Qarışqa qardaşlar

Qarışqa qardaşlar

(Nağıl)

Biri var idi, biri yox idi, keçmiş zamanlarda bir odunçu Əhməd var idi. Neçə illərdi evləndiyinə baxmayaraq, onun övladı olmurdu. Əhməd kişi yaşa dolduqca odun yığmaqda çətinlik çəkir, onda övlad istəyi daha da çoxalırdı. Həmişə fikirləşirdi ki, kaş üç oğlum olaydı, mən qocalanda mənə kömək edəydilər. Arvadı da neçə illər övlad gözləyəndən sonra daha ümidini üzmüşdü.

Bir gün odunçu Əhməd meşəyə odun qırmağa gedəndə görür ki, odunların arasında üç dənə ağ rəngli qarışqa var, o biri qara qarışqalardan çox cəld işləyirlər. Odunçu yorulduğundan oturub dincini ala-ala bir xeyli bu qarışqaların yuvalarına necə yem daşıdıqlarına baxır. Onların işgüzarlığından çox xoşu gəlir. Ürəyində fikirləşir ki, bunlar kaş ki, mənim oğlanlarım olaydılar. Dərindən bir ah çəkib ayağa qalxır.

Odunçu Əhməd yığdığı odunları eşşəyə yükləyib gətirir kəndə. Odunlardan bir qucaq aparır evə ki, sobada yandırsın. Elə istəyir ki, odunlardan birini sobaya atıb yandırsın, görür meşədə gördüyü üç ağ qarışqanın üçü də odunun üstündədir. Qarışqaların üçünü də ehmallıca götürüb qoyur qırağa və arvadına deyir:

-Ay arvad, az qala oğlanlarımızı atıb sobada yandırmışdım. Yaxşı ki, gözüm gördü. Deyəsən çox qocalmamışam.

Arvadı əvvəl elə bildi ki, ərinin başı havalanıb. Sonra fikir verib gördü ki, yox, əri sağ-salamatdır. Fikirləşdi ki, yəqin kişi onunla zarafat edir. Üstünü vurmadı.

Ər-arvad gecəni yatdılar. Səhərisi gün yuxudan duranda arvad gördü ki, həyətdəki odunların hamısı səliqə ilə doğranıb, üst-üstə yığılıb bir tərəfə. Arvad bu işə məətəl qaldı. Hələ neçə illərdi ki, odunçu ilə bir yerdə yaşayırdılar, heç vaxt odunçu gecə vaxtı durub odun doğramamışdı. Arvad yəqin elədi ki, kişisinin başına hava gəlib. Heç ərini yuxudan oyatmamış getdi kəndin yuxarı başında yaşayan falçı Muxtarın yanına ki, görsün kişinin başına nə olub.

Falçı odunçu Əhmədin arvadını yaxşı tanıyırdı. Odunçunun arvadı neçə dəfə falçının yanına gəlmişdi ki, bax falımıza gör bizim nə vaxt uşağımız olacaq. Hər dəfə də falçı onu ümidsiz yola salaraq demişdi ki, sizin evinizdə uşaq görünmür. İndi isə arvadı görən kimi yəqin elədi ki, yəqin yazıq yenə ondan ötəri təşrif buyurub. Amma ona qulaq asandan sonra bildi ki, odunçu xəstələnib arvad ona görə gəlib.

Falçı fal dəstgahlarını gətirdi, fal açdı, gördü ki, evdə qarmaqarışıqlıq salan odunçunun üç oğludur. Əvvəlcə arvada heç nə demədi, dedi bəlkə fal səhv göstərir. Bir neçə dəfə fal açandan sonra arvadın üstünə çığırıb dedi:

-Ay arvad, neçə illərdir ki, mən əziyyət çəkib fal açıram, sizin falınıza baxıram ki, sizin nə vaxt övladınız olacaq, bəs sən niyə dalbadal üç oğlun ola-ola, məndən gizlədirsən? Heç səndən gözləməzdim. Dur çıx get, mən sənin falına baxa bilmərəm.

Arvad gözlərinin bərəldə-bərəldə dedi:

-Ay kişi,öz başıva hava gəlib? Mən neçə illərdir bircə övlad deyib, dad deyirəm. Sən də məni ələ salırsan ki, mənim üç oğlum var? Ayıb olsun sənə. Sənin falın-zadın mənə lazım deyil.

Bunu deyib odunçunun arvadı çıxdı gəldi evlərinə. Evə gəlib gördü ki, kişi oturub həyətdə onun yolunu gözləyir. Arvadını görən kimi odunçu ona odunları doğradığına görə «sağ ol» dedi.

Burada arvad dözməyib özündən çıxdı:

-Ay kişi,sən də məni ələ salırsan? Falçı Muxtar oradan deyir sənin üç oğlun olub gizlədirsən, sən də bu yandan belə deyirsən. Siz sözləşmisiz ki, məni oynadasınız?

Arvad hirsləndi, ağlaya-ağlaya yığışıb getdi atası evinə. Odunçu isə gözlərini döyə-döyə heç nə başa düşmədən, yollandı yenə meşə yoluna odun yığmağa. Meşə yolu uzaqdı deyən, odunçu çatan kimi, həmişə bir az yemək yeyirdi və gözünün acısını bir az alandan sonra başlayırdı odun qırmağa. Bu dəfə də o belə etdi.

Odunçu Əhməd azca yuxuya getmişdi ki, dursun odununu yığsın, gözünü açıb gördü ki, bir adam boyu boyda beş yerə odun yığılıb, bağlanıb qoyulub. Əvvəl fikirləşdi ki, yəqin bu başqa bir adamındır. Amma nə qədər hayladısa da heç kəsdən səs çıxmadı. Sonra gördü ki, odunlar hamısı onun ipi ilə bağlanıb. Başa düşdü ki, burada nəsə bir sirr var.

Ürəyindən keçdi ki, yəqin allah da görür qocalmışam, odun yığmaqda çətinlik çəkirəm, mənə kömək etməkdən ötrü möcüzə yaradır. Odunçu dizi

üstündə oturdu, əllərini göyə qaldırıb allaha dua etməyə başladı.

Allaha minnətdarlığını bildirəndən sonra odunları yüklədi arabaya düzəldi yoluna. Gəldi evə gördü yeməyə heç bir şey yoxdur. Heç su da yoxdu ki, samovarı qaynatsın. Durdu getdi bulaqdan su gətirsin. Suyu gətirib evə qoyanda gördü ki, evdən elə dadlı yemək iyi gəlir ki, ağzının suyu axdı. Elə bildi ki, arvadı qayıdıb gəlib, sevindi. Amma hər yeri axtardı, arvadını tapa bilmədi, fikirləşdi ki, yəqin arvad yeməyi qoyub çıxıb gedib. Yeməyini yedi, getdi qayınatasıgilə ki, arvadını yığışdırıb gətirsin. Gəldi onlara. Odunçu arvadını görən kimi dedi:

-Çox sağ ol, arvad dadlı yemək bişirmişdin.

Bu sözdən sonra arvad yəqin elədi ki, kişisinin başına doğrudan da hava gəlib, durub sakitcə qoşuldu ona, gəldi evinə.

Odunçu Əhməd ertədən durub getdi bazara odunları satıb, sevincək qayıtdı evlərinə. O bəlkə bu qədər odunu bir aya yığmalıydı ki, bu qədər onun pulu olaydı. Odunçu bazardan çoxlu bazarlıq da eləmişdi, bununla belə həmin puldan çoxlu da qalmışdı.

Bundan sonra hər gün odunçu meşəyə odun yığmağa gedir və çoxlu odunla qayıdırdı. O, evindəki qarışqaları da qoruyurdu. Başa düşürdü ki, bu ağ qarışqalar onun evinə xeyir-bərəkət gətiriblər. Hətta odunçu onlara sobanın yanında yuva da düzəltmiş, yeməkləri üçün yem də qoymuşdu.

Bəzən arvadı görməyəndə onlara dərdini də danışırdı. Arvadından qorxurdu ki, deyər ərimin başına hava gəlib, qarışqalarla söhbət edir.

Bu minvalla bir müddət keçdi, artıq odunçu odun sata-sata varlanmağa başlamışdı. Özünə dəbdəbəli ev də tikdirmişdi. Xeyli qızıl-gümüş almışdı. Kasıb-küsuba əl tutmağa başlamışdı.

Amma heç kəs inanmırdı ki, odunçu odun yığmaqla varlanır. Bu xəbər şaha da gedib çatdı. Acgöz şah odunçudan nə isə qoparmaq məqsədilə onu çağırdı yanına və dedi:

-Əhməd kişi, sən yəqin quldurluqla məşğulsan ki, az bir vatda belə varlanmısan. Boynuna alsan, biz sənə dəymərik. Gətir var-dövlətinin hamısını xoşluqla ver xəzinəyə.

Odunçu and-aman elədi:

-Şah sağ olsun, mən hələ bu günəcən haram nə olduğunu bilməmişəm, İndi bu qoca vaxtımda durub quldurluqla məşğul olacağam? Bu heç mənə yaraşmaz.

Onun sözünə qulaq asan olmadı ki, olmadı. Tutub onu saldılar zindana. Sonra isə şahın adamları getdilər onun evinə. Odunçunun evində nə qiymətli şey vardısa, yığışdırıb gətirdilər şahın xəzinəsinə.

Əhməd kişinin arvadı gecə səhərə qədər ərini gözlədi, amma kişi gəlib çıxmadı ki, çıxmadı. Tezdən durub çadrasını saldı başına ki, gedib ərini axtarsın. Qarışqalardan biri atlanıb çadranın qırağından yapışdı və arvadla birlikdə saraya getdi. Onu heç sarayın qapısından içəri qoymadılar ki, sən quldur arvadısan. Arvad biləndə ki, qoca ərini zindana salıblar, vay-şivən qopartdı. Amma heç kəs harayına çatmadı.

Günorta isə padşahın adamları gəlib odunçunun evində nə qiymətli şey vardısa, hamısını aparıb qoydular şahın xəzinəsinə.

Həmin günün səhəri şah azarladı. O çox qəribə dərdə düçar olmuşdu. Dediyinə görə, hər iki qulağının içində elə bil bütün günü tütək çalırdılar.

Amma çox adam şahın dediyinə inanmır, elə bilirdilər onun başına hava gəlib. Şahı isə qulaqlarındakı tütək səsi günü-gündən bezikdirirdi. O az qalırdı ki, dəli olsun. Nə qədər təbib, loğman gətirmişdilər, xəstəliyə çarə olmamışdı.

Şah camaat arasında car çəkdirmişdi ki , hər kim onun dərdinə əlac eləyərsə, onun bütün istəklərini yerinə yetirəcək. Amma hər kim gəlib şahı nahaqdan narahat etsə və onu sağalda bilməsə, boynu vurulacaq.

Düz dörd gün idi ki, şah azara tutulmuşdu. Bu vaxt ərzində artıq iki təbibin boynu vurulmuşdu. Dərdə isə çarə tapılmırdı ki, tapılmırdı. Daha heç kəs şahı sağaltmağa cürət etmirdi.

Şah fikirləşdi ki, bir neçə gün də belə getsə, o dəli olacaq. Sarayda hamıya tapşırdı ki, əgər onun dərdinə çarə olunmazsa, gündə bir saray adamının başı vurulacaq. Ta ki, vəzirdən tutmuş, nökərlərə qədər. Bütün saray əhli əl-ayağa düşdü.

Şah əyan etdi ki, birinci növbə vəzirindir. Vəzir qorxudan sap-sarı oldu. Amma yaman çoxbilmiş vəzir idi. O, tez qaçdı falçının yanına. Falçı Muxtar fal açan kimi gördü ki, bu xəstəliyin çarəsi kəndin Əhməd adlı odunçusunun oğlanlarındadır. Onlardan başqa bu xəstəliyi heç kəs sağalda bilməz. Vəzir o saat başa düşdü ki, bu həmin zirzəmidəki odunçudur. Soruşdu:

-Sən fala düzgün bax. Odunçu Əhmədin heç vaxt uşağı olmayıb.

Falçı hirsləndi:

-Mənim falım belə göstərir. İanmırsınız, gedin başqa falçının yanına.

Bunu deyib, boğçasını bükdü.

Vəzir getdi düz şahın hüzuruna. Əhvalatı şaha danışdı. Şah lap hirslənmişdi. O, vəzirə vaxt verdi ki, sabaha qədər mənə çarə tapmasan, başın cəlladın əlində olacaq.

Vəzir çox qorxaq idi. Tez qaça-qaça gəldi odunçu Əhmədin yanına. Nə qədər dil tökdüsə də, odunçunu dilə tuta bilmədi ki, oğlanları olduğunu boynuna alsın. Başladı ona işgəncə verdirməyə. Onun da köməyi olmadı. Axırda əlacı kəsildi, şirin dilini işə saldı. Odunçuya söz verdi ki, şah onun var-dövlətini elə günü sabah qaytaracaq. Odunçunu evinə buraxdı, amma bir şərtlə ki, onun oğlanları sabaha qədər şahı sağaltsınlar. Odunçu gördü ki, heç vəchlə vəzirdən yaxasını qurtara bilməyəcək, canını zindandan qurtarmaq üçün vəzirin şərti ilə razılaşdı.

Zindandan qurtaran odunçu bikef-bikef gəldi evə. Arvadı onun gəlişinə çox sevindi. Odunçu başına gələnləri danışandan sonra arvad nəfəsi kəsilə-kəsilə dedi:

-Bizim oğlanlarımız olduğunu falçı Muxtar mənə də demişdi. Amma mən qorxudan sənə demədim ki, sənin acığın tutar. Yəqin burda doğrudan da bir sirr var.

Odunçu çox yorğun olduğundan elə sobanın yanındaca uzandı ki, yuxulasın. Gördü ki, ağ qarışqalardan ikisi yoxdur, biri də dayanıb düz ona baxır. Yadına düşdü ki, axı, o yatmamışdan qabaq həmişə qarışqalarla söhbət edərdi, onlara dərdini danışardı. Durub oturdu, odunların arasından o biri qarışqaları axtardı tapa bilmədi və dərdini tək qalmış qarışqaya danışmağa başladı. Odunçu gördü ki, tək qarışqa ona qulaq asandan sonra qapının arasından tələsə-tələsə hara isə getdi. Odunçu bundan şübhələndi. Durdu, düşdü qarışqanın dalına. Güddü qarışqanı, gördü ki, qarışqa düz saraya tərəf gedir. Qarışqa saray qapısının arasından içəri keçdi. Odunçu sarayın qapısında gözlədi. Bir azdan həmin qapıdan qarışqaların üçü də çıxıb odunçugilin evinə tərəf getməyə başladılar. Odunçu onlardan qabaq qaça-qaça getdi girdi yatağına ki, güya çoxdannan yatıb. Qarışqalar gəldilər, həmişəki yerlərində odunların altında, yuvalarında oturdular. Onlar elə bildilər ki, odunçu yatıb, başladılar insan kimi danışmağa. Onların içərisində ən böyük qarışqa dedi:

- Biz şahın qulağından çıxdıq, əgər onlar gətirib atamızın var-dövlətini yerinə qoymasalar, biz sabah onun yenə də qulağına girərik. Amma vay onun halına. Bu dəfə biz orada tütək yox, qaval çalacayıq, onda onlar görərlər ki, başqasının var-dövlətinə göz dikməyin axırı necə olur.

Sabahısı günü hər yana xəbər çatdı ki, vəzir şahı sağaldıb. Amma nə cür sağaldıb, onu heç kəs bilmədi. Vəzir isə şahı inandırmışdı ki, onu təkcə özü sağaldıb. Şah da vəzirə çoxlu hədiyyə vermişdi.

Elə ki, odunçu eşitdi, şah sağalıb, gəldi onun hüzuruna, mal-dövlətini yığışdırıb aparsın. Vəzirin tapşırığı ilə onu sarayın qapısından qovdular. Odunçu gedib sakitcə evində oturdu.

Ertəsi gün aləmə yayıldı ki, şah ondan da betər dərdə mübtəla olub. İndi şahın qulağına qaval səsi gəlir. Vəzir əlimyandıda odunçunu axtarmağa getdi. Nə illah elədi, odunçu onun sözünü eşitmədi. Axırda əlacsız qaldı, odunçudan nə götürmüşdülər, qaytarıb gətirdilər, qoydular yerinə. Ondan sonra odunçu söz verdi ki, mən səhər şahı sağaldaram.

Axşam yenə odunçu getdi evinə. Əhvalatı tək qarışqaya danışdı. Qarışqa bunu eşidən kimi, götürüldü şahın sarayına. Əvvəlki kimi, qayıdanda üçü də birlikdə qayıtdı. Odunçu daha buna dözmədi. Sirri öyrənmək qərarına gəldi. Biclik işlətdi. Qarışqaların üçünü də qoydu odunun üstünə ki, güya odunları sobaya atmaq istəyir. Bu vaxt qarışqaların üçü də insan kimi dil açıb danışmağa başladılar və dedilər:

-Biz səni özümüzə ata bilmişik. Bizi yandırma, yalvarırıq sənə.

Odunçu Əhməd onları yerə qoydu və dedi:

-Mənim qarışqalarım, heç mən sizi yandıraram? Siz mənə doğmasınız. Mən sizin bəzi sirlərinizi bilirəm, amma çoxunu bilmirəm. Mən istəyirəm ki, siz heç nəyi məndən gizlətməyəsiniz.

Qarışqalardan ən böyüyü danışmağa başladı:

-Biz hərəmiz bir külfətin uşağıyıq. Biz anadan olan kimi, balası olmayan tilsimkar qarışqa bizi əfsunlayıb, qarışqaya döndərib, aparıb öz yuvasına. Biz də böyüyüb onun balaları kimi onun üçün işləyirdik. Biz insan övladı olduğumuz üçün güclü idik və bütün qarışqalardan çox iş görürdük. Sən odun yaranda tilsimkar qarışqanı ortadan iki yerə böldün və bizim də canımız onun əlindən qurtardı. Amma onun tilsim dolu yuvası dağılmadığından, biz adam ola bilmirik.

Odunçu qarışqalarla səhərə qədər söhbət elədi. O, başa düşdü ki, odunu tez bir vaxtda yığıb doğrayan da bu sehrli qarışqalar olub. Onun dövlətli olmasına da onlar səbəb olublar. Şahın qulağında tütək və qaval çalan da ortancıl qarışqa ilə kiçik qarışqa olub.

Odunçu qərara gəldi ki, gecikmək olmaz, elə günü sabah o meşəyə getməli, tilsimkar qarışqanın yuvasını tapıb darmadağın etməlidir. Oğlanlar tilsimdən qurtarmalıdırlar. Fikrini qarışqalara deyəndə onlar odunçunu sakitləşdirib dedilər:

-Yox, camaatı belə ədalətsiz şahın ümidinə qoymaq olmaz. Biz nə qədər ki, balacayıq, bizi görmürlər, şahla vəziri taxtı-tacdan uzaqlaşdırmalıyıq. Sən biz deyənə qulaq as, dalısı ilə işin yoxdur.

Səhər oldu, qarışqalar getdilər meşəyə. Oradakı qarışqalarla nə danışdılarsa, minə qədər qarışqa gecə ilə gəldilər şahın sarayına. Şah və vəzir yatmış yerdə yarısı girdi şahın qarnına, yarısı da vəzirin qarnına. Səhər ertə şahla vəzir yuxudan duranda gördülər ki, qarınları elə şişib ki, az qalır partlasın. Özü də qarınlarında bir burulğan var ki, gəl görəsən. Onların qarınlarında qarışqalar bütün günü qaynaşırdılar.

Şah boğula-boğula yenə də təbib soraqladı. Dərdlərinə çarə tapmayıb, yenə də odunçunun yanına adam göndərdilər. Qarışqalar isə odunçunu öyrətmişdilər ki, desin ya şahla vəzir taxt-tacdan əl çəkməlidirlər , ya da üç günə partlayıb ölməlidirlər. Bunu eşidən şah əmr etdi ki, odunçunun boynunu vursunlar. Vəzir isə fısıldaya-fısıldaya dedi:

-Şah sağ olsun, bizim dərdimizə əlac eləsə-eləsə, yalnız odunçu edə bilər. Onu da edam etsək bəs bizi bu bəladan kim xilas edəcək?

Vəzirin sözləri şahın ağlına batdı. Şah edam fikrindən döndü. Odunçunu təklikdə yanına çağırıb ona bütün xəzinəni verməyi təklif etdi. Təki odunçu şahı bu bəladan qurtarsın.

Odunçu isə dediyinin üstündə durmuşdu. Şahın əmri ilə onu zindana atdılar. Qarışqalar gecə ilə zindanbaşının açarlarını oğurlayıb odunçunu xilas etdilər və onu meşəyə apardılar. Odunçu elə meşədə ikən tapıb tilsimkar qarışqanın yuvasını darmadağın etdi. Çevrilib arxaya qarışqalara baxanda gördü ki, qarışqaların yerində üç yeniyetmə, boylu-buxunlu oğlan dayanıb. Onlar odunçuya ata deyib, onun boynuna sarıldılar. Oğlanlar odunçunu bir mağarada gizlətdilər. Özləri də getdilər şəhərə ki, görsünlər şahdan və vəzirdən nə xəbər var.

Təzəcə şəhərə çatmışdılar, eşitdilər ki, şahla vəzir lap az qalır ki, partlasınlar. Heç nə yeyə bilmirlər. Qarınlarına bir içim su da gedən kimi qarınlarındakı ac qarışqalar onun üstündə bir dava, şivən qoparırlar ki, qarınları az qalır partlasın. Onlar da qorxudan heç nə yeyib, içmirlər.

Vəzir görür iş lap pis yerə çatıb, şaha deyir:

-Şah sağ olsun, gəl biz odunçunu aldadaq ki, taxtı-tacdan əl çəkirik. O, bizi sağaldan kimi, biz də onu tez tutub edam edərik.

Şah onun sözü ilə razılaşır:

-Düz deyirsən vəzir, sən çox ağıllısan. Biz gərək bu dəfə sağalan kimi odunçunun başını üzək. O, sağ qalsa, bizim başımıza çox oyun açacaq.

Şah əmr etdi ki, zindandan odunçunu gətirsinlər. Şaha odunçunun zindandan qaçdığını xəbər verdilər. Nə qədər axtardılarsa, odunçunu tapa bilmədilər. Axırda şahın əlacı kəsildi, bütün hər yana car çəkdirdi ki, bu gündən odunçu Əhməd şahdır. Bundan sonra odunçunun oğlanları tez qaçıb müjdə xəbəri odunçuya dedilər və onu saraya gətirirlər.

Camaat şahın və vəzirin zülmündən cana doymuşdu. Onlar təzə şahın xəbərini eşidən kimi meydana toplaşdılar və odunçu Əhmədi təntənə ilə taxta yola saldılar.

Şahla vəziri apardılar şəhərdən uzaq, köhnə bir daxmada yerləşdirdilər. Sonra isə onların hər ikisinə bir piyalə soğan suyu içirtdilər. Şahla vəzir qarınlarında nə qədər ki, qarışqa var idi, hamısını qusdular yerə. Elə o saat da sakitləşdilər. İstədilər durub saraya qaçıb, şahlığa yiyə dursunlar. Oğlanlar onların hərəsinə bir yumruq ilişdirəndən sonra, şahla vəzir ağlaya-ağlaya yerlərində oturdular. a

Odunçu Əhməd isə ağıllı oğlanlarının köməyi ilə rəiyyətə çox ədalətlə şahlıq etdi.

Nağılımız da burada qurtardı. Göydən üç alma düşdü. İstədik almaları götürüb bölüşdürək, şahın görməmiş oğlanları qarışqa libasını geyinib onları bizdən qabaq elə götürüb qaçdılar ki, bizim heç xəbərimiz də olmadı. Bir də gördük yerdə almaların çəyirdəkləri qalıb. Biz də yalandan güldük, dedik «nuş olsun». Başqa bir söz deyə də bilməzdik, birdən minlərlə qarışqanı tökərdilər qarnımıza, onda neylərdik? Bizim də bircə əlacımız qaldı deyək ki, «nuş olsun».