(nağıl)
Ayaz adlı bir oğlan var idi. O, “Sehrli Dünya” jurnalını çox xoşlayardı. Hər dəfə poçtalyon qapını döyüb, “Sehrli Dünya” gətirmişəm!” deyəndə “Uraaaa!”, deyə sevindi- yindən qışqırardı. O, jurnaldan əvvəl hədiyyəni açıb-oynadar, sonra jurnala baxardı.
Hədiyyə paketində hər şey – təyyarə, maşın, velosiped, gəmi, tank, cürbəcür heyvanlar, quşlar, pazllar, konstruktorlar, silahlar, oyunlar, oyuncaqlar, şəkil çərçivəsi – nə desən olardı. Ayaz onları toplayır, heç kəsə vermirdi. Düzü, hələ saya da bilmirdi ki, bilsin hədiyyələrin sayı nə qədərdir. Məktəbə getsə də, toplamağı bilmirdi. Evdə valideynləri, məktəbdə də müəlliməsi nə qədər əziyyət çəksə də, oxumağı öyrənmişdi, amma əməlli toplayıb-çıxmağı bilmirdi. Başı işləməyinə yaxşı işləyirdi, çünki kompyuter oyunlarında yaşıdlarını udurdu.
Bu gün qəribə bir hadisə baş verdi. Ayaz dərsdən evə qayıtdı. Televizoru yandırdı, sonra isə buterbrod düzəltdi, istədi yesin, qapı döyüldü. Gələn poçtalyon idi:
- Mənəm, “Sehrli Dünya” gətirmişəm!
- Uraaaa!
Ayaz Sehrli Dünya”nı görüb çox sevindi. Jurnalı alıb poçtalyona “sağ ol” dedi. Sonra yeməyini yarımçıq qoyub jurnalı açdı. Hədiyyə paketindən çox maraqlı, qəşəng, altıbaşlı əjdaha çıxdı. Əjdahanın yanında açarı vardı. Ayaz açarı buran kimi əjdaha əsdi, titrədi, qəribə səslər çıxartdı. Sonra böyüdü və alov püskürməyə başladı. Alovu görəndə Ayaz bir az qorxdu. Qaçdı hamamdan su gətirib alovu söndürsün. Hamama girəndə Əjdaha ondan qabaq soxuldu hamama. Bərkdən bir nərə çəkib atıldı vannanın içərisinə. Vannada suyu şappıldada-şappıldada elə qışqırdı, az qaldı səsdən qulaq tutulsun. Ayaz başa düşmürdü əjdaha hirslənib, yoxsa sevinir. O, tək qışqırmadı, altı başın altısı da bir ağızdan insan səsi çıxarır, nəsə istəyirdilər.
Ayaz onları sakitləşdirməyə çalışırdı:
- Niyə qışqırırsız, bir-bir danışın, başa düşüm nə istəyirsiz?
- Mən sabunlanmaq üçün süngər istəyirəm!
- Mən diş fırçası!
- Mən daraq!
- Mən sabun!
Ayaz onların səsini kəsmək üçün hər şey gətirdi. Sonra soruşdu:
- Kimsən sən, jurnalın içərisinə necə girmisən?
- Küpəgirən qarı məni sehrləyib jurnalın içərisinə qoyub!
- Niyə?
- Uşaqları qorxutmaq üçün!
- Oyuncaqdan heç kəs qorxmaz!
- Amma sən məndən qorxub hamama qaçdın!
- Ağzından alov çıxdı, qaçdım su gətirim, yanğın olsa söndürüm!
- Sən bizdən qorxmursan?
- Yox!
- Düz eləyirsən, oyuncaqdan qorxmazlar! Oyuncaqlar uşaqların dostudur!
Ayaz danışan əjdaha görməmişdi. İndi balaca bir oyuncaqdan çıxan əjdaha insan kimi danışırdı. Ayaz əjdahadan qorxmasa da, ağzından çıxan alovdan qorxurdu ki, yanğın salar. Ona görə hamamdan çıxıb qapını bərk bağladı. Mətbəxdən stul gətirib qapının arxasına qoydu ki, qapı açılmasın, özü də qaçdı bayıra. Lifti çağırdı. Lift gələnə qədər səbri çatmadı, pilləkənləri iki-iki, üç-üç tullanıb birinci mərtəbəyə düşdü.
Aşağıda Turqutla Turalı gördü. Onuncu sinifdə oxuyan əkiz qardaşlar güləşçi idilər. Onlar liftə minmək istəyəndə Ayaz da onlarla liftə girdi ki, başına gələnləri danışsın. Əkizlər xorla soruşdular:
- Nə olub sənə?
Ayaz həyəcanla, birnəfəsə olanları danışmağa başladı:
- “Sehrli Dünya” jurnalının arasından altıbaşlı oyuncaq əjdaha çıxdı. Ağzından od püskürürdü. Hamamdadır, qapısını bağlamışam!
Təbii ki, qardaşlar Ayaza inanmadılar. Turqut dedi:
- Mən də bir dəfə “Sehrli Dünya” alanda hədiyyə paketimdən ikibaşlı ilan çıxmışdı.
- Mənim hədiyyə paketimdən fil çıxmışdı, yanında da balası. – Tural dedi.
- Zarafat eləmirəm, uşaqlar, o, əsl əjdahadır, inanmırsız, gedək özünüz baxın! – Ayaz lap həyəcanlandı. Lift altıncı mərtəbədə dayananda:
- Başqa vaxt, indi vaxtımız yoxdur! – Tural işgüzarcasına belə deyib lifdən çıxdı.
- Bax ha, əjdahalar od püskürər, hər yan alovlanar! – Turqut belə deyəndə qardaşlar qəhqəhə çəkib güldülər və liftdən düşdülər.
Onların zarafatından Ayaz hirsləndi və bütün qorxusu getdi. Fikirləşdi ki, əjdahaya ev ümid olmaq olar? Hirslənər, od püskürər, hər yanı alışdırar. Qaçdı evə. Hamamın qapısını azca aralayıb baxdı əjdaha neyləyir, oraları odlamayıb ki... Nə görsə yaxşıdır? Vanna ağzına qədər su ilə dolub, Əjdaha ləzzətlə çimir. Hərdən də quyruğunu suya çırpıb hər tərəfi sulayır.
Başlardan biri süngəri şampunlayıb o biri başı yuyurdu. Bir baş daraqla o biri tüksüz başın başını darayırdı. Bir baş fırça ilə dişini fırçalayırdı. Başqa bir baş suyun altına girib “bul-bul” səslər çıxarırdı.
- Dəsmal gətir!
- Bu saat! – Ayaz belə deyib, gedib dəsmal gətirdi. Altı başın altısı da birdən dəsmalı almağa çalışanda dəsmal altı yerə bölündü. Hərəsi bir parça götürüb qurulandı.
Onlar qurulanana qədər Ayaz telefona qaçıb əvvəl atasına zəng elədi, ata məsajla “iclasdayam” yazıb telefona cavab vermədi. Anasına zəng elədi. Ana da cavab vermədi. Çünki bu vaxtlar ana televiziyada “Xəbərlər” verilişini apardığından telefonunu açmırdı.
Ayaz televizordan anasının səsini eşitdi:
- Diqqət, diqqət! Təhlükəsizlik Xidmətinin Mətbuat xidmətinin məlumatına əsasən bildiririk ki, “Sehrli Dünya” jurnalının içərisinə xüsusi proqramlaşdırılan oyuncaq əjdahalar qoyulub. Oyuncaqların açarını buran kimi əjdahalar böyüyür, hərəkətə gəlir, od püskürür və insan kimi danışa bilirlər. Onların insanlara ziyanı dəymir. Nəzərinizə çatdırırıq ki, bu ay Oyuncaq fabrikində oyuncaqlar səhv düşüb. Proqramlaşdırılmış oyuncaqlarla sadə oyuncaqlar qarışıb. Jurnaldan belə bir oyuncaq çıxarsa, uşaqlar qorxmasın. Kim onu tapsa, sadəcə ya pəncərədən bayıra qoysun, ya da açıq havaya buraxsın. Uça bilirlər, Oyuncaq fabirikinə qayıda biləcəklər! Əjdahalar ac olanda qəzəbli olur. Bununla belə yenə də ziyan vurmurlar. Təkrar edirik! Əziz uşaqlar! Kim onu taparsa, xahiş edirik tez açıq havaya qoysun!
Bunu eşidəndə Ayaz bir az sakitləşdi. Pəncərəni taybatay açdı. Sonra isə hamamın qapısını açıb dedi:
- Çıx get, səni axtarırlar!
- Nə bilirsən? – Deyə, yenə də altı başın altısı da birdən soruşdu.
- Televizorda elan elədilər!
- Acmışıq, ac olanda uça bilmirik! Yemək ver, sonra gedək! Bu saat acından başımız əsməyə başlayacaq! – Deyib əjdaha mətbəxə keçdi.
- Nə verim sizə? – Ayaz təzə soruşmuşdu, başlar titrəyib, əcaib səslər çıxartmağa başladılar.
- Bu saat, gözləyin, verim! – Deyib Ayaz soyuducunun qapısını açdı, ordan kolbasa götürdü. Yanına çörək də qoyub qəribə qonağa verib dedi:
- Buyurun, bu da yemək!
Başlar bir anda sakitləşsələr də, sonra yenə səs-küy qopdu:
- Belə yemək yeyə bilmirik, dava düşür. Hərəmizin payını ayır, ayran da tök, ver, yeyək!
- Yaxşı! – Deyib Ayaz Əjdaha başlarına buterbrod düzəltməyə başladı. Amma saymaq bilmədiyindən buterbrodlardan birini əksik, ayranlardan birini artıq elədi.
Aman! Elə ki yemək ortaya qoyuldu, əjdahaların gözləri böyüdü. Başlar bir davaya başladılar, gəl görəsən! Arxaya çəkilərək bir-birlərinin başlarından elə vururdular, bütün ev silkələnirdi. Səsə qonşular gəlib qapını bərk döydülər. Ayaz heç qapı səmtə gedə bilmədi. Çünki onu necə atmışdılarsa, çılçıraqdan asılı qalmışdı. O qədər dalaşdılar, haldan elə düşdülər ki, yeməklərini də yeyə bilmədilər. Elə ki sakitləşdilər Ayaz sakit-sakit soruşdu:
- Niyə dalaşırsız?
Başlardan biri halsız-halsız dedi:
- Bütün günahlar səndədir! Düz saymamısan buterbrodun, biri əksik idi. Ona görə dava düşdü.
Ayaz tez düşüb buterbrodları təzədən saymaq istədi, amma onlar elə xırdalanmışdılar, saya bilmədi. Getdi təzəsini düzəltdi. Bu dəfə isə belə saydı: Biri gözü qanayana, biri halsız yerdə uzanana, biri başı stolda qalana, biri dişi sınana, biri salamat qalana, heç yeri əzilməyənə, biri isə acından çənəsi əsənə! Bax, belə saysam, dava düşməz! – Deyib bütün başlara buterbrod düzəltdi. Hamıya təzədən ayran tökdü. Bayaq düzəltdikləri ev boyu dağılmışdı.
Bu dəfə yeyib-içmək alındı. Əjdaha doyunca yeyib, ayran içdi. Sonra isə başlar Ayaza “sağ ol!”, dedilər, onunla dostlaşdılar. Əjdaha Ayazı belinə mindirib, buludlara qədər qaldırıb gəzdirdi. Sonra qaytarıb oğlanı evlərinə qoyub Oyuncaq fabrikinə yollandı. Ayaz başlara əl edib dedi:
- Söz verirəm! Saymağı tezliklə öyrənəcəyəm!
- Bu hoqqanı uşaqların başına Küpəgirən qarı açıb. Oyuncaq olsa da yaman ifritədir. Biz də sənə söz veririk, bu qisası Küpəgirən qarıda qoymayacağıq!
Başlar minnətdarlıq olaraq ağızlarından alov çıxarıb Ayaza tərəf yolladılar.
Səhəri bütün qəzetlər, internet saytları xəbər yaydı ki, Oyuncaq fabrikində o qədər möhkəm yanğın baş verib ki, oyuncaq Küpəgirən qarının saçları yanıb, bir az da pırpızlaşıb.
Nağılçı: Gülzar İbrahimova