Yolum bu dünyadan düşsəydi bir də…

Yolum bu dünyadan düşsəydi bir də…

Yolum bu dünyadan düşsəydi bir də, adi musiqiçi olardım. Piano çalardım. Bəzən sakit, aram-aram “do” notundan, bəzən zildən, tüğyan edən “si” notundan.

Özüm bəstələrdim öz musiqimi. Notların arasına sevinc, ya da göz yaşı səpə-səpə, dərindən ah çəkə-çəkə. Ani sevinclərimi, ümman kədərlərimi pianonun səsləri ilə bölüşə-bölüşə...

Bu səslər sevincimə hay verərdi. Gözəl günlərimdə ürəyimin fərəhini onlara deyər, sevincimi onlarla bölüşərdim...

Kədərli vaxtlarımda isə həzin-həzin mahnılar çalar, dərdimi kədərli səslərə deyərdim. Həmin səslər qəmimə “can” deyər, mənə qoşulub ağlar-sızlar, dərdimə şərik, yaralarıma məlhəm olardı. Mənsə dayanmadan çalar, çalardım. Yorulmazdım, əllərim əsənə qədər, dillər kökdən düşənə qədər çalardım!