Canavar, Dovşan və Sarı Dələnin nağılı

(nağıl)

  Bir gün Boz ayı çaya girdi ki, balıq tutub yesin. Balıq tuta bilmədi. Çayın yaxınlığında iri qoz ağacı vardı. Ağacın altında uzandı, dincəlsin. Dincələ də bilmədi. Çünki, ağacda çoxlu qoz vardı... Könlünə qoz yemək düşdü. Qoz ağacına yaxınlaşdı, onu möhkəm silkələdi. Qozlar yerə töküldü. Bu vaxt kimsə qışqırdı:
- Kömək eləyin, kömək eləyin...
Ayı baxdı ki, balaca bir dələ, çaya düşüb, çapalayır, qışqırır. Soruşdu:
- Niyə qışqırırsan?
- Üzə bilmirəm, kömək edin, boğuluram!
- Üzə bilmirsən, niyə girmisən suya?
- Ağacdaydım, sən ağacı silkələdin, mən də düşdüm suya?
Ayı elə nərildədi, çayda dalğa əmələ gəldi:
- Aaa, indi həşərat boyda heyvan, məni günahkar edəcək! Necə düşmüsən çaya, elə də çıx!
- Çıxa bilmirəm, - deyib, Sarı dələ çapaladı, amma çaydan çıxa bilmədi.
Ayı ona fikir verməyib qoz sındırıb yedi, tənbəl-tənbəl dedi:
- Çaydan indicə çıxmışam, ləzzətlə yemək yeyirəm, həvəsim yoxdu bu payız günü təzədən çaya girim, üşüyüm. 
Dələ yenə qışqırdı:
- Kömək eləyin...
Ayı tənbəl-tənbəl boğulan dələyə baxıb üzünü çevirdi, deyindi:
- Özün çıx, mən sənə kömək eləyən deyiləm! 
Çay dələni çayaşağı apardı, bu vaxt bir Ağ dovşan onun səsini eşidib, köməyinə çatdı. Bir çubuq gətirdi, Sarı dələyə uzatdı. Dələ də hoppandı, çubuğun üstündə oturdu, batmadı. 
Dələ Dovşana dedi:
- Sağ ol Dovşan, xilas elədin məni. Az qalmışdı, boğulum. 
- Belə balacasan, suya niyə girmisən, axı boğularsan. 
Dələ başına gələni danışanda Dovşan Ayının qarasınca danışdı:
- Kobud Ayı! 
- Gedək qonağımız ol, - Sarı Dələ dedi, - bizim qəşəng yuvamız var. Yuvada qoz-fındıq var, yeyərsən. Axşam ata-anam qayıdanda onlar da səni görsün. Deyəcəyəm, çayda boğulurdum, məni bu Ağ Dovşan xilas elədi. 
- Yox, sağ ol, başqa vaxt gələrəm, tələsirəm, bostana gedirəm!
- Onda gəl dost olaq!
Dovşan gülüb dedi:
- Sən bapbalacasan, bizim dostluğumuz tutmaz!
Dələ inciyib dodağını büzdü. 
Bir müddət keçdi. Sarı Dələ böyüyüb iri quyruqlu bir dələ oldu. Dovşanın isə üç balası oldu. Bir gün Sarı dələ gördü ki, onu xilas edən Ağ Dovşan oturub ağacın altında, ürəkdən ağlayır. Yanında da üç balaca balası, onlar da analarına qoşulub ağlayırlar. Dələ soruşdu:
- Nə olub, niyə ağlayırsız, Dovşan?  
- Boz canavar bu gün balalarımdan birini yeyəcək,- Deyib Dovşan daha bərk ağladı. 
- Niyə? - Sarı Dələ təlaş içərisində soruşdu. 
- Deyir könlümə toppuş bala dovşan əti düşüb. Öz xoşunla balalarından birini mənə verməsən, üçünü də yeyəcəyəm! İndi harda olsa gəlib çıxacaq.
- Canavara bala vermək olmaz. Bu saat sənə kömək edəcəyəm! - Deyib Sarı dələ təzədən ağaca dırmaşdı. Bir torba fındıq gətirib. onu Dovşanın qarşısında yerə tökdü. Torbaya isə bir az yarpaq, bir az da torpaq yığdı. Onu dovşana verib dedi:
-  Canavar gələndə bunu ver ona, de ki, balamın birini bu torbaya qoymuşam. BAla dovşanlara da de, ağacın oyuğunda gizlənsinlər. 
- Yooox, mən onu aldada bilmərəm, ondan çox qorxuram! - Dovşan dedi:
Dələ onu sakitləşdirdi:
- Qorxma, mən deyəni etsən, peşiman olmayacaqsan!
Dovşan Dələ deyən kimi elədi. İçərisində qum, yarpaq olan torbanı göz yaşı axıda-axıda Canavara verdi. Canavar Dovşanın ağlamağından əmin oldu ki, torbadakı bala dovşandır. Amma Dovşan qorxudan ağlayırdı. Canavar yerdəki fındıqları da cibinə doldurdu. Sonra sevincək qaçdı yuvasına ki, ləzzətlə dovşan yesin. 
Çox keçmədi Canavar qayıtdı. Dovşan elə həmin yerdə idi. Canavar qışqırdı:
- Sən nə cürətlə məni aldatmısan? Tez elə, bu saat balalarının üçünü də ver mənə. Onda biləcəksən ki, Canavarı aldatmaq olmaz! Çünki Canavarlar çox güclüdür!
Dovşan qorxudan durduğu yerdə titrəməyə başladı. Canavar bunu görüb onun üstünə cummaq istəyəndə Sarı Dələ qoz ağacının kəlləsindən düz hoppandıı Canavarın başına. 
Ağrıdan Canavarın gözü dörd gördü. Amma o tez özünə gəlib Sarı dələni tutdu. Elə ağzına aparmaq istəyəndə Dovşan atıldı, qabaq dişlərini keçirtdi Canavarın topuğuna. Bu da Canavara təsir eləmədi. Çünki, Canavar güclü idi. Canavar Dovşanı da tutdu. 
Hər ikisini dişinə çəkmək istəyirdi, ağacdan yüzlərlə dələ onun başına tullandı. Onlar Sarı Dələnin dostları idi. Canavar dözə bilməyib yerə yıxıldı. 
Dovşan balaları da bu yandan çıxdılar ki, heç olmasa Canavarın ayaqlarından dişləsinlər, Canavarı görə bilmədilər. Canavarın üstündə o qədər dələ var idi, Canavar ayağa qalxa bilmirdi. Dələlər Canavarı elə günə saldılar, Canavar qorxudan daha heç vaxt qoz ağacının həndəvərinə gəldi nədir, heç qoz da yemədi. Nağılımız da burda qurtardı. Bu vaxt qəfildən göydən dolu yağmağa başladı. Hamı qaçıb gizləndi. Dolu dayanndan sonra dolular əridi, gördülər bütün doluların içərisində qoz varmış. Hamı yaş qozdan yedi, sevindi. Arzu edirəm sən də çoxlu sevinəsən. 

  
  Nağılçı: Gülzar İbrahimova