Üç şahzadə  

  (nağıl)    
                                                                                                                    
    Biri var idi, biri yox idi, Yusif adlı çox rəhmdil bir padşah var idi. Şahın üç gözəl qızı var idi. Qızlar gözəl olduqları qədər də ağıllı idilər. Şah qızlarının üçünü də eyni məhəbbətlə çox istəyirdi. 
    Elə ki qızlar uşaqlıq yuxusundan oyandılar, nazlı-qızlar bulağından su içdilər, yaşıdları ilə pıçıldayıb gülüşdülər, şah başa düşdü ki, qızları böyüyüb. Elçi daşının üstünə döşək qoymaq vaxtı çatıb. 
  Amma şah həmişə bir şeyin fikrini çəkirdi. «Görəsən bu qədər naz-nemət içərisində yaşamış qızlar kimə qismət olacaq. Onlarla evlənənlər  şahzadələrə layiq olacaqlarmı? Mən öləndən sonra kürəkənlərimdən biri taxtı-taca sahib çıxıb rəiyyətə sahib dura biləcəkmi?
  Bütün bu fikirlər şaha rahatlıq vermirdi. 
  Bu minvalla ötüşən günlərdən birində uzaq bir məmləkətdən şahın böyük qızına elçi gəlir. Şah çox götür-qoy edəndən və qızının rəyini öyrənəndən sonra elçi göndərən oğlanı yanına çağırıb soruşur:
  -De görüm, sən böyük qızım Gövhərə ömrünün axırınacan sədaqətli ər ola biləcəksənmi? Bəlkə şah qızı olduğuna görə ona elçi düşmüsən?
 Şahzadə belə cavab verdi:
  -Qibleyi-aləm, mən Gövhəri dərin məhəbbətlə sevdiyimdən ona elçi göndərmişəm. Lazım gəlsə canımı da ona qurban verərəm.      
 Gələcək kürəkəninin sözlərindən xoşu gələn şah elçilərə razılığını bildirdi. 
Şahzadə toy eləyib, şah qızı Gövhəri ölkəsinə gəlin apardı.   
Az müddətdən sonra ortncıl qız Ülkərə şahın öz vəzirinin oğlu tərəfindən elçi düşdü. Şah həmin oğlana eyni sualı verdi. Vəzirin oğlunun cavabı belə oldu:
-Şah sağ olsun, mən sənin qızını hələ kiçik yaşlarından sevmişəm. Mən ona xain çıxmaram. Ömrümün sonuna qədər qızına və sənin taxt-tacına sadiq qalacağam!  
Oğlanın cavabından xoşlanan şah, cavanlara xeyir-dua verib, onlara təmtəraqla toy elədi. 
 Kiçik qız isə çox tərs idi. O, günləri keçirir, elçi düşənlərin hamısına rədd cavabı verirdi. Şah kiçik qızı Nilyufərin xətrinə dəymir, gözləyirdi.     
 Aylar, günlər keçdi, günlərin bir günü Zəfər adlı bir dəmirçi oğlan şahın kiçik qızına elçi düşdü. Şahın qoşunu üçün xəncərləri, qalxan və nizələri bu dəmirçi oğlan düzəldirdi.
  Zəfər saraya, qoşun başçısının yanına gələndə Nilyufəri orada görmüşdü. Qızın da ondan xoşu gəlmişdi.  
Adi bir dəmirçinin şah qızına elçi göndərməsi şahı qəzəbləndirsə də, qızının xatirinə bir söz demədi. Şah hər dəfədə olduğu kimi bu dəfə də Nilyufəri yanına çağırıb onun fikrini soruşdu:
-Əziz balam, sənə elçi düşənin kim və nəçi olduğunu bilirsən. Fikrin nədir? 
Qız utanıb başını aşağı saldı. Hər dəfəkindən fərqli olaraq yanaqları həyadan qızardı. Atasına belə cavab verdi:
-Mənim sevimli atam! Fikrimi bilmək istəyirsənsə, mən razılıq verirəm!  
Şah qızının bu sözündən diksinən kimi oldu. Düzü, belə bir cavabı ondan gözləmirdi. Rəngi boğuldu və qızını başa salmağa çalışdı:
-Qızım, sən şah qızısan, gərək ömür yoldaşı seçəndə də özünə layiqini seçməlisən. Gəl tələsmə, cavabını götür-qoy elə. Sənə üç gün möhlət verirəm. Üç gündən sonra fikrini deyərsən. 
Şah qızına verdiyi vəd tamam oldu. Qızını yanına çağırıb təzədən fikrini öyrəndi. 
Elə ki əmin oldu, qızının qəti fikri dəmirçiyə ərə getməkdi, bundan sonra naəlac  qalıb gələcək kürəkəni Zəfəri yanına çağırtdırdı, o biri kürəkənlərinə verdiyi sualı ona da verdi:
-Sən böyük cürət edib, şah qızına elçi göndərmisən. Bundan başqa qızımın da ağlını başından elə çıxartmısan ki, onun gözü səndən başqa heç kəsi görmür. Mən sevimli balamın xatirinə  bunların hamısına görə səni bağışlayıram. Amma mənə de görüm, mənim balamı ömrünün axırına qədər sevəcəksənmi? Onu ləyaqətlə saxlaya biləcəksənmi? 
Zəfər şahın sualına tələsmədən, bildiyi kimi cavab verdi:
-Qibleyi aləm, sənin taxtı-tacına həmişə hörmət qoyacağıma, söz verirəm. Qızını ləyaqətlə saxlayacağıma söz verirəm.  Amma ömür aman versə, canım sağlam olsa, qızını həmişə sevəcəyimə söz verirəm. 
Şah bu sözlərdən çox mütəəssir oldu. Oğlanın cavabı xoşuna gəlmədi. Əmr etdi ki, qonağı yola salsınlar. Sonra qızına dedi:
-Qızım, gəl sən bu daşı ətəyindən tök! Oğlanın sözləri məni məyus elədi. Ondan sənə ömür yoldaşı olmayacaq. O səni indidən sevmir. 
Nilyufər atasını sakitləşdirdi:
-Ata, həqiqət acı olur. Mənə elə gəlir ki, sənin sualına ən düzgün cavabı o verdi. Adamın canı elə şirindir ki, əgər o ağrıyarsa, heç kəs yadına düşməz. Ancaq Allahdan can sağlığı arzu edər. Bir də Zəfər onu da deyib ki, əgər ömür aman versə, yəni ölməsəm qalsam sənin qızını sevəcəyəm. Əgər allah eləməmiş adam ölsə, o necə sevə bilər? Mən bu cavabdan da razıyam. 
Şahın heç nə ürəyini açmadı. O qızını dəmirçiyə vermək istəmirdi. Bu lovğa cavan şahın heç ürəyindən deyildi. Amma qızının xətrinə razı olmalıydı. 
Nilyufərin toyu o biri qızların toyu kimi təmtəraqlı olmadı. Nilyufər gələcək ömür yoldaşının çox da böyük olmayan evinə gəlin köçdü. Onlar bir yerdə mehriban, xoşbəxt yaşamağa başladılar. 
Onlar xoşbəxt yaşamaqa olsun, sizə kimdən deyim, kimdən xəbər verim, kimdən danışım, Hindular ölkəsinin şahı Maharac şahdan. Maharac şah özü tilsimin köməyi ilə hakimiyyətə gəlmiş bir şah idi. İddiası dünyaya şahlıq etməkdi. O bu məqsədinə çatmaq üçün bütün alçaqlıqlara əl atır, dünya ölkələrini bir-bir işğal edib, qul halına salırdı.  Tabe olmayan şahlıqları yerlə yeksan edir, camaatını isə diz çökdürürdü.     
Maharac şah işğalçılıqla günü-gündən qüvvətlənir, varlanırdı. 
Bu dəfəki yürüşündə Yusif şahın məmləkətini  işğal etmək  arzusunda olan Maharac şah, hərbi səfərə hazırlaşdı.  Səfərə çıxmazdan qabaq o namə yazıb çaparla Yusif şaha göndərdi. Namədə deyilirdi: «Məmləkətinin on gün ərzində yerlə-yeksan olmağını istəmirsənsə, Maharac şaha itaət göstərməlisən. Yox əgər, Maharac şaha qarşı döyüşmək arzusunda olsan, meydanda nizəyə keçirilmiş başın nümayiş ediləcək ». 
Çapar dincəlmədən atını çapıb, naməni Yusif şaha çatdırdı. Yusif  şahın gözləri qəzəbdən qanla doldu. Əlbəttə, şah qanı hesabına da olsa torpaqlarını xain işğalçıdan qorumalı idi. Amma Maharac şahın həyasızlığı onu lap təbdən çıxarırdı.
 İndi Yusif şahın köməyə ehtiyacı var idi. O birinci böyük kürəkəni Rizvan şahı yadına saldı. Yəqin ki, o öz köməyini qayınatasından əsirgəməzdi. 
Gövhərlə evlənən şahzadə Rizvanın toylarından bir müddət keçəndən sonra atası rəhmətə getmiş  və o taxtı-taca sahib durmuşdu. 
Belə bir çətin vaxtında Yusif şah kömək üçün namə yazaraq tez çaparla Rizvan şaha göndərdi.  
Rəiyyəti çox çətinliklə dolandıran Rizvan şahın müharibəyə qoşulmaq arzusu heç yox idi. Buna görə də o Yusif şahın göndərdiyi çaparı gizlincə öldürtdürdü. Kənizlərdən biri bunu Gövhər xanıma xəbər verdiyindən işin üstü açıldı. Gövhər özü tək atasına köməyə gəldi. Olanları olduğu kimi atasına danışdı.
İşi belə görən Yusif şah ortancıl qızının ərini  yanına çağırdı və ona qoşuna başçılıq eləməyi tapşırdı. Qoşuna başçı təyin olunan kimi vəzirin oğlu, nadan kürəkən Maharac şaha xəbər göndərdi ki, onların ölkəsinə çatan kimi qoşun onun itaətində olacaq. 
Ortancıl qız ərinin xain fikrindən xəbər tutdu və  bunu atasına xəbər verdi. Yusif şah vəziri və onun satqın oğlunu şəhərdən qovdu. 
Yusif şah ömründə birinci dəfə oğlu olmadığına peşmançılıq çəkdi. Çətin vaxtlarında həmişə atasının başı üstündə olan kiçik qız Nilyufər, elə bil atasının fikrini oxudu, onun boynunu qucaqlayıb dedi:
-Ata, sən heç qəm yemə, biz sənin bu vaxta qədər qızın olmuşuq, sənin dar günündə oğlun olarıq. 
Şahın dəmirçi kürəkəni Zəfər də orada idi. O şaha təzim edib dedi:
-Şahım, mən doğma elimi yağıya verməməkçün, bir də  sevimli arvadımın xoşbəxt olmağı üçün canımdan keçməyə hazıram. Nə tapşırığın varsa, buyur de!
Şah hər zaman o biri kürəkənlərinə arxalanar, dəmirçi Zəfəri isə heç vaxt saymazdı. Amma o indi çətinə düşən gündən bir an belə onu tək qoymayan kiçik kürəkəninin sadiqliyini görüb, dedi:
 -Mən səni qoşuna başçı təyin edirəm. 
 Zəfər dedi:         
       -Biz düşməndən çox-çox az olsaq da axır qanımıza qədər vuruşmalıyıq. Onlar yalnız bizim meyidimizin üstündən keçəndən sonra  bizim torpaqlara sahib çıxa bilərlər.   
Şah kürəkənləri içərisində ən sadiq çıxan Zəfərdən  xəcalət çəkdi.           
Qoşuna başçılıq edən Zəfər, vaxt itirmədən işə başladı. Onun hesabı ilə düşmən səhər gecə onların şəhərinə girməli idi. Onlardan qat-qat güclü olan düşmənlə  üzbəüz gəlmək heç də ağıllı iş deyildi. Namərd döyüşündə mərdliyin də yeri deyildi. Ona görə də Zəfər hiyləyə əl atdı. O qoşunun bir hissəsini sarayı qorumaq üçün saxladı, qoşunun az  bir hissəsini əsas yolun kənarında olan dağın başına göndərdi.  Özü də şahdan başqa bütün saray əhlinin  hamısını gətirtdi saraydan bir az aralıda yerləşən yarılğanın üstünə. O hərəyə bir iş tapşırdı. 
 Yarılğandan aşağı dəli bir çay axırdı. Yarılğandan iri bir öküz də çaya düşmüş olsaydı, çay elə güclü axırdı ki, onu o saatca bir balaca quzu kimi qatıb qabağına aparardı.  
Zəfər şəhər camaatına tapşırdı ki, şəhərdə nə qədər at, eşşək, qatır, öküz var, hamısını gətirsinlər bura. Heyvanları ora yığandan sonra onların hərəsinin  boynuna bir ip keçirtdi, ipin də ucunu  bağladı yarılğanın lap qurtaracağında yerə basdırılmış bəndlərə. Bundan sonra hər heyvanın üstünə bir müqəvva düzəltdirib qoydurdu. Müqəvvaların üstünə isə qılınc bağladı. Bundan sonra saray əhlinə tapşırdı ki, düşmənlərin səsi gələn kimi heyvanlara acı bibərli gicirtkan yedirtsinlər. Bundan sonra çəkilsinlər bir kənara.      
Səhərisi, hava qaralandan sonra Maharac şahın qoşunu artıq şəhərin girəcəyində idi. Onlar gecəni  dincəlib, səhər döyüşə girməli idilər. Şəhərə girmək üçün hündür dağın ətəyindən keçmək lazım idi. Zəfər qoşunun bir hissəsini bu dağın başında yerləşdirmişdi. Düşmən tərəfin qoşun başçısı dağın ətəyinə çatan kimi əmr etdi qoşuna atlardan düşüb dinclərini alsınlar. 
  Əsgərlər elə təzəcə atlardan düşmüşdülər ki, Zəfərin əmri ilə dağın yuxarısından oxların ucunda od yandıraraq, düşmənin başına yağdırdılar. 
  Təzədən atlara minən düşmən qoşunları qarşı tərəfdən belə bir şey gözləmirdilər. Onlar çaşmış halda davaya başladılar.  Zəfər işarə etdi ki, yarılğanın qırağındakı heyvanlara acı bibərli gicitkənləri yedirtməyin vaxtıdır. Elə ki, heyvanlara gicitkən otu yedirtdilər, onların qarnı alışıb yandı, bir yerdə dura bilməyib, tullanıb düşməyə başladılar. Heyvanlar atılıb düşür, onların acı bibərdən yanmış boğazlarından cürbəcür vəhşi səslər çıxırdı. Atılıb-düşdükcə də üstlərindəki müqəvvalar titrəyir və qılınclar gecənin qaranlığında bərq vururdu. Uzaqdan baxana elə gəlirdi ki, orada böyük qoşun  var. Ona görə  düşmənlər elə bildilər ən çox qoşun o tərəfdədir, üz tutdular, heyvanlar olan tərəfə. Hər tərəf qaranlıq olduğundan və yandırılan tonqallar  düşmənlərin gözlərini qamaşdırdığından, onlar qılıncların parıltısından başqa heç nə görmürdülər.    
Maharac şahın  qoşununda belə bir adət var idi. Əvvəlcə qarşıdakı sıra döyüşər, bir azdan o biri sıra onun köməyinə çatardı. İndi də belə oldu. Ən güclü döyüşçülər birinci sırada düzülmüşdü. Onlar nərə çəkərək hücuma keçdilər. Səsdən hürkmüş heyvanlar bir az da vəhşiləşdilər. Düşmən tərəf elə sürətlə qarşı tərəfin üstünə hücum elədi ki, bir də onu gördülər ki, yarılğandan aşağıdadırlar. Göydə bir xeyli yol gedəndən sonra gurulu-guppaz düşdülər çayın içinə. Yarılğandan düşəndə sağ qalanlar da çayda düşüb boğuldular. Beləcənə qanlı döyüş səhərə qədər davam elədi. Düşmən tərəfin döyüşçüləri özlərini  bilmədən yarılğandan aşağı atırdılar. Yalnız hava işıqlaşanda düşmən tərəf başa düşdü ki, aldanıb. Amma çox gec idi. Onlardan cəmi-cümlətani altı yüz adam qalmışdı. Qalanlar da gördülər ki, müharibəni uduzublar, silahlarını yerə qoyub təslim oldular.
Bir də Yusif şaha xəbər çatdı ki, bir nəfərin burnu qanamadan müharibə qurtarıb. Xoş xəbərdən sevinən şah Zəfəri çağırıb bağrına basdı. Bütün dünya şahları arasında yayıldı ki, Yusif şahın çoxlu güclü pəhləvanları var. Dar vaxtında dost tapmayan Yusif şahın uzaq-uzaq obalardan dostları tapıldı.  Həmçinin Gövhərin də şah əri səhv etdiyini boynuna alıb, barışmaq istədi. Amma Gövhər dar zamanda ona arxa durmayan ərinibağışlamadı. 
 Yusif şah camaatı yığaraq, ölümündən sonra taxtı-tacı Zəfərə vəsiyyət elədi. Zəfərlə Nilyufər ömürlərinin axırına qədər bir-birlərini sevdilər. Onlar xoş günlər gördülər, oğul-uşaq sahibi oldular. 
Gülzar nənənin də burada nağılı sona yetişdi, göydən üç torba düşdü, torbanı açdıq gördük ki, birinin içində qoz , birinin içində fındıq , birinin də içində kişmiş var. Gülzar nənə qocalmışdı deyən, dişləri də tökülmüşdü deyən, qoz torbasıyla, fındıq torbasını özünə götürdü, kişmiş torbasını isə bizə verdi, sənə, bir də mənə. Vəssalam, şüdtamam.

 

  Nağılçı: Gülzar İbrahimova