Uçan Toyuq

Uçan Toyuq

    Biri vardı, biri yoxdu, bir nənə vardı. Nənə sehrli bir meşənin yaxınlığındakı daxmada yaşayırdı. Nəvələri Çiçək və Göyçək tez-tez nənəyə baş çəkməyə gəlir, həm də meşədə gəzir, güllərdən çələng toxuyurdular.

    Hər dəfə nəvələr gələndə nənə çox sevinərdi, təndir qalayıb qızlara toyuq bişirərdi.  Çox qocaldığından təndirə çətinliklə əyilir, əyiləndə də çətinliklə qalxırdı. Amma bununla belə çalışırdı ki, nəvələri üçün dadlı yeməklər bişirsin.

   Bu dəfə də nənə eşitdi ki, nəvələri gəlir. Tez durub təndiri qaladı, nəvələri üçün dadlı-duzlu, ləzzətli bir toyuq qızartdı. Uşaqlar bilirdilər ki, nənə qızardan toyuğun dadından doymaq olmur.

    Nənə bilirdi ki, uşaqlar yoldan gəliblər, yaman acdırlar. Ona görə də  toyuğu pəncərənin  qarşısına qoydu ki, tez soyusun. Sonra süfrəni qəşəng bəzədi. Hamı həvəslə süfrə başına keçdi.

    Nənə toyuğu gətirməyə getdi. Amma nə görsə yaxşıdır? Toyuq yox idi! 

    - Aman! - deyə nənə qışqırdı. Səhərdən əziyyət çəkib, nəfəsim təntiyə-təntiyə toyuq bişirmişəm, kim isə onu oğurlayıb.

     Uşaqlar yerlərindən dik atıldılar, elə bildilər nənə həyətdə canavar görüb. Nənəyə yaxınlaşıb soruşdular:

   - Nənə, nə oldu sənə?

     Nənə uşaqları sakitləşdirdi:

  - Mənim qəşəng balalarım, mənim çiçək balalarım, mənə heç nə olmayıb, oturun, indi toyuğunuzu gətirəcəyəm.

    Uşaqlar sakitləşdilər. Oturub gözləməyə başladılar. Nənə isə sakitləşə bilmir, toyuğu axtarırdı. Elə bilirdi ki, toyuğu harasa qoyub, yadından çıxıb. Həyəcandan əl-ayağı əsirdi. Toyuğu tapa bilmirdi ki bilmirdi.

    Nənə toyuğu axtarmaqda olsun, gəlin görək, qızarmış toyuğun başına nə gəlmişdi?

    Yaxınlıqdakı qayanın başında iki dost qartal yaşayırdı. 

     Qartalın biri o birinə dedi: 

   - Gəl, bir günlüyə uçub gedək uzaqlara!

   - Niyə, yenə də nəvələr gəlir?

   - Hə, gəlirlər!

   - Nədən bildin?

   - Nənə təndiri qaladı.

   - Aman, təndiri qaladısa, yenə dadlı toyuq ətri göyə qalxacaq, ağzımızın suyu axacaq. Hazırlaşaq, başqa yerə uçaq!  

   - Uçaq, uçaq!

     Qartallar nənənin damının üstündən uçanda nə görsələr yaxşıdır? Qıpqırmızı qızardılmış toyuq pəncərənin qarşısında, ətri, dadlı buxarı havaya qalxır. Qartallar bir-birinə baxıb şığıdılar pəncərəyə, toyuğu bir göz qırpımında  caynaqlarına alıb bir anda qayanın başında oldular. 

Bu vaxt tülkü də özünü təngnəfəs yetirdi qayanın başına. Qartalların yuvalarından uçmasını görüb fikirləşdi ki, ya qartalların balalarını yesin, ya da yuvalarından yeməyə bir şey oğurlasın. Elə təzəcə qalxmışdı ki, gördü  qartallar qayıtdılar, caynaqlarında da qıpqırmızı, ətirli bir toyuq. Tülkü bilmədi neyləsin ki, toyuqdan o da yesin, ona görə də hiyləyə əl atdı.

     - Siz bir yerdə yemək yeyirsiniz?

     - Biz həmişə yeməyi bir yerdə yeyirik!

        O biri qartal da onun sözünü təsdiqlədi: 

- Nə tapırıqsa, aramızda bölüşdürürük. Biz əsl dostuq!

  Tülkü qartala yaxınlaşdı:

- Sənin əsl dost saydığın heç bilirsən səndən nələr danışır?

  Avam qartal təəccüblə soruşdu:

- Nə danışır? 

- O, hər yerdə danışır ki, səndən acgözü yoxdur, əziyyətlə yem tapır, sən də hamısını  yeyib, ona imkan vermirsən dadına baxsın.

- Ola bilməz, inanmırsan, sən göylərdəsən, yerdə olanlardan xəbərin var? Get, ilandan, dovşandan, canavardan, qabandan soruş!       

  O biri qartal darıxıb soruşdu:

 - Nə pıçıldaşırsınız orda?

   Tülkü bu dəfə onun qulağına pıçıldadı:

- Yadda saxla! O kəs ki sənə xəyanət edir, dalınca danışır, o kəslə heç vaxt dostluq etmə, çörək kəsmə! Ondan sənə heç vaxt dost olmaz!

 - Kim mənə xəyanət edib?

  - Sənin dost bildiyin bu qartal! Hələ sən də onunla bir yeməyə hazırlaşırsan? Görəsən sənin dalınca o sözləri deyib, nə üzlə bir süfrədə oturub səninlə yemək yeyəcək?

Tülkü bir anda mehriban dostların arasını necə vurdusa, onları necə dalaşdırdısa, elə bir mərəkə qopdu ki, elə dava başladı ki, qartallar bir-birinin üstünə cumdular, bir-birlərinin qanlarına qəltan elədilər, lələkləri göydə uçdu, səsləri qayalara əks-səda verdi. Tülküyə də elə bu lazım idi. Bir göz qırpımında toyuğu götürüb meşəyə qaçdı.  Sərin bir yer tapıb toyuğu taxtanın üstünə qoydu ki, onu ləzzətlə yesin. Taxta nə taxtaydı? Yelləncək idi. Uşaqlar meşəyə odun yığmağa gələndə onu düzəltmişdilər ki, yellənsinlər.  Yelləncəyin bir tərəfində oturanda o biri tərəfi qalxırdı. Tülkü toyuğu təzəcə taxtanın bir tərəfinə qoymuşdu ki, qartallardan biri guppultu ilə taxtanın o biri tərəfinə düşdü.

    Bu vaxt nə baş versə yaxşıdır? Sehrli meşələrdə hər şey baş verir. Heyvanlar da insanlar kimi danışır, hətta süpürgələr də təyyarə kimi göyə qalxır.

     İndi gəlin nağılımızın gerisinə qulaq asaq...

     Qartal yelləncəyin bir tərəfinə düşən kimi o biri tərəf elə göyə qalxır ki, toyuq düşür düz nənənin pəncərəsinin qarşısına. Hə, inanın! 

     Bu o vaxt idi ki, nənə qızarmış toyuğu hər tərəfdə  axtarmış ırdı. Tapa bilməyib yorulub oturur. Uşaqlar onun başının üstünü kəsdirib deyirlər:

    - Nənə, bəs deyirdin bizə toyuq bişirmisən, bəs niyə vermirsən yeyək?

      Nənə hirsindən ağlaya-ağlaya dedi:

    - Sizə toyuq qızartmışdım, pəncərəyə qoymuşdum ki, soyusun, oğurlayıblar!

     Uşaqlar məəttəl-məəttəl bir-birlərinə baxdılar. Nənəni sakitləşdirməyə çalışdılar:

   - Nənə, narahat olma, biz heç ac deyilik, toyuğu, yəqin, harasa qoymusan, yadından çıxıb, biz indi axtarıb taparıq!

     Nənə bir az da bərkdən ağlamağa başladı. Uşaqlar nə qədər etdilərsə, onu sakitləşdirə bilmədilər. Başladılar toyuğu axtarmağa. Amma heç axtarmağa ehtiyac da olmadı. Pəncərəyə boylanıb toyuğu görəndə sevincək qışqırdılar:

    -  Nənə, nənə, bax, toyuq ordadı.

   Hətta istədilər desinlər: "Nənə, o boyda toyuğu nə əcəb görməmisən?" Amma demədilər. Çünki Çiçək və Göyçək nənələrini çox sevirdilər. Düşündülər ki, yəqin, nənələri qocalıb, gözləri zəifləyib, toyuğu görməyib.

     Nənə yerindən qalxdı. Pəncərəyə tərəf gəlib gördü ki, toyuq pəncərənin qarşısındadır. Fikirləşdi ki, yəqin, qocalıb, gözləri görmür. Fikirləşməyə vaxt yox idi, çünki sevimli nəvələri ac idilər. Nənə sevincək toyuğu süfrəyə gətirdi. Çiçək və Göyçək ləzzətlə yemək yeyib nənəyə "sağ ol" dedilər. Amma nənə hələ də fikirliydi. "Görəsən toyuğu kim aparmışdı, niyə aparmışdı, bəs niyə qaytarıb gətirdi?". Nənə sehrli meşədə çox hadisələr görmüşdü, amma belə hadisəylə birinci dəfəydi ki, rastlaşırdı. Uşaqlar təzəcə yeməklərini yeyib qurtarmışıdlar ki, nənə təzədən ağlamağa başladı. Soruşdular:

     - İndi nə olub sənə nənə, indi niyə ağlayırsan?

     - Mən toyuğu çox dadsız bişirmişəm?

     - Nənə, çox dadlıydı, niyə elə deyirsən?

       Nənə ağlaya-ağlaya dedi:      

     - Toyuğu kimsə aparmışdı yesin, xoşuna gəlməyib, qaytarıb gətirib.  

     Uşaqlar güldülər:

     - Ay nənə, ağlama, toyuq çox dadlıdır!

     Nənə uşaqlara inandı. Çox sevindi, nəvələrini qucaqladı. Nənənin isti qucağında Çiçək və Göyçəyin yadına ata-analarının dediyi söz düşdü:

     - Qocalar uşaq kimi olurlar!

       Axı uşaqlar sehrli meşədə olanlardan xəbərsiz idilər, ona görə belə düşündülər.