Aygül və pişik  

İqtibas                                               

  -Ana, istəyirəm mənə quş alasan. Quş hər gün qəşəng-qəşəng mahnılar oxusun! Ana səhər Aygülə sarı, qəşəng bülbül aldı. Amma quş oxumur, sakitcə dayanır, yemə və suya da yaxın getmirdi. Ana dedi: 

 -Bülbül bizim evə öyrəşəndən sonra oxuyayacaq.

 Aygül quşa baxıb ağzını büzdü: 

-Mənim bu quşdan xoşum gəlmədi, o çox darıxdırıcıdır, mən istəyirəm buruq saçlı, balaca itim olsun!

 Səhər ana Aygülə balaca, qəşəng bir küçük gətirdi. Aygül çox sevindi. İstədi onu tumarlasın. Küçük ona hürdü. Aygül tərs-tərs küçüyə baxıb dedi: 

-İtlər çox hirsli olur, heyif deyil pişik, adamı heç vaxt incitmir, adamın qucağında sakit oturur. Ana, mən pişik istəyirəm.

 Səhərisi gün iti aparıb yerinə pişik gətirdilər. Aygül üç gün pişiklə oynadı. Dördüncü gün pişik də onu bezdirdi. Anasına dedi: 

-Ana, bizim bağçada bir qız var, onun qəşəng tısbağası var. Elə qəşəngdir ki, mən istəyirəm pişiyin yerinə mənə tısbağa alasınız! Bu yerdə Aygülün nənəsi  Aygülün anasına dedi: 

-Qızım, bəlkə biz Aygülü aparıb dəyişək, yerinə başqa uşaq alaq, o lap məni bezdirib!

 Ana təəccüblə bir nənəyə, bir də Aygülə baxdı. Aygül qorxudan qışqırdı: 

-Nə deyirsən nənə, heç belə şey olar? Bəs mən? Onda mən hara gedərəm?

 Baxmayaraq ki, balaca, qəşəng pişik insan dili başa düşmürdü, amma nənəni başa düşdü. Hoppanıb nənənin qucağında arxa pəncələri üstdə durdu və üzünü nənənin üzünə sürtdü.      

Müəllif: Gülzar İbrahimova