(nağıl)
Sevinc kəndi o qədər sevirdi ki, kəndə gələndə şəhərə qayıtmaq istəmirdi. O qaçır, sevinir, heyvanlarla oynayır, hindən yumurta götürür, çayda çimir, kəpənəklərlə qaçışır, bir dəqiqə də olsa, dinc oturmurdu.
Sevinc kəndə gələndə ondan çox baba, nənə sevinirdi. Baba onu arabaya mindirib meşəyə aparırdı. Nənə Sevincə cürbəcür, dadlı kətələr bişirir, kətələrə göz, qaş, burun, ağız qoyurdu. Kətələr elə gülməli görünürdü...
Bir gün Sevinc yenə kənddə idi. O artıq böyümüşdü, çox dəcəllik eləmirdi. Ağıllı qız olmuşdu. Onun balaca bir bacısı da olmuşdu. Bacısı Saranın cəmi bir yaşı vardı.
Sevinc əvvəlki kimi təbiəti, canllıları çox xoşlayırdı. Bir gün Sevinc çəmənlikdə gəzəndə çox gözəl bir kəpənək gördü. Kəpənəyin naxışları elə rəngarəng idi, elə gözəl idi, Sevinc bu gözəlliyə heyran olub qışqırdı:
- Gəl, səni aparım evə, balaca bacıma göstərim!
Kəpənək elə bil qızı başa düşdü. Uçub gəldi, düz Sevincin qarşısında gülün üstünə qondu. Sevinc onu asanlıqla ovcuna götürüb evə qaçdı.
Evə çatan kimi həyəcanla dedi:
- Nənə, tez ol, mənə balaca banka ver!
- Nə olub ki... - Nənə soruşa-soruşa, tələsik Sevincə qapaqlı banka verdi. Sevinc bankanı açdı, kəpənəyi bankaya salıb ağzını bağladı. Sonra bankanı qaldırıb kəpənəyi babaya, nənəyə göstərib dedi:
- Baxın, nə qəşəng kəpənək tutmuşam!
- Nə gözəldir. Amma gərək onun qapağını açasan ki, ölməsin. Havasız qalsa ölər. - Baba dedi.
- Hə, yazığın nə qədər ömrü vür ki... - Nənə dedi.
Sevinc tez qapagı qaldırdı. Əli ilə bankanın ağzını tutdu ki, qaçmasın. Nənə bankanın ağzına balaca bir tənzif qoydu. Sevin qorxa-qorxa soruşdu:
- Nə qədər ömrü var ki, beş il, yoxsa on il?
Baba təəssüflə dedi:
- Beş-on il olsaydı, nə yaxşı olardı... Çəmənlər, düzlər gözəl kəpənəklərlə dolu olardı. Zavallı kəpənəklərin bir ya, iki gün ömrü olur.
Sevincin kefi pozuldu. O, məyus-məyus kəpənəyə baxıb köks ötürdü:
- Nə pis oldu... Belə çıxır ki, sabah bu kəpənək olmayacaq?
- Bəlkə də... Yaxşısı budur, ona baxandan sonra bankanın ağzını açıq qoy, qoy uçub getsin, yazıqdır. - Baba dedi.
Nənə isə belə dedi:
- Əlbəttə, təbiətin bir gözəlliyini azaltma. Kəpənəklər təbiətin gözəlliyidir.
Baba da, nənə də belə deyib, hərəsi öz işinə getdi.
Sevinc kəpənəyi daha bacısına göstərmədi. Fikirləşdi: "Birdən Sara sabah da kəpənəyə baxmaq istəsə, nə deyərəm ona?
Sevinc bankanı pəncərənin qarşısına qoydu. Tənzifi də üstündən götürdü. Kəpənək uçub getdi. Banka isə pəncərədə qaldı.
Bir azdan Sevinc təzə oyun oynamağa başladı. O, sodanı, unu, kraxmalı qarışdırıb onu yaxşı yoğurur, sonra isə onu balaca hissələrə ayırıb, maraqlı fiqurlar düzəldirdi. Bəzən isə içərisinə qəhvəyi rəng tökür, balaca kərpiclər düzəldir, kərpiclərdən ev tikirdi.
Bu dəfə də Sevinc həmin bankanı pəncərədən götürüb stola qoydu. İçərisinə soda, un, bir də kraxmal tökdü. Getdi mətbəxdən duz ilə su gətirsin. Duzu da içinə qatsın, sonra su töküb yoğursun.
Sevinc gəlib nə görsə, yaxşıdır, kəpənək uçub gəlib, yenə bankaya girib, bankanın dibindəki soda, un, kraxmal olan balaca, ağ təpəciyə qonub.
Sevinc kəpənəyi görəndə sevinsə də, sonra yenə məyus oldu. İki əlini çənəsinin altında cütləşdirib xeyli kəpənəyə tamaşa elədi:
- Gözəl böcək, yazıq böcək... Yəqin ki, sabah yuxudan durub görəcəyəm sən yoxsan. Heyf...
Sevinc belə deyib ağladı. Kəpənəklə xeyli danışandan sonra göz yaşı içərisində yuxuya getdi.
O, səhər duranda da çox məyus idi. Fikirləşirdi: "Yəqin o gözəl kəpənək daha yoxdur. Nə pis oldu". Amma bankanın yerini dəyişməyə yenə cürət eləmədi. "Bəlkə qayıdacaq", deyə düşündü.
Amma bir azdan Sevincin kədəri yenə sevincə döndü. Kəpənək yenə qayıdıb gəldi.
Belə-belə kəpənək evdə hamını heyran qoydu. O yaşadı və yaşadı. Sevinc babasından soruşdu:
- Baba, bəs sən deyirdin kəpənəklərin ömrü bir ya, iki gün olur. Bəs niyə bu kəpənəyin ömrü uzun oldu?
Baba özü də məəttəl qalmışdı. O, məəttəl-məəttəl dedi:
- Yəqin o uzunömürlü kəpənəklərdəndir. On dörd gün yaşayacaq bəlkə...
On altıncı gün Sevinc babasına eyni sualı verəndə baba dedi:
- Bəlkə bu növün ömrü bir aydır, nə bilim bala?
Belə-belə Kəpənək hava soyuyana qədər, düz iki ay yarım yaşadı. Özü də bankada, balaca, ağ təpənin üstündə. Sonra isə havalar soyuyan kimi yox oldu.
Sevinc kəpənəyi, onun gözəlliyini, etibarını heç unutmadı. Bir gün kəpənək yox olanda Sevinc çox kədərləndi. O, şəhərə də bikef qayıtdı.
Bir gün yenə yay gəldi. Tətil başlandı. Sevinc də günləri sayırdı ki, nə vaxt kəndə gedəcək. Bir səhər baba sevincək zəng elədi.
"Telefonu Sevincə verin", dedi. Sevinc telefonu götürəndə babanın şad xəbərindən elə sevindi, elə sevindi...
- Şad xəbər deyim, sənə? Kəpənəyin qayıdıb gəlib!
- Necə? - Sevinc sevindiyindən elə qışqırdı, səsi hər yanı bürüdü.
Baba sevinc, həyəcan içərisində dedi:
- Biz bankaya dəyməmişdik. Olduğu yerdə qalmışdı. Bu səhər baxdıq ki, içərisində həmin kəpənək var. Bu lap möcüzədir.
Əsl möcüzəni isə Sevinc göstərdi. O kəndə qayıdıb bankadakı qarışıq tozu yenilədi. Soda, kraxmal, un kəpənəyin həyatda qalmasına təsir göstərmiş, o bir il də artıq yaşamışdı. Çox güman ki, köçəri quşlar kimi isti ölkələrdən birində qışı keçirmiş, sonra yenə ona xoş olan yerə qayıtmışdı.
Sevinc böyüyüb məktəbi bitirdi. Universitetə daxil olub yaxşı bioloq oldu. Kəpənəklərin həyatını dərindən öyrəndi. Onların daha çox yaşaması üçün tədqiqatlar apardı. Nəhayət ki, kəpənəklərin ömrünü artıran ixtiralar elədi. Nəticədə, buna nail olub Əlizadə Sevinc kimi bütün dünyada məhşurlaşdı.
O vaxtdan kəpənəklər gözəl dünyanı daha da gözəlləşdirdilər.
Nağılçı: Gülzar İbrahimova