Anam nəyə hirslənmişdi 

(hekayə)

    Birinci sinif şagirdləri balaca olanda başlarına gələn hadisələrdən danışırdılar. Növbə Rövşənə çatanda o dedi: 

     - Evimizi rəngləyəndə usta bir otağı rəngləyib qurtardı. Sonra rəng vedrəsini, fırçanı bir yana qoyub getdi. Anam işə gedən kimi mən fırçanı, rəng vedrəsini götürüb rəngləməyə başladım.   Elnur soruşdu: 

    - Haranı  rənglədin? 

    - Mən əvvəl sevimli yumşaq oyuncağım olan pandanı rənglədim. Onun adı Şoki-Mokidir. Şoki-Mokini mənə ad günümdə hədiyyə vermişdilər. Fikirləşdim ki, o, tamam ağ rəngdə olsa, daha gözəl görünər. Şoki-Mokinin bədənində, qollarında nə qədər qara rəng vardısa, hamısını rənglədim. Panda ağ ayıya oxşasa da qəşəng görünürdü. 

     Sonra balaca stulumu rənglədim. Stul elə qəşəng, təmiz görünürdü ki... Əvvəl o, göy rəngdəydi. Ağ isə tərtəmiz rəngdi. Özlüyümdə fikirləşdim. Qoy evdəki stulları da ağardım, anam gələndə mənə "sağ ol, mənim ağıllı balam", desin. 

    Cəmilə soruşdu:

  - Anan gələndə sənə "sağ ol, mənim ağıllı balam", dedi?

  - Yox! - deyə Rövşən qəmgin-qəmgin dilləndi:

  - Niyə, pis rəngləmişdin?

  - Əvvəl qorxdum ki, rəng qurtarsa, anam mənə hirslənər. Sonra gördüm rəng çox qalıb. Başladım yenə rəngləməyə. Bu dəfə Alabaşın yuvasını, sonra toyuq hinini, dovşan yuvasını, qoyun-quzu olan tövlənin qapısını, quş yuvasını, arıların pətəyini, hər yeri rənglədim. 

      Birdən bərk külək qopdu. Fırçanın üstündəki rənglər hər yana səpələndi. Üz-gözüm də ağappaq oldu. Fikirləşdim, yəqin, bu, sehrli fırçadır. Bir az dincəlib yenə də rəngləməyə başladım. Taxta hasarı da, velosipedimi də rənglədim. 

     Bir azdan hamı həyətə gələndə təəccübləndi. Uşaqlar həyəti tanımadı. İt yuvasını, at tövlənin qapısını axtardı. Məstan pişik miyoldadı. Hətta arılar da pətəyə tərəf gələndə çaşdılar, pətəyə girməkdənsə, uşaqların üstünə uçdular. Hətta hirslənib uşaqları sancdılar da. 

     Alabaş deyəsən, məni tanımadı, hürə-hürə üstümə gəldi. Mən qaçanda ayağım ilişdi rəng vedrəsinə, ağ rəng Alabaşın üstünə və yola dağıldı. Alabaş da, yol da oldu ağ rəngdə. Rəng Alabaşın ağzını elə bağladı ki, o hürə bilmədi. Yolun ağarmağı isə lap yaxşı oldu, çünki yol  çirkləndiyindən qaralmışdı. 

İnanırsız, mən bu qədər əziyyət çəkib hər yeri tərtəmiz ağartdım, amma anam gəlib sevinməkdənsə, "sağ ol, mənim ağıllı balam" deməkdənsə, hirsləndi. Hətta məni danladı da. 

  Uşaqlar gülüşdülər. Rövşən məəttəl-məəttəl dedi:  

  - Mən hələ indiyə qədər başa düşə bilmirəm ki, anam o vaxt niyə hirslənmişdi?    

Müəllif: Gülzar İbrahimova