Sehrli fırça

Sehrli fırça

(Nağıl)

Biri var idi, biri yox idi, qədim zamanlarda Qəbələ sultanlığında bir Nohur kəndi var idi. Bu kənddə Cahangir adında cavan bir oğlan yaşayırdı. Cahangir çox gözəl rəssam idi. Rəssamlığı Cahangirə babası öyrətmişdi. Baba vaxtilə yaxşı sənətkar olmuş, qocalıb əldən düşənə qədər gözəl şəkillər çəkmişdi.

Qoca rəssam nəvəsi Cahangiri özü ilə dənizə, dağlara aparar, ona sənətinin hər sirrindən danışar, şəkil çəkmək öyrədərdi. Bir dəfə Cahangir balaca vaxtı babası ilə Ay işığında ulduzları seyr edəndə ondan soruşmuşdu:

-Baba, sən hər şey çəkməyi mənə öyrətmisən, bircə Ayla Günəşdən başqa. Bəs onları çəkməyi mənə nə vaxt öyrədəcəksən?

Babası isə demişdi:

-Bala, əvvəla, bizi yaradan böyük Tanrı, ondan sonra isə Günəş və Ay bizim müqəddəslərimizdirlər. Onların əksini çəkmək günahdır. Ulu Tanrı və ondan sonra Günəş və Ay yeganə olduqlarına görə, onların əksi də olmamalıdır.

Baba bir neçə ildən sonra ölüm ayağında Cahangirə deyir:

- Mən artıq ölürəm. Sənə vəsiyyətim var. Mənim fırçam sehrli fırçadır. O mənə babamdan qalıb. Mən onu sənə verirəm. Səndən bircə istəyim var ki, müqəddəslərin əksini heç vaxt çəkməyəsən. Əgər Günəş və Ayın şəklini çəkmək sənin üçün vacib olsa, heç olmasa onların şəkillərini suya düşən əkslərindən çək.

Cahangir babasının sözlərindən kövrəlir:

-Baba, mən səni dünyada hamıdan çox istəyirəm. Sən mənim yanımda ölümdən danışanda acığım gəlir. Yalvarıram sənə, bir də elə söz demə. Mən sənə söz verirəm ki, dediyin müqəddəslərin əksini heç vaxt çəkməyəcəyəm.

Nağıl dili yüyrək olar, deyərlər. Babası öləndə Cahangirin səkkiz yaşı var idi. İndi isə o böyümüş, on altı yaşlı qamətli, yaraşıqlı bir oğlan olmuşdu. Gözəl rəssamlığı isə dillər əzbəri idi.

Hər bazar Cahangir çəkdiyi şəkilləri bazara çıxarar, satardı. Onun şəkilləri həmişə baha qiymətə alınardı. Son vaxtlar Cahangir fikir verib gördü ki, onun şəkillərini hər dəfə eyni adam- ağ çadralı bir qız alır. Həmin qız özü isə bazarda şəfalı otlar satardı. Cahangir həmişə soyuqlayanda ondan yarpız və bağayarpağı otları alar, onları dəmləyib içən kimi də azarı keçərdi.

Bu bazar da həmin qız şəkil almaq üçün Cahangirə yaxınlaşanda oğlan dedi:

-Deyəsən şəkillərdən çox xoşun gəlib, hər dəfə hamıdan qabaq sən gəlib alırsan.

Qız çadranın altından cavab verdi:

-Sənin çəkdiyin şəkillər deyəsən sehrlidir.

-Yox, mənim şəkillərimdə heç bir sehr-filan yoxdur, - deyə oğlan dilləndi.

Qız oğlanı inandırmağa çalışdı:

-Mən bunu birinci dəfə səndən dəniz şəkli alıb aparanda bilmişəm. Mən şəkil əlimdə evə girən kimi kiçik bacım dedi ki, bacı, sən nə qəşəng dəniz şəkli almısan? Mən bu işə məətəl qaldım. Çünki, artıq beş il olar ki, onun gözü kor olub.

Bundan sonra mən səndən ikinci şəkli aldım. Bu şəkildə sən qayanın başında üçbaşlı əjdaha çəkmişdin. Mən şəkli evə gətirən kimi bacım dedi ki, «Bacı, mən üçbaşlı əjdahadan qorxuram, o şəkli gizlət».

Mən hər bazar səndən şəkil alıb bacıma aparıram. O, sənin şəkillərindən başqa bu gözəl dünyada heç nə görmür.

İndi bil və agah ol ki, mənim zavallı kor bacım, bütün aləmi qara gördüyü halda sənin çəkdiyin şəkilləri olduğu kimi, rəngarəng görür. Mən bacımın bircə dəfə dünyanı öz rəngində görməsi xatirinə canımdan belə keçməyə razıyam. Sənin şəkillərini almaqla, istəyirəm ki, bacım bu gözəl dünyada heç olmasa nə isə görsün.

Cahangir eşitdiklərindən məyus oldu:

-Bəs sənin atan kimdir?

-Biz bacılar yetimik. Beş il bundan qabaq atamla anam dağın başında ot biçirdilər. Biz də, iki bədbəxt bacı orada idik. Birdən göyün üzü tutuldu. Bərkdən ildırım çaxdı. Huşumu itirdim. Kaş onda ayılmayaydım. Ayılıb gördüm ki, atamla anamı ildırım vurub öldürüb, bacımı isə kor edib. O vaxtdan bacımı kor saxlayıram, - deyib qız hönkür-hönkür ağladı.

-Bəs mən şəkilləri baha verirəm, sənin bunları almağa pulun çatır?- deyəndə Cahangirin səsi qəhərdən titrədi.

Qız gözlərinin yaşını silə-silə dedi:

-Mən dağlardan şəfa otları yığıb satıram və şükür Allahın kərəminə, bir babat dolanırıq.

Cahangir bu vaxta qədər şəkilləri qıza baha satdığına peşman oldu.

-Sən gərək mənə çoxdan deyərdin ki, şəkilləri nə üçün alırsan, mən də onları sənə ucuz verərdim. Əvvəlki şəkilləri mən sənə çox baha qiymətə verdiyimə görə bu şəkli mən sənin bacına hədiyyə verirəm, - deyə oğlan qızdan pul götümək istəmədi.

Qız çadranın altından əlini çıxarıb şəkilin pulunu verdi:

- Oğlan, sən incimə, mən səndən pulsuz heç nə ala bilmərəm. Sən mənim bacıma, görə bilmədiyi dünyanı göstərirsən, bu mənim üçün ən qiymətli bir şeydir. O hər dəfə şəkli görəndə mən elə bilirəm ki, sən mənim bacımın gözlərinə nur verirsən.

Cahangir nə illah elədi, qız pulu geri almadı. Cahangir qıza dedi:

-Onda mən sənin bacına gözəl bir şəkil çəkib hədiyyə verəcəyəm.

Qız çox sevindi:

-Onda elə isə, qoy mən kiçik bacımın istəyini sənə çatdırım. Mənim bədbəxt bacım yeri-göyü nurlandıran Günəşi görməyi arzu edir. Həmişə deyir ki, heç olmasa bircə dəfə Günəşi görmək istəyirəm.

Rəssam oğlan söz verdi ki, Günəşin gözəlliyini görməkdən məhrum qıza, mütləq bu gözəlliyi göstərəcək.

Cahangir qızdan evlərinin yerini öyrəndi. Onlar ayrıldılar. Birdən oğlanın yadına babasına verdiyi söz düşdü. O Günəşin əksini heç vaxt çəkməyəcəyinə babasına söz vermişdi. İndi isə qıza Günəşi çəkməyi vəd elədiyinə peşmançılıq çəksə də, artıq gec idi. Öz-özünə deyinməyə başladı:

-Ey dadi-bidad, mən neylədim? Mən huşsuz başım ilə babama verdiyim sözü tamam unutdum.

Cahangir tez qızın arxasınca onların evlərinə yola düşdü. Darvazanı bazarda gördüyü qız açdı. Arxasınca da əllərini divarlara sürtə-sürtə, on-on bir yaşında olan bir qız gəldi. Cahangir başa düşdü ki, bu kor qızdır. Onun gözləri görməsə də, çox gözəl idi.

Bacısı qapı ağzında rəssam oğlanı görcək çox sevindi:

- Pəri, gələn, şəkilləri çəkən rəssamdır.

-Sənin sehrli əllərinə qurban olum, rəssam. Çəkdiyin şəkillərdən savay mən qaranlıq dünyamdan başqa heç nə görmürəm. Bacım Fərəh deyir ki, sən mənə Günəş şəkli çəkəcəksən. Mən bircə dəfə Günəşi görsəm, özümü daha heç vaxt bədbəxt saymaram, -deyə Pəri az qala Cahangirə yalvarmağa başladı.

Kor qızın kövrək səsi Cahangiri kədərləndirdi. Qızın sınıq ürəyini bir daha sındırmaq istəmədi. İstər-istəməz dilləndi:

-Hə, əlbəttə, mən sənin üçün bizim mahalda ən gözəl yer sayılan «Yeddi gözəl» şəlaləsinin şəklini çəkəcəyəm. Həmin şəkildə də mütləq yerə-göyə şəfəq saçan Günəşimizi əks etdirəcəyəm.

Cahangir Pəriyə söz verdi ki, bazar gününədək şəkli ona çatdıracaq. Daha orada yubanmadan evinə döndü. Oğlan yol boyu fikirləşdi ki, əgər zavallı qızcığaz mənim şəkillərimdən başqa heç nə görmürsə, mən mütləq ona istədiyi Günəşin şəklini çəkəcəyəm. Qoy ondan sonra nə olur olsun. Təki bu kor qız arzusuna çatsın.

Bu fikirlərlə o evinə çatdı. Bir tikə yeməyini yeyib dincəlmədən fırçasını, bir parça kətanını və yemək boğçasını qoltuğuna vurub, düz yollandı «Yeddi gözəl» şəlaləsinə.

«Yeddi gözəl» şəlaləsi Cahangirin xoşladığı ən gözəl yerlərdən biri idi. Burada dağın başından yerə tökülən Vəndam çayının yaratdığı şəlalə, elə gözəl idi ki, adam ona baxmaqdan doymurdu. Gur çay dağdan aşağı elə axıb tökülürdü ki, bir-birinin üstündə, biri-birindən gözəl yeddi şəlalə yaranırdı. Ona görə də şəlalənin adını «Yeddi gözəl» şəlaləsi qoymuşdular. Şəlalənin yaxınlığında məskən salmış nohurlular və vəndamlılar bu şəlaləyə müqəddəs pir kimi baxar, ürəklərində niyyət tutub şəlalədən su içərdilər. Deyilənə görə ondan sonra həmin istək mütləq yerinə yetərdi. Dağın üstündə, su axmayan yerlərdə isə otlardan, çiçəklərdən başqa heç nə bitmirdi. Uzaqdan baxanda adama elə gəlirdi ki, şəlaləli dağı lalə güllü yaşıl xalıya bükmüsən.

Cahangir aşağıdan yuxarı baxanda oradan boylanmış Günəşi gördü. Günəş şəlaləni daha da gözəlləşdirirdi. Cahangir şəkil çəkməyə Günəşdən başladı. Elə gün tamam batana qədər təkcə onun şəklini çəkdi. Yorulduğundan başını bir az qoydu çəmənliyə ki, dincini alsın. Necə yorulmuşdusa da, şirin yuxuya getdi.

Bir də ayılanda gördü ki, göy ulduzlarla doludur. Bildi ki, gecədir. Amma hər tərəf işıqlı olduğundan Cahangir çaşıb qalmışdı. Bilmirdi səhərin açılmağına nə qədər qalıb. Gözü çəkdiyi şəklə sataşdı. Gördü çəkdiyi şəkil elə işıq verir ki, elə bil od tutub yanır. Bu sirrə məətəl qaldı. O şəkli tərsinə çevirib, üzüaşağı qoydu. Bu vaxt hər tərəfə zülmət qaranlıq çökdü. Cahangir meşənin bu qaranlığından bir az vahimələndi və tez şəkli üzünə çevirdi. Yenə hər tərəf nura boyandı. Cahangirin yuxusu qaçmışdı. Evlərinə getsəydi də yata bilməyəcəkdi. Ona görə də oturub şəklini çəkməkdə davam elədi. O səhərə qədər şəkil çəkdi. Yaman acmışdı. Durdu getdi bir az qarağatdan, böyürtkəndən yeyib, aclığını öldürdü. Gəlib yenə də şəkil çəkməyə davam elədi.

Beləliklə, Cahangir üç gün-üç gecə meşədə, şəlalənin qırağında yatdı, bir həftəyə qurtaracağı işi üç günə qurtardı. Bu üç gündə o yorulmadan şəlalənin gözəlliyini olduğu kimi fırça ilə kətanın üzərinə köçürtdü. Sonra uzaqdan dayanıb şəklə tamaşa elədi. Cahangir hələ ömründə belə gözəl şəkil görməmişdi. O, sevindiyindən uçmaq istəyirdi.

Cahangir bir az uzandı ki, dincini alıb, durub yola düzəlsin. Uzandığı yerdəcə yuxuya getdi. Təzəcə yuxuya getmişdi, yuxuda babasını gördü. Babası Cahangiri qucaqlayıb zülüm-zülüm ağlayırdı:

-Mən sənə deməmişdimmi ki, Günəş müqəddəsdir, onun şəklini çəkməyəsən? İndi mən sənə heç bir kömək edə bilməyəcəyəm.

Cahangir babasını sakitləşdirmək istədi:

-Baba, mən Günəşi Pəriyə göstərmək istədim. Mən ona söz vermişdim axı. O zavallının gözləri kordur, mənim şəkillərimdən başqa qızın gözləri heç nə görmür.

Baba isə elə bil oğlanın sözlərini eşitmək istəmir, elə hey hönkür-hönkür ağlayırdı. Birdən haradansa bir qara geyimli adam peyda oldu. Onun əlində fırça var idi. Qara geyimli adam fırçanı Cahangirin rənglərinin içərisindəki qara rəngə batırıb Cahangirin gözlərinə sürtdü. Cahangir yuxuda elə qışqırdı ki, öz səsinə özü ayıldı. Əllərini gözlərinə sürtdü, gözləri hələ də yaş idi. Cahangir yuxuda gördüklərinə məətəl qalmışdı. O oyandığını hiss edirdi, amma hər yanı qaranlıq gördüyündən elə bilirdi ki, hələ də yuxudadır. O gözlərini bərkdən açdı. Hər tərəf qap-qaranlıq idi. Əllərini otlara sürtdü. Birdən başa düşdü ki, onun gözləri tutulub. Diz çöküb əllərini göylərə tutdu və hönkür-hönkür ağlayaraq Allaha yalvarmağa başladı. Axşama qədər ağlayıb-sızlayıb sonra yorulub oturdu.

Cahangir halsız-halsız yaşıllıqda üzüqoylu uzanıb qalmışdı. Bir də eşitdi ki, qoyun sürüsünün səsi gəlir.

Çoban uzaqdan yerə uzanmış cavanı görüb yaxın gəldi və onun yanındakı şəklə doyunca tamaşa edəndən sonra Cahangirə «afərin» dedi.

Cahangir isə cavab vermək əvəzinə ondan soruşdu:

-Çoban qardaş, bilmirsən indi axşamdır, yoxsa səhər?

Çoban başa düşdü ki, cavan oğlan kordur:

-İndi yavaş-yavaş axşam düşür. Bəs sən burada neyləyirsən? Yanındakı bu gözəl şəkil nədir?

Bədbəxt rəssam başına gələnləri çobana danışdı. Çoban cavanın halına acıdı.

Cahangir çobandan xahiş elədi ki, onun çəkdiyi şəkli dəyirmanın yanında yaşayan kor qız, Pəriyə çatdırsın. Çobana and içdirtdi ki, onun gözlərinin tutulması haqqında heç kəsə bir söz deməsin.

Çoban şəkli götürüb Cahangirin dediyi evə gəldi. Darvazanı döydü. Bacısı Fərəh evdə olmadığından Pəri özü darvazaya gəlib səsləndi:

-Kimsən?

-Mənəm, rəssam Cahangir sənə şəkil göndərib, onu gətirmişəm, -deyə çoban dilləndi.

Rəssam adı eşidən kimi balaca, kor qız sevincək qapını açdı. Əllərini qabağa uzatdı. Çoban başa düşdü ki, qız əli ilə şəkli axtarır. Şəkli qıza uzatdı.

Pərinin kor gözləri şəklə sataşdı. O şəkli olduğu kimi gördü. O, həmişə bacısına yalvarırdı ki, ona dünyanın gözəlliyindən danışsın. Bacısı da ona hər şeyin rəngini öyrədər, gözəlliyini təsvir edərdi. Amma Fərəh dünyanı, onun təbiətini çox da tərifləmirdi, o elə başa düşürdü ki, əgər dünyanın gözəlliyini bacısına olduğu kimi təsvir etsə , kiçik bacısı kor oldğuna görə daha da dərd çəkər.

Ona görə də indi Pəri Cahangirin çəkdiyi sehrli şəkildə təbiəti belə gözəl görəndə özünü itirdi. Şəkildəki Günəşin şüaları qızın gözlərini qamaşdırdı, bu balaca qızcığazın gözlərinə nur verdi. Pərinin gözləri açıldı və o şəkildən başqa da hər şeyi gördü. Qız sevindiyindən səsi gəldikcə «mən görürəm» deyə qışqıraraq, huşunu itirdi.

Səsə qonşular yığıldılar. Bu vaxt Fərəh də gəlib çıxdı. Bir təhər qızı ayıltdılar. Fərəh bacısının gözlərinin açılmasına az qalırdı sevindiyindən uçsun. Onlar qucaqlaşıb həyəcandan hönkür çəkib ağladılar.

Çoban isə hay-küyü görüb sakitcə gözdən itdi ki, ondan heç kəs, heç nə soruşmasın.

Bir neçə gün qonum-qonşu gəlib yetim qızlara gözaydınlığı verdilər. Ara sakitləşən kimi Pəri bacısına dedi:

-Bacı, bəs rəssam oğlan niyə görünmür, bəlkə xəstələnib eləyib?

-Düz deyirsən, elə mən də bu neçə gündə onu fikirləşirdim. Evlərini tanısaydım, gedib bir baş çəkərdim,- deyə Fərəh də öz nigarançılığını bildirdi. Səhər bazar günüdür, yəqin ki, bazarda olar, gedib baxaram.

Səhərisi günü Fərəh bazara yollandı. Axşama qədər Cahangiri bazarda gözlədi, oğlan gəlib çıxmadı ki, çıxmadı. Soraqlaşa-soraqlaşa onun evini axtarıb tapdı. Evdə heç kəs yox idi. Qonşularından soruşdu. Qonşular da heç nə deyə bilmədilər. Fərəh yollandı şəkli gətirən çobanı axtarmağa. Çobanı dağdaca tapıb, Cahangiri soruşdu:

-Çoban, şəkli bizə göndərən oğlanı soraqlayırıq, bəlkə haraya getdiyindən xəbərin ola?

Çoban yalan danışa bilmirdi deyə, əvvəlcə özünü itirdi, sonra isə birtəhər cavab verdi:

-Oğlan məndən xahiş elədi ki, şəkli sizə çatdırım, mən də çatdırdım.

-Bəs sən ona demədin ki, niyə özün aparmırsan?

-O dedi, mən də elədim, indi məndən nə istəyirsiniz? – deyə çoban hirslənib özündən çıxmış cavab verdi. Çoban yalan danışdığına görə özünü itirmişdi.

Fərəh çobanın nahaq yerə hirslənməyindən bir az şübhələndi. Amma daha ona bir söz deməyib, evlərinə gəldi. Olanları bacısına danışdı. Pəri çox həssas idi. bildi ki, Cahangirin başına nə gəlibsə, onun şəklinin ucundan gəlib. Fərəh bacısının fikrə daldığını görüb dedi:

-Bacı, mən bilirəm ki, çoban bizdən nə isə gizlədir. Mən bir ot tanıyıram, adına «yaddaş otu » deyirlər. Onu dəmləyib yaddaşı pozulmuş adama verirlər ki, hafizəsi təzələnsin və sağalsın. Həmin otun dəmlənmişin içən kimi həmin adamdan nə soruşursansa adama düzünü cavab verir. Gəlsənə çobana həmin dəmdən içirdib, həqiqəti öyrənək.

Bacılar razılaşırlar. Onlar «yaddaş otunu» dəmləyib ondan şərbət düzəldirlər. Bir sərnicə töküb aparırlar çobana. Pəri çobana yaxınlaşıb deyir:

-Çoban qardaş, gözüm açıldığına görə şərbət paylayıram. Al, sən də iç.

Qızların əməlindən xəbəri olmayan çoban, şərbətdən düz üç stəkan içir. Elə o an da rəngi olur sap-sarı. Qızlar heç bir şey soruşmamış özü başlayır ağlaya-ağlaya danışmağa:

-Siz burda şərbət paylayırsınız, amma sizin ucbatınızdan kor olmuş Cahangir evindən-eşiyindən didərgin düşüb, gedib qərib diyarlara. Ölüb, ya sağdır, heç kəsin bundan xəbəri yoxdur.

Bunları deyəndən sonra çoban əvvəldən axıracan olanları qızlara danışır. Çobanın dediklərini eşidəndən sonra qızların gözündən yaş leysan kimi tökür. Fərəh bir də baxır çobanın rəngi özünə gəlib. Başa düşür ki, yaddaş otu artıq təsirini itirib. Çobanı yoxlamaq üçün ondan soruşur:

-Cahangir görəsən niyə yoxa çıxıb, çoban, bilmirsən?

Çoban əvvəlki kimi yenə səsini qaldırır:

-Ay bacım, mən sizə bir dəfə dedim ki, Cahangir şəkli mənə verib, xahiş elədi ki, onu sizə çatdırım, özü isə deyəsən ova getdi. Daha bundan başqa mən heç bir şey bilmirəm. Məni rahat buraxın.

Qızlar arxayın olurlar ki, çobanın yaddaşı düzəlib, yola düzəlib gəlirlər evlərinə.

Fərəh yol boyu nə illah eləyirsə də, Pərini sakitləşdirə bilmir ki, bilmir. Pəri bacısına deyir:

-Bacı, Cahangir mənim gözlərimin açılmasının qurbanı olub. Biz onu xilas eləməliyik. Gəl səfərə çıxıb, Cahangiri axtaraq.

Fərəh çox qorxaq olduğundan Pəri ilə razılaşmır:

-Sən nə danışdığını bilirsən, biz iki qız uşağı səfərə çıxa bilərik? Sənin gözlərin təzəliklə açılıb, gedib yollarda əziyyət çəkərsən, gözlərin təzədən tutular.

Pəri nə qədər yalvarırsa, Fərəh səfərə çıxmağa razı olmur ki, olmur. Pəri kor-peşman yuxuya gedir. Təzəcə yuxuya getmişdi ki, yuxusunda bir qoca, nurani kişi görür. Qoca Pəriyə deyir:

-Bil və agah ol ki, Cahangirin gözlərinin kor olmağına səbəbkar sən olmusan. O, Günəşin şəklini çəkərək, bizim rəssamlığımızın müqəddəsliyini itirib və buna görə də onun gözlərinin nuru gedib. O, sənə kömək etdiyi kimi sən də ona kömək etməlisən. Yoxsa o, həmişəlik kor qalacaq. Bunun üçün gərək Vəndam meşəsi ilə yol gedib Cahangir getdiyi yerlərdən keçəsən. Onun sarı çiçəkli gül kolunun dibində gizlətdiyi sehrli fırçasını tapasan. Sonra isə həmin fırçalarla Cahangir kimi şəkil çəkməyi öyrənəsən. Əgər Günəşin şəklini çəkib, Cahangirin gözlərinin qarşısında tutsan, nəvəmin gözlərinə nur gələr. Çəkdiyin şəkil hazır olandan sonra ona gecə qaranlığında bax. Əgər şəkildəki Günəş qaranlıqda işıq saçsa, deməli, sən şəkli Cahangir kimi ustalıqla çəkmisən, yox əgər şəkil qaranlıqda görünməsə, deməli şəkli təzədən çəkməlisən. Şəkil başa gələndən sonra yola düşüb Cahangiri axtarıb tapa bilərsən.

Pəri yuxudan oyandı. O, bacısını oyadıb yuxuda gördüklərini ona danışdı. Fərəh onun danışığına çox da məhəl qoymadı və dedi:

-Sən bu haqda o qədər fikirləşirsən ki, yuxuda da boş-boş şeylər görürsən. Yıxıl yat, hələ tezdir durma.

Bunu deyib, Fərəh təzədən yuxuya getdi. Pəri bacısının Cahangirə qarşı biganəliyinə hirsləndi. Özlüyündə cürbəcür fikirlərə düşdü. Fikirləşdi ki, bəlkə doğrudan da mən yuxumu qarışdırmışam. Yox, əgər belə deyilsə, yuxum düzdürsə? Mən öz yuxumun düz olub-olmamasını yoxlamaq üçün Vəndam meşəsinə gedib, sarı çiçəkli gül kollarının diblərini axtarmalıyam. Əgər fırçanı tapsam, deməli yuxum sehrli yuxudur. Onda mən Cahangiri xilas etmək üçün ən əvvəl şəkil çəkməyi öyrənməli, sonra isə Cahangiri axtarıb tapıb, çəkdiyim şəkillə gözlərinə nur verməliyəm.

Pəri səhər açılmamış durub geyindi. Cahangirin son dəfə ona çəkib göndərdiyi şəklə baxdı. Gözəyarı bildi ki, Cahangir şəkli çəkəndə harada oturubmuş. Durub təkcə şəlalənin yanına gəldi. Ən əvvəl şəlalənin suyundan içib, ürəyində niyyət tutdu və üzünü şəlaləyə tutub dedi:

-Ey Yeddi gözəllər, siz Cahangirə - gözləri kor olmuş xeyirxah oğlana kömək olun, onun gözlərinə nur verməsi üçün Günəşdən imdad diləyin, yalvarıram sizə!

Sonra Pəri Cahangirin oturub şəkil çəkdiyi yeri tapdı. Orada otlar tapdanmışdı. Tapdanmış otlardan bir iz də var idi ki, həmin iz Vəndam meşəsinin qalınlığına gedirdi. Pəri qorxmadan həmin izlə getməyə başladı. Həmçinin qız gedə-gedə sarı çiçəkli gül kollarının diblərinə baxır, orada Cahangirin gizlətdiyi fırçanı axtarırdı. Pəri günortaya qədər kolların dibindən fırça axtardı və nəhayət ki, axtardığını tapdı. Sevincək fırçanı götürüb qaça-qaça evlərinə gəldi.

Pəri bacısı ilə bazara getdi. Şəkil çəkmək üçün lazım olan şeyləri aldı. Başladı şəkil çəkməyə. Elə bir şəkil çəkdi ki, özü ona baxanda zülüm-zülüm ağlamağa başladı.

Fərəh bacısını ovundurdu:

-Sən bu gün birinci dəfə əlinə fırça almısan, özün də istəyirsən ki, yaxşı şəkil çəkəsən. Hər şey zəhmətlə əldə edilir. Əziyyət çəksən, sən də gözəl şəkil çəkməyi öyrənərsən.

Bundan sonra Pəri gündüz–gecə yorulmadan şəkil çəkməyə başladı. Fırça onun əlindən yerə düşmürdü. Qız o qədər şəkil çəkirdi ki, barmaqları qabar olurdu. Fərəh ona rəng almağa çatdırmırdı. Pəri görəndə ki, rəng qurtarıb, sobadan kömür götürər, gedib qayanın üstünə cürbəcür şəkillər çəkərdi.

Bu minvalla beş ay keçdi. Pərinin yorulmadan çəkdiyi əziyyət bəhrəsini verdi. Çəkdiyi şəkillər hamının xoşuna gəlməyə başladı. Bundan ürəklənən Pəri şəlalənin başına gəldi. Başladı onun şəklini çəkməyə. Çəkib qurtarandan sonra baxdı ki, həqiqətən gözəl şəkil alınıb. Şəkildəki günəş adamın gözün qamaşdırırdı. Pəri günəş batana qədər gözlədi ki, şəklə bir az alaqaranlıqda baxsın. Xeyli gözlədi, hava qaralmadı ki, qaralmadı. Bir də baxdı ki, bacısı qabaqda, arxasınca da qonşuları hay-küylə gəlirlər. Sən demə hava çoxdan qaralıb, qaranlıq da düşüb, amma şəkil elə işıq saçır ki, Pəri elə bilib günün günorta çağıdır.

Pəri bacısını nigaran qoyduğuna görə ondan üzr istədi. Amma Fərəh şəkli görüb hirsini yaddan çıxartmışdı. Çəkilən şəkil elə canlı, elə gözəl idi ki, Fərəh sevindiyindən ağladı. Onlar sevincək evə qayıtdılar. Pəri bilirdi ki, Fərəh onu heç vaxt tək yola çıxmağa qoymayacaq. Buna görə də o bacısını yuxuya verərək, şəkli də götürüb, səhərə yaxın yola düzəldi.

Pəri az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib qərib bir ölkəyə çatdı. Qarşısına sərin su satan bir oğlan uşağı çıxdı. Qız ondan bazarın yerini soruşdu. Uşaq qıza yol göstərdi:

-Ay xala, düz gedərsən, yol qurtaranda dönərsən gün batana tərəf, həmin yolla getsən, çatacaqsan bazara.

Pəri bacısının qara çadrasını geymişdi. Səsini də qalınlaşdırmışdı ki, bilməsinlər balaca qızdır. Qoltuğunda isə özündən böyük şəkil aparırdı. Uzaqdan o balacaboy arvada oxşayırdı.

Çoxbilmiş qız bazarı tapdı. Bazar əhlindən Cahangiri xəbər aldı. Onu gördüm deyən olmadı. Yalnız bir rəssamdan başqa. Rəssam qərib kor oğlanı soraqlayan qıza dedi:

-Sənin dediyin kor oğlan, bazarı gəzib soraqlaşa-soraqlaşa mənim yanıma gəlmişdi. O, xeyli əllərini mənim şəkillərimə sürtdü. Elə bil həmin şəkillərdən imdad diləyirdi. Sonra isə «mən heç nə görə bilmirəm», deyə ağlaya-ağlaya çıxıb getdi. Ona son dəfə Bazardüzündəki buzlu qayada rast gəliblər.

Rəssam buzlu qayanın yolunu Pəriyə başa salandan sonra, qız dayanmadan ora getdi. Buzlu qayaya gedən yol sıx və qorxulu meşədən keçirdi. Axşama qədər sıx meşə ilə yol gedən Pəri qaranlıqda meşədə gecələməli oldu. Balaca qızcığaz heyvanların qorxusundan ən hündür bir ağac tapdı. Dırmaşdı düz onun kəlləsinə. Qorxudan gözlərini bərk-bərk yumdu. Amma bunun da xeyri olmadı.

Birdən qızın ağlına bir fikir gəldi. Durdu ağacdan düşdü. Şəklin üstünə bağladığı kələğayını götürdü. Hər tərəf nura qərq oldu. Bayaqdan bəri təkcə cırcıramanın səsi gəlirdi. İndi meşədəki bütün quşlar oyanıb səslərini cırcıramanın səsinə qoşdular. Pərinin qorxusu canından çıxdı. Amma, «ehtiyat igidin yaraşığıdır», deyib, çıxıb ağacın başında şirin yuxuya getdi. Bir də Günəş çıxmağa az qalmış yuxudan oyandı və yoluna düzəldi.

Az getdi, çox getdi, dərələr keçdi, dağlar aşdı, axır ki, gəlib Bazardüzü deyilən yerə çatıb, buzlu qayaya yetişdi. Buzlu qaya dənizin düz qırağında idi. Uzaqdan baxanda adi sıldırım qayaya oxşayırdı. Yaxınlaşanda isə qayanın soyuğu adamı dondururdu. Qayanın üstündə mağara var idi. Həmin mağaranın girəcəyindən su damlaları tökülən buz salxımları sallanırdı. Pərinin əyni nazik olduğundan tir-tir əsirdi. Pəri mağaradan içəri boylanıb, gördü ki, mağaranın içi tamam buz bağlayıb. Elə bil hər tərəf şüşədəndir. İçəri buz da olsa, çox gözəl idi. O, inanmadı ki, Cahangir burada ola. Əgər Cahangir burada olmuş olsaydı da, indiyə qədər mütləq donmalıydı. İstədi qayıtsın. Bir də fikirləşdi ki, bu qədər yol gəlib, heç olmasa girib mağaraya baxsın. Cahangirin ölüsündən, dirisindən xəbər bilsin. Bu fikirlə Pəri titrəyə-titrəyə mağaraya girdi.

Bura möhtəşəm bir şah sarayına bənzəyirdi. Hər tərəf ağappaq, cürbəcür heykəllərə bənzəyən buzlarla örtülmüşdü. Qayanın içərisi çox soyuq olsa da, elə gözəl idi ki, Pəri bir an hər şeyi unutdu. Birdən əlini başına apardı ki, çadrasını düzəltsin, gördü ki, saçları donub daş kimi olub. Başa düşdü ki, özü də buradan tez çıxmasa donub burada qalacaq. Axırıncı dəfə diqqətlə hər tərəfə boylandı. Gözünə oturmuş yerdə buzdan bir adam göründü. Həmin adamın əlində çəlik olduğuna görə, qız yəqin elədi ki, bu Cahangirdir. Heç olmasa özü donmasın deyə, tez-tez, bütün qüvvəsi ilə onun buzunu sındırmaq istədi ki, oğlanın ya ölüsünü, ya da dirisini buzlaqdan çıxarsın. Amma buz çox bərk olduğundan Pəri buzu sındıra bilmirdi. Qız hikkəsindən ağlamağa başladı. O, özlüyündə qərara gəlmişdi ki, Cahangiri burdan çıxara bilməsə, özü də burada qalıb ölsün. Bu fikirlə Pəri özü donmağa başlayana qədər oğlanın buzunu sındırmağa çalışdı. Bir də baxdı ki, artıq ayaqları buz bağlayıb. Pəri bunu görəndə hönkür çəkib ağladı.

-Cahangir, qardaşım, sən mənim gözlərimə nur verdin, mən isə sənə heç bir kömək edə bilmədim. Bağışla məni. İndi mən də sənin yanına gəlirəm, mənim bundan başqa daha heç nəyə gücüm çatmır. Al, sənə çəkdiyim şəkli də sənin yanına qoyuram,- bunu deyib qız şəklin üstündən kələğayını götürdü.

Şəkildəki Günəşin isti şəfəqləri buz mağarasına yayıldı. Buzlu qayanın içərisi elə isindi ki, hər yandan buzlar əriməyə başladı. Cahangirin də buzu yavaş-yavaş əriyirdi. Onun buzu əriyib qurtaran kimi, oğlan tərpəndi. Pəri gördü ki, oğlan şəkildəki günəş şüalarının işığına tab gətirə bilməyib, əlləri ilə gözlərini tutur. Qız Cahangirin gözlərinin açıldığını başa düşdü. Cahangir qızı tanıdı. O, nə isə demək istəyirdi ki, sözü ağzında qaldı. Bu vaxt böyük bir dəhşət baş verdi. Onlar sevinmək istədilər, sevincləri üzlərində dondu.

Hər tərəfdən iri buz parçaları yerə tökülüb parçalanırdı. Mağaranın ağzı buzdan tamam tutulmuşdu. Şəkil, əriyib tökülmüş buz qırıntılarının altında qalmışdı. Cahangir tez qızın əlindən tutub, onu buz qırıntılarının arasında gizlətdi ki, başına böyük buz parçaları düşməsin. . Özü də böyük bir buz parçasının yanında gizləndi. Onlar hər ikisi qopub gələn buzlardan özlərini qoruya-qoruya bir-birlərinin əlindən möhkəm tutmuşdular.

Buzlaqlar qopub töküləndən sonra əriyib suya çevrildilər və qəfildən dənizə töküldülər. Dəniz bir an təlatümləndi və aradan çox keçmədi ki, sakitləşdi.

Cahangir birtəhər üzüb dənizin kənarına çıxdı. Çətinə düşsə də o, Pərinin əlini buraxmamış, onun balaca ovcunu sıxıb əlində saxlamışdı. Cahangir qızı sudan çıxartdı, amma Pərinin huşu özündə deyildi. Qız hannan-gecdən özünə gələndə özünü lap nağıllardakı kimi hiss elədi və sevindiyindən Cahangirin boynunu bərk-bərk qucaqlayaraq ağladı. Cahangir də onu qucağından yerə qoymayıb, qolları üstündə elinə-obasına gətirdi. Oğlan balaca bir qızın bu qədər etibarlı olmasına heyran olmuşdu.

Fərəh bacısı ilə Cahangirin salamat qayıtmasına çox sevindi. Niyyəti hasil olduğuna görə Pəri gedib «Yeddi gözəl» şəlaləsini ziyarət elədi. Cahangir isə yetim qızlara qardaş oldu. Fərəh sevincindən böyük bir qonaqlıq verdi. Mən də qonaqlıqda idim. Doyunca yeyib-içəndən sonra Cahangirlə Pəridən xahiş elədim ki, bir Gülzar nənələrinin də şəklini çəksinlər. Onlar da eləmə tənbəllik şəklimi çəkdilər. Sən demə, onların heç biri yaxşı şəkil çəkə bilmirmiş. Şəkli alıb nə görsəm yaxşıdır? Üzü yüz yerdən qırışmış, beli bükülmüş bir qarı. Mənim cəmi-cümlətanı yüz qırx yaşım var. Mənim sifətimdə o qədər qırış nə gəzir? Düzünü desəm, heç belim də bükülməyib. Özüm duranda belimi əyirəm ki, uca boyuma bədnəzər dəyməsin.

Nə başınızı ağrıdım, indiyə qədər onlardan küsülüyəm. Bəlkə novruz bayramında-bütün küsülülər barışanda barışdım.