Təzə qaloş 

 (hekayə)    
 
     Mahirlə İsa qardaş idilər. Onlar Tovuz rayonunun Təzə kəndində yaşayırdılar. Qardaşlar tez-tez dalaşsalar da bir-birlərini çox istəyir, biri bir yana gedən kimi, o biri qardaş onun üçün darıxırdı.  
     Payız təzəcə girdiyindən Təzə kənddə tez-tez yağışlar yağırdı. Kənd yolları palçıqlı olduğundan uşaqların çoxu qaloşda gəzirdi. Demək olar ki, çoxunun da qaloşu vardı. Üstü parıltılı qara, içərsi isə qırmızı qaloş. Palçıqda uşaqlar qaloş geyinəndə elə bərk qaçırdılar ki... 
     Mahirlə İsa onlara həmişə həsədlə baxırdılar, çünki anaları onlara qaloş almırdı. 
      İsa hər dəfə deyinirdi:
     - Bütün uşaqlar qaloş geyinir, bərkdən qaçırlar, mən qalıram, palçığa bata-bata. 
     Mahir də qardaşının təklifinə qoşulurdu. Onun beş yaşı vardı. İsadan iki yaş balaca olmasına baxmayaraq hər işdə qardaşına oxşamaq istəyir, onun elədiklərini təkrar eləyirdi. Səlis danışa bilməsə də şirin danışığı vardı. 
    - Mənim də qalosum yoxdu, mən də qalos istiyiyəm!
      Hər dəfə uşaqlar qaloş istəyəndə ana onları məzəmmət edirdi:
     - Hələ pulumuz yoxdu, gözləyin, pulumuz olanda alarıq. 
Uşaqların dayısı bunu eşidəndə uşaqlara dedi:
    - Gəlin gedək, sizə qaloş alım! 
      Mahir gözlərini bərəldib dedi:
    - Həyə puyumuz yoxdu, puyumuz oyanda alayıq.
      Dayının gülməkdən gözü yaşardı:
    - Az danış, düş qabağıma! 
      Mail dayı uşaqların arzusunu yerinə yetirib kənd mağazasından Mahirə və İsaya - hərəsinə bir cüt qaloş aldı. 
    Həmin gün uşaqlar qaloşları geyinib elə sevindilər, elə sevindilər ki, amma günortaya qədər. 
    Bəs niyə gönortaya qədər?
    Günorta elə yağış başladı, elə yağış yağdı... Hətta evin qarşısındakı kanala da sel gəldi. Sel gələndə qardaşlar -  Mahirlə İsa kanalın kənarında dayanıb, selin meşə səmtdən gətirdiyi ağaclara, kol-kosa tamaşa edirdilər. 
      Birdən Mahir uzaqdan suyun bir qabığı təmizlənmiş, hamar, uzun bir çubuqu gətirdiyini gördü. Ondan yaman xoşu gəldi. qardaşında həmin çubuğa oxşar çubuq vardı. Həmişə onun üstündə dalaşardılar. 
     Mahir bir əli ilə yaxınlıqdakı ağacın budağından yapışdı, digər əlini uzatdı ki, budağı götürsün. Təzəcə əyilmişdi ki, budaq sındı və Mahir üzü üstə suya düşdü. Dəli sel Mahiri kanalın divarlarına çırpa-çırpa aparmağa başladı. 
    İsa əvvəl istədi qardaşına kömək eləsin, amma ona çata bilməyib tez qaraqışqırıqla evə qaçdı. 
    Mahir isə qorxudan ağlayırdı. Axı qaloşu su ilə dolmuşdu. Özü də az qalırdı ayağından çıxsın. Suda ağırlaşmış qaloşu Mahir ayağında güclə saxlayaırdı. Bu çox da asan deyildi. Yəqin ki, qaloş bir azdan ayağından çıxacaq, sel onu aparacaqdı. 
       Heyf, qəşəng qaloşdu, özü də təptəzəydi. Elə belə fikirlər beyninə girən kimi Mahir ağlamağa başladı. O elə ürəkdən ağlayırdı ki, sanki bütün dünyanın gözəlliyi, mənası elə bu qaloşun "sağ" qalmasındaymış. 
     Mahir hıçqıra-hıçqıra ağlayır, ağzı açıq olduğundan ağzına palçıqlı su dolurdu. Amma o qaloş üçün elə ürəkdən ağlayırdı ki, sakitləşə bilmirdi ağzı bağlansın, ağzına su dolmasın. 
     Birdən lap möcüzə baş verdi. Mahir suyun düz  ortasında burulğana düşdü və burulğan onu özündə fırlatdı, fırlatdı, sonra bərk zərblə elə kənara tulladı ki, Mahir dəhşətli bir fəlakətdən çox asanlıqla qurtara bildi. Sonra isə heç bir şey olmayıbmış kimi ayağa qalxdı. Elə duran kimi də ayaqlarına baxdı. Bir ayağında qaloşu görməyəndə əvvəlkindən də bərk ağlamağa başladı. 
     Bu vaxt ana və onun arxasınca da qonşular qaça-qaça özlərini çatdırdılar. Ana qışqırıb Mahiri bağrına basdı. Mahir heç vaxt anasını belə ağlayan görməmişdi. Onu sakitləşdirməyə çalışdı:
    - Ağyama ana, qaqasımla qalosu axtayıb tapayıq! 
     Mahir yalnız sonralar, böyüyəndə başa düşdü ki, anası o vaxt niyə elə ağlıyırmış.           

 

        Müəllif: Gülzar İbrahimova