Totu və Motu

Totu və Motu

  Biri vardı, biri yoxdu, iki balaca, totuş-motuş, qəşəng və şən balıq balaları var idi. Onlardan birinin adı Totu, o birinin isə adı Motu idi. Totu və Motu göldə yaşayırdılar. Onların bir dostu da var idi. Amma o balıq deyildi və göldə yaşamırdı. Ağacdələn idi və gölün yanındakı ağacda yaşayırdı. Ağacdələnin adı Ağca idi. Totu, Motu və Ağca çox vaxt bir yerdə oynayırdılar.

  Bir gün onların qonşuluğuna bir tülkü köçüb gəldi. Ağca yaşayan ağacın birinci mərtəbəsinə - daha dəqiq desək, oyuğuna yaşamağa gəldi. Elə gələn kimi də dostların mehribançılığını görüb paxıllıq elədi. Nə yolla olur-olsun balıqları təkləyib yemək istəyirdi. Amma qorxurdu ki, balıqları yesə, Ağca meşədəki heyvanlara xəbər çatdıra və onu meşədən qovarlar. Tülkü arzusuna çatmaq üçün fürsət axtarırdı.

  Dostlar tülkünün niyyətindən xəbərsiz idilər. Bir gün tülkünün əlinə fürsət düşdü. Həmin gün Ağca dimdiyini itiləmək üçün həkimə getmişdi. Tülküyə də elə bu lazım idi. O, tez özünü gölün kənarına verib Totu və Motunu səslədi: "Totu, Motu, tez bura gəlin, fəlakət baş verib!". Totu və Motu başlarını sudan çıxarıb təlaşla soruşdular. "Nə olub, qonşu?". Tülkü özünü tülkülüyə qoydu: "Park çəkənlər gəliblər. Gölün suyunu qurudub, yerinə park çəkəcəklər. Elə indicə özüm qumla yüklənmiş yük maşını gördüm. Göl tərəfə gəlir. Qumu gölə töküb, gölün suyunu qurudacaqlar!".

  Totu və Motunun qorxudan rəngləri qaçdı:

"Bəs biz nə edək?". "Tez sudan çıxıb gizlənin!". "Axı biz quruda gəzə bilmirik?". "Onda mən bir qab gətirim, girin onun içinə!".

Qardaşlar razılaşdılar. Tülkü qabı gölün suyu ilə dolduranda balıqlar özləri qabın içinə girdilər. Tülkü sevindiyindən qəhqəhə çəkib güldü:

"Yaxşı əlimə düşdüz, indi sizi ləzzətlə yeyəcəyəm!”. Tülkü bunu demişdi ki, bu vaxt Ağca qayıdıb gəldi. Balıqları qabda, qabı isə tülkünün əlində görəndə hər şey ona aydın oldu. Totu ilə Motunun da qorxudan rəngləri ağarmışdı. Ağca dostlarını bu halda görəndə bərk əsəbiləşdi. Havada böyük bir dairə vurub, düz tülkünün əlindəki qabın üstünə gəldi. Təzəcə itilətdirdiyi dimdiyi ilə qaba necə zərbə vurdusa, qab deşildi. Elə həmin an Totu ilə Motu özlərini suya atdılar. Ondan sonra Ağca, Totu və Motu daha da mehriban dost oldular. Tülkü paxıllıqdan orda yaşaya bilməyib, meşənin başqa yerində özünə yuva saldı.