Qəribə Hadisə

Qəribə Hadisə

Günlərin bir günü mağazaya bir yumşaq oyuncaq ayı gəldi. O, qocalmış və bir qolu da çıxmışdı. Ayı yumşaq oyuncaqlar satılan şöbəyə gəlib oyuncaqlarla görüşdü. Onların əhvalını soruşandan sonra dedi:

"Dostlar, bir vaxt məni də bu şöbədə satırdılar. Günlərin bir günü bir balaca oğlan mağazaya gəldi. Onun ad günü idi. Oğlan bütün oyuncaqların içindən məni seçdi. Sevindim. O gündən mən oğlanın sevimli oyuncağına çevrildim. O çox yaxşı oğlan idi. Yaxşı oğlan böyüdü və məni öz oğluna verdi. Mən onun oğlunun da sevimli oyuncağı oldum. Günlər keçdi və mən bir gün ondan da ayrıldım, çünki o da məni öz oğluna verdi, yəni məni mağazadan almış yaxşı oğlanın nəvəsinə. "A-a-a, bu necə də maraqlı bir hadisədir!",

- deyə yumşaq oyuncaqlar təəccübləndilər. Yumşaq ayı nəfəsini dərib söhbətinə davam elədi. "Amma dünən çox dəhşətli bir hadisə baş verdi. Yaxşı oğlanın nəvəsi mənim qolumu yerindən qopartdı. Mən də ondan küsüb evdən qaçdım. Bir baxın, indi qolumun yerində iki ip sallanıb!". Hamı bir səslə "Aman!", - dedi. Həmin gün yumşaq oyuncaqlar satılan şöbədə bir dənə də olsun oyuncaq satılmadı.

Uşaqlar yumşaq oyuncaq istəyirdilər. Valideynlər almaq istəyir, hətta pulu da kassaya vurdururdular. Amma oyuncaqlar ya gözlərini çəpləşdirir, ya da qaçıb gizlənirdilər. Mağazanın direktoru yumşaq oyuncaqlar satılan şöbənin işindən narazı qaldığını bildirdi. Axşam oldu. Amma oyuncaqların yuxusu gəlmədiyindən, heç biri yatmaq istəmirdi. Yumşaq ayı onlara dedi: "Gəlin sizə nağıl danışım!" Oyuncaqlar sevindilər: "Danış, danış!". Yumşaq ayı onlara nağıl danışdı. Nağıl hamının xoşuna gəldi. Onlar şirin yuxuya getdilər. Səhəri gün mağazaya hərbi paltar geyinmiş axtarış zabiti gəldi. Onun yanında böyük bir it var idi. Zabitlə birlikdə bir cərrah və bir oğlan da mağazaya gəldi. Oğlan hərdən gözlərini ovurdu. Deyəsən, ağlayırdı. Əlində ayının çıxmış qolu var idi. İt yumşaq ayıya yaxınlaşıb hürəndə axtarış zabiti papağını başından çıxarıb tərini sildi və rasiya ilə dedi:

"Obyekt tapıldı!". Oğlan ayıya yaxınlaşıb onu qucaqladı. Ayını həkimə göstərib dedi: "Budur mənim ayım!". Həkim vaxt itirmədən iynə-sap çıxarıb ayının qolunu yerinə tikdi və oğlan ayını qucağına aldı. Ayı mağazadakı yumşaq oyuncaqlara göz vurub əl elədi. Hamı başa düşdü ki, o nə demək istəyir. Ayı demək istəyirdi ki, alınandan sonra sevimli oyuncağa çevrilmək necə də yaxşıdır. Sən itəndə səni hətta itlə axtarırlar. Və həmişə də sevimli qalırsan. Ayının gəlişi mağazaya sevinc gətirdi. Həmin gün mağazada çoxlu yumşaq oyuncaq satıldı. Bu vaxta qədər şöbədə heç vaxt bu qədər oyuncaq satılmamışdı.