Ərköyün Qaraca

Ərköyün Qaraca

Biri vardı, biri yoxdu, meşədə bir ifritə Küpəgirən qarı yaşayırdı. Hamıya pislik etmək onun adəti idi. Günlərin birində bu qarının bir nəvəsi oldu. Uşaq o qədər qara idi ki, hamı onu “Qaraca” çağırırdı. Küpəgirən nəvəsini çox sevirdi. Onun xətrinə daha heç kəsə pislik eləmirdi. Axı qorxurdu ki, kimə pislik eləsə, heyifini nəvəsindən çıxarlar. Odur ki, hamıya xeyirxahlıq eləməyə başlamışdı. Bütün günü nəvəsini əzizləyir, onunla oynayırdı. Qaraca lap ərköyünləşmişdi, nənəsini incidir, sözə baxmır, hər gün dəcəllik eləyirdi. Nənəsi ona, hətta əlifbanı belə öyrədə bilmirdi.

Bir gün nənəsi Qaracaya dedi:

- Yeni il yaxınlaşır, hazırlaşmaq lazımdır. Mən gedirəm meşəyə, küknar ağacı gətirməyə. Bax, mən gələnə qədər sakit otur. Divarları cızma, evi zibilləmə, atın quyruğunu kəsmə, pişiyi sulama, xəstələnər, sobaya yaxın getmə, özünü yandırarsan. Qaraca bic-bic gülümsədi:

- Nənə, özümü yaxşı aparacağam, arxayın get. Küpəgirən qarı gedən kimi Qaraca bir az pişiklə oynadı, bir az televzora baxdı, sonra darıxdı. Nənəsinin jurnalını vərəqlədi. Jurnalda bir tort gördü - rəngli, bəzəkli. Tort çox xoşuna gəldi. Qərara gəldi ki, tortu bişirib, nənəsini sevindirsin. Tortu hazırlamaq üçün siyahını oxudu. Axı o, əlifbanı yaxşı bilmirdi. "5 bağayarpağı"nı "5 qurbağa" kimi başa düşdü. Xəmiri yoğurdu, sonra da gölməçəyə gedib ordan 5 qurbağa gətirdi və yoğurduğu xəmirə qatdı. Bu elə çətin iş idi ki. Çünki qurbağalar hoppanıb xəmirdən çıxırdılar. Nə isə... Birtəhər xəmiri yoğurdu, üstünə dəsmal örtdü. Sonra odun gətirmək üçün həyətə çıxdı. Bu vaxt qurbağalar yenə hoppanıb xəmirdən çıxdılar və hərəsi bir deşik tapıb bayıra qaçdı. Qurbağaların qaçmasından xəbəri olmayan Qaraca sobanı yandırdı. Soba alışan kimi ora o qədər odun doldurdu ki, həyətdə odun qalmadı. Qaraca birinci dəfəydi ki, özü təkcə nəsə bişirirdi. Ona görə də başını itirmişdi. Xəmiri götürüb dəsmalqarışıq sobaya qoydu. Və gözlədi ki, tort bişsin. Amma dəsmal bir anda alışdı. Sobanın qarşısındakı çörək bişirmək üçün taxta da yanmağa başladı. Alov yavaş-yavaş çoxalırdı. Qaraca qorxuya düşdü. Tez telefona qaçdı. Yanğınsöndürən çağırmaq istədi. Bilirdi yanğın olanda “101”ə zəng eləmək lazımdır. Amma rəqəmləri tanımırdı deyə, telefona baxa-baxa qaldı. Dəstəyi asıb həyətə qaçdı. Qışqırıb meşədəkiləri köməyə çağırdı. Elə bu vaxt yoldan bir ayı keçirdi. Özü də çaydan gəlirdi, iki dolu vedrə su ilə. Ayı tez komaya girib suyu sobaya boşaltdı. Ocaq söndü. Küpəgirən evə qayıdırdı. Tüstünü görüb qorxuya düşdü. Evdə yanğın qorxusu keçmişdi. Nənə nəvəsini salamat görüb, Ayıya minnətdarlıq elədi. Sonra bərk qorxmuş Qaracanı danladı:

- Bax, bütün bunlar ona görə başına gəlir ki, sözə baxmırsan, düzgün oxuya bilmirsən, rəqəmləri tanımırsan ki, zəng eləyəsən. Qaraca başını aşağı salıb ağladı:

- Nənə, bundan sonra sənin bütün dediklərinə əməl edəcəyəm. Oxuyub bütün hərfləri öyrənəcəyəm. Nağılları özüm oxuyacağam. Daha sənə əziyyət verməyəcəyəm. Saymaq da öyrənəcəyəm. Qarı bu sözlərdən sevindi. Bir azdan meşənin heyvanları Qaracagilə qonaq gəldilər. Onlar özləri ilə böyük tort da bişirib gətirmişdilər. Hamı bir səslə dedi:

- Yeni İliniz mübarək! Küpəgirən tortu doğrayıb hamıya payladı və dedi:

- Sizin də Bayramınız mübarək! Qaraca söz verib ki, Təzə ildə ağıllı qız olacaq.Yazmağı, oxumağı öyrənəcək. Bu əla oldu. Mən də təzə ildə sizin üçün yeni, yaraşıqlı məktəb tikməyə söz verirəm. Qoy bütün balalar savadlı olsun. Meşə heyvanları Küpəgirən qarının təklifini alqışladılar. Az bir müddətdə Küpəgirən qarı meşədə məktəb açdı. Özü də necə məktəb - yaraşıqlı, geniş. Bütün heyvanlar, quşlar həmin məktəbdə oxumağa başladılar. Qaraca sərbəst oxumağı, yazmağı öyrəndi. İndi o, qəşəng tortlar bişirir. Daha "bağa" əvəzinə, "qurbağa" oxumur.