Hippokrat andı

Hippokrat andı

(Nağıl)

Biri vardı, biri yoxdu, qədim zamanlarda Yunan məmləkətində Heraklid adlı çox bilikli bir təbib var idi.

Heraklidə təbibliyi atası öyrətmişdi. O çox bilikli təbib olmuş, bildiyini oğluna da vermişdi. Atasının ölümündən sonra Heraklid ondan da yaxşı təbib oldu. O öz sənətini çox sevər, adamları sağaltdıqca elə bil onun ruhu təzələnərədi. Həmişə də sənətini öz övladlarından birinə öyrətməyi arzulayardı. Onun üç qızı və beş oğlu var idi. Heraklid onları böyüdüb yeddi-səkkiz yaşına çatan kimi yoxlayar, hansının təbiblik qabiliyyəti olduğunu aşkar etmək istəyərdi.

Amma çox təəsüf ki, o övladlarının heç birində bu qabiliyyəti tapa bilməmişdi. Atanın ümidi bir sonbeşiyi olan Hippokrata qalmışdı. Hippokrat isə hələ çox balaca idi. Onun cəmi beş yaşı var idi.

Hippokratın beş yaşı olmasına baxmayaraq , o atasına kömək edər, dərman otları yığardı. Onun barmaqları balaca olduğundan torpağın altından çoxlu soxulcan, ya da cürbəcür qurdlar çıxarar, ata da bunlardan dərman düzəldərdi.

Bir də Heraklid hiss eləmişdi ki, onun başı ağrıyanda əgər Hippokrat əlini onun başına qoysaydı, elə o saat ağrı kəsərdi. Buna görə ata səbirsizliklə gözləyirdi ki, Hippokrat böyüsün, öz bildiklərini sonbeşiyinə öyrətsin.

Nağıl dili yüyrək olar, deyərlər. İllər, aylar keçdi, Hippokrat böyüyüb səkkiz yaşına çatdı. Bu vaxt daha ata da qocalmış, əvvəlki kimi işləməyə gücü qalmamışdı. O, bütün övladlarını başına yığıb onlara dedi:

-Balalarım, mən artıq qocalmışam, işləməyə gücüm qalmayıb. Mən öz bildiyim təbibliyi sizin birinizə öyrətməmiş ölsəm, elimizin camaatı məni qınayar. Deyərlər ki, Allah lənətinə gəlmiş Heraklid sağlığında öz bildiyini heç kəsə öyrətməmiş öldü getdi. Buna görə də mən mütləq öz təbibliyimi sizlərdən birinizə öyrətməliyəm. Sizin hamınızın qabiliyyətinizi yoxlamışam. Atamdan mənə keçən təbibliyim sizlərdən təkcə Hippokrata keçib. Mən bu gündən öz bildiklərimi ona öyrədəyəcəyəm. Əgər aranızda təbib olmaq istəyən varsa, o da bizim dərslərimizə qoşula bilər.

Övladlar arasında təbib olmaq istəyən olmadığından hamısı susdu. Böyük bacı-qardaşlarının danışmadığını görən Hippokrat atasını qucaqlayıb dedi:

-Ata, sən qarnı ağrıyan bir nəfərin qarnını kəsəndə mən gizlincə sənə baxmışam. Sənin əllərin qanlı idi. Mənim o vaxtdan təbiblikdən zəhləm gedib. Mən heç vaxt təbib olmayacağam. Mən başqasının qarnını cırıb, orada nəsə axtara bilmərəm.

Atası oğlunun sözlərinə hirsləndi:

-Əvvəla, sən çox nahaq yerə gəlib məndən iznsiz, gizlincə mənim işimə baxmısan. Sonrası isə sənə deyim ki, mən dəyirmançı Herrinin qarnını kəsib, onun içərisini təmizləməsəydim, o indi dəyirmanda un üyüdə bilməzdi. Sən yunan balasısan. İstəsən də, istəməsən də, sən təbib olmalı, öz yunan elinə xidmət eləməlisən !

Hippokrat atasının hirsləndiyini görüb, daha heç nə demədi. Atanın sözləri ilə bütün övladlar razılaşdılar.

Həmin gündən Hippokrat bütün günü atasının yanında oturar, onun işlərinə baxar, güya ki, dediklərinə qulaq asardı. Amma onun fikri atasında deyil, bayırda şən, qayğısız oynayan yaşıdlarının yanında idi.

Bəzən atası danışdıqları haqda ona suallar verər, o isə heç bir söz deyə bilməzdi. Oğlunun belə saymazlığı atanı hiddətləndirərdi. Ata evinin sonbeşiyini çox istədiyindən onun qəlbini heç vaxt qırmazdı.

Heraklid bir neçə müddət fikir verib gördü ki, Hippokrat onun dediklərinə qulaq asmır. Ona görə də əlacı kəsildi, başladı öz bildiklərini kağıza yazmağa. Oğlunu isə dərslərdən azad elədi. O, Hippokratı yalnız hansısa naxoşun qarnını kəsib, içərisini təmizləyəndə, ya da sınıq yerinə məlhəm qoyub sarıyanda çağırardı ki, gəlib baxsın.

Bu minvalla çox yox, dörd ay Hippokrat atasından dərs aldı. Sonra isə əcəl qoca Heraklidin başının üstünü kəsdi. Təbib oğluna hələ çox şey öyrədəcəkdi, amma heyf ki, dünyadan köçdü.

Belə bir bilikli təbibin ölümü bütün yunan elini kədərləndirdi. Onlar Heraklidi itirdiklərinə çox acıdılar.

Təbibin ölümü hamıdan çox onun övladlarını yandırdı. Çünki onlar atalarının vəsiyyətinə qulaq asmamış, heç biri təbib olmamışdı. Atasını hamıdan çox istəyən Hippokrata onun ölümü lap çox təsir etmişdi. Atasının hamıdan çox ona ümid etməsinə baxmayaraq, Hippokrat onun arzusunu ürəyində qoymuş, təbib olmamışdı. Bu dərd doqquz yaşlı Hippokrata rahatlıq vermirdi. Buna görə də oğlan qardaş-bacılarının qarşısında and içdi ki, o atalarının istəyini mütləq həyata keçirəcək, atası kimi təbib olacaq.

Hippokratın böyük qardaşı onu bu sözündən sonra qucaqlayıb öpdü və ona «afərin» dedi.

Bundan sonra Hippokrat daha heç vaxt yaşıdları ilə oynamadı. O, atasının yazdığı yazıları oxumağa başladı. On beş yaşına çatanda o artıq atasının bildiklərinin demək olar ki, hamısını bilirdi. Amma hələ onun yanına naxoş gəlmir, ona inanmırdılar.

Bir gün məmləkətə xəbər yayıldı ki, yunan hökmdarı ölümcül naxoşlayıb. Hökmdar Günəşin üzü tutulanda ürəyini tutub yerə yıxılmış, özündən getmişdi. Yanına dünyanın neçə ölkəsindən təbiblər gətirsələr də, onun dərdinə əlac eləyən tapılmamışdı.

Hippokrat bunu eşidən kimi hökmdarın qəsrinə gəldi. Təbib olduğunu bildirib, hökmdarın yanına getmək istədi. Bu cavan uşağa inanmayıb, onu qəsrdən qovmaq istəyəndə, bir nəfər onun Heraklidin oğlu olduğunu dedi. Hippokrata inanıb onu hökmdarın yanına apardılar.

Cavan təbib huşu özündə olmayan hökmdara yaxınlaşıb əlində gətirdiyi maqniti onun ürəyinin üstünə qoydu. Artıq neçə gündən bəri gözlərini aça bilməyən hökmdarın gözləri açıldı. Heç nə olmayıbmış kimi, durub yerində oturdu. Hamı bu möcüzəyə mat qaldı.

Hökmdar bu cavan oğlandan öz naxoşluğunun səbəbini və oğlanın onu necə sağaltdığının sirrini soruşdu:

Hippokrat dedi:

-Ey böyük hökmdar! Günəşin üzü tutulanda sənin ürəyin zəif döyündüyündən bu dəyişikliyə davam gətirməmiş, yavaş-yavaş döyüntüsün azaldıb, ölüm halına yaxınlaşmışdı. Mən maqniti ürəyin üstünə tutmaqla onu təzədən əvvəlki halına gətirdim. Bunu mənə atam Heraklid öyrətmişdi. Burda elə bir sirr yoxdur.

Hökmdar Hippokrata onu sağaltdığına görə böyük bəxşiş verdi.

Həmin gündən yunanlar Hippokratı sehrli bir təbib kimi tanıdılar.

Aradan bir neçə il keçdi. Hippokrat öz təbibliyi ilə bütün ölkədə tanındı. Yunan ölkəsinin camaatından kimsə sağalmaz dərdə düçar olanda uzaq-uzaq mahallardan Hippokratın yanına gələr, şəfa tapıb qayıdardılar. O, cürbəcür otlardan, çiçəklərdən, vəhşi heyvanların südlərindən, dəniz otlarından, yerin altında olan soxulcanlardan və qurdlardan, bataqlıqda olan zəlilərdən dava-dərman, məlhəm düzəldər, naxoşları sağaldardı. Hippokratın yanına can verən bir adam gətirsəydilər belə, həmin adam onun dava-dərmanından sonra ayağa durar, özü-öz ayağı ilə evinə qayıdardı. Hətta bəzən Hippokrat əlini naxoşun ağrıyan yerinə qoyan kimi ağrı yox olardı. Ona yunanların bəziləri «Sehrli təbib», bəziləri isə «Təbabətin atası» deyərdilər.

Hippokrat ömrünün axırına qədər aləmə təbiblik elədi. Adamlara bacardığı yaxşılığı əsirgəmədi. Öz bildiklərini övladlarına, şagirdlərinə öyrətdi. Amma heç kəs onun özü kimi təbib ola bilmədi.

Ömür dolandı, gün keçdi, Hippokratın da qocalıqdan beli büküldü. O, daha əvvəlki kimi dayanmadan işləyə bilmir,tez yorulurdu. Belə günlərin birində o yatıb yuxuda atası Heraklidi gördü.

Atası Hippokratın yuxusuna çox az-az girərdi. Bir dəfə hələ on beş yaşı olanda o atasını yuxuda görmüş, atası hökmdarı sağaltdığına və təbibliyi öyrəndiyinə görə öz oğluna «afərin» demişdi. İndi də Heraklid öz oğlunun yuxusuna girib ona dedi:

-Sən də artıq yorulmusan. Mənim yanıma gəlmək vaxtın yetişib. Amma hələ tələsmə, elimizə böyük bəla gəlir. Sən yunanlara lazımsan. Günü sabahdan zəhərli oxlar səni dövrəyə alacaq. Sən onları heç vaxt atma. Yığ bir kəfənə, apar Egey dənizinə. Afon burnunda onları tök dənizin dərin yerinə.

Ata bunu deyəndən sonra ağ qanadları ilə uçub göylərə getdi. Hippokrat yuxudan ayılsa da, yuxunu heç bir yerə yoza bilmədi. Yalnız yanına çiynindən yaralanmış bir yaralı əsgər gətirəndə o, atasının yuxusunu başa düşdü.

Hippokrat qoca vaxtında ağır bir xəbər eşitdi. İran ordusu onun ölkəsinə hücuma keçmişdi. İşğalçı ordu əsgərləri yunanları rəhmsizcəsinə qırırdılar.

Təbib bu xəbərdən çox məyus oldu. Dizləri əsdiyindən, dizi üstə yerə çökdü. Amma yaralı cavan yadına düşən kimi çətinliklə də olsa ayağa qalxdı. Cavan yunan əsgəri iran qoşunları tərəfindən oxla vurulmuşdu. Hippokrat hələ ömründə belə ox yarası görməmişdi. Yaranın ətrafı qapqara idi. Bu yayılmış ilan zəhərinin yerinə oxşayırdı. Təbib başa düşdü ki, oxa zəhər sürtüblər. Tez oxu cavanın bədənindən çıxartdı. Yaranın yerinə zəli qoydu. Zəli yaranın zəhərli qanını içib qurtarandan sonra təbib yaraya məlhəm qoydu. Sifətinə ölüm rəngi çökmüş əsgərin rəngi özünə gəldi.

Yaralıları ancaq Hippokratın yanına gətirirdilər. Çünki, iranlılar oxlarının ucuna zəhərli bir məhlul sürtürdülər ki, bu ox kimin bədəninə girsəydi, həmin adam aldığı yaradan ya yerindəcə keçinərdi, ya da yaralanıb iki gün müddətinə ölərdi. Sağalanlar isə yalnız Hippokratın yaraya qoyduğu məlhəmdən sağalırdılar. Hippokrat məlhəm düzəldib başqa təbiblərə versə də, bunun köməyi olmurdu. Mütləq gərək həmin məlhəmi yaraya Hippokratın özü qoyaydı.

Qoca təbib ara vermədən, gecə-gündüz işləsə də çatdıra bilmirdi. Yaralıların və ölənlərin sayı günü-gündən çoxalırdı. Arada bir neçə gün müharibə sakitləşdi. Bir də yunanlar eşitdilər ki, Sərkərdə Mərdoninin başçılığı ilə İran qoşunları gəmilərlə Egey dənizindən keçərək, onlara hücuma keçməyə hazırlaşırlar.

Hippokrat bunu eşidəndə az qaldı ürəyi partlasın. Fikirləşdi ki, həyatımın son günlərini yaşayıram, qoy atamın yuxuda mənə dediklərini edim.

Təbib yuxuda atasının ona dediyi kimi, əsgərlərin yaralarından çıxardığı oxları atmamış, hamısını böyük bir kəfənə yığıb bağlamışdı.

Bir faytonçu çağırtdırdı. Heç kəsə bir söz demədən kəfənləri faytona yüklətdirib, Egey dənizindəki Afon burnuna yola düşdü. Gəlib o vaxt yetişdi ki, İran qoşununun gəmiləri az qalır ki, Afon burnuna çatsınlar. Atasının yuxuda ona dediyi kimi kəfənə büküb gətirdiyi oxları açıb tökdü dənizə. Faytonçu təbibin işindən heç nə anlamayaraq ondan soruşdu:

-Bu qədər yolu mənə fayton sürdürmüsən ki, qanlı oxları gətirib burada dənizə tökəsən? Sənin ki, evin düz dənizin yanındadır.

Sehrli təbib onu sakitləşdirdi:

-Mən atam Heraklidin yuxuda mənə dediklərini edirəm. O, belə məsləhət görübsə, deməli belə lazımdır.

Təbib oxları dənizə tökəndən sonra belini təzəcə qaldırdı ki, qaCahangiri düzəltsin, gəmidəki iran əsgərlərindən biri onu oxla nişan alıb, düz ürəyindən vurdu. Faytonçu yerindən sıçrayıb Hippokratı tutmaq istədi, amma çata bilmədi. Yaralı təbib düşdü dənizə.

Elə bu vaxt dənizdə dəhşətli bir hadisə baş verdi. Dəniz təlatümə gəldi. Dənizdə hələ bu vaxta qədər görünməmiş, böyük dalğalar əmələ gəldi. Dənizin təlatümündən Afon burnundakı qayalıqlar da qopub dənizə töküldülər. Aradan bir az keçəndən sonra fırtına sakitləşdi. Amma İran qoşunlarının üç yüz əlli gəmisindən üç yüzü dənizdə batdı. Bu fəlakətdən sonra İran qoşunu geri çəkildi.

Sehrli təbib elini növbəti fəlakətdən xilas elədi.

Faytonçu gördüklərindən dəhşətə gəldi. Hökmdarın yanına gedib, təbibin doğrudan da sehrli olduğunu, onun başına gələnlərin hamısını danışdı.

Həmin vaxtdan yunan məmləkətində kim təbib olmaq istəyirsə, Hippokrat andı içir, onun kimi olmağa söz verirlər. Sonralar bu andiçmə dünyanın bütün məmləkətlərinə yayılır.