(hekayə)
Hər yaz Elxanın ad günü çay kənarında keçirdi. Elxangil Masallı rayonunun İstisu kəndində - təbiətin səfalı bir yerində yaşayırlar. Burda təbiət elə gözəldir, baxan heyran olur. Masallı rayonu bir zonada olduğu Lənkəran və Yardımlı rayonlarından füsunkar təbiəti ilə, təmiz suyu, ətir qoxan havası ilə seçilir. Yerdən çıxan müalicəvi İstisu Masallını daha qonaqlı-qaralı edir.
Yeddinci sinifdə oxuyan Elxan yadına salanda ki, bir gün babası kimi buralardan ayrılıb, başqa yerə oxumağa, işləməyə gedəcək, ürəyinə darıxma gəlirdi.
Baxmayaraq ki, İstisu çayı düz Elxangilin evlərinin arxasından keçirdi, uşaqlar ad günü olanda neçə kilometr yolu maşınla çayın yuxarısına gedirdilər. Səbəb aydın idi. Kəndin içərisindən keçən çayın suyu çox çirkli idi. Çay kəndin yuxarısından dumduru axsa da, kəndin içərisindən keçəndə elə pis qoxu verirdi ki, yanından keçəndə bu qoxudan nəfəs almaq olmurdu. Sudan gələn kif, üfunət qoxusu elə bil nəfəsi yandırırdı. Səbəbi də gün kimi aydın olsa da, natəmizliyin qarşısı alınmırdı.
Elxanın atası danışırdı ki, onlar uşaq olanda həmişə bu çayda çimiblər. Bir gün Elxan soruşdu:
- Ata, bu iy verən suda necə çimmisiz?
Ata başını bulayıb dedi:
- Çay əvvəllər elə təmiz olurdu, suyu içilirdi. Yerdən müalicəvi istisu həmişə çıxıb. Camaat ondan istifadə edər, amma heç kəs çayın suyunu çirkləndirməzdi. İndi İstisu çıxan yerdə böyük Pansionat salınıb. Adamlar hər yerdən durmadan axışıb gəlir bura. Ətrafda da restoranlar, kafelər tikilib. Onların hamısının çirkab suları çaya axıdılır. Bir yandan da meşəni qırıb yandırırlar. Əvvəllər nə restoranlar, kafelər vardı, nə də natəmizlik.
Nərgiz təəssüflə dedi:
- Ata, kaş bizim də evimiz kəndin içində olardı. Onda külək əsəndə evimizə pis qoxu dolmazdı.
- Əvvəl evimiz kəndin içərisində idi. Çay isə o qədər təmiz idi, kənarları o qədər gözəl idi, baban ona görə burda ev tikdi. Nə biəydi bir gün belə olacaq. Yaxşı ki indi baba uzaqdadır, çayın bu vəziyyətini görmür.
Bunu eşidəndə Elxan çox bikef oldu. Babanın adı da Elxan idi. Nəvəsinə öz adını qoymuşdu. Elxan Məmmədli - baba, Moskva Kosmik Aviasiya Mərkəzində baş konstruktor işləyirdi. İşi məxfi sayıldığından ona Moskvadan kənara çıxmağa icazə vermirdilər. Baba ailəsi üçün darıxsa da, işini sevdiyindən ciddi şərtlərlə razılaşmışdı. Ailə üzvləri ilə tez-tez telefonla danışırdı.
Nənələri isə gah Masallıda qalır, gah da Moskvaya gedirdi. Elxangilin ailəsi İki, ya üç ildən bir Moskvaya - babanın yanına gedir, baba ilə orda görüşürdülər. Görüşlərin birində, babanın yaxın dostu Mixail Stepanoviç Elxana demişdi, "Elxan, sənin baban "Krutoy" babadır!". (Krutoy rus ara sözüdür - həm güclü, həm də sözü keçən, işgüzar mənası verir) O vaxtdan da Elxanla Nərgiz babalarına "Krutoy baba", deyirdilər.
Elxan babasını çox istəyirdi. Baba Elxan üçün həqiqi dost idi. Elxan babası ilə sevincini bölür, çətinə düşəndə ondan məsləhət alırdı. Elxana nə lazım olurdu, baba eşidən kimi, uzağı üç, ya dörd günə həmin şeyi tapıb kəndə göndərirdi.
Hətta bir gün, baba Elxanın bikef olduğunu hiss etmiş, öyrənmişdi ki, nəvəsi velosiped istəyir. Qatarla - yaxın tanışı ilə ona velosiped göndərmiş, velosiped düz dörd günə Elxana çatmışdı. Velosiped elə gözəl və keyfiyyətli idi ki, Elxan onu kənd yolunda iki il idi, keflə sürürdü. "Verərsən bir az sürüm", deyənlərdən də velosipedi əsirgəmirdi. Baba velosipedi Elxana 5-ci sinifdə alsa da, elə bil təzə idi.
Babası ilə görüşəndə Elxan onunla söhbətdən doymur, ona cürbəcür sual verirdi:
- Baba, sən kosmonavtlarla bir yerdə işləyirsən?
- Elədir, bir yerdə işləyirəm.
- Necə işləyirsən bir yerdə? Axı onlar uçuşa hazırlaşır, təlim keçir, sən isə layihələr, sxemlər hazırlayırsan?
- Mən layihəni tərtib edəndə onların fikrini öyrənirəm, təkliflərini nəzərə alıram.
- Nə yaxşı...
Baba hər dəfə ona yaxından tanıdığı kosmonavtlardan danışırdı.
- Baba, bir az da kosmonavtlardan danış da...
- Baba, səncə məndən kosmonavt olar? - Bir gün Elxan babasından soruşdu.
- Əlbəttə, kosmonavtların əksəriyyəti kənd uşaqlarıdır. Onlar çevik olur.
Həmin gün Elxan qərar verdi kosmonavt olsun. Babası bu qərarı sevinclə qarşıladı:
- Sənə söz verirəm, təqaüdə çıxıb, kəndə qayıdan kimi səninlə idmana, təlimlərə başlayacağam. Hələlik dərslərinə ciddi yanaş. Az savadı olanda kosmonavt olmaz.
Bu gün Elxan xoş xəbər eşitdi. Baba kəndə qayıdır. Elxan sevinib uşaq kimi qışqırdı:
- Uraaa, Krutoy babam kəndə gəlir. O bizimlə qalacaq! Uraaa! - deyib qol atıb mahnısız-filansız oynamağa başladı.
Ana da, bacısı Nərgiz də sevindi. Bircə ata dinməzcə oturmuşdu. Elxan soruşdu:
- Sən sevinmirsən babamın gəlməyinə?
Ata cavab vermək əvəzinə eynəyini götürüb yan otağa keçdi. "Mənə mane olmayın, işim çoxdur, yazı yazmalıyam".
Elxan sevincini bölüşmək üçün qaçdı qonşuluqda yaşayan dostu Səmədgilə.
Babanın gəlmək xəbərindən sonra ata nəsə bikef gəzirdi. Elxan səbəbini soruşsa da, ata bir söz demədi. Amma iki gün sonra hər şey məlum oldu. Elxan babasının gələcəyi günləri sayırdı.
Bir gün ata divanda mürgüləyəndə Elxan onun telefonunu götürüb yavaş soruşdu:
- Ata, telefonunu verərsən mənə, lazımdır.
Ata yuxulu-yuxulu soruşdu:
- Neyləyirsən, dərsinə görə lazımdır?
- Yox, baba deyib dostu ilə gələcək kəndə. Evimizin arxasından axan çayın şəklini çəkib atacağam ona. Mixail əmiyə göstərmək istəyir.
Ata sanki pis xəbər eşitdi. Gözlərini açdı, üstündəki ədyalı bir yana atıb, yerindən dik qalxdı. Elxanın əlindən telefonu alıb həyəcanla dedi:
- Nə danışırsan, neyləmək istəyirsən. Baba qərib ölkədədi. Çayı belə vəziyyətdə görsə, onun ürəyi partlayar.
Elxan pərt oldu. Atası heç vaxt telefonu belə kobud şəkildə ondan almamışdı. Səsi titrəyə-titrəyə az qala ağlamsındı:
- Ata, bəs neyləyim, baba istəyib axı, - Elxanın bu sözləri atanı hövsələdən çıxartdı:
- Bilmirəm. Bu pulgir vicdansızlar çayı pis günə salıblar. Çayın zibilini dəfələrlə təmizləmişəm, yenə üstünü çirk, zibil basıb. Burdan təmizləyirəm, iki saat keçməmiş, plastmas butulkalar, salafan torbalar, qara kiflənmiş çirkablar gəlib yenə suyun üzünə yığılır. Nə qədər pansionatın rəhbərinə, restoranların böyüklərinə dedim, burdan söz verdilər, ordan yenə bildiklərini eləyirlər. Belə bir şəkil çəkib babaya göndərmək, ona möhkəm bir şillə vurmaqdan da acıdır.
Belə deyib ata hər iki əli ilə başını tutdu. Bu halı onun çıxılmaz vəziyyətdə olduğunu göstərirdi. Atanın belə hirslənməyində Elxan özünü günahkar saydı. Onu sakitləşdirmək üçün yollar axtardı.
- Ata, sən hirslənmə, mən şəkli çəkib onu fotoşopda təmizlərəm, babanın kefi pozulmaz.
Ata bunu eşidəndə bir anlığa sakitləşdi:
- Hə, mümkündürsə, nəsə elə, oğlum. Qərib yerdə babanın təzyiqi qalxar, Allah eləməmiş birdən ürəyi tutar, peşimançılıq olar. Onda sən şəkli çək, düzəlt, amma mənə göstərməmiş ona göndərmə.
- Yaxşı, ata! - Deyib Elxan çayın kənarına getdi. Bir neçə şəkil çəkəndən sonra Səmədgilə qaçdı. Orda şəkillərdən ikisini Fotoşop proqramında elə təmizlədilər ki, güya çayın suyu tərtəmizdir. Elxan şəkilləri atasına göstərdi. Ata razı gülümsədi:
- Afərin, indi göndərə bilərsən!
Ana da şəkilləri görəndə dua elədi:
- Allah, kaş bir gün çay yenə əvvəlki kimi təmiz olaydı...
Elxan bərkdən deməyə çəkinsə də, anasının duasına qoşulub, pıçıltı ilə "kaş", dedi.
Bir azdan şəkli babaya göndərdi. Azca keçmişdi, baba həyəcanla zəng elədi. O, həmişə görüntülü zəng edirdi deyə, hamı gördü ki, ata bir əlini ürəyinin üstünə qoyub danışır. Ata həyəcanla soruşdu:
- Ata ürəyini niyə tutmusan, nə olub, ürəyin ağrıyır?
- Şəkli gördüm, ürəyimdən ağrı tutdu. Narahat olmayın, dərman içmişəm, indi keçər. Çayı hansı vicdansız o günə qoyub?
- Ata, darıxma, görüm sənə hansı şəkil göndərilib?
Belə deyib ata danışığa ara verib şəkillərə baxa-baxa Elxandan soruşdu:
- Mənə göstərdiyin şəkli göndərmisən babaya?
Bir anlığa Elxan duruxdu. Günahkar görkəm alıb, pıçıltı ilə dedi:
- Ola bilər səhvən babaya şəklin fotoşop olunmamış variantını göndərim?... - Sonra qətiyyətlə dedi: - Ola bilməz, düz göndərmişəm.
Ata da göndərilən şəklə baxıb rahatlaşdı:
- Düz göndərmisən. Bəs o nə görüb ki, ürəyini tutub.
Ata babaya zəng edib soruşdu:
- Ata, şəkillərə baxdım, orda ürək ağrıdacaq bir şey yoxdu.
- Diqqətlə baxsan görərsən çay təmizdir, Amma onun quşçuluq fermasına axan qolu var haaaa, gör ora nə qədər plastmas butulka yığılıb... Kim çayı elə zibilləyir... Qoy gəlim, hamının dərsini verəcəyəm.
- Ata, bircə sakit ol, bu qədər sağlam yaşamısan, indi bircə çaydan ötəri gör özünü xəstəliyə sala bilirsən?
Ata hirslə deyindi:
- Sənin "bircə çay" deməyin məni lap hirsləndirdi. Necə yəni "bircə çay". Dediyin "bircə çay", sağlamlıq, təmizlik, gözəllik mənbəyidir. Bu gözəlliyi bizə təbiət bəxş edib. Bir insan balaca bir çay yarada bilər? Yox!. Bəs biz yaradılan bir gözəlliyi niyə məhv etməliyik? Buna heç kimin ixtiyarı yoxdur. Təbiətin yaratdığı gözəlliyi məhv eləsən, həmin gözəllik zəhərə çevrilib qaşığımıza çıxar.
- İndi neyləyək ata, nə məsləhət görürsən?
- İndi daha heç nə eləmək lazım deyil. Sən etsəydin, bu vaxta qədər edərdin.
Baba belə deyib sağollaşmadan telefonu söndürdü. Bir az keçmişdi belə bir səs göndərdi: "Özüm gəlib nə lazımdırsa edəcəyəm. Çaydakı zibilliyin yaxından şəklini çəkib düz gedəcəyəm Pansionatın rəhbərinin yanına, sonra da ona göz yuman Meşə təsərrüfatı rəhbərinin yanına, ordan da Rayon rəhbərinin yanına. Onların özlərinə təmizlətdirəcəyəm çayı".
Ata peşman-peşman eynəyini taxıb şəklə daha diqqətlə baxdı. Diqqətlə fikir verib gördülər ki, çayın Quşçuluq fermasına gedən qolunda həqiqətən də on-on beş plastmas butulka var, suyun üzündə bir az da qara çürüntü var. Bunlar hamının gözündən qaçsa da, babanın gözündən qaçmamış, baba bunu ürəyinə salıb, dərd eləmişdi. Ata buna görə Elxanı danlamadı. Çünki, bütün bunlar çirkli, zibilli çayın yanında heç nə idi. O, kədərlə dedi:
- Baba elə bilir ki, mən bu vaxta qədər çayın təmizlənməsi üçün heç nə eləməmişəm. Amma bilmir ki, onu dəfələrlə təmizləmişəm də, təmizlətdirmişəm də... Nə qədər yerə şikayət də etmişəm ki, natəmizliyin qarşısını alsınlar. Amma nəticəsi olmayıb...
Nərgiz qardaşına irad tutdu:
- Sən də təmizləyirdin, onu da təmizlərdin, baba hirslənməsin.
- Tələsik elədik, baba tələsdirdi, gözümdən qaçıb.
- Yox düz eləyib tamam təmizləməyib. Qoy heç olmasa onu görsün ki, gəlib çayı bu vəziyyətdə görəndə haldan-hala düşməsin. - Ata isə əksinə belə dedi. Nərgiz dərs oxumaq üçün yan otağa keçdi. Elxan isə atası ilə məsləhətləşməyə davam elədi:
- Ata, bəlkə baba gələnə qədər çayı təmizləyək?
- Əvvəllər neçə dəfə təmizləmişəm. Uzağı iki saat təmiz qalır. Sonra pansionat yolunda nə zibil var, yenə axıb gəlir yığılır suyun üzünə.
- Bəlkə elə pansionatın özündən başlayaq təmizləməyə.
- Onu da eləmişəm. On nəfər fəhlə ilə iki gün orda işləmişəm. Nə qədər xərc çəkmişəm, Kamazlarla ordan zibil çixartmışam. Nə faydası, bir həftəyə çayın üzünü yenə zibillik örtüb. Neçə il belə eləmişəm, axırda yorulub oturmuşam.
- Bəs neyləyə bilərik?
- Başımı itirmişəm. Heç özüm də bilmirəm... Baba da tərslikdən dostu ilə gəlir. Baba çayı bu vəziyyətdə görsə, Allah bilir, onu infarkt vuracaq.
Bunu eşidəndə Elxanın ürəyi əsdi. Nə vaxtdır o babasının təqaüdə çıxmasını - onlarla yaşamasını gözləyirdi. İndi elə çıxılmaz vəziyyət alınmışdı, Elxan da babasının kəndə qayıtmasını istəmirdi. Atası Elxanın bikef olduğunu hiss edib dedi:
- Gəl, belə edək! Fəhlələrlə danışmışam, gəlib evin arxasındakı divarı sökəcəklər. Baba divarı görsə, birinci ona hirslənəcək.
Bu vaxt ana əlində podnos otağa girdi, atanın sözlərini eşidib öz fikrini dedi:
- Divarı söksək, axı arxa pəncərələrdən evimizə yenə pis qoxu dolacaq...
- Neyləyək, lazım olsa, divarı tikmək asandır. İndi əsas odur, baba qəfildən bunları görüb hirslənməsin. Hər şeyə yavaş-yavaş öyrəşsin.
- Düzdür, əsas odur ki, atamız gələndə qanı qaralmasın. - Ana belə deyib çayları qoyub çıxdı. Ata oğlu ilə söhbətini davam elədi:
- Mən Bakıya gedirəm, üç gün olmayacağam. Bütün işləri sənə tapşırıram. Fəhlələrdən xahiş edərəm baba gələn günü, çayın zibillərini də təmizləsinlər. Maşınla danışaram nə vaxt zəng eləsəz, gəlib zibilləri daşısınlar.
Fəhlələrə tapşıracam, çirkab suları bellə axıtsınlar, bir yerdə yığılıb-qalmasın, qoxu azalsın. Elxan, sən də onlara kömək edərsən ki, çay yaxşı təmizlənsin. Amma bunların hamısını babanın kəndə gəlməsinə bir neçə saat qalmış edərsiz ki, axşama qədər çay təmiz qalsın.
Ata köhnə telefonunu da Elxana verdi ki, lazım olsa, onu işlətsin. Elxan lazım olan nömrələri telefona əlavə edəndən sonra baba ilə yazışmaları da telefona köçürtdü. Atasını Bakıya yola salandan sonra tez Səmədgilə qaçıb ona dedi:
- Tez hazırlaş, İstisu pansionatına gedirik!
- Nə olub?
- Yolda deyərəm!
Velosipedlə pansionata kəsə yolla 20 - ya 25 dəqiqəyə çatdılar. Pansionatın rəhbəri əvvəlcə uşaqlara vaxt ayırmaq istəmədi. Tələsik gedəsi yeri vardı. Elxan deyəndə ki, "Mən Elxan Məmmədlinin nəvəsiyəm, Sizə onun səsyazmasını gətirmişəm", o maraqla ayaq saxladı. Dönüb uşaqları başdan-ayağa süzüb dedi:
- Hansınızsız Elxan Məmmədlinin nəvəsi, nə səs yazısı gətirmisiz?
Belə deyəndə Elxan telefonu açıb babasının sonuncu dəfə hirslə yazıb göndərdiyi səsyazmanı səsləndirdi. Babanın zəhmli səsi otağı bürüdü. Pansionatın rəhbəri Elxan Məmmədlinin səsini tanıyıb gülümsədi:
- Odur, özüdür, Elxan Məmmədli, bizim fəxrimiz! Biz sənin babanla fəxr edirik! Nə deyir, danışdım səsi səsimə qarışdı, heç nə başa düşmədim. Səsi bir də qoy görüm nə deyir baban.
Elxan səsi yenidən qoydu. "Özüm gəlib nə lazımdırsa edəcəyəm. Çaydakı zibilliyin yaxından şəklini çəkib düz gedəcəyəm Pansionatın rəhbərinin yanına, sonra da ona göz yuman Meşə təsərrüfatı rəhbərinin yanına, ordan da Rayon rəhbərinin yanına. Onların özlərinə təmizlətdirəcəyəm çayı".
Kişi bu dəfə səsə diqqətlə qulaq asıb sanki duruxdumu, qorxdumu, nə isə belini dik düzəldib dedi:
- Baban bizim böyüyümüzdür. Nə desə, bizə qanundur. O bizim Masallının adını həmişə ucaldıb. Deyir çayı təmizləmək lazımdır, təmizlərik.
Sonra o hər iki əli ilə uşaqların çiynindən tutub dedi:
- O ağsaqqalımıza mənim salamımı çatdırın. Bir də deyin ki, elə bilməsin biz bu zibilləri təmizləmirik, Hər həftə təmizləyirik. Amma gəlib-gedənlərə başa sala bilmirik ki, çaya zibil atmasınlar. Nə isə... Yenə təmizlərik. Ağsaqqalımız, böyüyümüz deyirsə, deməli lazımdır.
Elxanla Səməd lap çaşıb qalmışdı. Onlar bunu gözləmirdilər. Elə bilirdilər Pansionatın rəhbəri onlara Pansionata Kamazı, işçiləri gətirtməyə, ora səmt yaxın düşməyə, heç nəyə icazə verməyəcək, uşaqlar çayı Pansionat tərəfdən ya dava-dalaşla, ya da gizlincə çayı təmizləməli olacaq.
PAnsionatın rəhbəri isə əksinə, hətta köməkçisi Musaya da tapşırdı ki, bizə nə kömək lazım olsa etsin, bir də təcili xadimələri çayı təmizləməyə göndərsin.
Uşaqlar ordan uzaqlaşsalar da bununla sakitləşməyib düz getdilər Meşə təsərrüfatı rəhbərinin yanına, ordan da sevincək çıxıb getdilər Rayon rəhbərliyinin yanına. Eyni oxşar cavablar uşaqları sevindirdi. Hətta rayon rəhbəri uşaqlara dedi, "Siz gedin dərslərinizlə məşğul olun, bu işlər tam bizim işimizdir!".
Amma Elxan yenə arxayın oturmadı. O özü də, Səməd də qollarını çirmələyib işləyənlərə qoşuldular. Başları işə qarışmışdı, bir də baxdlar bütün sinif yoldaşları köməyə gəlib. Onlar təmizliyə baxan fəhlələrlə birgə, çayın kəndə dönən hissəsini və döngədən sonra da iki kilometr ərazidə çayı ağaclara, kolluqlara ilişib-qalmış zibillərdən təmizlədilər.
Evə qayıdanda uşaqların ağrıdan, yorğunluqdan belləri ağrısa da, onlar, şən və gümrah görünürdü. Səməd yolda Elxana dedi:
- Yaxşı ki, bu gün işləri qurtardıq.
- Tam qurtarmamışıq. İndi bizim bir vacib işimiz də qalır.
- Hansı iş qalır?
- Çayın yuxarı hissəsində iki balıqçı çaya elə tor bağlayır ki, ordan bir balıq keçə bilmir. Onları bir yolla çaydan uzaqlaşdırmalıyıq...
Səməd bir az fikirləşib dedi:
- Gəl, belə bir yazı yazaq: "Çaya tor bağlayan 100 man cərimə ediləcək. Meşə təsərrüfatı rəhbərliyi ".
- Bunu icazəsiz etmək olmaz!
- İcazəsiz niyə edirik ki, icazə alarıq.
Onlar dedikləri kimi elədilər. Hətta 100 ədəd də Xəbərdarlıq elanı çıxardıb Pansionatın ətrafındakı Restoran və kafelərin həyətlərində, görünən yerlərdən asdılar. Elanda yazılmışdı: "Çaya zibil atan 100 manat cərimə ödəyəcək!".
Uşaqların zəhməti yerdə qalmadı. Çayın suyu da, ətrafı da, tamam təmizləndi. Çayın elə bil suyu da artdı. Baba gələn günə çayın rəngi elə açıldı, suyun təmizliyindən ətrafa gözəllik saçdı. Su yenə göz yaşı kimi dumduru axdı.
Elxanla Səməd sevinir, hərdən suya diqqətlə baxır, orda balıq görmək istəyirdilər.
Nərgiz dayanmadan işləyir, dibçəkləri çay kənarına düzür, ətraf lap gözəlləşirdi. Ana çah dəsgahını çay kənarında düzəltdi. Nənənin ocaqda bişirdiyi saciçinin dadlı ətri ətrafa yayılmışdı.
Baba da, Ata da gördüklərindən gülüb-sevinmək əvəzinə kövrəlib ağladılar.
Babanı ağladan Vətən həsrəti idi. O çoxdan idi ki, Masallının cənnət guşəsindən, sevdiyi Vətən torpağından, doğma İstisu kəndindən ayrı düşmüşdü.
Atanı ağladan Elxan oldu. O, babasını elə çox istəyirdi, yeniyetmə oğlan üç gündə belə böyük işi öhdəsinə götürmüş, təbiətin cəhənnəmə çevrilmiş bir hissəsini zəhməti ilə cənnətə çevirmişdi. Kim bilir, o bəlkə də çəkdiyi zəhmətlə babasının ürəyinə də məlhəm olub, onu böyük bir ağrıdan, acıdan qurtarmışdı.
Babanın dostu Mixail hər yana heyranlıqla baxır, gördüyü hər şeyi tərifləyirdi. Birdən O, gətirdiyi tilovun sarğısını tez-tez açmağa başladı. Baba rus dilində dedi:
- Ay Mixayıl, həvəslə bura tilov gətirmisən, amma onu açmağa tələsmə, balıq gözümə dəymir nəsə...
- Necə yoxdur balıq, suyun altına bax, nə qədər balıq var.
Suya diqqətlə baxanda hamı məəttəl qaldı. Doğrudan da, çayın dibində rəngarəng balıqlar üzürdü. Ata Elxanı qucaqlayıb dedi:
- Sağ ol, oğlum, böyük iş görmüsən.
- "Əsl sağ ol", mənim "Krutoy babama" düşür. Onun hörməti, bir də telefonla göndərdiyi ötkəm səsi olmasaydı, buna heç kimin gücü çatmazdı.
Müəllif: Gülzar İbrahimova