Aramızda qalsın

(fantastik hekayə)

  Gözəl bir qış səhərində balaca qız Mələk şirin-şirin yatırdı. Amma onun qucağında yatmış kuklası Nini isə yuxudan çoxdan oyanmışdı. O, pəncərədən yağan qarı görüb, həsrətlə qara baxır, qartopu oynamaq istəyirdi. Nini yavaş-yavaş yorğanın altından sürüşüb çıxdı və pəncərəyə dırmaşdı. Hətta maşın yolu da qarla örtülmüşdü. Nini qara baxıb ah çəkdi. Bunu eşidən Nininin oğlan dostu kukla Totuş soruşdu: 

   -Nini, nə olub sənə, niyə yatmırsan?     

   Çiçi bikef-bikef dedi:

   -Necə yatım, gör necə gözəl qar yağır… Bir azdan bütün uşaqlar yığışıb həyətdə qartopu oynayacaqlar. Biz isə pəncərədən baxa -baxa qalacağıq.

   Totuş bir az fikirləşib təklif etdi:

   - Gəl, onda uşaqlar yuxudan oyanmamış biz onlardan qabaq gedək qartopu oynayaq!

    Nini üzünü o biri oyuncaqlara tutdu:        

   -Nə deyirsiz, uşaqlar, qartopu oynamağa gedək?

   Oyuncaqlar sevincək dedilər: 

   - Gedək, gedək!

   Onlar tez-tələsik geyinib həyətə çıxdılar. Kukla Nini, dostu Totuş, oyuncaq Məstan pişik, onun dostu ağ köpək, xallı maral, balaca siçan isti geyinib həyətə düşdülər. Totuş hətta xizəyini də götürdü ki, qarda sürüşsün. 

     Hamı bir göz qırpımında həyətə düşdü. Düşən kimi də sevinc içərisində qartopu oynamağa başladılar. Sonra isə böyük bir Qar adamı düzəltdilər. Elə ki, Qar adamını düzəldib qurtardılar, Qar Adamı elə bil bunu gözləyirdi:

   - Yeni iliniz mübarək, kuklalar! - dedi. Kuklalar lap sevindilər:

   - Yeni ilin mübarək! - deyə bir səslə cavab verdilər. Bu vaxt yaxınlıqdan qar təmizləyən maşın keçdi. Nini kuklaları tələsdirdi:

  - Vaxtdır, hamı evə!

    Kuklalar tez evə qaçdılar. Evə çatan kimi hərə öz yerinə girdi. 

Mələk yuxudan oyanıb kuklasının saçlarını tumarladı. Amma çox qəribə idi, Nininin saçları yaş idi. Mələk qalxıb Totuşun da saçlarını tumarladı. Qəribə idi, Totuşun da saçları yaş idi. Sonra Mələk o biri kuklalarını da tumarladı. Qıza çox qəribə gəldi ki, onların da tükləri yaş idi. Birdən Mələyin gözləri pəncərədən yağan qara sataşdı. Qızın sevincdən gözləri bərələ qaldı. Elə sevindi ki, kuklalarının tüklərinin yaş olmasını tamam unutdu. Tez geyinib həyətə düşdü. 

Həyətdən qayıdana qədər artıq kuklalar qurumuşdu. Mələk  heç vaxt bilmədi ki, kuklaları nəyə görə islanmışdı. Bunu bir sən bilirsən, bir də mən. Kuklaların sirrini bizdən başqa daha heç kəs bilməsin ha, aramızda qalsın!    

       Müəllif: Gülzar İbrahimova