(nağıl)
Əkiz bacı qardaş Əli və Gülü yorğun-yorğun dərsdən qayıdırdılar. Yolda ağ saqqallı Davud babanı görəndə sevinib ona tərəf qaçdılar.
Davud babanı görəndə bütün uşaqlar sevinirdi. O, çox vaxt məktəb yolunda oturar, uşaqlara partlayan qarğıdalının həm qovrulmuşunu, həm də qovrulmamışını satardı. Qarğıdalı elə ləzzətli idi, dadından doymaq olmurdu. Danışırdılar ki, Davud baba satan “Popkorn”, bütün popkornlardan ləzzətlidir.
Kiminsə pulu olmayanda baba ona borca qarğıdalı verər, “Pulunu sabah gətir!”, deyərdi. Səhəri mütləq borcu qaytarardılar. Çünki baba həmişə deyərdi:
- Borc aldın, qaytar! Yoxsa, haram yemiş olarsan! Qaytarmasan, oğurluq sayılar. Oğurluq eləmək, haram yemək olmaz! Heç kimin malına, puluna göz dikmə! Yoxsa, yaxşıdan pisə dönərsən, insafını, yaxşılığını, bərəkətini, itirərsən!
Babanın belə sözlərindən sonra heç kim babanın borcunu saxlamaz, hamı onu vaxtında qaytarardı. Nə isə...
Əli ilə Gülü həmişə babadan qovrulmamış qarğıdalı alar, aparıb özləri qovurardılar.
İndi də yaxınlaşdılar qarğıdalı alsınlar, torbanı boşalmış görəndə, bikef oldular:
- Aaaa, Davud baba, nə az qalıb popkorn, biz iki stəkan istəyirdik!
- İki stəkan olmaz, İndi nə qalıb yığıb verərəm sizə! – Davud baba əvvəl stəkanı qarğıdalı ilə doldurdu. Sonra arxaya çevrildi ki, kağız torba götürüb qarğıdalını ora töksün. Baba arxaya çevrilən kimi Gülü torbada qalmış üç qağıdalını da götürüb qaba atdı. Qarğıdalılar qabdan yerə düşdü. Qız tərsliyinə salıb, baba görməsin deyə, üç qarğıdalını yenidən götürdü. Bu yenə təkrar olanda Əli qarğıdalının üçünü də götürüb cibinə qoydu.
Uşaqlar elə bil canlandılar və tez evə qaçdılar ki, qarğıdalını partladıb, yesinlər. Gülü tavaya şüşə qapaq qoydu ki, qarğıdalılar partlayanda görünsün. Onların partlayan qarğıdalılara baxmaqdan çox xoşları gəlirdi.
Bu günkü qarğıdalı çox dadlı idi. Uşaqlar cizği filminə baxa-baxa özlərinin dediyi kimi “Popkorn” yedilər. Lap axıra kağız qabda bircə qarğıdalı qalmışdı, Əli götürmək istəyəndə gördü Gülü ona tamahla baxır, yeməyib, bacısına verdi. Bacı ləzzətlə axırıncı qarğıdalını yedi, “ Sağ ol, qardaş!”, dedi.
Birdən Əlinin cibinə atdığı üç qarğıdalı yadına düşdü və o yerindən dik qalxıb dedi:
- Gülü, bayaq unutdum, cibimə qoyduğum qarğıdalıları tavaya atmadım. Gəl, onları da qovuraq!
- Qovuraq!
Gülü təzədən qazı yandırdı, tavanı isitdi. Əli tez məktəb formasının cibindəki qarğıdalıları gətirib tavaya atdı. Qarğıdalılar partlamağa, çatlamağa başladı. Uşaqlar gözlərini daha tavaya zilləmədi. Çünki, tavada cəmi üç qarğıdalı vardı.
Bir azdan Gülü qışqırdı:
- Əli, bax, bax, üç qarğıdalıdan gör neçə qarğıdalı pırtlayıb çıxdı?
Əli tavaya baxanda sevincdən gözləri bərəldi:
- Aman, tava doldu qarğıdalı ilə! Qovruldular, götürək, qaba tökək!
Gülü tavanın qapağını qaldıranda tavadan yerə o qədər qarğıdalı atıldı...
Bütün mətbəx – stolun üstü, pəncərə, döşəmə - hamısı bir anda ağappaq oldu.
Uşaqlar sevincdən: “Aaaaa...” – deyə qışqırıb, qəhqəhə çəkib güldülər. Onların ağızları açıq qalmışdı. Sonra birdən sanki ayıldılar və tələsik ağızlarını doldurub qarğıdalı yeməyə başladılar.
Yedilər, yedilər, yedilər, yenə yedilər. Təəccüblü idi ki, uşaqlar həmin üç qarğıdalıdan törəyən qarğıdalıları yeyib qurtarmağa çatdırmırdılar. Tavadan fasiləsiz qarğıdalılar atılır, hər tərəfə yayılırdı. Uşaqlar qarğıdalı yeyə-yeyə o qədər güldülər, onları öskürək tutdu. Amma nə olsun? Bir qurtum su tapa bilmədilər içsinlər ki, öskürməsinlər. Su qrafini, hətta su kranının tutacaq yeri belə, qarğıdalıların altında itib-batmış, görünməz olmuşdu. Gülü qaçdı hamamdan su içdi, səsi açıldı:
- Əli, gəl, sən də su iç, boğulursan!
Əli su içib özünə gəldi. Amma onlar hamamdan çıxanda nə görsələr yaxşıdır? Qarğıdalılar su kimi axıb evə səmt gəlirlər. Bəlkə də sel kimi!
- Gəl zəng eləyək, qonşu uşaqlara, gəlib popkorn yesinlər!
- Əla fikirdi, zəng eləyək!
Amma telefonu da tapa bilmədilər. Telefon divanın üstündə idi. Divan da qarğıdalılardan görünməz olmuşdu. Uşaqlar daha sevinmədilər, əksinə əməlli-başlı həyəcanlandılar. Onlar hansı otağa girirdilər, görürdülər hər yan qarğıdalıdır. Daha danışmırdılar. Danışanda ağızları qarğıdalı ilə dolurdu. Onlar qorxdular. Çünki az qalırdılar, qarğıdalıların içərisində boğulsunlar.
Yaxşı ki, bu vaxt qapının zəngi çalındı. Yoxsa, lap çaşıb qalmış, tamam başlarını itirmişdilər. Əli qarğıdalıları tapdaya-tapdaya gedib birtəhər qapını araladı. Gələn poçtalyon idi. Hər dəfə onlara “Sehrli Dünya” jurnalı gətirəndə uşaqlar “Uraaa!”, deyib qışqırardılar. Bu dəfə səsləri çıxmadı. Poçtalyon şübhələndi: “Görəsən nə olub onlara? Bəlkə xəstələniblər, səsləri çıxmır?”.
Qapı tam açılanda Poçtalyon başa düşdü ki, niyə onlar sevinmədilər.
- Aman, bu nədir? – Deyə təəccüblə qışqırdı.
Poçtalyon uşaqları “popkorn selindən”xilas elədi. Yəni, qapı açılan kimi ev qarğıdalıdan bir az boşalan kimi oldu.
Poçtalyon ovcunu doldurdu, qarğıdalı yesin, səs eşitdi: “Oğurluqdur, yemə!”. Heç kəs bilmədi səs hardan gəldi! Poçtalyon qorxudan jurnalı da, qarğıdalıları da uşaqların üstünə atıb qaçdı.
Uşaqların həyəcanı bir az azaldı. Çünki evdən qarğıdalılar bayıra axdı, ev bir az boşaldı. Amma daha evdə qalmaq mümkün deyildi.
Uşaqlar liftlə həyətə düşmək istədilər ki, böyüklərdən kömək istəsinlər. Liftdə Əli dedi:
- Nə yaxşı oldu, “Sehrli dünya” vaxtında dadimiza çatdı!
- Düz deyirsən! Doğrudan jurnal sehrli imiş. Az qalmışdı boğulaq! İstəmirik belə popkornu!
- Bir stəkan qovurub ləzzətlə yedik, hoqqa çıxmadı. Üç popkorn başımıza nə oyun açdı?!
- Gedək, telefon tapıb ataya, anaya zəng edək!
- Görəsən onlar evə necə girəcək?
- Bizim evimiz olmayacaq? - Gülü belə deyib ağladı. Qardaşı onu sakitləşdirdi:
- Ağlama, yəqin indi daha tavadan popkorn çıxmır. Dayanmasa da, darıxma, yəqin böyüklər bizə kömək edəcək. Mən bilirəm bu niyə belə oldu!
Əli belə deyəndə birdən işıqlar söndü. Gülü qorxa-qorxa dedi:
- Aaaa, işıqlar söndü, lift dayandı!
- Doğrudan aaa... Eybi yox, indi çağıraram, bizə kömək edərlər! – Belə deyib Əli bərkdən qışqırdı, - Ey, kim var orda, bizə kömək edin!
- Kömək edin, liftdə qalmışıq! – Gülü ondan da bərk çağırdı. Amma nə qədər qışqırdılar, səslərinə səs verən olmadı. Bir azdan uşaqlar yorulub oturdular.
- Bu gün bizimki gətirmir. İndi də liftdə qaldıq! Bayaq dedin sən bilirsən bütün bunlar niyə belə oldu, de! - Gülü dedi.
- Yadında, Davud baba həmişə deyir: “Oğurluq eləmək olmaz! Haram yemək olmaz! Heç kimin malına, puluna göz dikməyin! Kimdənsə borc aldız, mütləq qaytarın! Yoxsa haram yemiş olarsız! Yaxşıdan pisə dönərsiz, yaxşılığınızı, bərəkətinizi, varınızı-dövlətinizi itirərsiz!”. Deyir?
- Deyir. Bayaq sən eşitdin “Oğurluqdur, yemə!” səsini? Məncə həmin səs jurnalın arasından gəldi! Bəlkə jurnal doğurdan sehrlidir?
- Ola bilər. Amma bunun başımıza gələnlərlə nə əlaqəsi var?
Bu suala Əli cavab vermədi. Sualın cavabını Gülü özü tapdı:
- Tapdım! Nə sirr varsa, həmin üç qarğıdalıda var!
- Burda sirrdən başqa adi oğurluq da var!
- Necə? Üç qarğıdalı nədir ki, oğurluq sayılsın?
- O Davud babanın idi, biz isə onu soruşmamış götürdük. Yəni, oğurladıq!
- Onda biz babanı axtarıb-tapıb ondan üzr istəməliyik.
- Düzdür, gedək axtaraq! – Əli desə də, heç yerə gedə bilmədilər. Çünki lift düz bir saat işləmədi.
Uşaqlar liftdən çıxanda gözlərinə inanmadılar. Hər tərəf ağappaq idi. Elə bil qar yağmışdı. Maşınların üstü, səki, oturacaq skamyalar – hər yan. Gülü ağlamsındı:
- Görürsən, Əli, bizim popkorn hər yana yayılıb, neyləyək?
- Axtarıb Davud əmini tapaq, o bizə yol göstərər!
- Qaçdıq! – Dedilərsə də, heç yana qaça bilmədilər. Çünki qarğıdalıların əlindən güclə, yavaş-yavaş, çətinliklə yerimək mümkün idi. Binanın arxasına keçdilər. Elə bildilər ora təmiz olar. Burda isə əksinə, pəncərədən o qədər qarğıdalı tökülmüşdü ki, hər yan qarğıdalı idi. Camaat da yığılmışdı tamaşaya.
Fövqaladə Hallar Nazirliyinin neçə yanğınsöndürən maşını binanın arxasından fəlakət ocağı axtarırdı. Axır ki, tapıb evin bütün qapılarını, pəncərələrini bağladılar. Ev tamamilə qarğıdalı ilə doldu. Amma birdən qarğıdalı vulkan kimi elə püsgürdü ki, binanın düz bacasından fontan vurdu.
Uşaqlar vaxt itirməyb məktəbə səmt qaçdılar. Yox, qaça bilmədilər, yenə də, yavaş-yavaş yeridilər. Çünki maşınlar dayanmış, yollarda tıxac yaranmışdı. Adamlar təlaş içərisində o yan-bu yana qaçırdılar. Xilasedicilər vertolyotla camaatı panika yaratmamağa, qayda-qanuna, sakitliyə əməl eləməyə, təmkinli olmağa çağırırdılar. Reproduktorlar dayanmadan elan edilirdi:
“Fəlakət baş verib. Bu gündən şəhərdə “Fövqəladə vəziyyət” elan edilir”!
Camaat da təşviş içərisində idi. “Bu nə idi şəhər camaatının başına gəldi?”, “ Qarğıdalı saatbasaat çoxalır!”, “Kimdir şəhəri bu günə salan?”, “Bircə uşaqlar kef edir. Uşaqlar üçün qarğıdalı bayramıdır!”.
Bu günün qəzet başlıqları belə xəbərlərlə dolu idi. Böyüklərin həyəcanlı bir vaxtında, uşaqlar əksinə, bayram edib sevinirdi. Qızarmış, partlamış, çatlamış, qarğıdalıdan ləzzətlə yeyir, yeyir, heç “doydum” da demirdilər. Onların şən səsi hər yanı götürmüşdü. Bircə Əli ilə Gülüdən başqa. Onlar baş vermiş hadisədən elə həyəcanlanmışdılar, az qalırdı ürəkləri partlasın. Bacı-qardaş yaman təşvişə düşmüşdülər. Əli daha həyəcanını gizlətmirdi:
- Görəsən buna görə ata-anamız bizə nə deyəcək?
- Bizim ucbatımızdan gör nələr oldu! Günahkar özümüzük. Cəzanı çəkməliyik!
- Sakit ol. Yaxşısı budur, göz gəzdir gör, Davud babanı görmürsən?
- Görmürəm!
Uşaqlar hər yandan Davud babanı axtardılar, axtardılar, tapmayıb kor-peşman qayıtdılar. Bloka girmək mümkün olmadı. İçəri qarğıdalı ilə dolmuşdu. Kim evinə girmək istəyirdi, yanğınsöndürənlər pilləkən qaldırır, həmin adam öz evinə girirdi. O da vacib olanda. Nə isə...
Görülən işlər haqda mərkəzə tez-tez məlumat ötürürdülər: “1-ci, mən Qartalam! Diqqət! Diqqət! Qağıdalı tufanı səngimək bilmir!”, “Qağıdalı tufanında itgin düşənlər xilas edildi!”, “Qarğıdalı tufanı” nəticəsində baş verən fəlakətlər aradan qaldırılır!”.
Əli və Gülü bunları görüb-eşidib, daha da həyəcanlanırdılar, balaca ürəkləri çırpınır, tezliklə faciənin sona çatmasını arzu edirdilər.
Bəs Davud baba harda idi? Ola bilərdi ki, onun bu “Qarğıdalı” tufanından xəbəri olmasın? Bütün bu fikirlərdən uşaqların həyəcanları daha da çoxalırdı.
Sən demə, sehrli qoca hər gün günorta neçə saat yatar, dincələrdi. İndi baba yuxudan duranda nə görsə yaxşıdır? Hər tərəf ağappaq qar içərisindədir. Məəttəl qaldı:
- Hava proqnozunda qar haqda heç nə deyilməmişdi. Bu nə qardır yağıb?
Pəncərəni açanda qarğıdalı qoxusundan bildi ki, öz satdığı qarğıdalıdır, qışqırdı:
- Aman, qoca başım, yenə sehr aləmə yayılıb! Kimsə qarğıdalı oğurlayıb, cəzalanıb!
Qoca başına yavaşca vurub fikirləşdi:
- Bu gün hamı qarğıdalının pulunu verib. Elə isə kim qarğıdalı oğurlaya bilər?
Davud baba həyətə düşdü. O bilirdi kim ondan qarğıdalı “oğurlayıbsa”, yaxud səhvən götürübsə, mütləq onu tapacaq, ya pulunu verəcək, ya da üzr və ya halallıq istəyəcək. Bəlkə, kimsə qarğıdalının pulunu verməyi unudub, sonra gətirəcək. Belə fikirlərlərlə həyətə çıxdı. Soraqlaşıb qarğıdalı hardan çıxırsa, o evi tapdı. Bu vaxt Əli, Gülü həyətdə idilər. Onu görüb sevindilər:
- Davud baba, bağışla, torbadan üç qarğıdalı götürmüşdük, sən görməmisən!
- Keç günahımızdan, baba! Yoxsa, bu “Popkorn yağışı” dayanmaq bilmir!
- Gərək mənə deyəydiz, xəbərim olaydı. – Baba dedi. - Onda bu biyabırçılıq baş verməzdi. Mən götürdüyünüz o üç qarğıdalını sizə ürəkdən verirəm. Halal xoşunuz olsun!
Sonra Davud baba üzünü Əli ilə Gülügilin pəncərələrinə səmt tutub var-gücü ilə qışqırdı:
- Halal xoşunuz olsun!
Baba bunu demişdi, “Qarğıdalı bayramı” deyim, faciəsi deyim, nə deyim, qəfil dayandı.
Hamı dərindən “ah” çəkib, sakitləşdi. Yanğınsöndürən və təcili yardım maşınları dağılışdı. Radio ilə elan edildi: “Qarğıdalı fəlakəti ötüşdü!”.
Düz üç gün, üç gecə bütün uşaqlar qarğıdalı bayramı keçirdilər. Qarğıdalıdan yedilər, yedilər, yedilər. “Doyduq, bəsdir!”, demədilər.
Yaxşı ki, Davud baba özünü vaxtında çatdırdı. Yoxsa, kim bilir nələr olacaqdı.
Nağılçı: Gülzar İbrahimova