Biz sizə söz veririk

                       
Bizimlə bir şəhərdə bir nənə yaşayır. Nəvələrinin sayı 10 deyil, 110 deyil, min yox, hətta milyondan çoxdu. Bu nənəni nağıllarından tanıyırıq. Kimdir o?
Bilməyənlər bilsin. Şirin, duzlu, məzəli nağıl boğçalı Gülzar nənə! Tanımayanlar da tanısın bu ağbirçək, cavan nənəni!
Nağıllarından təndir qoxusu gəlir. Hamını təndirin başına yığır. Nağıllarından təndir istisi gəlir. Hamı bu istiyə isinir, ləzzətlə təndir çörəyi yeyirlər, nağıla qulaq asırlar. Nağıllarından təndir tüstüsü gəlir, nağılın axırında təndirin tüstüsü pislik eləyənlərin gözünü acıdır, onları yaxşılardan ayırır, nağıllardan uzaqlaşdırır. 
Eşitməyənlər eşitsin! Bilməyənlər bilsn. Belədir bizim nənə!
Bəli, bu Gülzar nənədir. Nağılları ilə ədəbiyyatımızı şirinləşdirən yazıçı. Əlibala Hacızadə kitabına ön söz yazdığı Gülzar İbrahimova haqqında belə deyib: “Biz elə bilirdik nağıllar qurtarıb, keçmişdə qalıb. Gülzar İbrahimova bizi bir daha nağıllarımıza qaytardı!
Gülzar nənə adi nağıllar yazmır. O öz nağıllarında oxucusunu nağıllar dünyasına səyahətə aparır. Oxucu bu səyahətdən əliboş qayıtmır. O, sadə nağıl dili ilə ya dünya tarixini öyrədir, ya nəsihət edir, ya böyüyə hörmət öyrədir, ya vətəni sevdirir, ya güldürür, ya da əyləndirir.  
Nağıllarda nənənin dili o qədər sadədir ki, əsərin qəhrəmanları ilə bir anda dostlaşmaq olur. Və o oxucusunun ürəyində həmişəlik qalır. 
Yazıçı nənə bir Sehrli dünya qurub, oxucularını başına toplayıb. Oxucular sehrli nənənin sehrinə düşüblər. 
Gülzar nənənin nağıllarının içərisində kəpənəklər güllərin içərisində uçuşurlar. Nağılı oxuyanlar bu sehrli aləmdə çox xoşbəxtdirlər. Ona görə də nənələrini görəndə elə ürəkdən “Gülzar nənə” deyirlər, elə bil, yaxın doğmalarını çağırırlar. Çox vaxt balaca qollarını açıb Gülzar nənənin qucağına qaçırlar, qucaqlayırlar. 
Öz dediyinə görə uşaqların sevgisi sehrli nənənin qələminin rəngidir. Buna görə də yazdıqları rəngarəng alınır, göz oxşayır, sevilir. 
Gülzar nənə yaradıcılığında padşahlar var, şahların yerinə göz tikən xain vəzirlər var, xain vəzirləri ifşa edən ağıllı qəhrəmanlar var. Pislərlə mübarizə aparan yaxşılar var. Elə həmin yaxşılar da, yaxşılığı dünyaya yayırlar. Nağılçı nənənin şeirində deyildiyi kimi:
Nağıllarda uydurmalar, yalanlar var, hamı bilir,
Bəs nə səbəbdən görəsən nağılları hamı sevir...
Uşaqlıqdan eşitmişik, nənələrdən, babalardan,
Heç indi də biz doymuruq, nağıllardan, dastanlardan!
Dənizlər var nağıllarda, dəryalar var, aşıb-daşır,
Nağıllarda heyvan var ki, insan kimi dil danışır,
Bir fikir ver hər nağılda pislə-yaxşı qarşılaşır, 
Pisi məğlub etmək üçün yaxşı onunla savaşır. 
Nağıllarda şirinlik var, nağılları hamı xoşlar,
Ta qədimdən hər bir elin, öz sevdiyi nağılı var,
Qulaq assaq biz dünyaya, o bizə nağıl danışar, 
Bütün dünya, dünyadakı, yaxşılarla yaxşılaşar!

Gülzar nənənin nağıllarında baş verən hadisələrdə bir zaman qəribəliyi var. Yazıçı nənənin sanki zaman maşını var. O istədiyi hadisənin süjet xəttini istədiyi zamanda qura bilir. 
Baxmayaraq ki, İlham və Fərizə müasir dövrdə baş verib, Gülzar nənə onu keçmişə ataraq onlar haqda maraqlı bir nağıl yazıb. Bunu elə məharətlə, ustalıqla  edib ki, sanki qələmaltı deyib: “Baxın ha, tarix təkar olur. Unutmayaq ki, təkrar olmasın!”
Gündüzləri Günəş işığında gözəlliklərdən yazan Gülzar nənə, gecələr yatmır, düşmənlərlə internet savaşına girir. Bu savaşda da qəhrəman nənəmizin müəyyən uğurları var. Belə ki, ermənilər onun 200 səhifədən çox yazdıqlarını rus dilinə tərcumə edib saytlarında müzakirəyə qoyublar. Onlar deyir: Baxın bir babuşka Gülzar var, bizi çox tənqid edir. Türk uşaqlarına sübut etməyə çalışır ki, biz pisik, vəhşiyik. 
Gülzar İbrahimova internet vasitəsilə ermənilərə göndərdiyi Müraciətində yazıb:
(Müraciədən bir hissə)
Daxilinizdəki pis, qara qüvvələr özünüzü də məhvə aparır, başqalarını da. İçinizdəki şeytanlar get-gedə artıb sizə əzab verir, sizi yaşamağa qoymur.
Durun bir! Ətrafa baxın, qınayın müharibə arzusunda olanları. Nə bir sultan, nə bir şah özü ilə haqq dünyaya nə qızıl, nə də torpaq aparıb. Müharibələr sərhədləri dəyişə bilir, insanlığı yox. Uzaq və yaxın keçmişdə Nizamı Gəncəvi, Fizuli, Ovanes Tumanyan, Avetik İsahakyan, Şota Rustaveli dünya xalqları tərəfindən sevilib, indi də sevilir. Pislər isə yer üzündən silinib. İnsaniyyət yaşayıb, yaşayacaq! 
Müraciət OPEN ARMENİİ forumunun yüzlərlə iştirakçısı tərəfindən müzakirə edilib, cavablandırılıb. 
Hətta xain düşmənlər  Gülzar İbrahimovanın əsərlərindən nümunələri özlərinin tarixə saldıqları 500 səhifəlik   “Azərbaycanlılar və ermənilər” kitabına salıblar. Bütün bu yazılar erməni saytlarında var. Maraqlananlar sadəcə rus dilində Gülzar yazsalar, asanlıqla şahid olarlar. 
Həyatında iki müharibə görmüş vətənpərvər yazıçı yaradıcılığında Vətən mövzusuna böyük yer ayırıb. O yaza-yaza dərdli Vətəni ilə dərdləşib. Vətəni qorumaq üçün düşmənləri ilə savaşıb. Vətən yolunda şəhid olmuş şəhidləri bayatıları ilə əzizləyib:
Şuşa yolu bağlıdı, 
Dağ başı dumanlıdı,
İsa bulağı donub,
Suyu şəhid qanlıdı...
Başqa bir şerində şəhid anasına təsəlli verir:
Azərbaycan haqq yolda ola-ola, 
Mən qoymaram Vətənim darda qala!
Şəhid olsam , çox ağlama can, ana,
Ağlamaq yaraşmır, Azərbaycana!

Yazıçı və şairə xanım Vətənin Zəfəri ilə fəxr edir, sevinir, sevinci sətirlərdən oxucuya keçir. 
Haqq savaşında qazandıq biz ZƏFƏR,  Sevindrdi bizi hər igid əsgər! Azərbaycan, mənim əziz Vətənim!  Mübarəkdir, bu möhtəşəm ZƏFƏRİN!  
Şairə xanım Vətənini çox sevir, yazılarında həmişə Azərbaycanın gözəlliklərini paylaşır. 

Mənim gözəl Vətənim!
Azərbaycanım mənim!
Dünya böyük Cahanla,
Bir də Azərbaycanla,
Baxın, necə gözəldir,
Görün, necə gözəldir!..

Gülzar nənə heyvanların, quşların dilini bilməkdən savayı  cansız hesab elədiyimiz küləklə, yağışla, hətta buludla  danışır, dünyaya sevgisini buludla bölüşür:
Göydə uçan ağ Bulud,
Qanad açan ağ Bulud!
Yağ, bizi tut yağışa, 
Yağ, qayaya, yağ daşa,
Yağ, uşaqlar sevinsin,
Yağ, dünya təzələnsin!
Təmizlənsin Yer üzü,
Gülsün Günəşin özü! 
Biz də baxaq sevinək,
“Dunya gözəldir”, deyək!

Dənizi o qədər sevir ki, dənizdən çıxmır. Dənizə sevgisi nağıllarından bəllidir. Onun nağıllarında dəniz var, axar sular, şəlalələr var. Nənə bu saf sularda nağıllarını yuyur, saflaşdırır ürəyə daha da yaxınlaşdırır.  

Nənə nağıllarında pisləri danlayır, tənqid edir, bu səhv yoldan çəkindirir. Amma nənənin qələmi  bunu elə məharətlə edir ki, heç kəs ondan incimir. Əksinə hər kəs yazılanlardan nəticə çıxarmağa çalışır. Buna misal olaraq  “Gülzar nənənin sonuncu nağılı”nı misal çəkmək olar. Adı nağıl olsa belə, əvvəldən axıra qədər müdrik nəsihətidir. Sadəcə nağıl dilində - yəni sadə yazılıb. Bu nağıl da Youtube kanalında var. Hər kəs dinləyə bilər. 
Gülzar nənənin nağıllarını balalar çox sevir. Bunu araşdırmaq üçün heç bir komissiya da gərək deyil, sosial sorğuya da ehtiyac yoxdur. Sadəcə  Sehrli dünyanın Youtube səhifəsində milyonlarla izləmələrə və kitabxanalarda oxunmaqdan yararsız hala düşmüş kitablara baxmaq kifayətdir. 
Nağılçı Gülzar nənənin ürəyinin dərinliklərindən gələn həzin layla nağıla qulaq asıb yatan körpə balaların yuxusuna bal qatır. Nənə laylasında deyir: 

Yat, gözəl-göyçək balam, Gül balam, çiçək balam!  Mən layla deyim, sən yat, Yuxuna bal, şəkər qat!  Ay doğan kimi yat ki,  Yaxşı yuxu görəsən, Gecə bir buğda boyu,  Boy atıb böyüyəsən!   Yuxuda Ulduz pəri,  Sənə yuxu göstərsin, Qanadları üstündə, Göy səmada gəzdirsin.  Gözünü yum, yuxunda  Qanad açıb uçasan, Səhər Günəşlə birgə, Yuxudan oyanasan!  
Onun nağılları bəzən sakitləşdirir, bəzən güldürür, bəzən isə nifrətə çevrilib şər qüvvələri nağıldan qovur.  
Azərbaycanın sevilən yazıçı, dramaturqu Əlibala Hacızadə Gülzar nənə haqqında belə deyib: “Biz elə bilirdik, nağıllarımız Məlikməmmədlə, Cırtdanla qurtardı. Gülzar Nənə yenə bizi nağıllara qaytardı, nağıllarımızı aşdırdı, daşdırdı... ”.  
Nə sirrdirsə, Gülzar İbrahimova yaradıcılığında yaş həddi yoxdur. Nağılçı nənə qələmindən çıxmış bütün yazılar, həm böyükləri, həm də balacaları heyran edir. Elə bizim kitabxanada da eşidən kimi Gülzar nənənin “Sehrli dünya”sı gəldi, hamı bir-bir onu oxumalıdır. Hərçənd ki, jurnalın yaş həddi 5-12 yaş arasıdır. 
Onun böyüklər üçün yazdığı “Səndən yoxmuş” adlı mənsur şeirlər kitabı, həm cavanlar, həm də qocalar tərəfindən sevilir. Elə uşaq yazıları var ki, məsələn “Sirus və Virusun macəraları”, əsər 7 yaşından 13 yaşa qədər uşaqlar tərəfindən oxunur. Baxmayaraq ki kitab 250 səhifəyə yaxındır, yazılar elə axıcı, elə maraqlıdır ki, hər uşaq onu tez, fasilə vermədən oxuyur. Hətta kitab oxumayanlar belə “Sirusla Virusun macəralarını” həvəslə oxuyur. Kitabın süjet xətti dahi Nizaminin “Xeyir və Şər” poemasından götürülüb. 
Müasir uşaqlar üçün yazdığı “Zərifə nənə” nağılın nümunəsi Müqəddəs Qurandakı hadisədən yazılıb.  “Ən qiymətli hədiyyə” nağılı dünyanın sevilən kitabı Quranın özü haqqında və bu gün bizə çatdırılmasında kimlərə minnətdarıq, onu uşaqlara başa salıb.
 “Habil və Qabil”, nağılı Adəm və Həvvanın ilk övladlarındandır. İki qardaş arasında olan kinin, küdurətin sonunun peşmançılıq olmasındandır. 
 “İgid oğlan haqqında nağıl”, qəhrəman igid Babəkdəndi. 
“Çirkin qul”, Atabəylər dövlətinin banisi Eldəgizdəndir. 
“Təmraz və Gün”, Qobustan və qədimdə ora hücum edən işğalçı ölkə haqqındadır. 
“İlham və Fəizə”, Azərbaycanın başına gələn faciədən götürülüb və nağıllaşdırılıb. 
“Çanaqqala döyüşçüsü”, Çanaqqala savaşı zamanı oımuşdan yaranıb. 
“Zərdüşt haqqında nağıl”, Zərdüşt peyğəmbərdən və onun yaratdığı “Avesta” müqəddəs kitabındandır. 
 “Ən qiymətli hədiyyə” Məhəmməd Peyğəmbərdən və Müqəddəs Qurandandır.
Bütün bunlardan görünür ki, Gülzar İbrahimova nağılları nurunu hardan alıb. Nağılların niyə bu qədər sevildiyinin sirrini anlayır, başa düşürsən ki, onlar müdriklərdən, dahilərdən qaynaqlandığına görə sevilir. Ona görə bu nağıl və hekayələr hər zamanda seviləcək, nəinki balaların, böyüklərin də ürəyində yaşayacaq.  
Gülzar nənə nağıllarında ya çiçəklərlə danışsın, ya siçanla dalaşsın, ya fil ilə dostlasın, fərq eləməz, yazıçı nağılın sonunda oxucusuna mütləq nə isə öyrətməli, nəsihət etməlidir. Ya dostluğun möhkəmliyini, ya yaxşılığın nəticəsini, ya düşmənçiliyin pisliyini, ya elmin maariflənməyə aparan nurunu – hər yazı gələcəyə aparan düzgün yoldur. 
Xətai rayonunda Gülzar nənə ilə keçirilən görüşdən: “Hörmətli Gülzar nənə! Biz sizi sevirik, yazdıqlarınızı sevə-sevə oxuyuruq! Bu gün də görüşünüzdə sizə “Nə yaxşı ki, siz varsız, nağıllarımızı çoxaldırsız,  yaşadırsız!”, deyirik. Qələminiz iti, canınız sağlam olsun! Balalara yeni-yeni əsərlər yazasız!  Biz də sizə öz növbəmizdə söz veririk! Yazdıqlarınızı oxuyacağıq, qoruyacağıq, gələcək nəsillərə ötürəcəyik! 

 

      Müəllif: Ayşən Mürsəlbəyova