(hekayə)
Ana Ayxana içərisində balıq olan akvarium bağışladı. Ayxan sevindi, bütün günü balıqla oynadı. Ona yem verdi, əzizlədi, tez-tez akvariumun suyunu dəyişdi. O vaxta qədər ki, balıqla oynamaqdan bezdi.
O pişiyi Məstanla da belə etmişdi. Təzə-təzə Məstanı əzizləyir, ona cürbəcür dadlı yeməklər verir, həyətdə gəzdirir, onunla oynamaqdan doymurdu. İndii isə Ayxan pişiyə heç fikir vermirdi. Pişik darıxırdı. Yaxşı ki balıq gətirmişdilər. Pişik bütün günü balığa baxır, darıxmırdı.
Bunu görən ana Ayxana dedi:
- Bax ha, birdən pişik balığı yeyər!
Bir gün Ayxanın anası evdə olmayanda dostu İsmayıl onlara gəldi. Balığı görəndə çox xoşuna gəldi, dedi:
- İstəyirsən sənə fit bağışlayım? Səsi elə çıxır ki, elə bil qatar fit verir.
- Hə, istəyirəm!
- Onda sən də mənə balıq ver!
- Yox, balığı anam mənə hədiyyə verib. İstəsəm o mənə fit də alar!
- Belə fit heç yerdə satılmır, o əsil yol polisi fitidir! Çalan kimi elə bilirlər polis gəlib. Fiti də mənə hədiyyə ediblər, amma istəsən onu sənə verərəm. Fikirləş, bir gün pişik balığı yeyəcək, nə fitin, nə də balığın olacaq.
- Yaxşı, dəyişək, amma anam bilsə icazə verməz, o görməmiş balığı apar.
Uşaqlar balığı tutana qədər akvarimun ətrafı su oldu.
İsmayıl sevincək balığı apardı. Fiti Ayxana verdi.
Ana evə girən kimi yerə su töküldüyünü gördü. Diqqətlə akvariuma baxanda həyəcanla soruşdu:
- Bəs balıq hanı?
Ayxan qızarıb başını aşağı saldı. Bu dəfə ana yavaş səslə soruşdu?
- Mən elə bilirdim Məstan pişik bir gün onu yeyəcək, bütün günü akvariumun başına fırlanırdı.
Bunu eşidəndə Ayxan elə bil yuxudan oyandı. Dik atıldı, istədi desin: «Yox, onu Məstan yeməyib, İsmayıla vermişəm», amma demədi. Qorxdu birdən anası ondan küsər.
- Hanı Məstan? Oğrunun biri, oğru! Görürsən, qorxusundan hələ qaçıb gizlənib də! Bilmirsən hardadı?
- Bilmirəm! – deyə Ayxan yavaş səslə dilləndi.
- Yəqin həyətə qaçıb, tez o oğru pişiyi tap gətir, bura!
Ayxan həyətə çıxdı. Məstan bütün olanlardan xəbərsiz həyətdə gəzirdi. Ayxanı görən kimi qucağına qaçdı. Ayxan onu qucağına aldı. Pişik gözlərini düz Ayxanın gözlərinə zillədi. Ayxan utandığından başını aşağı saldı. Ona elə gəldi ki, pişik hər şeyi başa düşür. Ayxan pişiyi evə parmaq əvəzinə onu Evin altındakı zirzəmiyə apardı. Pişiyi orda qoyub zirzəminin ağzını möhkəm bağladı. Zavallı pişik nə qədər «myau-myau», qışqırdı, Ayxan onu evə aparmadı ki, birdən anası pişiyi cəzalandırar. Ayxan hətta gizlincə pişiyə yemək də apardı. Məstan bir neçə saat qaranlıq zirzəmidə qalandan sonra ana eşitdi ki, zirzəmidən pişiyin səsi gəlir. Gedib zirzəminin qapısını açanda pişik evə qaçdı. Ana evə girəndə gördü ki, Ayxan pişiyi tutmaq istəyir, o da ora-bura tullanır. Birdən Məstan akvarium tərəfə tullananda suya düşdü. Ana tez onu sudan çıxartdı:
- Nə olub sənə, oğurluq elədiyin bəs deyil, dinc durmursan?
Ayxan qorxdu ki anası pişiyi döyər, qorxudan ağlamağa başladı.
Ana dedi:
- Ağlama, mən sənə təzə balıq alaram! Məstanı isə cəzalandırmaq lazımdır ki, ona dərs olsun! Ayxan qaçıb pişiyi qucaqladı :
- Onun günahı yoxdur ana, döymə onu! Balığı o yeməyib!
- Necə yəni günahı yoxdur?
Ayxan hər şeyi necə olmuşdusa, anasına danışdı.
Ana dedi:
- Heç utanırsan?
- O dedi gəl balıqla fiti dəyişək. Mən də dəyişdim!
- Onu demirəm, başqasına böhtan atmağını deyirəm. Bəs Məstanın günahı olmaya-olmaya sən onu niyə müdafiə eləmədin? Onun qarasına danışanda niyə demədin ki, o günahsızdır?
- Qorxdum məni danlayasan!
- Qorxaqlar düz söz deməkdən qorxarlar. Bəs sənə xoş gələrdi mən Məstanı cəzalandırsaydım?
- Yox!
- Bax bu gün səni də ona görə bağışlayıram ki, gec də olsa təqsirini boynuna aldın! Amma bir də belə səhv eləmə!
- Eləmərəm ana, bağışla!
- Məndən yox, Məstandan üzr istə, sən ona pislik eləmisən!
Ayxan Məstanı qucağına aldı, tumarladı, öpdü, ürəyində ondan üzr istədi. Məstan sanki hər şeyi başa düşürdü. Üzünü Ayxanın üzünə sürtdü.
Nağılçı: Gülzar İbrahimova