(hekayə)
Balaca qız Təranə avtobusa qalxan kimi oturacaqlara baxdı. Bütün oturacaqlarda oturmuşdular. Boş yer yox idi.
- Bəs mən harda oturum? - deyə Təranə az qala ağlamsınıb anasından soruşdu.
Heç bir yanda boş yer görməyən Ana qızını sakitləşdirmək istədi:
-Yerlər doludur. Bir tərəfdə duraq, bir azdan düşəcəyik!
-Yox, mən ayaq üstə durmaq istəmirəm, mən həmişə otururam.
Bunu eşidəndə əlində əsa olan bir qoca yerindən qalxıb balaca qıza oturmaq təklif elədi:
- Sən otur, mən ayaq üstə duraram! Sən oturmağa öyrəşmisən.
Təranə tez oturdu. Yerini rahatlayan kimi pəncərədən boylanıb yoldan ötən maşınlara baxmağa başladı. Otursa da Təranə nədənsə narahat idi. O qoca babaya baxdı və anasından soruşdu:
- Ana, biz nə vaxt düşəcəyik?
- Bir azdan, - deyə qızının ərköyünlüyündən pərt olmuş ana cavab verdi.
Qız qoca babaya baxıb dedi:
- Bir azdan biz düşəcəyik, siz onda oturarsız!
-Yox, otura bilmərəm! - deyə qoca etiraz elədi.
Qız məəttəl-məəttəl soruşdu:
- Niyə?
Qoca bir yolla çalışırdı Balaca qıza öyrətsin ki, o səhv eləyib:
- Çünki mən otursam, başqa bir qız gələcək. Bəlkə elə o da sənin kimi avtobusda oturmağa öyrəşib. Onda gərək mən təzədən ayağa qalxam. Yaxşısı budur elə mən ayaq üstə gedim.
- Heç nə olmaz, həmin qız ayaq üstə durar. Axı o qoca deyil, cavandır, ayaqları güclüdür, - deyə qız cavab verdi.
- Bəs sən necə? - qoca baba soruşdu.
- Elə mən özüm də ayaq üstə gedə bilərəm. Siz gəlin əyləşin! - qız belə deyib ayağa qalxdı və yerini qoca babaya verdi.
Ana qızının bu hərəkətindən çox razı qaldı. Qızına hər şeyi düzgün başa saldığına görə minnətdarlıqla qoca babaya baxdı Qoca baba «Çox sağ ol!», deyib əyləşdi.
Təranə anasının qulağına dedi:
- Ana, mən oturmaq istəmirəm, elə ayaq üstə getməkdən də xoşum gəlir!
Ana güldü. Qızının başını tumarladı. Ona «Afərin!», dedi.
Müəllif: Gülzar İbrahimova