Yanmış ayı

      (hekayə)

     Elçin bu gün çox şən idi. Axı onun bu gün ad günüydü. Uşaqlar onu dövrəyə almışdılar. Onlar Elçinə cürbəcür hədiyyələr verdilər. Gülüş isə dostuna rəsm çəkib gətirmişdi. Rəsm çox gözəl idi. Tortu kəsmək vaxtı gəlib çatdı. Elçinin anası Sevda xala tortun üstünə beş şam bərkitdi. Axı Elçinin beş yaşı olurdu. Uşaqları tortun ətrayına yığışdı. Sevda xala dedi:

     - Gəlin, hamımız bir səslə deyək: “Elçin, ad günün mübarək!” Amma əvvəlcə şamları yandıraq! Elçin ürəyində arzu tutsun üfləyib şamları söndürsün ki, arzusu həyata keçsin!

     Elçinin kibrit yandırmaqdan çox xoşu gəlirdi. O istədi şamları özü yandırsın, amma anası icazə verməyib özü yandırdı. Tort çox dadlı idi. Uşaqların başı tort yeməyə qarışmışdı. Elçin in gözü tortun yanındakı kibritə sona qədər yanmamış şama sataşdı. Ürəyində fikirləşdi: «Bu gün mənim ad günümdür. Ürəyim istəyəni edə bilərəm! Böyüklər xətrimə dəyməzlər!».

      Elçin xəlvətcə otağına çəkildi. Kibriti alışdırıb şamı yandırdı.  Birdən şam əriyib onun əlinə töküldü. Əli yandı. Şamı əlində saxlaya bilməyib divanın üstünə atdı. Divanın üstündə isə ad günündə ona  bağışlanmış hədiyyələr var idi. Əvvəlcə şam rəsmin üstünə düşən kimi rəsm alışdı. Elçin onu söndürmək istəyəndə alov o biri hədiyyələrə keçdi. Artıq Elçin odla bacara bilmədiyindən atasını köməyə çağırdı:

      -Ata, köməyə gəl, evmiz yanır!

      Səsə hamı otağa gəldi. Uşaqlar alovu görəndə qorxudan qışqırışdılar. Tahir əmi alovu söndürdü. Amma Elçinin Ən gözəl hədiyyəsi - ağ ayının ağappaq tükləri bozardı, eybəcərləşdi.

     Elçinin gözləri dolmuşdu. O, böyüklərin sözünə baxmadığına, kibritlə oynadığına indi peşman olmuşdu. Amma gec idi. Ona verilən ən gözəl hədiyyələr yanmışdı. Atası anası ad günündə Elçini danlamaq, uşaqların yanında pərt eləmək istəmədilər.

      Tahir əmi bircə bunu dedi:

     -Uşaqlar görürsüz, odla oynamaq ilə nəticələnir. Hələ bunun sonu lap pis qurtara bilərdi. Böyüklərin sözünü eşitmək lazımdır.

     Elçin belə olacağını gözləmirdi. O istəyirdi ki, onun ad günü çox şən keçsin. Uşaqlar isə pərt olmuşdular.

      Gülüş Elçinin çox bikef olduğunu görüb onun əlindən tutdu:

     - Elçin, bir heç vaxt kibritlə oynamazsan! Heç mən oynamayacağam! Rəsmə görə isə, narahat olma, mən sənə təzəsini çəkərəm!

      Elçin dostunun bu sözlərindən sonra bir az təsəlli tapdı. Minnətdarlıqla ona dedi:

      - Çox sağ ol, Gülüş!

       Sonra isə peşman-peşman ayıya baxdı.     

       Sevda xala yanıb bozarmış ayını əlinə götürüb dedi:

     - Qoy bu ayı isə sənə dəcəlliyindən yadigar qalsın. Sən hər dəfə böyüklərin dediyini eşitmək istəməyəndə bu ayıya baxıb dayanasan! Onlara qulaq asasan bir səhvə yol verməyəsən!        

       Elçin səhvini başa düşdü. Anasını bər-bərk qucaqladı.

             

       Müəllif: Gülzar İbrahimova