(hekayə)
Düşərgədə uşaqlar tez-tez dənizə gedirdilər. Osmanla Sevinc üzə bilməsələr də, dənizi çox xoşlayırdılar.
Bir gün dənizdə qəribə hadisə baş verdi. Mahir müəllim də uşaqlara qarışmış, hamı suda “Ortadaqaldı” oynayırdı. Uşaqların səsi aləmi götürmüşdü. Osmanla Sevinc isə sahilə yaxın yerdə “Kim başını suyun altında çox saxlar”, deyə yarışırdılar.
Onların yanında üç-dörd yaşlı oğlan var idi. Dənizə nənəsi ilə gəlmişdi. Nənə tez-tez Seymuru səsləyir, ona “uzağa getmə!”, deyirdi. Seymur rezin dairəsindən tutub çapalayır, güya üzürdü.
Birdən Seymur rezin dairəni atıdı göyə, amma tuta bilmədi. Külək onu bir az aralıda suya saldı. Seymur istədi onu götürsün, sanki quyuya düşdü. Su boğazınacan oldu. Çapaladı. Qorxdu. Qışqırmaq istədi, ağzına su dolduğundan səsi çıxmadı.
Osman bir az aralıda üzürdü. Sevinc irəlilədi Seymura kömək eləsin, ayağı dərinə düşdüyündən geri çəkildi. Üzə bilmirdi. İstədi qaçıb dairəni gətirsin, o da aralıda idi deyə, “Gətirsəm gec olar!”, deyə bu fikrindən də vaz keçdi.
Aman, dəhşət! Sevinc gördü Seymur yavaş-yavaş suyun altına gedir. Qışqırıb Mahir müəllimi köməyə çağırdı. Uşaqların səsindən Osmandan başqa heç kəs onu eşitmədi.
Sevinc qışqıraraq ona nəsə dedi və suyu göstərdi. Uşaqların səs-küyündən Osman onu başa düşmədi:
- Nə deyirsən, gözlə yaxınına gəlim, - dedi və Sevincə tərəf üzdü.
Osman Sevincin həyəcanlı səsindən nigaran qalıb yaxınlaşdı. Sevinc göstərən yerə baxanda həyəcandan bir anlığa dondu. Seymur hərdən suyun dibinə düşür, sonra həyəcanla çıxırdı. Osman dönüb bir Mahir müəllimə, bir də hərəkətsiz suyun dibinə gedən uşağa baxdı. Müəllimi çağırsaydı, ola bilsin onu eşitməyəcək, vaxt keçəcəkdi. Bəlkə Seymuru xilas etmək gec olacaqdı. Bunu düşünüb dərin nəfəs aldı, gözünü bərk açıb suya tullandı.
Bir anda Seymurun saçlarından yapışıb onu dayaz yerə çəkdi. Sevinc də ona kömək elədi. Seymur bir az öskürəndən sonra özünə gəldi.
Bəlkə də heç boğulmağın, batmağın nə olduğundan xəbəri olmayan Seymur ağlayıb nənəsinin yanına qaçdı. Iki dəqiqə bundan əvvəl nənəsini danışdıran nənə də bu hadisədən xəbər tutmadı. Axı nə biləydi ki, Seymur çox dayaz bir suda dərinliyə düşə bilər və boğula bilər.
Necəsiniz, uşaqlar? - Bu vaxt Mahir müəllim Osmanla Sevincdən soruşdu.
Uşaqlar “Yaxşıyıq!”, dedilər və bir-birlərinə baxıb güldülər. Onlar öz fədakarlıqlarından çox sevindilər. Heç kəsin Seymurun başına gələnlərdən xəbəri olmadı. Bu sirri yalnız Osman və Sevinc bildi. Onlar dənizdən qayıdanda əl-ələ tutub atılıb-düşür, sevincdən elə bil uçurdular.
Müəllif: Gülzar İbrahimova