Rüstəm yazıq

Quba rayonu 1-ci Nügədi kənd məktəbində

Eldargilin sinfində baş vermiş hadisə

(8 s sinfi 1968-ci il)

 

Rüstəm yazıq

(Hekayə)

8-ci sinifdə oxuyurduq. Bir müəllimimiz var idi. Məmmədağa müəllim. Həm gombul idi, həm də balaca boyu var idi. Yanında çox vaxt tikanlı heyva çubuğu gəzdirirdi ki, kim sözünə baxmasa çırpsın. Qızlarla işi yox idi. Amma oğlanlara qarşı çox sərt idi. Onlara xüsusi nəzarət edir, hər hərəkətlərinə göz qoyurdu. Dərsdə, dərsdən kənarda həmişə oğlanların ciblərini yoxlayırdı ki, siqaret gəzdirməsinlər, ağızlarını iyləyirdi ki, siqaret çəkməsinlər. Uşaqlar bundan bezmişdi. Amma heç kəs bir söz deyə bilmirdi.

Bir dəfə mən Məmmədağa müəllimdən acıq çıxmaq üçün cibimə britva qoydum. Heç kəsə də bir söz demədən sakitcə oturdum yerimdə. Yoxlama başlandı. Növbə mənə çatdı. Adəti üzrə Məmmədağa müəllim əlini cibimə soxdu. O əlini cibimdən çıxardanda barmağını qan götürdü. Hirsindən rəngi qaraldı, tikanlı heyva çubuğunu qaldırdı. Gözlərini yumdu, var gücü ilə başladı döyəcləməyə. Mən isə elə o çubuğunu qaldıran kimi bildim ki, işim şuluqdur, girdim partanın altına. Yanımda Rüstəm oturmuşdu. Mən gizləndiyimdən Rüstəm düşdü tikanlı çubuğun altına. Yazıq Rüstəm qışqırır, nə isə deyir, hirslənmiş Məmmədağa müəllim isə onu eşitmirdi. Bir də uşaqların gülməyinin səsinə müəllim dayandı və gördü ki, çırpdığı neçə illər atası ilə dostluq elədiyi adamın oğludur - Rüstəmdir.