Günahsız qarı

Günahsız qarı

(Nağıl)

Biri var idi, biri yox idi, keçmiş zamanlarda bir Nadir şah var idi. O, dünya hökmdarları arasında qüdrətli şah kimi tanınırdı.

Həmin dövrdə bütün şahlıqlar arasında tez-tez müharibələr olur, güclü ölkələr zəif ölkələri işğal edirdilər. Belə bir vaxtda Nadir şahın qorxusundan heç bir hökmdar bu səltənətə yaxın dura bilmir, onu işğal edə bilmirdi. Bu şahın başqa hökmdarlar arasında böyük hörməti var idi.

Bu şan-şöhrəti görən qonşu ölkənin şahı paxıllıqdan özünə yer tapa bilmir, hirsindən-hikkəsindən günü-gündən qaralırdı. Bir gün eşitdi ki, Nadir şahın xanımı bir neçə aydan sonra doğacaq, bu xəbərdən az qaldı bağrı çatlasın. Başladı altdan-altdan tədbirlər görməyə.

Siranuş adlı bir ifritə arvad tapdı. Ona yaxşı-yaxşı nə edəcəyini öyrədəndən sonra onu qulluqçuları ilə bərabər Nadir şahın ölkəsinə göndərdi. Qulluqçular bütün günü bazar-dükanda gəzir və Siranuşun çox gözəl təbib olduğunu camaat arasında yaymağa başladılar. Az sonra bu xəbər saraya da çatdı. Şaha xəbər verdilər ki, Siranuş adlı yadelli bir xanım var, deyilənə görə çox yaxşı təbibdir. Şah bunu eşidən kimi dedi:

-Belə bir təbibi əldən buraxmaq olmaz. İndidən o qadını saraya gətirin ki, sarayın qayda-qanunu ilə tanış olsun və uşaq olana qədər xanımdan aralı durmasın. Özünə də nə qədər qızıl istəsə verin. Mənim gələcək taxtı-tacımın sahibi həyata gəlir. Mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz.

Şahın sözünün qarşısında heç kəs bir söz deyə bilməzdi. Ona görə də tez bir vaxtda onun əmrini yerinə yetirdilər.

Siranuş ifritəlikdən əyilmiş burnunu qabağa verərək bir az naz qəmzə etdi. Şahın arvadına qulluq etmək üçün beş yüz qızıl alandan sonra öz razılığını verdi. Halbuki sarayda qalmaq onun çoxdankı arzusu idi. O, eybəcər də olsa az bir vaxtda, hiyləgərliyi ilə özünə böyük etibar qazandı. Bir çox fırıldaqlar, tilsimlər bilən bu arvad, hərdən şahın sevimli arvadının yeməyinə çox ağır bir dərman qatır, iki gün xanım əziyyət çəkəndən sonra başqa bir dərman verərək onu sağaldırdı. Xanım ona elə inanmışdı ki, saraydakı bütün təbibləri qovmuşdu.

Ay keçdi, vaxt tamam oldu, doqquz ay, doqquz gün, doqquz gecədən sonra şahın şip-şirin bir oğlu doğuldu. Nadir şah sevindiyindən ölkə camaatına bəxşişlər verdi. Ölkənin hər yerində şahzadənin doğulmağına görə qurbanlar kəsildi, ziyafətlər quruldu.

Siranuş hamıya uşağın gözəlliyindən danışsa da , şahzadə olduğuna görə ondan zəhləsi gedirdi. Elə fürsət axtarırdı ki, uşağa bir xətər toxundursun. Amma uşağın dayəsi həmişə yanında olduğundan ona heç bir şey edə bilmirdi. Bir də qorxurdu ki, dayəyə bir şey etsə Nadir şah xəbər tutar, onu edam elətdirər. Həm də onun öz ölkəsinin padşahı Siranuşu ona görə göndərmişdi ki, öz adamlarından birini Nadir şahın sarayına vəzirdən, vəkildən qoydursun ki, bu ölkəni darmadağın elətdirə bilsin.

Siranuş bunları yadına salıb bir az sakitləşdi. İndi isə pis niyyətlərini həyata keçirmək üçün o, mütləq şahzadəni oğurlatdırmalı idi. İfritə arvad yavaş-yavaş buna da hazırlaşırdı. O, bir neçə dəfə şahın xanımına demişdi ki, dayə deyəsən ağır xəstədir.

Şahzadənin şərəfinə keçirilən ziyafətlərin birində körpəni dayəsi ilə qoyub, xanım da, Siranuş da ziyafətdə iştirak edirdilər. Bir də xəbər gəldi ki, dayə öldürülüb, uşaq da oğurlanıb.

Bu xəbərdən Nadir şah çox qəzəbləndi. Xanımı isə elə yerindəcə huşunu itirdi. Siranuş da özünü bihuşluğa qoydu, gördü ki, hamının başı xanıma qarışıb, özü durdu ayağa. O, üzdə hönkür-hönkür ağlayırdı. Amma bu göz yaşları sevincdən idi. Daxilində isə öz bacarığını alqışlayırdı. O, hər bir pis əməlini etməmişdən qabaq onu yaxşı-yaxşı ölçüb biçirdi.

İndi də belə olmuşdu. O, ziyafətdən qabaq dava-dərman əvəzinə dayəyə şərbətə qatılmış zəhər içirtmiş, özünə də demişdi ki, rəngi-ruhundan azarlıya oxşayırsan. Birdən şahzadəyə də naxoşluq keçər. Bu davanı mütləq içməlisən. Dayə də onun sözünə inanmış, zəhərlə dolu camı başına çəkmişdi.

İndi də xanım özünə gələn kimi Siranuş xanımın yadına saldı ki, dayənin ağır xəstə olduğu haqda mən sənə çoxdan demişdim. Onun əcəli çatıb ölüb, sarayda da pis adamlardan biri görüb ki, uşaq kimsəsizdir, götürüb qaçıb. Həmin adam kimdirsə bu fürsəti çoxdan gözləyirmiş.

Nadir şah hər yeri axtartdırdı. Car çəkdirdi ki, kim şahzadəni tapıb gətirsə, ona layiqli bəxşiş verəcək. Amma bütün bunlar faydasız idi. İfritə Siranuş körpəni elə yerdə gizlətdirmişdi ki, bundan sonra beş il də uşağı axtarsaydılar, tapa bilməyəcəkdilər.

On gün keçdi. Nadir şahın adamları axtarmadıqları yer qalmadı. Elə bil yer yarılmışdı, körpə girmişdi yerin altına.

Nadir şah qəmgin-qəmgin oturmuşdu taxtında. Bu vaxt eşikağası şaha xəbər göndərdi ki, bir dərviş gəlib, özü də deyir ki, bütün dərdlərə dərman edirəm. Şah dərvişi hüzura gətirməyi əmr etdi.

Dərviş şahın hüzuruna gəlib təzim etdi. Rəml atan kimi şahın başına gələnləri tam, olduğu kimi nağıl elədi. Şah dərvişin biliciliyinə «afərin» söylədi və dedi:

-Sən ki, bu qədər hər şeydən xəbərdarsan, de görüm mənim oğlum bu saat haradadır? Bəlkə heç körpə balam sağ deyil? Mən də onu tapmaq eşqilə yaşayıram.

Dərviş bir xeyli fikirləşəndən sonra dedi:

-Şah sağ olsun, bu çox müşkül bir məsələdir. Sənin düşmənlərin çox güclü və tilsimkardırlar. Onların sirrini öyrənmək üçün mən öz ruhumu onların ruhunun yanına göndərməliyəm. Onlar bundan xəbər tutsalar, ola bilsin ki, mənim ruhumu daha geri dönməyə qoymasınlar və mən də ölə bilərəm. Bunun üçün mənə nə vəd edirsən ki, mənim həyatıma dəyərli bir şey olsun.

Şah xəzinəsinin ən qiymətli ləl-cavahiratını saydı. Ölkəsinin neçə-neçə şəhərlərini saydı ki, həmin şəhərlərdə hökmdar olarsan. Amma dərviş heç birisinə razı olmayıb, Nadir şahın yanında vəzir olmaq arzusunu bildirdi. Şah o saat buna razılaşdı. Bundan sonra dərviş yüz cildə girdi. Gah onun ürəyi getdi, gah uzandı yerə başladı ağrıdan qıvrılmağa, gah ağzından köpük gəldi, nə isə daha oyun qalmadı ki, çıxartmasın, axırda özünə gələndən sonra şaha dedi:

-Sənin oğlun sağ və salamatdır. Səni gözü götürməyənlərdən biri onu oğurlatdırıb gizlədib ki, gələcəkdə qaytarsın sənə və əvəzində bütün var-dövlətinə sahib olsun. Onu bir ifritə qarı ilə birgə taxıl zəmisində yerin altında gizlədblər. Gedin oradan uşağı gətirin.

Padşahın adamları gedirlər dərvişin dediyi qarının evinə. Dərviş Siranuşla birgə qurduqları fırıldağın izi açılmasın deyə, soraqlaşıb bir kar qarı tapmışdılar. Qarının səksən, səksən beş yaşı olardı. Özü də lal idi.

Qarı güclə başa düşdü ki, gələnlər onun zəmisinə getmək istəyirlər. Sevindi, elə bildi ki, zəmini biçə bilmədiyinə görə şahın adamları ona köməyə gəliblər. Durdu düşdü onların qabağına gəldilər zəmiyə. Biçilməmişdi deyə, zəminin taxılı adam boyundan hündür idi. Dərviş şahın adamlarını və qarını apardı düz zəminin ortasına. Həmin yerdə bir yeraltı yol var idi. Qarı bunu görən kimi gözü bərələ qaldı. Nə isə demək istədi. Amma heç kəs onu başa düşə bilmədi. Yeraltı yoldan keçib, yeraltı komaya girdilər. Nadir şahın oğlu burada idi. Körpə ağlayırdı, gələnləri görüb sakitləşdi. Qarı isə heç kəsə heç nə başa sala bilmədiyindən hikkəsindən öz saçlarını yolurdu. Uşağı tez çatdırdılar Nadir şaha, qarını isə saldılar zirzəmiyə.

Şah dərvişin istəyini yerinə yetirərək, onu özünə vəzir elədi. Qarıdan isə nə soruşdular, dili olmadığından danışa bilmədi. Şəh əmr etdi ki, qarını edam eləsinlər. Amma şahın xanımı ürəyi yumşaqlıqdan buna yol vermədi. O dedi:

-Şah sağ olsun, belə qoca qarını edam etdirmək sənin şahlığına hörmətsizlik gətirər. Həm də qarı sağ qalsa bəlkə sən gec-tez bu sirri öyrənə bildin. Özü də qarının üzü nurludur. Üzlərində nur olan adamlar pislik etməyə qadir deyillər.

Xanımın dediyi sözlər şahın beyninə batdı və o, bu fikrindən vaz keçdi.

Zirzəmidə günahsız qarının az qala ürəyi partlayırdı. Heç bir günah yiyəsi olmadan buraya gətirilməsi ona çox pis təsir etmişdi. Qarı çox həyəcan keçirdiyindən birdən onun dili açıldı. Keşikçiyə yalvardı ki, şaha xəbər verin, mənim dilim açılıb, olanları ona olduğu kimi danışmaq istəyirəm.

Keşikçi bu xəbəri əvvəlcə vəzirə dedi. Vəzir keşikçiyə qışqırdı:

-O ifritə elə əvvəlcədən danışa bilirdi, amma özünü vurmuşdu lallığa. Şahı buna görə narahat etmək lazım deyil. Mən özüm onunla məşğul olaram.

Vəzir üstündə sarı tikanları olan xüsusi otlar hazırladı ki, qarıya yedirtsin, qarının dili təzədən tutulsun, şaha heç nə deyə bilməsin. Onu keşikçi ilə qarıya göndərdi. Qarı həmin otları çoxdan tanıyırdı. Bilirdi ki, bu otlardan adamın ağzına dəyən kimi dili tutulur. Buna görə də qolundakı əyri-üyrü köhnə qızıl bilərziyi keşikçiyə verib dedi ki, vəzir soruşsa, deynən qarı otu yedi. Keşikçi rəhmdil adam idi. Qızılı götürmədi, amma bütün bunlardan bir şey anlamayan keşikçi qarının dediyini elədi. Həmin günün səhəri vəzir qarıya baş çəkdi, nə qədər qarını danışdırdısa da, qarı özünü lallığa qoydu. Arxayın çıxdı getdi.

Siranuşa isə tapşırılan bütün işləri o, layiqincə yerinə-yetirmişdi. Bircə şahzadəni öldürmək qalmışdı. Onu da vəzir tapşırmışdı ki, hələ vaxtı deyil, vaxt olanda özü deyəcək.

Şah vaxtının çoxunu oğlu ilə birlikdə keçirirdi. Vəzir isə təzə-təzə özünü şaha elə göstərmişdi ki, şah sarayda hamıdan ağıllı onu hesab edirdi.

Yaz fəsli gəlmişdi. Hər tərəf yamyaşıl gül-çiçək idi. Ölkənin hər yerində əziz bayram olan , Novruz bayramına hazırlaşırdılar. Hamı bir-biri ilə bayramlaşırdı. Böyük hökmdarlar arasında bayramlaşma dəb idi. Ərəbistan hökmdarından bayram sovqatı almış Nadir şah da ona gözəl bir bayram sovqatı hazırlayıb göndərməyi vəzirə tapşırdı. Vəzir belə fürsəti çoxdan gözləyirdi. Aranı qatıb, ortaya düşmənçilik salmağın əsil məqamı idi. O şaha «bəçeşm» deyib işini görməyə başladı.

Vəzir on xonçadan ibarət bir bayram sovqatı hazırladı. Xonçalardan birinin içərisi ləl-cavahiratla dolduruldu. O biri bayram xonçalarına gözəl naxışlarla bəzənmiş şəkərburalar, şirin dəstənələr, cürbəcür dadlı şirniyyatlar və çərəzlər tökdü. Hər xonçanın ortasına da yamyaşıl novruz səmənisi qoydu. Bütün xonçaların içərisinə isə qovurğaya oxşar qurd toxumu səpdi. Toxumlar çərəzin içərisində heç seçilmirdi.

Zirzəminin keşikçisi də orada idi. O, dəvələri yola salmağa kömək edirdi. Nəfsini saxlaya bilməyib, çərəzdən bir ovuc götürüb cibinə tökdü. Vəzir xonçaları şaha göstərdi. Şah onun qabiliyyətinə «əhsən» dedi. Şah çıxıb gedən kimi vəzir ləl—cəvahiratla dolu olan xonçanı götürüb gizlətdi. Dəvələr Ərəbistana yola düşdü. Düz ay yarımdan sonra onlar mənzil başına çatdılar.

Bayram sovqatı gətirdiklərinə görə qonaqları Böyük hökmdar özü qarşıladı. Bütün saray əhlini bir yerə yığıb, sovqatı açmağı əmr etdi. Sovqatların örtüyünü götürən xanım, gördüyündən dəhşətə gəldi. Ürəyi bulandığından şahdan izn istəyib, hüzurundan mürəxxəs oldu. Bundan sonra şah vəkilə sovqatları açmağı əmr etdi. Vəkil sovqatlara baxmadan onların hamısının örtüyünü üstlərindən götürdü. Saray əhli, başda şah olmaqla, dəhşətə gəldi. Xonçaların içərilərində yekə-yekə ətli qurdlar var idi. Yolda olduqları müddətdə vəzirin xonçalara tökdüyü toxumlardan eybəcər qurdlar əmələ gəlmiş və onlar yol boyu xonçadakı ədviyyatları yeyə-yeyə şişib eybəcər bir şəkil almışdılar. Xonçanı gətirən qonaqlar da bu işə mat-məətəl qalmışdılar. Onların qorxudan dili tutuldu. Heç nə danışa bilmədilər. Hökmdar əmr etdi ki, qonaqları qovsunlar. Çapar göndərib Nadir şaha isə xəbər göndərdi ki, ona müharibə elan edir və qoşunu elə günü sabahdan onun ölkəsinə hücuma keçmək üçün yola düşəcək.

İndi sizə kimdən deyim, kimdən xəbər verim, zirzəminin keşikçisindən. Keşikçi oğurladığı çərəzi yeyə-yeyə zirzəmiyə düşdü ki, dustaqlara baş çəksin. Gördü ki, qarı beli bükülü oturub, gözündən yaş tökür. Ona yazığı gəldi. Cibindəki çərəzin qalanını da ona verdi. Qarı çərəzi görən kimi gözləri bərələ qaldı. Keşikçidən soruşdu:

-Düzünü de görüm, çərəzi haradan götürmüsən?

Qarının bu sözündən keşikçinin xoşu gəlmədi, onu acıladı:

-Qarı nənə, özünə aid olmayan şeylərə burnunu soxursan, ona görə də bu yaşında səni tutub salıblar bura. Sənin nə işin var, mən bu çərəzi haradan götürmüşəm, heç sənin dişin də yoxdur. Sənə çərəz verirlər, ağzında fırlat sonra da ötür içəriyə. Yoxsa çərəzi haradan götürmüsən, niyə götürmüsən? Sənin nəyinə lazımdır, mən onu haradan götürmüşəm?

Qarını od götürmüşdü. Onun acı sözləri qarını daha da qızışdırdı:

-Sən çərəzlə birlikdə mənə zəhərli qurdun toxumunu da verirsən. Əgər özün də bu çərəzdən yemisənsə, tez elə qarnında qurdlar dirilməmiş yediklərini qus.

Bunu deyib, qarı çərəzin içərisindəki qurd toxumlarını keşikçiyə göstərdi. Sonra o, keşikçiyə dedi ki, tez soğan suyu içsin. Keşikçi qarı deyəni elədi. Keşikçinin qarnında nə var idi, hamısını qusdu. O, qarıya dedi:

-Qarı nənə, allah sənin yerini behişt eləsin. Sən məni ölümdən qurtardın. Çərəzi yeyəndən sonra özüm də hiss elədim ki, ürəyim bulanır, amma indi rahatlaşmışam.

Qarı dedi:

-Bu çərəzi kim sənə veribsə, düşmənçiliklə verib. Sən bunu məndən gizlətmə, açıq de, bu çərəz sənə haradandır?

Keşikçi heç nəyi gizlətmədən hər şeyi qarıya danışdı. Qarı keşikçiyə yalvardı:

-Başına dönüm, vəzirin xəbəri olmadan məni şahla görüşdür. Çünki sovqat göndərilən Ərəbistan hökmdarı bu sovqatı alan kimi bunu təhqir sayacaq və düşmənçiliyə başlayacaq. Heç nədən müharibə olacaq, qan töküləcək. Biz ikimiz səninlə bu qan-qadanın qarşısını almalıyıq. Ərəbistan hökmdarı kimi qüdrətli, dost hökmdar heç nədən düşmənə çevrilib, Nadir şahı və onun məmləkətini yerlə yeksan edə bilər.

Keşikçi əvvəl qorxdu ki, şah onun xonçadan oğurluq etdiyini bilsə, onu cəzalandırar. İstədi əvvəlcə razı olmasın. Amma qarı onu yaxşıca başa salandan sonra razılıq verdi.

Gecə vəzir yatandan sonra keşikçi şahın yanına gedib, bütün baş verənləri şaha danışdı. Əlindəki çərəzləri ona göstərdi. Şah fikrə getdi. Oğlu itəndə dərvişin onunla kəsdiyi şərt yadına düşdü. Amma tələsmək istəmədi. Çünki onun bildiyinə görə qarı onun oğlunu oğurlayan qarı idi.

Şah gizlincə Ərəbistan hökmdarının yanına çapar göndərdi. Məktub yazıb olanları böyük hökmdara bildirdi. Çaparı da işdən hali edib, onu gecə ilə Ərəbistana yola saldı.

Heç yerdə dincəlmədən hər iki ölkənin qüdrətli hökmdarlarının çaparları yolda, isti səhrada rastlaşdılar. Bir-birindən hal-əhval tutandan sonra hər ikisinə səfərlərinin məqsədi aydın oldu. Hər ikisi dostcasına biri-birindən ayrılıb, hərə öz yoluna davam etdi.

İki günlük yol qalmışdı ki, Nadir şahın çaparı Ərəbistana çatsın, gördü ki, Ərəbistan şahının özü də başda olmaqla, qoşunları üz tutub Nadir şahın məmləkətinə. Çapar olanları hökmdara danışıb, Nadir şahın təəssüflə yazdığı naməni ona verdi.

Ərəbistan şahı naməni oxuyan kimi, qaralmış rəngi açıldı. Qurdlu bayram sovqatını alarkən hökmdar elə bilirdi ki, bununla Nadir şah onu ələ salmaq istəyib. İndi isə onun fikri tamam dəyişdi. O qoşuna əmr etdi ki, geri qayıtsın. Özü də Nadir şahın naməsinə dost cavabı yazdı.

Bununla da iki böyük dövlət arasında qanlı müharibənin başlanmamağına beli bükülmüş bir qarı kömək elədi.

Gəlin indi qayıdaq, Nadir şayın sarına. Nadir şah vəzirin hərəkətlərinə özü göz qoymağa başladı. O, bütün günü yatağından qalxmadı ki, vəzir sərbəst istədiyini edə bilsin. Vəzirə də tapşırdı ki, o, neçə gün xəstə olsa taxtda onun yerində otursun.

İkinci gün isə tezdən, vəzir yuxudan durmamış gəldi girdi taxtın yanındakı sandıqda gizləndi ki, vəzirin bütün etdiklərindən xəbərdar olsun. Özü də xanımını və keşikçini işdən hali etdi ki, ayıq olsunlar.

Sübh tezdən vəzir namə yazdı və çaparla öz məmləkətinə, bir erməni keşişinə göndərdi. Sonra isə Siranuşu yanına çağırtdırıb ona dedi:

-Mən bütün işləri görüb qurtardım. Uzağı on beş günə Ərəbistan məmləkətinin qoşunları bizim zəhləmiz gedən bu məmləkəti yerlə-yeksan edəcəklər. Sən get hazırlaş, gecə ilə çıxaq yola, yola düşməmişdən qabaq mən Nadir şahı yatdığı yerdə xəncərdən keçirərəm. Sən də onun xanımı yatdığı yerdə xəncəri soxarsan qarnına və oğlunu da götürərsən . Biz onu söz verdiyimiz kimi öz hökmdarımıza çatdırmalıyıq.

Siranuş hiyləgərcəsinə qımışdı:

-Bəs heç demirsən, xanımın qızıllarını, gümüşlərini də götürərsən.

Vəzir hirsləndi:

-İndi bunun vaxtı deyil, tələsmək lazımdır. Ərəblər gəlsə bizi də onlara qatıb, qıracaqlar.

Onlar dərhal hazırlıq işləri görməyə başladılar.

Çapar vəzirin adamı idi. Keşikçi heç aman vermədi ki, çapar ata minsin. Tez onun başının üstünü kəsdirib, başından bir əmud vurdu, özünü də tulladı zindana. Əlindən də naməsini alıb oxudu. Namədə qısa yazılmışdı ki, naməni hökmdara çatdırsın və ona bildirsin ki, bütün işlər görülüb, bu yaxınlarda Nadir şahın məmləkəti darmadağın olacaq.

Vəzir taxtdan düşüb getdi hazırlıq işləri görsün. Bu vaxt şah gizləndiyi yerdən çıxıb, getdi girdi yatağına. Gecə düşmüşdü. Vəzir və Siranuş gizlincə yola çıxmağa hazırlaşırdılar.

Şah xanımını da götürdü ki, biz bu gecə bağda, təmiz havada yatmaq istəyirik. Körpəni də sarayda qoydular. Körpəni tapşırdılar bir cavan kənizə. O da bilə-bilə uşağı tək qoydu, getdi başqa bir otağa. Orada güya qaravaşla başladı deyib gülməyə. Vəzir və Siranuş üçün bundan yaxşı fürsət olmazdı. Onlar tez beşikdən uşağı götürüb qaçdılar tövləyə. Yəhərlədikləri atlara minən kimi hərə öz atına möhkəm qamçı vurdu. Atlar götürüldü. Bu vaxt onlar atlarla birlikdə guppultu ilə onlar üçün qazılmış və üstü qamışlarla örtülmüş dərin xəndəyə düşdülər. Bağırtıları bütün saray əhlini oyatdı. Vəzir gördü ki, körpənin heç səsi çıxmır, elə bildilər ölüb. Baxdılar, gördülər ki, bu körpə deyil, uşağa oxşar gəlincikdir. Başa düşdülər ki, onlara qurğu qurublar. İkisi də ağlayıb, yalvarmağa başladılar.

Hər iki xaini gətirdilər hamının gözü qabağında dar ağacından asdılar. Nadir şah hücum edib qoşunu ilə onların məmləkətini darmadağın etdi. Xainlər öz cəzalarına çatdılar. İçlərində olan paxıllıq, kin-küdurət onları məhv etdi.

Nadir şah qarını zindandan azad elətdirib, onu ağbirçək kimi sarayda öz yanında saxladı. Şah qarının şərəfinə böyük ziyafət verdirdi. Həmin ziyafətdə mən də var idim. Qarı nənə məni o qədər güldürdü ki, qəşş eləyib huşumu itirdim. Bir də ayıldım ki, nağıl qurtarıb. Amma heç kəs dağılışıb evinə getməyib. Hamı məni gözləyirdi ki, mən ayılım deyim «nağılımız da qurtardı»