Rəşadətlə boz ilanın nağılı

Rəşadətlə boz ilanın nağılı

(Nağıl)

          Biri vardı, biri yoxdu, keçmiş əyyamda  Piri baba deyilən bir ağsaqqal qoca vardı. Piri baba çox yaxşı adam idi. Çətinə düşənə yol göstərər, ehtiyacı olana xeyirli məsləhət verərdi. Obada onu el ağsaqqalı sayardılar.
           Onun üç oğlu vardı. İki oğlu sözə baxan idi, kiçik oğlunun isə  söz eşitməklə heç arası yox idi. Böyüyk oğlanın adı  Mədət, ortancılın adı Cövdət, kiçiyinin isə  Rəşadət idi.  Piri baba bilmirdi kiçik oğluna hansı peşəni öyrətsin ki, O gələcəkdə öz ailəsini dolandıra  bilsin. Rəşadətə hansı elmi, sənəti  öyrətməyə başlayırdılar, həmin işi  yarımçıq qoyurdu ki, buna həvəsim yoxdur.
    Piri babanın çoxlu elmə aid kitabları var idi. Onun həm də sehrli kitabları var idi. Rəşadət yalnız sehrli kitabları  seçirdi,  ona maraqlı olanlarını oxuyurdı. Ən xoşladığı kitablarsa bitkilər və heyvanlarla ünsiyyət dili kitabları idi. Rəşadət vaxt tapan kimi həmin kitabları oxuyurdu. Az-az da olsa quşların dilini öyrənmişdi.
    Bir səhər piri baba yuxudan oyananda, görür ki, boğazı elə şişib, elə şişib ki, boğazından bir qurtum su da keçmir. Yaxında, uzaqda nə həkim var, gətirirlər bəlkə atalarına bir kömək edələr, heç birisindən bir kömək olmur.
Piri baba fikirləşir ki, yəqin son günlərini yaşayır. Balalarını yığır başına vəsiyyətini eləsin.         
    Atasının günü-gündən pisləşdiyini görən  Mədət atasının başı üstündə dayanıb quran, yasin, cürbəcür dini ayinlər oxumağa başlayyır.
    Ortancıl oğul Cövdət yaxşı dülgər işləri bildiyinə görə atasına dərin naxışları olan tabut düzəldir.
    Kiçik oğlan Rəşadət isə oturmuşdu xəstə atasının başı üstündə onun əl-ayağını ovxalıyırdı. Hər tərəf tam sakitlik olduğuna görə Rəşadət quşların səsini aydın eşidirdi. Birdən O, quşlara diqqətlə qulaq asanda  onların nə dediyini aydınca başa düşdü. Quşlardan biri o birinə dedi:  
    -Bacılı-bıcılı, bax o atasının ayağını ovxalayan oğlan var  ha, o istəsə atasının dərdinə çarə tapa bilər. O biri quş soruşdu:
    -Nə cür çarə tapa bilər, o kişi az qalır boğulub ölsün.
    -Yadında, on gün bundan qabaq bizim çaya sel gəlmişdi. Həmin sel qəfildən gəldiyindən çayın qıraqlarında olan çox heyvanlaar qaçmağa macal tapmamışdılar. Sel onların çoxunu aparmışdı. Bu gün mən sehrli boz ilandan eşitdim ki, kim onun sel vaxtında itmiş balasını çay daşlarının arasından axtarıb taparsa, həmin adam  nə əmr etsə onu da yerinə yetirəcək.
    Rəşadət quşların söhbətlərini eşidən kimi, tez qalxıb çaya qaçdı  ki, ilan balasını axtarıb, tapsın. Səhərdən axşama qədər axtardı. Amma nə faydası? Nə qədər axtardısa da, bala tapılmadı ki, tapılmadı.
          Əldən düşmüş oturub fikrə daldı. Götür-qoy eylədi. Birdən ağlına gəldi ki, əvvəla necə olub ki, ilan balası anasından ayrı düşüb? Buna özlüyündə cavab tapdı. Yəqin çaya sel gələndə  çay daşıb.  həmişə köhnə dəyirmanın yan-yörəsində dolaşan ilanların  da çoxusunu sel töküb çalaya. Yəqin boz ilanın balası da düşüb həmin çalaya çıxa bilmir. Rəşadət bunları özlüyündə fikirləşərək, endi çalaya. Həqiqətən də onun fikirləşdiyi kimi də olmuşdu. Çalada çoxlu ilan balaları var idi.   Çala çox dərin olduğundan hansı ilan bir az böyükdür, sürünüb çıxmışdı. Hansı ki, bir az gücsüzdür, çaladan çıxa bilməyib qalmışdı oradaca.        
    Aralarında balaca boz ilan bir dənə idi. Rəşadət ilanı ovcuna götürüb, tez dəyirmanın yanına apardı. Boz ilan əvvəlcə elə bildi ki, onun balasını tutublar ki, öldürsünlər. Enli qulaqlarını qaldırıb, fısıldayaraq Rəşadətin üstünə gəldi. Rəşadət tez ilanın balasını yerə qoydu. İlan balasını yalayaraq, fısıltı ilə ondan soruşdu ki, bu adam səni incitməyib ki? İlan balası dedi, əksinə o məni çaladan çıxardıb.
         Bütün bunları ilanlar fısıldaya-fısıldaya bir-birlərinə desələr də Rəşadət onların danışığını az da olsa başa düşürdü.
    Boz ilan bu vaxt adam dilində dil açıb Rəşadətdən soruşdu:
    -Sən mənim yeganə balamı tapıb mənə gətirmisən. Buna görə mən sənə yaxşılıq etməliyəm. Özün de görüm var-dövlətdən nə  arzulayırsan. Sən nə əmr etsən,  mən onu yerinə-yetirməyə razıyam.  
    Rəşadət elə istəyirdi ki, ilan bunu ondan soruşsun. Ona görə də tez dilləndi:
    -Üç gündür ki, mənim dünyada ən çox sevdiyim atam ağır xəstələnib. Biz ona heç yerdən əlac tapa bilmirik. Mən istəyirəm sən mənim xəstə atamı sağaldasan. Mənim səndən istəyim ancaq budur.
    İlan oğlanı yoxlamaq məqsədilə dedi:
     -Sən necə avam oğlansan. Başqası sənin yerində olsaydı, deyərdi var dövlət istəyirəm, taxt-tac istəyirəm, sən isə qoca atanı sağaltmağı hər şeydən vacib bilirsən. Bəlkə bir az fikirləşəsən.
    Rəşadət fikirləşmədən cavab verdi:
    Mənim üçün dünyada ən müqəddəs şey  atamdır. Bundan əziz mən heç nə görmürəm. Atamı sağalda bilsən özümün nə qədər qızıl-gümüşüm var, verəcəyəm sənə.    
          Boz ilanın  cavanın dediklərindən çox xoşu gəldi. Yola düşüb onunla bərabər atasının yanına gəldi. O vaxt yetişdilər ki. Artıq qoca can verirdi. Boz ilan sarıldı qocanın boğazına, başladı onu bərkdən sıxmağa. Birdən qocanın boğazından bir sarı guppultu ilə yerə düşdü. Boz ilan əmr etdi ki, onu tez öldürsünlər. Rəşadət ilanın dediyi kimi də etdi. Əqrəb ölən kimi ağzından ağ zəhəri yerə töküldü. Boz ilan Rəşadətə dedi:
    Bu əqrəb çox eybəcər bir heyvandır. O yalnız qocaların boğazına girib onu öldürüncə orada qalır, öləndən sonra da, onun yavaş-yavaş ətini yeyir. Biz vaxtında özümüzü yetirməsəydik, indi atan yəqin ki, ölmüşdü.
    Rəşadət dediyi kimi bütün qızıllarını gətirib boz ilanın qabağına tökdü.  Boz ilandan xahiş etdi ki, qızılları hədiyyə kimi qəbul etsin.
    İlan Rəşadətin bu həəkətinə güldü və ondan xahiş etdi ki, qızıllara dəyməsin, əgər sabahısı gün gəlməsə onları Rəşadət özünə götürsün.
    Bir  gün keçdi, boz ilandan səs-səmir gəlmədi. Sabahısı gün qızıllara baxanda nəgörsələr yaxşıdır? Beş-altı qızıl olan yerdə yüzə qədər qızıl vardı.
    Piri baba oğlanları ilə bərabər bu qızıllardan çoxunu kasıb-kusuba payladılar. Qalan qızılları isə ömürlərinin axırına qədər xərcləyib qurtara bilmədilər. İndi mən də səfərə çıxmağa hazırlaşıram ki, gedim Piri babanın oğlanlarının yanına, bir az da qızıl mən alım. Gedim görüm əgər versələr, sizə də xəbər eləyərəm, siz də gedib özünüzə qızıl alarsınız.