular vaxtında yanğınsöndürənləri çağırmışdılar. Yoxsa dovşanlar evsiz qalacaqdı.
Yanğınsöndürənlər tez işə başladılar. Heç beş dəqiqə keçmədi ki, qıpqırmızı alov söndü.
Ata-ana qayıdıb bu mənzərəni görəndə dəhşətə gəldilər. Balalarını sağ görəndə isə sevindilər.Qorxudan titrəyən balaları sakitləşdirdilər.
Hamı sakitləşdisə də Canşan sakitləşə bilmirdi:
- Mən düzgün oxuya bilsəydim, duz yerinə buz oxumazdım! Evimiz də yanmazdı, kökələrimiz də yanmazdı, deyib ağlayır, özünü bağışlaya bilmirdi.
- Sakit ol, əsas odur ki, səhvini başa düşmüsən, - anası ona dedi.
Mehriban qonşular Dovşanovlar ailəsini evlərinə apardılar. Bu il Yeni il bayramı hər ilkindən daha şən keçdi. Çünki bayramı bir yerdə keçirdilər. Səhər yuxudan oyananda gördülər ki, yolkanın ətrafında o qədər hədiyyə var ki... Hamı hədiyyəsini götürəndən sonra gördülər Canşan yolkanın altında yuxuya gedib, əlində də əlifba kitabı...
Müəllif: Gülzar İbrahimova