Ən qiymətli hədiyyə

Ən qiymətli hədiyyə

(Nağıl)

       Qədim zamanlarda Əbdül Mütəllib adlı böyük hörmət və ehtiram sahibi olan bir kişi vardı. O, Məkkə məmləkətinin hakimi idi. Məmləkətin bütün qəbilələri onun hakimliyindən razı idilər.

     Əbdül Mütəllibin on iki oğlu var idi. Qardaşların içində Əbdullah  dərin zəkası ilə seçilər, qardaşlarından fərqlənərdi.

     Əbdullah öz qəbiləsindən Aminə adlı bir qızı sevirdi. Aminənin  də ondan xoşu gəlirdi. Amma Aminənin hələ ərə getmək vaxtı deyildi deyə, böyüklər onların evlənməyinə icazə vermirdilər.

      Vaxt yetişdi, vədə tamam oldu, böyüklər Əbdullahın Aminəni almasına xeyir-dua verdilər. Toy oldu. Nə vaxtdan bir-birlərinə həsrət qalmış cavanlar qovuşdular.   

      Bu sevinc çox da uzun sürmədi. Əbdül Mütəllib neçə vaxtdan bəri oğlanlarını Suriyaya səfərə hazırlayırdı. Toydan bir az sonra Əbdullah cavan, sevgili  arvadından ayrılıb səfərə çıxmalı oldu. 

      Aminə cavan ərini uzaq səfərə yola saldı.

      Bir müddət sonra Yəmənin Həbəş hökmdarı Əbrəhə böyük bir ordu ilə  Məkkəyə daxil oldu. O, Kəbəni yerlə-yeksan etmək fikrindəydi.

     Əbrəhənin nəhəng ordusunda əsgər və dəvələrdən başqa çoxlu fil də vardı. Ərəblər o vaxtadək fil görməmişdilər. Buna görə də bərk qorxuya düşdülər. Qorxularından üzüqoylu qalıb döyüşə girmədilər.

     Xəbəri eşidən qocalar, qadınlar, uşaqlar ev-eşiklərini  atıb üz tutdular qaçıb canlarını qurtarmağa.

     Həmin vaxt Aminə hamilə idi. Uşağın olmağına az qalırdı. Aminə də istədi başqaları kimi qaçsın. Yıxıldı yerə, ağır olduğundan qaça bilmədi. Qarnını qucaqlayıb ağladı:

     -Məni bağışla Əbdullah, övladımızı qoruya bilmədim!    

     Aminə bunu demişdi ki, birdən düşmənlərin başlarının üstündə qəribə, ecazkar quşlar göründü. Quşlar Əbrəhənin döyüşçülərinin başları üstünə xırda daşlar yağdırmağa başladılar. Torpağa dəyən daşlar alışıb-yanır, ətrafa dəhşətli bir xəstəlik yayılırdı.

     Bundan sonra Əbrəhə və onun ordusu məhv oldu. Məkkəlilər bu möcüzəyə mat qaldılar, sevincək evlərinə qayıtdılar.

     Bu hadisədən əlli beş gün sonra Aminə doğdu. Onun  oğlu oldu.

     Qasid uşağın babasının yanına qaçıb ona şad xəbər dedi. Əbdül Mütəllib uşağın adını Məhəmməd qoydu. O, gəlininin arzusunu yerinə yetirdi. Aminəyə yuxuda əyan olmuşdu ki, uşağın adını Məhəmməd qoysun.

      Bir müddət sonra geri qayıdarkən yolda möhkəm xəstələnən Əbdullah doğulduğu oğlunu görməmiş dünyasını dəyişdi.

     Xəbəri eşidən Aminə də sevimli ərinin qara xəbərindən xəstələnib yatağa düşdü.

    O vaxtkı ərəb kübar qadınları kimi Aminə də uşağa qulluq eləmək üçün dayə tutdu. Dayənin adı Həlimə idi.

     Dayə Məhəmmədi özü ilə kəndə apardı ki, uşaq təmiz havada, təbiətin qoynunda böyüsün. Həlimənin ailəsi çox yoxsul idi. Tezliklə Həlimə hiss elədi ki, Məhəmmədin gəlişi ilə evlərində xeyir-bərəkət artıb. Hətta keçiləri də kökəlib əvvəlkindən çox süd verməyə başlayıb. Həlimə ərinə dedi:

     -Bu uşağın qədəmi çox uğurludur!

     -Mən bunu sənə çoxdan demək istəyirdim, - dedi əri.

    Təbiətən həssas, diqqətli və dinc olan Məhəmməd hərdən qoyun otaranlarla çölə gedər, açıq havada oturub Böyük Yaradan haqda fikirləşərdi.

     Həlimənin üç oğlu vardı. Bir dəfə oğlanlar qoyunları otarmağa aparanda iki ağ, qanadlı məxluq Məhəmmədə yaxınlaşdı. Uşaqlar bərk qorxdular, evə qaçıb əhvalatı analarına danışdılar.

      «Onlar kim idi? – narahat olmuş Həlimə Məhəmməddən soruşdu. - Sənə heç bir xətər toxundurmadılar ki, incitmədilər ki, səni?» 

     «Yox, yox, - Məhəmməd cavab verdi, - onlar mələklər idi. Mənim qəlbimi nurla doldurmağa gəlmişdilər».

      Həlimə oğlanlarına tapşırdı ki, bu barədə heç kimə bir şey danışmasınlar. «Birdən Məhəmmədə ziyan toxundurarlar. Mənə elə gəlir ki, Məhəmməd adi uşaq deyil», deyib oğlanlarını başa saldı.

      Sonra Həlimə ərinə dedi: - «Biz uşağa nəzarət edə bilmərik, gəl onu anasının yanına aparaq».

       Beləliklə Məhəmmədin beş yaşı olanda  anasının yanına apardılar. Məhəmmədin gəlişindən azca sonra Aminə öldü.    

         Məhəmmədi babası Əbdül Mütəllib tərbiyə etməyə başladı. O, Kəbə ətrafındakı tayfaların rəhbərləri ilə vacib məsələləri müzakirə edəndə balaca Məhəmməd də onun yanında oturardı.

     Amma Əbdül Mütəllib də çox yaşamadı. O, Məhəmmədi Əbu Talibə tapşırıb vəfat elədi.

    Əbu Talib Məhəmmədi oğlu kimi sevdi və qayğısını çəkdi.

    Həmin zamanlarda adamlar karvanlarla səyahətə çıxardılar. Göz işlədikcə uzanan, ucsuz-bucaqsız səhralarda su quyusu çox az olardı. Adamlar su tapana qədər uzun-uzadı yol qət edərdilər. Dəvələr qumlu səhralarda, yandırıcı Günəşin isitisi altında günlərlə ac-susuz yol gedərdilər. Hürgüclərində toplanmış qida, mədələrində toplanmış su dəvələri  uzun, əzablı səyahətlərdə susuzluqdan və aclıqdan xias edərdi.

     Səhrəlarda tez-tez tufan qopar, qum burulğanı qabağına çıxan hər şeyi məhv edərdi. Belə vaxtlarda dəvələr diz üstə çöküb gözlərini yumar, tufan sakitləşənəcən gözləyərdilər. Bütün bunlara görə dəvələr səhrada ən yaxşı gediş-gəliş vasitəsi hesab edilərdilər.     

     Məhəmmədin on iki yaşı olanda o öz əmisinə qoşulub karvanla Dəməşqə səyahətə yollandı. Karvan Bəsrə adlı yerdə yolüstü dayandı və Əbu Talib adamları ilə kahinlərə məxsus kilsəyə getdi.

     Kahinlərdən Boheyra adlı birisi diqqət edib gördü ki, göydəki bulud parçası Məhəmmədin başı üstündə fırlanıb onu Günəşin yandırıcı şüalarından qoruyur. Bu qeyri-adi hal Boheyranı maraqlandırdı. Ağlına gələn fikri yoxlamaq üçün ağacın altında oturmuş Məhəmmədə yaxınlaşanda, Boheyra daha da heyrətləndi. Ağac əziz qonağına öz ehtiramını bildirirmiş kimi aşağı əyilmişdi. Kahin lap yaxınlaşıb uşağın üzündəki cizgilərə diqqətlə baxdı.

    Məhəmmədi əməlli-başlı müşahidə edəndən sonra Boheyra onun iki kürəyinin arasında göyərçin yumurtası boyda bir xal aşkar elədi. «Bu Ərəbistanda gözlənilən Peyğəmbərdi» - öz-özünə dedi.

     Bir azdan Əbu Talib və adamları kilsədən qayıtdılar. Boheyra sevinc və həyəcan içərisində onların qabağına qaçdı:

     «Özüdür ki, var, bu İsanın dediyi Peyğəmbərdir. Bir baxın, bu xal Peyğəmbərlik əlamətidir. Uşaqdan muğayat olun, onu xata-baladan qoruyun», dedi.       

     Günlər keçdi, Məhəmməd böyüyüb yaraşıqlı və ağıllı bir cavan oldu. O, çox ədalətli, səmimi, mərd olduğuna görə adamlar onu «Əl-Əmin» - yəni «İnanılmış» adlandırırdılar.

     Ömründə Məhəmmədin dilinə yalan gəlməzdi. Buna görə ona həm də «Sadiq» - yəni «Düzdanışan» deyirdilər.

     Allahın əmri ilə Məhəmməd ən böyük Peyğəmbərlərə xas olan ən yaxşı keyfiyyətlərə malik idi.

     Məhəmməddə Adəmin dürüst əxlaqı, Asəfin dərin zəkası, Nuhun ağlasığmaz cəsarəti, İbrahimin tükənməz mərhəməti, İsmayılın bəlağətli nitqi, Latın heyrətamiz bəsirəti, Yaqubun müəmmaları dərk etmək qabiliyyəti, Yusifin misilsiz gözəlliyi,  Musanın sarsılmaz dəyanəti, İsanın dönməz inadı, Davudun təmənnasız xeyirxahlığı topanmışdı.

      Heç bir savadı olmayan Məhəmməd danışarkən elə bil ağzından söz əvəzinə dürr tökürdü. Məhəmmədin bəlağətli nitqi hamını heyrətə gətirirdi.  Əvvəllər onun nitqinə sadəcə qulaq asanlar, sonralar bu kəlamları yazmağa, eşitdiklərini başqalarına çatdırmağa  başladılar.

     Məhəmməd həm də gözəl lirik şerlər yazırdı. Onun biri-birindən maraqlı şerlərinə qulaq asmaqdan kimsə doymazdı. 

      Məhəmməd camaata öyrətməyə çalışırdı ki, hamı əmin-amanlıqda yaşasın, insaflı olsun, qadınları incitməsinlər. Heç vaxt yalan danışmasınlar, heç kimi qarət etməsinlər, yetimlərin malını mənimsəməsinlər.

    Ərəblər cəsur, lakin amansız idilər. Onlar üçün adam öldürmək adi bir şeydi. Qaba oyunlar oynayır, içkidən, erotik rəqslərdən doymurdular. Zəhmət çəkib işləməyi özlərinə ayıb sayır, sələmlə pul borc verib dolanmağa üstünlük verirdilər.

     Məhəmməd belələrinə öyüd nəsihət verir, «Yoxsul adamlara sələməylə borc verməyin», - deyib, onları insafa çağırırdı.

      Çılpaq gəzməyi xoşlayan ərəblər (Kəbə ətrafında) xoşları gələndə hətta analıqlarını belə almaqdan çəkinmirdilər.

       Ərəblərin «uşaqöldürmə» adlı dəhşətli bir mərasimləri vardı. Onlar yeni doğulmuş uşaqları diri-diri torpağa basdırırdılar. Bu vəhşi mərasim ərəbləri bir az da amansız edirdi. Uzaq-yaxın ölkələrə karvan aparıb-gətirən ərəblər qul alveri ilə də məşğul olurdular. Onlar aldıqları qullarla yaxşı rəftar etmirdilər. Kənizlər tapşırılan işləri yerinə yetirməkdən imtina etdikdə onlara ağır cəza verirdilər.

     Qəbilələr arasında vuruşmalar olur, elə  vaxt olurdu ki, bir qəbilə digərini tamamilə məhv edirdi.         

     Dövrün zəka sahibləri Məhəmmədi tərif etməkdən doymurdular. Onun ağzından çıxan hər kəlməni əzbərləməyə, yadda saxlamağa çalışırdılar. Yaza bilənlər isə yazır, yazdıqlarını başqalarına paylayırdılar.  

      Peyğəmbər tərif ummazdı. «Mən də sizin kimi insanam», deyərdi. Fərqimiz  bircə ondadır ki, Allahdan mənə vəhy gəlir. Mən sonuncu Peyğəmbərəm. Məndən qabaq bir neçə Peyğəmbər olub. Adəm, Nuh, İbrahim, İsmayıl, Zəkəriyyə, İsa. Onlar Allahın kəlamlarını insanlara çatdırmışlar. İndi növbə mənimdir.

     Bir dəfə Məhəmməd dilənən bir adamı görüb ona dedi:

    -Niyə dilənirsən?  Tanrı sənə görən göz, sağlam bədən, əql-zəka verib, nəyə görə özünə zəhmət verib işləmirsən?

     Həmin adam ağladı:

   -Mənim heç nəyim yoxdur, ona görə də dilənirəm.

   -Ola bilməz sənin heç nəyin olmasın, -Məhəmməd ona dedi.

    Kişi and-aman elədi:

   -And olsun Allaha, mənim uçuq daxmamda bir qazandan başqa heç nəyim yoxdur. Onun da içində bişmiş olmağı yadıma gəlmir.

    Bunu eşidən Məhəmməd kişiyə ümid verdi, düzgün yol göstərdi:

  -Get, elə həmin qazanı sat, puluna balta al, odun qır, sat, bir də səni dilənən görməyim.

     Bir gün də Məhəmmədin yanına bir kişi gəldi. Onun əyni-başı sökülüb, tökülmüşdü. Kişi öz hərəkətindən çox razı halda, fəxrlə dedi:

     -Məhəmməd,  mən vaxtilə dövlətli idim. Nəyim vardısa, hamısını sədəqə vermişəm!

     Kişi elə bildi ki , Məhəmməd onu tərifləyəcək, başqalarına nümunə göstərəcək.

     Məhəmməd isə dedi:

    -Yox, sən düz eləməmisən! Sən özün zəhmət çəkib qazandığın nemətləri özün lazımınca istifadə eləməlisən, ailənə lazım olan qədərini saxlayıb, artıq qalanını sədəqə verməlisən. Bu Allaha daha xoş gedər.

     Həmin adam pərt olub getdi.                     

     Bir dəfə Məhəmməd üzünü adamlara tutub soruşdu:

   -Ən güclü kimdir?

    Hamı bir ağızdan dedi:

   -Əlbəttə ki, döyüşdə hamıya qalib gələn!

   -Tapmadınız, -dedi Məhəmməd, - o kəs hamıdan güclüdür ki, nə qədər qəzəblənmiş olsa belə, özünü ələ ala bilsin. Həm də özündən zəiflərə güzəşt etməyi bacarsın.

     Məhəmməd çox rəhmli idi. Nəinki adamı, heç heyvanı da narahat eləmək istəməzdi.

     Bir dəfə Məhəmməd yuxudan oyananda görür ki, balaca, sısqa bir pişik onun əbasının üstündə büzüşüb yatıb. Həmin an da onun vacib işi varmış. Durub getməliymiş. Ürəyi gəlmir pişiyi oyatsın. Baxmayaraq ki, əynindəki əbadan başqa əbası yoxmuş, əbasının ətəyini kəsir, amma pişiyi yuxudan oyatmağa qıymır.

    Məhəmməd çox insaflı, həm də səhvi tez bağışlayandı.    

    Bir qarı vardı. Məhəmmədi görməyə gözü yox idi. O, Məhəmmədi özündən razı, özünü hamının gözünə soxmaq isətəyən adam kimi tanıyırdı.

     Məhəmməd isə hər gün bu qarının evinin qarşısından keçməli olurdu. Qarı gün ərzində topladığı bir qalaq zibili ikinci mərtəbədən onun başına tökürdü.

     Məhəmməd isə bir dəfə də olsun başını qaldırıb arvada bir söz deməmişdi.

     Bir gün qarı xəstələnib yatağa düşdü. Xəstəliyi elə şiddətliydi ki, yerindən dura bilmirdi.

     Səhəri Məhəmməd evin qabağından keçəndə başına zibil tökən olmadı. Bu Məhəmmədi çox  təəccübləndirdi.

     «Çox ola bilsin ki, qarı xəstələnib», - Məhəmməd düşündü və qadının əhvalını öyrənmək üçün qarının evinə qalxdı.

       Onu görən qarı bərk qorxdu. Elə bildi ki, Məhəmməd onu söyüb, döyəcək. Biləndə ki, onu yoluxmağa gəlib, ağladı. Həmin gündən qarının daxilindəki  kin-küdurət yox olub getdi. Dedi:

      -Mən sənə pislik eləmişəm, sən isə məni yoluxmağa gəlmisən. Sən necə böyük ürəkli adamsan. Bu gündən mən övladlarıma sənin kimi olmağı nəsihət edəcəyəm.

     Məhəmmədin əleyhidarları çox idi. Onu İslam dinini yaydığına görə hər zaman təqib edir, öldürmək istəyirdilər. Düşmənlərinin içərisində qan qohumları da az deyildilər. Amma onların təsiri Məhəmmədi amalından döndərə bilmirdi.

     Hekayət edirlər ki, Məhəmməd bir dəfə onu axtaran düşmənlərindən gizlənmək üçün Əbu Bəkr mağarasına sığınır. Düşmənlər bundan xəbər tutub mağaranı mühasirəyə alırlar. Lakin onlar gəlməmişdən qabaq böyük bir hörümçək mağaranın girəcəyində elə bir tor qurur ki, gələnlər Məhəmmədin mağarada olduğuna inanmayıb qayıdırlar.

     Düşmənlər isə yorulmaq bilmir, Məhəmmədi məhv etmək üçün yollar axtarırdılar. Bununla belə, onların hər yerdə cəhdləri boşa çıxır, düşmən tərəfdən olanlar yavaş-yavaş  Məhəmmədin tərəfdarına çevrilirdilər.    

     Həmin dövrdə Səudiyyə Ərəbistanında Həbib-ibn-Malik adlı müdrik bir hakim vardı. O, zəngin biliyə sahib olduğuna görə ona Müdriklər müdriki adı qoymuşdular. 

     Həbib-ibn-Malikin Sətihə adlı bir qızı vardı. Sətihə gözlənilmədən xəstələnmiş, çox qəribə, əcaib bir xəstəliyə düçar olmuşdu. Ondan sonra qızın gözləri tutulmuş, qulağı kar, dili lal olmuş, hətta ayağı da axsamağa başlamışdı.

    Övladının xəstəliyə düçar olması Həbib-ibn-Maliki hədsiz qəmgin etmişdi. O, tez-tez Kəbəyə gedər, onun sağalması üçün dua edərdi.

     Bir gün dua edərkən Məhəmmədin düşmənləri Həbibə yaxınlaşdılar. Onlar, güya özünü yalandan Peyğəmbər adlandıran Məhəmməddən danışdılar. «O, cadugərdir, ağılsız sərsəridir, çox təhlükəlidir» deyə, camaatın canını Məhəmmədin yalanlarından qurtarmaq üçün, onu məhv etməkdən ötəri Həbib-ibn-Malikdən kömək istədilər.

      Müdriklər müdriki söhbətə  qulaq asandan sonra Məhəmmədi yanına çağırtdırdı. Məhəmməd hakimin malikanəsinə gəldi. Həbib-ibn-Malik dəbdəbəli çadırda nökər-naibinin əhatəsində, məxmər döşəkçə üstündə əyləşmişdi. Qarşısında şax dayanmış Məhəmmədin qorxusuz üzündən nur tökülürdü. Dedi:

      -Eşitmişəm demisən ki, Alləh səni özü göndərib, güya sən Peyğəmbərsən? Doğrudurmu bu?

      -Doğrudur, - Məhəmməd cavab verdi.

      -Dediklərini necə sübut edə bilərsən?- soruşdu Müdriklər müdriki, - Bütün müqəddəslər öz möcüzələri ilə tanınır. Nuh göy qurşağı, Süleyman zəngi, İbrahim bir anda soyuyan odu, İsmayıl qurbanlıq qoçu, Musa öz çubuğu, İsa ölüləri diriltməyi ilə tanınıb. Bəs sən hansı möcüzəni yaratmısan, ya da ki, hansı möcüzəni  yarada bilərsən? Sən mənə deyə bilərsənmi mən indi nəyin dərdini çəkirəm? Nə üçün hər gün dua edirəm? Dediyin kimi müqəddəssənsə, dərdimə çarə edə bilərsənmi?

      Məhəmməd əvvəlcə yerə çöküb dua elədi. Sonra isə ayağa qalxıb dedi:

     -Ey Həbib, ürəyindən qara qan axır. Yaxın çadırdakı qızının dərdi səni yaşamağa qoymur. O, kor, lal-kar və axsaqdır. Dua edib xəstəliyin dəfini diləyirsən. İndicə get onun yanına.

      Həbib qızının çadırına gələndə gördü ki, qız sevinclə qaça-qaça atasının  yanına gəlir. Onun gözləri açılmış, gülür, danışır, həm də eşidirdi. Hətta ayağındakı axsaqlıq da keçmişdi. Bu möcüzə idi. Bundan sonra Həbib ondan daha bir möcüzə göstərməyi xahiş etdi.

      Məhəmməd duaya başladı. Sonra isə çox qəribə, görünməmiş bir möcüzə baş verdi. Ətrafa qaranıq çökdü. Məhəmməd əllərini göyə qaldırdı. Camaat tamaşaya durmuşdu. Birdən hamının gözü qarşısında sanki ay bir anlığa iki yerə bölündü və sonra təzədən bitişib bütövləşdi.  

      Həmin gündən Həbib-ibn-Malik  hakimlik etdiyi camaata tapşırdı ki, bir kəs Məhəmmədin Peyğəmbərliyinə  şübhə etməsin. Özü də Məhəmmədə səcdə eləməyə başladı, tərəfdarlarını da bu yola çağırdı.

     Məhəmməd çox insanpərvər idi. Onun nəyi vardısa tanıdığı-tanımadığı adamlarla bölüşməyə hazır idi. Ondan kömək istəyənlərə var qüvvəsi ilə kömək edirdi. İnsanları fitnə-fəsaddan, düşmənçilikdən, qan-qadadan uzaq olmağa çağırırdı.

    Məhəmməd öz dərin zəkası və bacarığı  ilə Mədinəlilərlə Məkkəlilər arasında illərlə sürən müharibənin qurtarmasına nail oldu.  

    Sonra o, bütün Məkkəliləri namaza çağırdı. Bütün Məkkə əhli namaza gəldi. Məkkə əhalisi İslamı qəbul elədi. Məhəmməd çoxdan bu günü gözləyirdi. Məhəmmədin düşmənləri, əleyhidarları, günahı olanlar ondan bağışlanmalarını xahiş etdilər. Məhəmməd onların hamısını bağışladı. 

     Məhəmmədin ən qatı düşməni, daima ona mane olan, dəfələrlə onu öldürməyə cəhd göstərmiş əmisi Əbu Süfyan qardaşı oğlunun alicənablığı qarşısında xəcalət çəkdi. Bu qədər pisliyin müqabilində Məhəmməd onu əfv edirdi. Əbu Süfyan inandı ki, İslam dini həqiqətən gözəldir, insanlara nəciblik, xeyirxahlıq, mərhəmət hissləri aşılayır. Başqa cür ola da bilməzdi. Çünki onun yaradıcısı Məhəmməd məhz belə insan idi. Əbu Süfyan tərəfdarları ilə birgə İslamı qəbul etdi.   

      Məhəmməd deyirdi: «Allah təkdir. Allahdan başqa allah yoxdur. Onun kərəmi böyükdür. Allah qarşısında hamı bərabərdir. Biz hamımız Adəmin övladlarıyıq, qardaşıq».

     Məhəmmədin sağlığında elədiklərini ölümündən sonra onun insanlara qoyub getdiyi İslam və Quran eləməliydi.

      O, arzusuna çatdı. Böyük bir İslam dünyasını yarada bildi. Quranı nəinki müsəlmanlar, başqa dindən olanlar da sevdi. Onu öz dillərinə çevirib oxudular, bəhrələndilər.   

    «Girdiyin hər evə Əssəlam-əleyküm, deməyi unutma, bu amanda olasan, deməkdir. Çünki dünyada ən gözəl şey əmin-amanlıqdır». Bizim bu gün də sevdiyimiz, nuruna, möcüzəsinə inandığımız, cəmi müsəlmanlara Müqəddəs Quran vermiş Məhəmməd Peyğəmbərimiz belə deyirdi. O vaxtdan da Quran cəmi insanlara ən qiymətli hədiyyə oldu.

     Hekayətimiz də başa çatdı, qoy o Müqəddəs kitab əlimizdən, Məhəmməd Peyğəmbərin nuru isə üstümüzdən əskik olmasın! Sənin də, mənim də, bütün canlı və cansız nə varsa, onların da!!!