Zalım şahın sevgisi


  (nağıl)
 
      Biri vardı, biri yoxdu, Xorasan məmləkətində İmamqulu adlı bir çoban vardı. İmamqulu həm də heyvan dərisi aşılayıb satar, onunla da külfətini dolandırardı. 
      Gecə-gündüz atasına kömək eləyən Nadirqulu dəri iyinə nifrət edər, bütün günü bu iyidən başı ağrıyar, ürəyi bulanardı. Hər dəfə atası ona dəri işi tapşıranda oğlan dodaqaltı deyinər, hətta bəzən hirsindən-hikkəsindən ağlardı da… 


      Dərviş rəml atır, rəml göstərir ki... 

    Günlərin bir günündə Nadirqulu çəməndə qoyun otarırdı. Həmişə olduğu kimi yenə də fikirliydi. Bu vaxt yoldan bir dərviş keçirdi. Dərviş dincəlmək üçün üçün Nadirqulunun yanında oturdu. Dincini alandan sonra ayağa qalxıb gedəndə oğlana dedi: 
     - Qəmgin oturma, oğlan! Gözlərin yaman yol çəkir… Bilirsən, həmin yolda mən nələr görürəm? Gözlərin çəkən yola baxanda səni nələr gözlədiyini əvvəlcədən deyə bilərəm.  
     - Nə gözləyəcək məni, heyvan otarmaqdan savay, dəri duzlamaqdan savay. Yatanda yuxuda dəri görürəm, duranda gözümü açıb qoyun görürəm. 
    Oğlanın sözləri dərvişi düşündürdü. Getməyə tələsmədi. Heybəsini təzədən yerə qoyub təzədən söhbətə başladı:
     - Sən hələ tale oyunlarına çox da yaxşı bələd olmadığından belə danışırsan, uşaq! Qulaq as! Sənin gözlərində gələcək həyatını görürəm! Çox maraqlı olacaq gələcək həyatın.  Hal-hazırda darıxırsan, qorxu nə olduğunu bilmirsən. Hamıda olan qorxu hissi səndə yoxdur. Qorxusuzluğun da sənə çoxlu şan-şöhrət, var-dövlət gətirəcək. Varın-dövlətin başından aşacaq. Qüdrətli şəxs olacaqsan. Hər kəlmənə diqqətlə qulaq asılacaq, istəyin dərhal yerinə yetiriləcək, adın dlillərdə dolaşacaq, zəhmin ürəkləri qorxuya salacaq. Ətrafındakılar sənə baş əyəcək, təzim edəcək. 
     Dərviş sonra rəml atdı. Rəml göstərdi ki...
     Dərvişin gözləri böyüdü. Tez-tez danışmağa başladı: 
   - Rəml göstərir ki, sən şah olacaqsan! Hə, hə, şah olacaqsan! Şah olandan sonra isə hər şeyin olacaq. Hər şeyin olanda isə onları itirməkdən qorxacaqsan. Qorxusuzluğun bir gün səni ucaldacaq, qorxu hissin isə bir gün səni məhvə doğru aparacaq! Sən mütləq şah olacaqsan! 
      Nadirqulu dərvişin sözlərinə ürəkdən güldü. O çoxdandı belə ürəkdən gülməmişdi. Gülməyini birtəhər saxlayıb dedi:
    - Məndən şah olar? İylənmiş dəri iyi verirəm!
    Dərviş uşağa qulaq asıb təzədən rəml atdı. Təəccübdən gözləri bir az da iriləndi. Rəmli oğlana göstərib onu inandırmağa çalışdı: 
   - Bax, görürsən, yenə də rəml eyni şeyləri göstərir. Şah olacaqsan! 
    Nadirqulu dərvişin sözlərinə əvvəl gülsə də o uzaqlaşandan sonra bu haqda düşünməyə başladı. Kölündən doğrudan da şah olmaq keçdi.  
     Şah olmaq arzusu o qədər Nadirqulunun beynində fırlandı ki, nəhayət… 
    

            Allah! Sən özün saxla! 

      Nadirqulunun bütün günü ürəyi bulanır, nə yeyərdisə, qaytarardı. Danışırdılar ki, bu uşaq çox yaşamaz.
   Bir gün anası Nadirqulunu təbibə göstərdi. Təbib uşağı xeyli müayinə elədi və sonra ona bəzi suallar verəndən sonra anaya dedi:
  -  Oğlun dəri qoxusunu götürmür. Elə qoxular var ki, bəzi adamların bədəni onu götürmür və hətta bu onlar üçün o qədər dözülməz olur ki, xəstəliyə tab gətirə bilmirlər.
      Ana bunu eşidəndə hönkür çəkib ağladı:
     - Nə məsləhət görürsən, təbib, balamı necə qurtarım bu bəladan?
    Təbib çiyinlərini çəkdi:
   - Bunun dərmanı yoxdur. Varsa da mənə məlum deyil. Fikrimcə oğlunu bir müddət dəri iyindən uzaqlaşdırsan, vəziyyəti yüngülləşər.
     Nadirqulunu dəri iyindən uzaqlaşdırmaq lazım olmadı. Atası qəfil xəstələnib öldüyündən dərilər həyətdən yığışdırıldı, ətrafda pis qoxu azaldı. 
    Qoxu azalsa da, Nadirqulunun burnundan heç bir vaxt getmədi ki, getmədi... 
      Atasının ölümündən sonra kasıb düşmələri Nadirquluya çox pis təsir elədi. O, yaşıdları kimi geyinə bilmir, yaşıdları yeyəndən yeyə bilmirdi. Paxıllıq, tamahkarlıq ona rahatlıq vermirdi. 
      İşləmək istəməyən səkkiz yaşlı Nadirqulu pul qazanmaq qərarına gəlib oğurluq eləməyə başladı. Bir neçə dəfə oğurluq elədi. Bu onun xoşuna gəldi. O artıq ürəyi istəyəni bazardan alıb yeyə bilirdi.    
        Bir gün yenə də Nadirqulu bazara oğurluğa çıxmışdı. Bazar basırıq olduğundan Nadirqulu heç bir qorxu hiss eləmədən, çəkinmədən beli bükülmüş, əli əsalı, qoca bir kişinin cibinə girdi. Bir göz qırpımında onun cüzdanını götürüb ətrafa boylandı: «Görən olmadı ki?…» 
      Bu vaxt bir az aralıdan ona baxan cavanı gördü. Cavan qoluna qırmızı bağlamışdı. Nadirqulu onu tanıdı. Bu arıq, çəlimsiz oğlan bazardarın köməkçisi idi. Nadirqulu bazardan çıxıb qaçmağa başladı. Bazardarın köməkçisi də onun arxasınca.
      Nadirqulu beləcə bir xeyli qaçdı. Arxadan onun dalınca qaçan oğlanın hədə-hərbə gələn səsinə qulaq asa-asa. Bazardarın köməkçisi deyirdi:
  - Qaçma, it balası, qaytar qocanın pulunu. Qaytarmasan, onsuz da tutub səni gəbərdəcəyəm. 
        Nadirqulu isə qaçır, ağzına qədər dolu cüzdanı qaytarmaq onun heç ağlına də gəlmirdi.     
        Xaraba dəyirmana çatanda Nadirqulu elə bildi, daha arxasınca gələn yoxdur. Addımlarını yeyinlətdi. Sən demə, cavan kəsə yolla qaçıb dəyirmanda gizlənmişdi. Nadirqulu dəyirmana çatan kimi cavan özünü ona çatdırıb boğazından yapışdı:
   - Demədim, cüzdanı verməsən səni it kimi gəbərdəcəyəm... Tez elə qocanın pulunu qaytar! 
       Nadirqulunun qorxudan dili tutulsa da cüzdanı qaytarmaq fikrində deyildi. Ona görə də yalan danışdı: 
      - Vallah-billah, mən cüzdan-zad oğurlamamışam! Yetim oğlanam, burax, qoy çıxım gedim.
       Cavan balaca  uşağın həyasızlığına məəttəl qaldı. Onun boğazını daha da bərk sıxmağa başladı. Yerə yıxılmış Nadirqulunun nəfəsi az qala kəsilsə də, cüzdanı qaytarmaq istəmirdi ki, istəmirdi. Cavan çox hiddətlənmişdi. O əlbəttə ki, balaca uşağı oğurluğa görə boğmazdı.  Amma ona görə buraxmaq istəmirdi ki, uşağa həmişəlik dərs olsun.
       Nadirqulu özünü xilas etmək üçün yol axtardı və bu vaxt onun əlinə  yumruq boyda bir daş parçası keçdi. Daşı qaldırıb necə cavanın gicgahına çırpdısa, oğlanın gicgahından qan fışqırmağa başladı. Cavan bir əli ilə dayanmaq bilməyən qanı saxlamağa çalışır, o biri əli isə məngənə kimi Nadirqulunun boğazını sıxırdı. Nadirqulu boğulur, onun əlndən qurtulmağa çalışırdı. 
      Cavanın gicgahından axan qan Nadirqulunun düz ağzına axırdı. Nadirqulu nə qədər ağzını o yan bu yana çevirirdi, qan yenə də onyn ağzına axırdı. Əlacı kəsilən Nadirqulu cavanın əllərindən qurtulana qədər isti qanı udmalı oldu. Axan qan yavaş-yavaş dayansa da oğlanın heyi-hərəkəti azalırdı.  Bir azdan o yerə yıxılıb titrəməyə başladı. Daha sonra isə tərpənmədi.
     Ayağa qalxan kimi Nadirqulu əlini qoynuna salıb cüzdanı yoxladı ki, görsün pullar yerindədir, yoxsa, yox...  
     Səhərisi şəhərə yayıldı ki, bazardarın köməkçisini öldürüb atıblar xaraba dəyirmana. Çox adamdan şübəhləndilər. Təkcə səkkiz yaşlı uşaqdan başqa. 


    Allah, Özün insanları şər əməldən qoru!
    
      Bu dəhşətli hadisədən bir neçə il ötdü. Günlərin bir günündə yadelli düşmənlər Xorasana hücum elədilər, hər tərəfi talayıb, camaatı əsir götürdülər. 
       Nadirqulu da anası ilə birgə əsir düşdü. Anası ilə Nadirqulu əsirlikdə çox əziyyət çəkirdilər. Qulların sahibi  satın almış sahib onları gecə-gündüz işlədirdi. 
      Gecələr qulları zirzəmilərdə saxlayırdılar. 
      Sahibin Ziba adında qəşəng bir qızı vardı. Nadirqulu işləyə-işləyə çox vaxt gizlincə ona baxırdı. Qız onunla yaşıd olardı. Onun da Nadirquludan xoşu gəlir, fürsət düşən kimi oğlanın yaxınına gəlirdi.  
       Bir gün Ziba atasından zirzəminin açarını oğurlayıb Nadirquluya verdi:
       - İstəmirəm sənin kimi bir oğlanın həyatı əsirlikdə keçsin. Gecə hamı yatandan sonra darvazanı açıb qaçarsan! 
     Nadirqulu ətrafa baxdı. Heç kəsin görmədiyinə əmin olan kimi sevincək açarı alıb qoynuna soxdu:
      - Qorxmursan, atan xəbər tuta?
      - Qorxuram, amma İstəmirəm sən əsirlikdə qalasan. Sənə əsirlik yaraşmır. Fürsət düşən kimi qaç! 
     - Sağ ol! Razılıq versən imkan düşən kimi gəlib səni də apararam. 
    Ziba utanaraq: «Olar», dedi. 
   Nadirqulu sevindiyindən gecəni yatmadı. Anasına da bu haqda heç nə demədi. Səhərə az qalmış zirzəminin qapısını yavaşca açdı. 
     Bu vaxt hardansa Bəhməl gəlib çıxdı. Bəhməl də onun kimi əsir idi. Onlar ikisi də bir yaşdaydı. Sahib üçün eyni işi görürdülər.
    Nadirqulu hirslə dedi:
  - Sən niyə durmusan?
  - Yuxum gəlmir. Gördüm oyaqsan, gəldim söhbət edək. De görüm açarı hardan tapmısan?
  - Nə işinə qalıb, hardan tapmışam, qaçmaq istəyirəm!
  - Bəs anan hanı? Yoxsa ananı qoyub qaçırsan? 
  - Onu oyatsam, cəld qaça bilməyəcək, ikimizi də tutacaqlar.    
  - Qəribə oğlansan. Ananı qoyub qaçırsan! 
  - Kəs səsini!   
  - Mən də səninlə gedirəm! 
   - Getmirsən!
   - Gedirəm!
   Nadirqulu istəməsə də əlacsız qalıb razılaşdı. Qorxdu ki, razılaşmasa Bəhməl onu satar:
    - Di gəl, amma sakitcə!
      Onlar qaçdılar. Amma Nadirqulu onu da bilirdi ki, bir azdan onları axtaracaqlar. Və qaçmaqlarından xəbər tutan kimi sahibin adamları onları axtaracaqlar. İtən əsirləri isə həmişə itlə axtarırdılar. Vəhşi İtlər əsir tapan kimi onların bədənini çeynəm-çeynəm edirdilər. 
      Bunu Nadirqulu yaxşı bilirdi. Hər iki uşaq bir xeyli qaçandan sonra böyük bir mağaraya girdilər. Mağaraya girməkdə Nadirqulunun məqsədi Bəhmələ tor qurmaqdı. Ona görə də dedi:
     - Mağarada gizlənsək bizi görən olmaz. Gəl bir az yatıb, dincimizi alaq!
  -  Axı bəy itləri izimizə düşüb bizi taparlar...
    - Çaydan keçəndən sonra itlər izi itirir, biz isə çayı keçmişik. 
    - Mən qorxuram, yata bilmərəm! Yuxun gəlir, özün yat!  Mən oturmuş yerdə dincələrəm. 
    Bəhməl əvvəl yatmaq istəmədi. Nadirqulu uzanan kimi özünü yatmışlığa qoydu. Bəhməl çox yorulmuşdu deyə, elə oturduğu yerdə yuxuladı. Boynu əyri qaldığından yatan kimi də xoruldamağa başladı. Xorultu başlayan kimi Nadirqulu ayağa qalxdı. Torbasında gizlətdiyi bıçağını çıxardıb arxadan Bəhməlin iki qabırğası arasına sancdı. 
      Ağrıdan Bəhməl yerindən dik qalxdı. Əvvəl elə bildi ki  Nadirqulu onu təpiklə vurdu. Yerdə qanı və Nadirqulunun əlində qanlı bıçağı görəndə anladı ki, yoldaşı onu bıçaqla vurub, gözləri bərəldi, dəhşətli baxışlarla Nadirquluya baxdı:
     - Neyləmişdim, niyə vurdun məni?
     - Dedim sənə mənimlə gəlmə, qulaq asmadın. Gərək qulaq asaydın! 
    Bəhməl get-gedə haldan düşürdü. Güclə danışırdı:
    - Su, bir qurtum su ver mənə, nə olar… 
    Nadirqulu daha ona qulaq asmayıb yoluna davam elədi. Mağaradan çıxıb üz qoydu qaçmağa. 
Bir azdan bəy itləri mağarada Bəhməli dartışdıranda Nadirqulu çox uzaqda idi. 
    O, yeddi gün, yeddi gecə yol getdi. Səkkizinci gün yoldan keçən tacirlər susuzluqdan, acından huzsuz halda yerə yıxılmış oğlanı götürüb Xorasana apardılar. 

             Quldur dəstə başçısı 
        

          Bir neçə ildən sonra artıq Nadirqulu yeniyetmə oğlan idi. Çox da yaraşıqlı olmasa da boy-buxunu, enli kürəyi onu yaraşıqlı göstərirdi. Gözlərindən cin, hərəkətlərindən od yağırdı. Dayanmadan başına dəstə toplayırdı. Özü də özü kimilərini. Yəni quldurluğu bacaranları. Quldur dəstəsi karvanlara hücum edir, qənimət ələ keçirirdilər. Durmadan varlanırdılar. 
      Bir müddütdən sonra Nadirqulu əmisinin də dəstəsini öz dəstəsinə qatdı. Bu ona çox da asanlıqla başa gəlmədi. Bunun üçün doğma əmisini öldürməli oldu. Onun quldur dəstəsi isə get-gedə böyüyürdü. 
        Həmin dövrdə II Təhmasib şah iran məmləkətinin şahı idi. Dövləti ədalətlə idarə edər, rəiyyətinin qayğısını çəkər, haqqı, ədaləti qoruyardı. Camaat da şahı sevərdi.    
      Dünya hökmdarları II Təhmasib şaha müdrik şah kimi baxar, ona hörmət edərdilər. 
      Təhmasib şahın şahlığı zamanı əfqan qoşunları tez-tez İrana basqınlar edir, vəhşiliklər törədərdilər. Buna görə də şah daima ordunu böyütməyə, əsgələrin sayını artırmağa çalışırdı. 
        Belə bir vaxtda, Nadirqulu II Təhmasib şahın hüzuruna gəlib köməyini şaha təklif etdi. Təhmasib şah belə bir təklifi sevinclə qəbul etdi və Nadirqulunu qoşuna sərkərdə təyin elədi. Nadirqulunun üç min nəfərlik quldur dəstəsi II Təhmasib şahın hərbiçilərinə qoşuldu.
      Çox keçmədi ki, Nadirqulu dəstəsi ilə hücum edib əfqan qoşunlarını darmadağın elədi. Əfqan ordusu geri çəkildi. Bununla da Nadirqulu II Təhmasib şahın etibarını qazanıb şahın yaxın adamlarından biri oldu.  

        Zindanda qətl 

       O vaxtdan da Nadirqulu II Təhmasib şahı yıxıb yerinə keçmək haqqında plan cızmağa başladı. İlk əvvəl o şəhər hakimlərini öz tərəfinə çəkdi. Onu eşitmək istəməyənləri yox elədi.  
     Günlərin bir günündə isə Nadirqulu arzusuna çataraq II Təhmasib şahı taxtdan düşürdüb zindana saldırdı. Ara sakitləşən kimi isə onu zindandaca qətlə yetirdi. 
       Əlinə fürsət düşən kimi Təhmasib şahın övladlarını və bütün yaxın qohumlarını yox eləmək haqqında fikirləşməyə başladı ki, gələcəkdə hakimiyyətini möhkəmləndirə bilsin. Və az bir vaxtda istədiyi kimi də elədi. 
       Əvvəlcə o, Təhmasib şahın körpə – on dörd aylıq oğlu şahzadə III Abbası İran şahı elan elədi. Təbii ki həmin dövrdə hakimiyyəti – şahlıq işlərini özü idarə etməyə başladı. 
      
       Biri vardı, biri yoxdu, bir zalım şah vardı...

Bir neçə vaxtdan sonra III şah Abbası qəddacasına qətlə yetirəndən sonra Nadirqulu  özünü İran şahı elan elədi. Əvvəlki şahın bütün qohum-əqrəbasını isə bir-bir məhv eləyib hakimiyyətini möhkəmlətdi. 
Və ömrünün sonuna qədər Nadir şah olaraq taxtda oturdu.  
Nadir şah çox qəddar və zalım bir şah oldu. Deyirlər o elə zəhmli imiş ki, hamı ondan qorxurmuş. Hətta yaxın adamları belə ona söz deməkdən çəkinirmişlər. Nadir şahın zülmü xalqı zülüm-zülüm ağladırmış. 
       Nadir şahın arzusu təkcə İrana yox, bütün dünyaya hakim olmaq idi. Bunun üçün o bir gün belə sakit durmaz, hərbi səfərlərə çıxar, müharibələr edib, başqa məmləkətləri işğal edər, həmin ölkələrin var-dövlətini talan eləyib öz məmləkətinə gətirtdirərdi. Müharibə eləməkdən yorulmaz, əsgərlərinin qırılmasından qəlbi ağrımazdı.

          Qanlı məbəd

      Nadir şah hansı şəhərə ayaq basırmış orada onun əmrinə tabe olmaq istəməyənləri  ya edam etdirir, ya dar ağacından asdırır, ya da diri-diri yandırırmış. 
     Çəkinmədən özünü zəhmli, qəddar göstərir, hamını qorxudur, cəlladlığı ilə bütün dünyanı lərzəyə salırdı. 
      Qaniçən şah bunun üçün Xorasanın paytaxtı Məşhəddə qətlə yetirdiyi adamların kəllə sümüklərindən uca bir məbəd ucaltdırmışdı. 
     Bunlar burda qalsın, gəl sənə bir sirr açım ki, nə üçün şah öz doğma oğluna şahlıq işlərini tapşırmırdı.
      Nadir şahın Əliqulu adlı qardaşı oğlu var idi. Əliqulu Nadir şahzadələri içərisində ən lovğası, sərti və qəddarı idi. Heç kəsə güzəştə getməz, səhv edəni bağışlamazdı. Haqsız olanda da özünün haqlı olduğunu hamıya sübut etməyə çalışardı. Bir sözlə çox həyasız bir cavan idi. 
      Elə bu xasiyyətlərinə görə də Nadir şahın ondan xoşu gələr, ən mühüm dövlət tapşırıqlarını Əliquluya tapşırmağa çalışardı. Həm də fikirləşirdi ki, Əliqulu kimi bir yaxın köməkçisi olsa, heç kəs qiyam eləməyə, ona xəyanət eləməyə cürət eləməz.  
      Amma əsas bir səbəb var idi ki, o səbəbdən də Nadir şah ən mühüm paytaxt hökmranlığını öz oğluna yox, qardaşı oğluna tapşırırdı. Bunun sirri var idi. Bu sirri isə Əliquludan başqa heç kəs bilmirdi. Sirrdən agah olmaq istəyirsənsə, qulaq as, deyim!
        Günlərin bir günü Nadir şah Mazandaran meşəsinə ova çıxmışdı. Kefi kök idi. Çünki ovu çox yaxşı keçmiş, kifayət qədər ceyran ovlamışdı. İndi isə geri qayıdırdı.       
      Birdən qəfil bir güllə onun sağ qoluna sürtüldü və sonra atına dəydi. At güllə yarasından yerindəcə keçindi. Nadir şahın qolu isə yaralandı.
Şah bundan çox qəzəbləndi. Onunla birgə ova gedənlərə qışqırdı:
  - Səhər gün doğana qədər sizə vaxt verirəm. Əgər ox atanın kim olduğunu öyrənib mənə deməsəniz, boynunuz vurulacaq! 
  Heç kəs qorxudan danışmadı. Hamının rəngi ağardı. Onların çoxu ox atanın kim olduğundan xəbərsizdi. Yalnız bir nəfər bunu bilirdi. 
     Həmin gecə Nadir şah alaçığından bir məktub tapdı. Məktubda yazılmışdı: «Səni öldürmək istəyən səndən sonra taxtı-tacına göz dikəndir!». 
      Nadir şah məktubu oxuyan kimi barmağını dişlədi. Fikirləşib qərar verdi: «Əlbəttə, bu sui-qəsd ancaq oğlum Rzaqulunun işi ola bilər. Məndən sonra kim taxt-taca sahib ola bilər? Əlbəttə o! Deməli sui-qəsdi də elə o hazırlayıb! Nankonr oğul!».
      Belə fikirlərlə Nadir şah heç bir şeydən xəbəri olmayan oğlu Rzaqulunu yanına çağırtdırdı. Nifrətlə ona baxıb kinayə ilə dedi:
   - Rzaqulu! Çox tez taxtı-tac eşqinə düşdün! Bu tamahın səni dünya işığına həsrət qoyacaq!
      Rzaqulu ona qurulan tələdən xəbərsiz idi deyə çaşıb-qaldı:
   - Ata, nə taxtı-tac, nə tamah? Açıq de, nə demək istəyirsən? 
   - Özün yaxşı bilirsən ki, Nadir şaha xəyanət eləmək  istəyənin aqibəti nə təhər olur!
   - Kim xəyanət aləyib sənə, de, mən də bilim!
   - Belə şeyləri adama cəllad daha yaxşı başa salır! İndi başa düşərsən! 
    Bunu deyib Nadir şah cəllada əmr etdi:    
  - Cəllad, Rzaqulunun iki gözlərini çıxart. Qoy o dünya işığına həsrət qalsın. Xəyanətin qiymətini anlasın!
   Cəllad bu əmrdən elə diksindi ki, həmişə əlində hazır gəzdirdiyi xəncər zərblə əlindən yerə düşdü. Şahın qəzəbindən qorxub tez xəncəri yerdən qaldırdı və «Baş üstə», deyib əmrin icrasına hazırlaşdı. 
     Nadir şahın əmrini eşidən saray əyanları isə şahın qəzəbinə gəlməkdən qorxaraq səslərini çıxarmadılar. 
Şahzadə ta ki qanı çiyinlərinə tökülənə qədər qışqırıb günahsız olduğunu atasına başa salmaq istədi. Amma buna müvəffəq ola bilməyib peşimanlıqla susdu.
    Taxtı-tac eşqindən dəli-divanə ata isə ona qulaq asmadı ki, asmadı. 
    Amma çox gec də olsa, şah başa düşdü ki, Rzaqulunun bu sui-qəsddən doğrudan da xəbəri olmayıb. Çox peşiman olsa da.. 
Şah qəzəbindən şahzadənin gözlərinin kor edilməsinin şahidi olmuş əlli saray əyanlarını təzədən bir yerə toplayıb dedi:
      - Mənə olunan sui-qəsddən qəzəbli olduğum üçün taxtı-tacın varisi Rzaqulunun gözlərinin kor edilməsinə əmr verdim. Sizlərdən biriniz buna etiraz eləmədiniz. Kimsə canının qorxusundan demədi ki, şahzadə cavandır, ona rəhm elə! Çünki şahzadənin həyatını öz həyatınızdan ucuz tutdunuz! Hamınız canınızdan, gözlərinizin çıxarılmasından qorxdunuz. İndi mən Rzaqulu kimi sizi də dünya işığına həsrət qoyacağam ki, necə ki mən əzab çəkirəm, siz də səhvinizə görə cəza çəkəsiniz!
      Belə deyib şah əlli saray əyanının gözünü bir gündə çıxartdırıb onları dünya işığına həsrət qoydu.  
      Gözü kor olduğundan da Nadir şah Rzaquluya heç bir iş tapşırmırdı. Ondan kiçik qardaşları isə hələ çox kiçik idilər. 
 Nadir şah üçün qan tökmək, adam öldürmək o dərəcədə adiləşmişdi ki, o hətta öz oğlunun gözlərini çıxartdıranda belə qəlbi ağrımadı. Əksinə, vaxtında şah olmaq istəyənin arzusunu ürəyində qoyduğuna sevindi. O, var-dövlətə, dünya malına, taxt-taca o qədər vurğun idi ki, bir gün öz öləcəyini heç ağlına gətirə bilmirdi. Nəinki başqasının, hətta öz doğma oğullarının belə birinin özündən sonra şah olacağı yadına düşəndə az qalırdı dəli olsun.     
      Taxt-taca sonsuz məhəbbəti şahı günün-gündən qəddarlaşdırır, onun gözlərini qan tuturdu. 
    Onun belə qəddarlığı qohum-əqrəbasını, saray əyanlarını da bezikdirmiş, cana doydurmuşdu. Amma kimin həddi nə idi ki, cınqırını çıxartsın. 
Oğlunun gözünü «uf» da demədən çıxartdıran başqalarının ətini tikə-tikə doğratdırmaqdan belə çəkinməzdi. Nadir şahın ətrafında kimi vardısa hamı qorxu içərisində yaşayırdı. Ona görə də...  
     
     Eşidin, bilin! Şahın əmridir: «Vergi gətirin, vergi verməyənin kəsilmiş başını gətirin!». Aman, Allah!

       Dövləti artdıqca şahın gözü dünya malından doymazdı. Başqa məmləkətlərdən daşıdığı var-dövlət bir yana qalsın, şah verginin məbləğini o qədər artırmışdı ki, camaatın çoxu vergini ödəyə bilmədiyindən vətənlərindən didərgin düşüb yad ellərə üz tuturdular. 
     Nadir şahın qoyduğu vergi sözsüz ödənilməliydi. Şah vergi yığanlarına tapşırmışdı ki, vergi gətirin, vergi verməkdən imtina edən olarsa, onun kəsilmiş başını gətirin. 
     Vergini verib və yaxud verməməyin iki yolu vardı. Ya vergini verib yaşamaq və ya vergini verməyib ölmək. 
    Şahın var-dövləti o qədər çoxalmışdı ki, onun say-hesabını şahın özündən başqa heç kəs bilmidi. Şahın bir neçə yerdə xəzinəsi var idi.
       Nadirin xəzinəsi o qədər böyük idi ki, bu qədər var-dövləti adi xəzinədə saxlamaq mümkün deyildi. Ona görə də şah qərara gəlmişdi ki, xəzinənin bir qismini gizlincə əl çatmayan yerlərdə - dağların qoynunda saxlatdırsın. Bunun üçün o Kəlatda böyük bir mağara seçmişdi. O bu mağarada külli miqdarda qızıl, gümüş və cəvahirat və digər qiymətli əşyalar saxlayırdı. Bu xəzinədə o qədər bahalı şeylər var idi ki, hətta onlara qiymət qoymaq belə çox çətindi. 
     Nadir şahdan başqa hələ heç kəs şah xəzinəsindəki pulların, əşyaların sayını bilmirdi. Bu bir sirr kimi Nadir şahdan başqa heç kəsə bəlli deyildi.   
      Şah xəzinə gözətçilərinə o qədər yüksək zəhməthaqqı verirdi ki, gözətçilər xəzinəni göz bəbəkləri kimi qoruyurdular.  
      Hər dəfə Nadir şah müharibədən zəfərlə qayıdanda işğal etdiyi ölkədən bütün qiymətli əşyaları öz ölkəsinə daşıyardı. Qiymətli daş-qaşlar, parçalar, xalılar, fil dişləri, nə bilim nələr, nələr... 
     Nadir şah döyüşlərdən həmişə zəfərlə və böyük qənimətlə qayıdırdı. Hər dəfə qələbəsinin əsas səbəblərindən biri də o idi ki, şah hərbi səfərə çıxanda bu haqda heç kəsə bir söz deməz, bunu sirr kimi gizli saxlardı. Onun qoşunu düşmənin başı üstünü qəfil alar, ona döyüşə hazırlaşmağa imkan verməzdi. 
     Hətta saray adamlarından da kimsə Nadir şahın hara getdiyindən xəbərdar olsaydı da onu heç kəsə deməzdi. Hərbi səfərlərdən başqa adi səfərlərə gedəndə isə onun hara getdiyindən hamı xəbərdar olardı. 
      Nadir şah müharibə ilə Qaf dağına kimi böyük bir torpağı, bütün Beynənnəhreyni (İraq), Ərəbistan, Türküstan, Əfqanıstan, Hindistan torpaqlarının bir hissəsini işğal edib İrana qatmışdı. Ona görə onu istəməyənlərlə birgə istəyənlər də var idi. Zülmünə dözə bilməyənlərdən başqa dözə bilənlər də var idi. Saray adamları Şahın qantökən əməllərinə o qədər haqq-ədalət donu geydirirdilər ki, camaatın çoxu şahdan razılıq edir, əməllərinə haqq qazandırırdı. 


    Nadir şah keçmişini unuda bilmədi

Var-dövlət, şan-şöhrət içərisində Nadir şah keçmişini də yaddan çıxartmır, hətta istəsə də unuda bilmirdi. Çox vaxt şahın burnuna iylənmiş dəri qoxusu gəlirdi. Bu qoxu əsas gecə yatanda daha da şiddətlənirdi.  
Bəzən bu iyi Nadir şahın boğazını elə tuturdu ki, o çox çətinliklə nəfəs alır, az qalırdı ki, boğulsun. Bu artıq neçə dəfə təkrar olmuş, Nadir şah nərə çəkib hamını yuxudan oyatmışdı:
  - Gözətçini hüzuruma gətirin!
    Gözətçini şahın hüzuruna gətirmişdilər. Şah gözətçinin üstünə bağırıb demişdi:
  - Nə cürətlə saraya dəri gətirilməsinə icazə vermisən?
   Gözətçi şahın ayaqlarına düşmüş, and-aman eləmişdi:
    - Şah sağ olsun, saray darvazasını da həndəvərini də göz bəbəyəim kimi qorumuşam. Ordan heç kəs dəri-filan keçirməyib! Bunu sizə yalandan çatdıran yəqin mənim düşmənlərimdəndir. İnanma onlara şahım, mənə rəhmin gəlsin! 
   - Kəs səsini! Məni aldadanı, mənə xəyanət eləyəni bilirsən ki, nə gözləyir. Yəni mənim hissiyyatım o qədər xarab olub ki, mən dəri iyini hiss eləmirəm? Sən sarayın həyətinə dəri gətirdib sarayın bağında basdıra-basdıra üzümü ağ yalan deyirsən! Elə bilirsən Nadir şah bunu başa düşməyəcək! 
   - Şah, mən neçə gün olar ki, bağa ayaq basmamışam. Bağbandan soruşa bilərsən! 
     Şah gözətçiyə inanmamış cəllada əmr etmişdi:
   - Məndən xəbərsiz sarayın həyətinə iylənmiş dəri gətirilməsinə izn verdiyinə görə baş gözətçi dar ağacından asılsın! 
Cəllad əmri yerinə yetirəndən sonra Nadir şah saray bağını gecə ikən qazdırıb ordan dəri axtartdı. Dəri axtaranlar heç bir şey tapmadıqlarını şaha bildirəndən sonra şah sakitləşdi və onun burnundan dəri qoxusu çəkildi. 
 Belə dəhşətli səhnə neçə dəfə təkrar olmuş, hər dəfə də gözətçilərdən biri, ya ikisi edam edilmişdi.

  
   Lap nağıllarda olduğu kimi: «Bir könüldən min könülə aşiq oldu»
    
Nadir şahın çox dəbdəbəli, yaraşıqlı, böyük bir hərəmxanası var idi. Amma həmin hərəmxanada şahı daxilən, ürəkdən sevindirən bir qadın yox idi. Hər gecə hərəmxananın böyüyü qadınlardan birini şahın yanına gətirirdi. Şah üçün isə fərqi yoxdu, kimi onun görüşünə gətirirlər. Təki görüşünə gətirilən qadın gözəl olsun.     
Qəlbinə möhkəm qıfıl vurmuş Nadir şah demək olar ki, heç kəsi sevmir, kimin üçünsə darıxmır, kiməsə görə narahat olmurdu. Kimsəni ürəyinə yaxın buraxmırdı. Hərəmxanadakı kənizlər və şahın qanuni arvadları isə həmişə şahın soyuqluğuna başqa qiymət verirdilər. Hərəsi ayrılıqda elə bilirdi ki, şah hərəmxanadakı qadınlardan kimi isə sevir, amma onlar bundan xəbərsizdirlər. Ona görə həmişə bir-birlərini güdür, didişir, dalaşırdılar. Nəhayət, bir-birlərinin pis işləri haqda şaha xəbər çatdırmağa çalışırdılar. 
 Bir gün kənizlərdən biri şahla görüşəndə şahın arvadlarından biri – Güllü haqda çox müəmmalı sözlər danışdı. Qorxusundan demək istədiyini açıq deməyib sözünü şaha üstüörtülü çatdırdı. Şah isə işarədən heç bir şey anlamadı. 
Həmin vaxt Nadir şah hərbi səfərə hazırlaşırdı. Səhərisi günü o qoşuna «yürüş» əmri verib səfərə çıxdı.     Yol boyu fikirləşdi, axırıncı dəfə kənizin danışdığı sözləri götür-qoy elədi. Ürəyinə nə şübhələr gəldisə tez atının başını geri döndərdi və bir neçə atlı ilə geri döndü. Saraya çatanda atdan düşmədən birbaşa Güllünün yataq otağına girdi.
 Zəhmindən yer-göy alışıb yanan Nadir şahın arvadı qoşun sərkərdələrindən biri ilə bir yataqda yatmışdı. Nadir şahın bir anda gözləri qan rəngində oldu. Özünə gələn kimi cəlladı çağırdı. Onun qulağına nə pıçıldadısa…
Sonra heç kəsə məlum olmadı ki, şaha xəyanət edənlər – arvadı və sərkərdə hansı ölümlə cəzalandırıldılar. Onların aqibəti necə oldu? Bircə onu bildilər ki, Nadir şah hikkəsindən hətta Güllüdən olan oğlunu da boğdurub öldürtmüşdü.
Bündan sonra heç bir şey olmayıbmış kimi şah yenə də hərbi yürüşünə davam eləyib özünü qoşuna çatdırdı.      
Nadir şahda heç bir qorxu hissi yox idi. Onda hətta bir gün özünə yaxın bildiyi kimi isə itirəcəyi hissi yox idi. 
Nadir şah neçə dəfə ölümlə üzbəüz dayanmışdı. Minlərlə günahlı-günahsız adamı özü ölümə göndərmişdi. Amma qorxunun nə olduğundan xəbərsiz  idi. Bu o vaxta qədər davam elədi ki, bir gün dərviş fal açanda Nadirquluya – yəni Nadir şaha uşaq vaxtı dedikləri doğrudan da oldu. 
Bir gün tilsim sındı. Nadir şah da sevdi. Elə bu sevgi də onu tamam dəyişdirdi. Nadir şah qorxmağa başladı. Hər şeyi itirəcəyindən qorxmağa başladı. Bu necə oldu, qoy onu da danışım. 
Ömrünün əlli altıncı ilində yaşayan Nadir şah hələ də başa düşə bilmirdi ki, nəyə görə yazanlar, ozanlar sevgidən belə yana-yana danışır, göz yaşı axıda-axıda, ahla-vayla yazırlar, az qala ağı deyirlər. Hərəmxanasına dünyanın hər yerindən dünyanın ən gözəl qızlarını, qadınlarını gətirtmiş şah hər gün onların biri ilə əylənsə də, məhəbbətdən baş çıxartmır, sevgiyə aid olan şeirlərdən heç nə anlamırdı. Yrəyində bütün sevgi dastanlarının yalan olduğunu fikirləşirdi. Düşünürdü ki, burda nə var? Hansısa bir qadın nə karədir ki, adamın ağlını başından çıxara billə, ya dünyasını dəyişdirə, ya sevgisinə çatmayanda adam dəli ola, ya da ölə... 
«Bunlar hamısı bir cəfəngiyyatdır, yazarların, aşıqların uydurduğu boş bir cəfəngiyyat!». Nadir şah o vaxta qədər belə düşündü ki, bir gün...
Bir gün hərəmxanada Nadir şahın gözünə bir qız dəydi. Bu qız o biri qızlar kimi idi. Yəni gözəldi. Ala gözlü, bal dodaqlı, al yanaqlı, boylu-buxunlu... Düzü, onlardan çox gözəl də deyildi. Amma sanki bu gözəl Nadir şahı ovsunlamaq, onu öz sehri ilə başqa bir aləmə aparmaq üçün gəlmişdi. 
      Nadir şah Dağıstana hücum edəndə bu avar qızını ordan əsir gətirmişdilər. Elə o vaxtdan da bu əsir qız hərəmxanadaydı. Şah ona çox da fikir verməmişdi. 
Bu dəfə isə şah avar qızını görəndə elə bil ağlı-başından çıxdı. Avar qızı ala-gözləri ilə uzun, qara kipriklərini tora döndərib şahı əsir götürdü. Nadir şah bu torda çox çapaladı, çıxış yolu axtardı, amma tapa bilmədi, gücdən düşüb bir qadının əsiri oldu. 
 Əzəmətli şah özü də bunu hiss elədi. Əvvəl istədi qızdan uzaqlaşsın, özü ilə bacarmadı. Əmr etdi ki, bu gecə yanına həmin kənizi gətirsinlər. Avar qızı bunu eşitcək başqa kənizlər kimi sevinmək əvəzinə, qələm qaşlarını çatdı, qaşqabağını tökdü. Şah bunu eşidəndə qıza marağı daha da artdı. 
Səhərisi gün də, o biri gün də, bundan sonra günlərlə şah gecəsini də, gündüzünü də həmin kənizlə keçirtdi. Başqa kənizlər avar qızına paxıllıq eləməyə başladılar. 
    Hərəmxananın böyüyü Nadir şahın bu hərəkətinə məəttəl qalmışdı. Elə sarayın ayin-əyanları da... 
 Heç cavan vaxtlarında da Nadir şah hərəmxanannın ən gözəl qızını, ya qadınını bir gecədən artıq yanında saxlamazdı. Gecəsini şahla keçirmiş qadın bir də nə vaxtsa şahla sevişmək  növbəsini gözləməliydi ki, yüzdən çox kənizdən sonra nəhayət yenə növbə ona çatsın. Avar qızı isə növbəni pozmuş, şahın kənizlərini şahla sevişməyə həsrət qoymuşdu. 
      Nadir şahı dağıstan gözəli tamam dəyişmişdi. O, heç bir qadına belə mehribanlıq, nəvaziş və məhəbbət göstərməmişdi. Şah sanki bir uşağa dönmüşdü. Heç gülməli olmayan bir sözə ürəkdən gülür, dəyərsiz bir şeyə sevinirdi. Şah hətta özü də hiss eləmədən hərbi yürüşləri dayandırmış, qətlə yetirilənlərin sayını azaltmışdı. 
       Nadir şah avar gözəlinə o qədər vurğun idi ki, onu canının bir hissəsi sayır, özünün yarısı hesab edirdi. Buna görə də şah sevgilisinin adını da dəyişdirib Nadirə qoymuşdu. 
        Qoy Nadir şah sevməkdə olsun, sevgi ahı çəkməkdə olsun, görək Nadirə neyləyirdi... 
    Nadirə sanki bir qönçəydi, şahın sevgisindən sonra gül kimi açdı. Kəniz şahın sevgisini hiss elədikcə gözəlləşirdi. Hamı dağıstan gözəlinin gözəlliyindən danışmağa başladı. Əvvəllər ürəyində şaha, onun qəddarlığına nifrət eləyən qızın yavaş-yavaş ürəyi yumşaldı, onda şaha istək yarandı. Bu istək isə getdikcə də məhəbbətə çevrildi. 
  Bunu get-gedə hiss eləyən şahın da sevgisi Nadirəyə qarşı günü-gündən artırdı. Elə bil sehrli bir qüvvə həmin sevgini günü-gündən alışdırıb yandırırdı. 
        Günlərin sevgi içəisində ötüşdüyü vaxtdan doqquz ay, doqquz gün, doqquz gecə keçəndə şahın sevimli kənizi Nadirənin oğlu oldu. Bu şahın sayca on səkkizinci oğlu idi. Amma şah elə sevinirdi ki, sanki o padşahın ilkiydi. Şah on səkkizinci oğluna öz adını qoydu. Nadir. Bu övladdan  sonra şahın Nadirəyə sevgisi lap çoxaldı. 
       Bundan sonra elə bil Nadir şah  qorxmağa başladı. O, Nadirəni, on səkkizinci oğlunu itirmək qorxusundan qorxmağa başladı. Bu qorxu ona rahatlıq vermir, şah Nadirəni, körpə oğlunu bir an belə gözündən qoymurdu. 
       Nadir şah həyatda necəydi bir az bildik. Bəs yuxuda necəydi? Nə görürdü yuxuda? O nə istəyirdi? Ondan nə istəyirdilər? 


 Qorxulu yuxu 

Çox tez-tez Nadir şah dəhşətli yuxular görürdü. Bu yuxuların içərisində bir ən qorxulu yuxu var idi ki, Nadir şah bu yuxunu görəndə neçə gün özünə gələ bilmirdi.  
 Əvvəllər Nadir şah yuxuda dəri iyindən dəhşətə gəlirdisə, indi o diri-diri yandırdığı uşaqların saçlarının yanıq iyindən dəhşətə gəlirdi. Bu qoxu həmişə onun bürnüna gəlirdi. Bu qoxunu o tez-tez yuxuda da hiss edirdi. Nadir şahın dəhşətli yuxularından biri köməyə çağıran uşaqların səsi ilə başlayırdı. Sonra həmin uşaqlar Nadir şahı mühakimə edir, ona cəza vermək istəyirdilər. Diri yandırdığı Əliqulunun oğlu həmişə yuxuda onu hədələyib deyirdi:
  - Biz gərək sənin övladlarını odda diri-diri  yandıraq!    
    Nadir şah da həmişə qan-tər içərisində onun ayaqlarına düşüb eyni cavabı verirdi:
  - On yeddi uşağım var, hansını istəyirsiz cəzalandırın, mənə dəyməyin! 
   - Sən bizdən gizlədə bilməzsən, sənin on yeddi yox on səkkiz övladın var. Axırıncı övladını bizdən gizlətdiyinə görə biz məhz onu diri-diri odda yandırmalıyıq!
    Nadir şah həmin yuxudan həmişə qışqırıb ayılırdı. Bədəni tər, gözləri qan çanağına dönmüş... Belə cəzalar dəfəolərlə təkrar olunurdu. Yuxusunu yadına salanda Nadir şah qorxudan yatağına uzanmaqdan qorxurdu.  


      İndi şah hələ uşaq vaxtı dərvişin ona dedyi sözləri daha tez-tez yadına salırdı: «Səni gələcək həyatında çox maraqlı gələcək gözləyir. Qorxu nə olduğunu bilməyəcəksən. Varın-dövlətin başından aşacaq. Qüdrətli şəxs olacaqsan. Hər kəlmənə diqqətlə qulaq asılacaq, ətrafdakılar sənə baş əyəcək, təzim edəcək. Rəml göstərir ki, sən şah olacaqsan! Şah olandan sonra hər şeyin olacaq. Hər şeyin olanda isə sən onları itirməkdən qorxacaqsan. Məhz elə bu qorxu hissi də səni məhvə doğru aparacaq!». Dərvişin sözləri gecə-də gündüz də Nadir şahın qulaqlarında təkrarlanır və bu sözlərdən Nadir şah dəhşət içərisində nəticə çıxarırdı: 
   «Əlbəttə məni öldürəcəklər! Dərviş demişdi mən bütün dünyada ən qüdrətli bir adam olacağam, oldum! Dərviş demişdi varım-dövlətim başımdan aşacaq, var-dlövlətim başımdan aşdı... Dərviş dili yanmış demişdi hər şeyim olandan sonra mən məhvə doğru gedəcəyəm, çox güman ki, o da olar. Nə qədər özümü qorusam da, yəqin ki, bir gün məni öldürəcəklər. Aman, bunu fikirləşmək özü də bir dəhşətdir. Bu cah-cəlaldan necə ayrılmaq olar? Nadirədən, oğlumdan necə ayrı bilərəm? Yox yəqin,  yəqin ki, bir gün məni öldürəcəklər... Mən bir şey fikirləşməliyəm! Nadirəni və oğlumu düşmələrinin əlindən xilas eləmək üçün yollar axtarmalıyam!». 
     
           Çıxış yolu tapıldı

Nadir şah çıxış yolu axtardı və tapdı və sevindi: «Əlbəttə, mənim sevimli arvadımı və oğlumu yalnız və yalnız xilas edə bilər, «Beş almaz!». 
    Beş almaz çox qüdrətli, çox qiymətli idi. Tarixləri lap qədimdən gəlirdi. Bu almazları əldə  Nadir şaha qanlar bahasına başa gəlmişdi…
Danışım...  
     
      Nadir şahın Hindistana basqını bütün dünya hökmdarlarının qəzəbinə səbəb oldu. Çünki şah orada bu vaxta qədər görünməmiş dəhşətlər törətmişdi. Amma qorxusundan heç bir ölkə hökmdarı ona bu haqda bir kəlmə də demədi.  
     Nadir şahın qoşunları Hindistana hücum edəndə yerli camaat onlara qarşı çıxıb döyüşə başladı. Bu Nadir şaha xoş gəlmədi. Amma bu zaman Nadir şahın əmri ilə döyüş yox, əməlli başlı başkəsmə mərasimi başladı. Qocaya, qadına, uşağa rəhm edilmədi, cavana baxılmadı, bir tərəfdən hamının başı kəsildi. Gün doğandan gün batana davam edən bu dəhşətli mərasimdə iyirmi min adamın başı kəsildi. 
       Qara mərasim o vaxta qədər davam elədi ki, Hindistan şahı Məhəmməd şah Nadir şahın hüzuruna gəlib onun ayaqlarına düşdü:
   - Ey qüdrətli Nadir şah! Mənim məmləkətim, varım, dövlətim hamısı sənə peşkəşdir. Nə arzulasan onu can-başla sənə verərəm. Bircə adamlarına əmr et, başkəsmə edamını dayandırsınlar! 
      Nadir şah kinayə ilə gülüb dedi:
   - Bəs əsgərlərin mənim əsgərlərimin üstünə silah qaldıranda onları niyə geri çağırmadın? Niyə onları başa salmadın ki, Nadir şaha qarşı çıxanları nə gözləyir?  
    Məhəmməd şah bir tutarlı söz tapa bilmədi ki, Nadir şaha desin. Başından tacını çıxarıb Nadir şahın ayaqları altına qoyub dedi:
    - Al, Nadir şah! Bu dünyanın ən qiymətli tacıdır. Üstündəki də xalis almazdır. Mənim üçün böyük bir şərəf olar ki, bu tacı sənin kimi qüdrətli şah başına qoysun!
       Nadir şah tacı görən kimi onun gözləri böyüdü. Tacı əlinə alıb tələsmədən xeyli ona baxdı. Sonra isə əmr verdi:
     - Edam mərasimi dayandırılsın! 
    Məhəmməd şah minnətdarlıq əlaməti olaraq Nadir şaha baş əydi.  Sonra isə adamlarının salamat qalması xətrinə xəzinədə nə qədər bahalı qızılı, gümüşü, cəvahiratı var idi, hamısını daşıtdırıb Nadir şahın ayaqları altına tökdürdü.     
Nadir şah qiymətli əşyaların dəyərini öyrənmək üçün soraqlaşıb ən mahir zərgəri yanına çağırtdırdı. 


Onun adı Surca idi. Surca çox gənc olmasına baxmayaraq bütün zinət əşyalarından baş açır, qiymətli əşyalara əl vurmamış onların keyfiyyətini, tərkibini əzbərdən deyirdi. O, şahın hüzuruna gəlib əlləri qoynunda şaha baş əydi. Nadir şah əvvəl elə başa düşdü Ki, Məhəmməd şah onu aldadıb, dedi:
     - Məhəmməd şah! Sənin məmləkətində savadlı, ləyaqətli bir zərgər yoxdu ki, bu ağzından süd iyi gələn birisini məmləkətin ən güclü zərgəri kimi mənim hüzuruma gətirtmisən?
Məhəmməd şah Nadir şahın qəzəbindən elə qorxurdu ki, ona görə də dili topuq vura-vura söylədi: 
- Nadir şah sağ olsun! Bu belədir ki var. Hindistanda zərgərlik sənətinin ən mahir ustası, qiymətli daş-qaşı ən yaxşı tanıyan usta Surcadır. Sənə bağışladığım ən qiymətli tacın, ən qitymətli daş-qaşın tarixini, keyfiyyətini bilmək istəyirsənsə, bu ustadan soruş. Hətta başqa məmləkətlərdən də çox bilən zərgərlər bu cavan ustanın – Surcanın yanına məsləhətə gəlirlər. 
- Məhəmməd şah, hər şeyə başınla cavabdehsən, mən deyən olmayanda özün bilirsən nələr olur…
       Bunu deyəndən sonra Nadir şah cavan ustanı süfrəyə oturmağı təklif elədi. Usta Surca necə təzim edərək durmuşdusa, eləcənə başını qaldırmadan şaha minnətdarlıq bildirdi:
 - Nadir şahın süfrəsində oturmaq böyük şərəfdir. 
Belə deyəndən sonra o süfrənin qonaqlar üçün ayrılmış tərəfində oturdu. Amma heç nəyə əl uzatmadı. Nadir şah isə nar dənələrini ağzına qoya-qoya cavanın hərəkətlərinə fikir verirdi. Surca heç bir eyməyə əl uzatmadı. Bu Nadir şaha xoş gəlmədi, soruşdu:
- Usta, deyirsən Nadir şahın süfrəsində oturmaq böyük şərəfdir. Bəs belə olan tərzdə nə cürətlə mənim süfrəmdən bir təam dadmırsan? 
- Şahın taxtı əbədi olsun, ömrü uzun! Mən adi bir zərgərəm. Heç kimsəyə də pisliyim dəyməyib, cavanam, rəhmin gəlsin mənə!
 Nadir şah əvvəlcə ustanın dediyindən heç bir şey anlamadı. Sonra isə cavanın sözlərin mənasını anlayıb ürəkdən, doyunca güldü. 
Şahın birdən yadına bir neçə gün əvvəl Məhəmməd şahın yaxın qohum-əqrəbasına verdiyi ziyafət yadına düşdü. Həmin ziyafətdən, həmin süfrədən tək bir nəfər salamat qalmışdı. Məhəmməd şah! 
Məhmməd şah Surcanın nə demək istədiyini o saat başa düşsə də özünü başa düşməməzliyə qoydu və Nadir şah güldükcə onun rəngi qaraldı. 
 Nadir şah doyunca güləndən sonra dedi:
- De, usta, nə üçün şah süfrəsindən heç bir şey dadmadığının sirrini özün aç!
- Şah sağ olsun! Burda gizlin bir şey yoxdur Ki, sirr ola! Mən saray əyanlarına verdiyiniz qonaqlığın sədasını eşitmişəm. Onu da bilirəm ki, qonaqlıqda iştirak edənlərin hamısı zəhərlənib ölüblər. Bircə Məhəmməd şahdan savay! Yaşamaq istəyirəm, ona görə də qorxudan ağzıma heç nə qoymuram! 
-  Cəsarətli, düzgün cavabın üçün günahından keçdim. Həm də sən mənə lazımlı adamsan. Hindistan şahının mənə bəxşiş etdiyi hər daş-qaş haqda mənə dürüst məlumat versən şahdan xələt görəcəksən, yox biliyin məni qane eləməsə özündən küs!
Sonra şah bərkdən bir əl çaldı. Bir nəfər içəri girib baş əydi və dinməz-söyləməz süfrəyə əl uzadıb hər yeməkdən bir az boşqaba qoydu. Hər şərab dolçasından az-az süzüb badəsini doldurdu. Sonra isə yeməyi yeyib, üstündən isə şərabı başına çəkdi. Bütün bunlardan sonra isə yenə də şaha baş əyib bir tərəfə çəkildi və sakitcə bir küncdə dürdü.
Surca düşündü: «Əgər bu adam bütün yeməklərdən dadıb sağ qaldısa, deməli yeməklər zəhərli deyil. 
Şah əlini süfrəyə uzadandan sonra o da risk edib təamların dadına baxdı.  
Yeməkdən sonra Nadir şah üzüyünü Surcaya göstərib dedi:
- Əgər doğrudan da bilsən barmağımdakı üzük nə üzükdür, onda bilərəm ki, zərgərlikdən, qiymətli daş-qaşdan başın çıxır. 
Surca şahın barmağındakı üzüyə diqqətlə baxıb dedi:
- Bu Süleyman şahın ən sevimli üzüyüdür. Qaşı almazdandır. Ərəbistandan gətirilib. İçərisində də Süleyman şahın möhürünə oxşar möhür əks etdirilib.
Bu cavabdan Nadir şahın xoşu gəldi. Çünki bu həqiqətən də beləydi. 
Sonra Nadir şah Hindistandan ona «hədiyyə» edilmiş xəzinəni zərgərə göstərib dedi:
 - Bunları bir-bir yoxla! Ən qiymətli qaş-qaşın adını, keyfiyyətini, çəkisini mənə de! 
Surca xəzinədən seçib beş almaz götürdü. Onları şahın qarşısına qoyub dedi:
- Şah sağ olsun! Xəzinədə ən qiymətli Daş-qaş bunlardır. Bu beş almaz! Bu qiymətli, həm də qiymətsiz almazların tarixi qədimdən gəlir. 
Hətta bunlardan biri həm də sehrlidir. Onu sağ əlində tutanda, canda olan bütün ağrıları çıxardır. 
Bunu deyib Surca beş almazdan ən gözəlini şaha göstərdi və sözünə davam elədi:
 - Şahım, budur dediyim daş. Onun adı «Qaranlıq və şəfəq»dir. Qaranlıqda da işıqda da nur saçır. O qədər qiymətlidir ki, demək olar qiymətsizdir. Nəyə görə ağrını çəkir? Hələ indiyəcən bu sirri bilən yoxdur. Daşın bir sirri də var. Ona sahib olan kişinin əli daşa dəyməməlidir. Tezliklə ölüm gələr daşa toxunan sahibə. Həmin daşa ya qadın, ya da uşaq əli toxuna bilər. 
  

Nadir şah Hindistandan 18 tonn qızıl və gümüş gətirmişdi. Həmin xəzinəni fillərə yükləyib daşıyrdılar. 
  Danışırdılar ki, Nadir şah Hindistan səfərindən qayıdandan sonra çox dəyişmiş tamam zülümkar olmuşdu. Edamların sayı çoxalmış, ah-nalə səsi artmışdı. Sarayda elə gün olmurdu ki, edam olmasın. Bununsirrini bilmək üçün rəml atanlar rəml atdılar, fala baxanlar fal açdılar, rəml eyni şey göstərdi. Fal eyni cür açıldı. 
 Dərvişlər eyni xəbər verdilər: «Hindistanda Nadir şahın üstünə qara cadunun suyunu töküblər. Yeməyinə qurd beyni töküblər. Uzaqdan üzünə cəhənnəm duası oxuyublar. Ona görə də Nadir şahın beyni çönüb. Getdiyi yol onu məhvə səmt aparır. Çarəsizdir. 
    Nadir şah almazlara baxanda o özünü dünyanın ən qüdrətli şəxsinə bənzədirdi. O saatlarla bu qiymətli əşyalara baxmaqdan doymurdu. Birini əlinə alıb xeyli baxandan sonra o birisini götürürdü. Bircə ölüm qorxusundan  Bu almazların tarixi çox qədimi olmasına, onların hərəsinin öz adı olmasına bxmayaraq Nadir şah özü bu almazları öz istədiyi kimi adlandırmağa başladı.     

Bir almazı əlinə alanda onu xəyalı keçmişə, uşaqlıq illərinə, əsir olduğu vaxtlara apardı.  O vaxt ona vurulmuş, əsirlikdən qaçmağa kömək etmiş bəy qızı Zibanı xatırladı. Zibanın da üzü şahın əlindəki almaz kimi dəyirmi di. «Görəsən indi Ziba neyləyir?» - şah fikirləşdi - «Mənim yaşım əllini keçibsə, deməli o da artıq qocalır. Bəlkə də indi o hansısa bir bəyin kənizidir. Yaşı keçdiyindən olub bəyin arzuolunmaz kənizi. Atılıb hərəmxanannın bir küncündə qalıb. Görəsən o vaxt Ziba ilə evlənsəydim indi mənim bu qədər varım-dövlətim olardı? Əlbəttəki, yox! Yaxşı ki, evlənməmişəm. Amma bu almaz Zibaya çox oxşayır. Elə onun da adını qoyacağam ona». 
Nadir şah daşlardan birinin adını Ziba qoydu. Əlinə ən böyük, ən gözəl almazı alanda isə yadına sevimli arvadı Nadirə düşdü. Elə bu almazın da adını onun şərəfinə Nadirə adlandırdı. Qalan üç daşın birini Dərya-nur, o birini Kuh və Nur, üçüncüsünü isə Şah daşı adlandırdı. 

             


Şah bu qiymətli əşyaları bir an da olsa belə gözündən qoymur, hara gedirdisə özü ilə aparırdı.
İndi də Nadir şah sevdiyi adamları qorumaq üçün ağlına gələn o oldu ki, bu qiymətli almazlardan istifadə eləsin.   

Yadına erməni tacir Lazar düşdü. Lazar çox paxıl, hiyləgər və tamahkar idi. 
Şah onu tapdırıb hüzuruna çağırtdırdı. Gizlincə Lazara çoxlu qızıl, daş-qaş verdi ki, əgər ona bir şey olsa, mütləq Nadirə ilə balasını tapsın. Nadirə yenə ona qızıl verəcək. Əlbəttə ki, onların xilasından sonra. Lazar hiyləgər-hiyləgər gülüb şaha «baş üstə şahım», deyib şahı arxayın elədi. 


           

      Sui-qəsd planı

     Günlərin bir günü dəhşətli bir hadisə baş verdi. Kim şaha nə çatdırdısa, Nadir şahın ən çox  ən çox etibar elədiyi adam - qardaşı oğlu Əliqulu şahın gözündən düşdü. Nadir şah onu cəzalandırmaq məqsədilə onu Sistan əyalətinə hakim göndərdi. Şah həm də əmr verdi ki, mənim əmrim olmadan Əliqulu Sistandan heç vaxt, heç bir yerə çıxa bilməz. 
       Əliqulu nə qədər axtardı, fikirləşdi, düşmənini - ona kim tərəfdən pislik edildiyini tapa bilmədi. Sistan hakimi omaq Əliqulu üçün çox aşağı bir vəzifə idi. Ona görə də onun hirsi, hikkəsi yerə-göyə sığmırdı. 
        Bundan da başqa Nadir şah Sistan əyalətinin vergisini çox qoymuşdu. Sistanda isə quraqlıq olduğundan əkinçilər bilirdilər ki, bu vergini – yüz əlli min nadirini heç vaxt ödəyə bilməyəcəklər. Ona görə də əyalətə hakim göndərilən vaxtdan Əliqulu gecə-gündüz başının salamat qalması üçün çıxış yolu axtarırdı. 
      Heç bir çıxış yolu görməyən Əliqulu bir gün qərara gəldi ki, əmisinə məktub yazıb verginin vaxtının uzaldılmasını xahiş eləsin. 
    Nadir şah qardaşı oğlunun məktubunu oxuyan kimi hirsləndi. Ona belə bir cavab məktubu göndərdi: 
             «Sən bu qədər cəsarətli olmusan ki, mənim təyin etdiyim vergiyə nöqsan tutursan? Əgər yüz əlli min nadirini ödəməsən, sənin və Sistan əhlinin başı qılıncdan keçiriləcək!». 
    Əliqulu məktubu oxuyan kimi az qaldı başına hava gəlsin. O bilirdi ki, əmisi Nadir şah mütləq dediyini edəcək! Amma vergini ödəmək də mümkün deyildi. 
     «Deməli bir yol var!», - deyə Əliqulu fikirləşdi və həmin vaxtdan da doğma əmisi Nadir şaha sui-qəsd hazırlamağı düşündü.
     İlk əvvəl Əliqulu vergi məmurlarından on gün möhlət istədi. Onları yola salan kimi özü də gizlicə Məşhədə yola düşdü. Onun bir məqsədi vardı – Nadir şahı öldürmək. 
     Əliqulu öz yaxın adamlarından bir neçəsini başına yığıb fikrini onlara çatdırdı. Üstəlik onlara söz verdi ki, onların hərəsini bir əyalətə hakim qoyacaq. 
    Xeyli danışandan sonra sui-qəsdçilər qərara gəldilər ki, Nadiri öldürəndən sonra Əliqulunu şah qoysunlar, özləri də itaətində dursunlar. Ayağa qalxanda Əliqulu son sözünü dedi:
    -  Bu gecə Nadir şahlığının son gecəsi olmalıdır!     
   

   Şahlığın son gecəsi   
       
    Nadir şah sevdiyi dilbəri Nadirə ilə alaçıqda əyləndiyi vaxt gözətçi xəbər gətirdi ki, bir saata şah şam yeməyinə gələ bilər. Onun arasından beş dəqiqə keçmişdi şaha xəbər çatdırdılar ki, Məşhəddən çapar gəlib ona məktub gətirib. Çapar deyir ki, məktubu şəxsən şahın özünə çatdırmalıdır. Şah əlinin hərəkəti ilə rəqqasələrə göstəriş verdi ki, çadırdan çıxsınlar. 
      Yarıçılpaq rəqqasələr təzəcə şaha təzim edib çıxmışdılar ki, üst-başından toz yağan çaparı şahın hüzuruna gətirdilər. Çapar şaha baş əyib qoynundan məktub çıxartdı və şaha təqdim elədi. 
     Nadir şah məktubu çapardan alıb oxuyan kimi rəngi elə oldu, elə oldu, qapqara. Hirslə qışqırdı:
    - Məktuba cavab yoxdur, gedə bilərsən! 
    Çapar şahın bir anda necə dəyişdiyinin şahidi oldu. Məktubu gətirdiyinə peşiman oldu. Çadırdan yel kimi bayıra çıxdı. Şahın qəzəbindən elə qorxdu ki... Qorxusundan dincini də almadı. Necə çaparaq gəlmişdi, eləcə də geri döndü.
    Məktubu Məşhədin hakimi göndərmişdi. O yazırdı: 
        «Ey Möhtərəm şah! Qarşınızda baş əyirəm və özümə borc sayıram Sizə bildirəm ki, qardaşınız oğlu Əliqulu sizin əmrinizdən çıxaraq Sistandan çıxıb Məşhədə gəlib. Qaçıb gözdən itdiyinə görə adamlarım onu tuta bilməyiblər. Bütün bunları Sizə bildirməyi özümə vacib saydım. Təkrar-təkrar qarşınızda baş əyirəm!».  
    Şah məktubu oxuyandan sonra başını iki əlləri arasına aldı. Nadirə qorxudan heç soruşmadı da ki, məktubda nə yazılıb.
     Axşam süfrəxanadan qayıdan şah bir xeyli dinməz oturandan sonra kağız-qələm götürüb bir məktub yazdı. Məktubu möhürləyib qatladı. Cəlladı yanına çağırtdırıb məktubu ona verib dedi:
    - Çapar yolla tez bu məktubu Məşhəddəki cəllada çatdırsın.   
      Cəllad məktubu alıb «Baş üstə şahım!», dedi. 
    - Sabah üçün isə hazırlaş, səni böyük iş gözləyir.
       Cəlladbaşı iki əlini sinəsinə qoyub baş əydi:
    - Şah sağ olsun! Bilmək olarmı bu iş nədən ibarət olacaq? 
       Nadir şah qəzəblə cavab verdi:
    -  Qərara gəlmişəm bütün xainlərin gözlərini kasasından çıxaram!
    -  Mən şahın bütün əmrlərini yerinə yetirməyə can-başla hazıram! – cəlladbaşı səsi titrəyə-titrəyə dedi. 
       Cəlladbaşı çadırına çatan kimi məktubu səliqə ilə açdı. Gizlincə onu oxudu. Məktubda yazılmışdı: «Qardaşım oğlu Əliqulunun xain çıxdığı mənə məlum olduğuna görə əmr edirəm ki, Əliqulunun iki oğlu odda diri-dliri yandırılsın və arvadı ilə anasının isə gözləri kor edilsin! Çapar əmri sizə çatdıran kimi onu icra etməsəniz, özünüz cəza alacaqsınız!». 
      Cəllad şahın əmrini yerinə yetirdi.   
     Nadir şah bütün şahlar kimi təmtəraqla yemək yeməyi xoşlardı. Şah süfrəxanada yemək yediyi zaman bütün saray adamları sıraya düzlənər, şah da onlarla söhbət edə-edə yeməyini yeyərdi. 
     Bu gün yenə də saray adamları adəti üzrə bir-bir süfrəxanaya daxil oldular və əlləri sinələri üstündə dayandılar. 
    Bu gün Nadir şah elə qəzəbli idi ki, həmin gecə yemək də yemədi. Bir fincan qəhvə içib yatmağa getdi. 
    Çadırda Nadir şahın sevimli məsihi arvadı onun yolunu gözləyirdi. Nadirə də Nadiri o qədər çox istəyirdi ki, həmişə onun yolunu həyəcanla gözləyirdi. O heç vat Nadir şaha adı ilə müraciət etməz, hörmət əlaməti olaraq onu Zillüllah deyə çağırardı. Bu dəfə Nadir şahın əsəbiliyi onun da kefini pozmuşdu:
    - Nə olub Zillullaha, bilə bilərəmmi?
      Nadir ilk dəfə Nadirənin üzünə baxmadan dedi:
   -  Ətrafımda hamı xəyanətkardır! Əmr etmişəm Əliqulu Çistandan çıxmasın, o isə istədiyi əyaləti gəzir, Nadir şahı, onun əmrini saymır. Əyalətlərin hakimləri isə bunu görə-görə biri mənə xəbər eləmir. Çünki onlar hamısı xaindirlər. Xainlərin hamısının səhər gözlərini oyub gözüvün qarşısında yerə tökəcəyəm. Özün şahid olacaqsan! 
   -  Bir az sakitləş, şahım! Rahatlan, səhər isə ürəyin nə hökm eləsə onu da edərsən! Kimi istəsən, onu da cəzalandırarsan! 
   -  Nəslimizdən ən çox yaxşılığım qardaşım oğluna dəyib, əvəzində onun mənə etdiyi xəyanətə bax! Sən bir Əliquludakı cürətə bax! Nankor, xain! Sənin gözlərini oyub manqalda bişirməsəm, mən Nadir şah olmaram! 
     Nadirə şahı nə qədər əzizləsə də, ona nə qədər nəvaziş göstərsə də, şahın hirsi soyumadı ki, soyumadı. O, elə hirsli-hirsli də yatağına uzandı və çox keçmədi ki, xorultusu otağı bürüdü. 
    Nadirə də uzandı ki, yatsın, amma elə bir az yatan kimi dəhşətli bir yuxu görüb yatağından dik qalxdı. Bu bir neçə dəfə təkrar oldu. Və axırda yuxusu tamam qaçdı. 
    Bu gecə avar qızının ürəyi çox narahat idi. Sanki bu gecə baş verəcəklər əvvəlcədən onun ürəyinə dammışdı. O, Nadir şahı həddindən artıq çox istəyirdi. Bəlkə də özündən qat-qat çox. O Nadir şahda heç bir vaxt eyib görməz, həmişə onun etdiklərinə bəraət qazandırardı. Etibarlı avar qızı həmişə fikirləşirdi: «Nadir şaha bir şey olsa mən yaşamaram!. Onsuz həyat mənə gərək deyil». Bəlkə də bu gün elə həmin istəkdən idi ki, başını balışa qoyan kimi yuxuda Nadiri qan içərisində çapalayan görür, yuxunun dəhşətindən yerində dik qalxıb otururdu. Bu bir neçə dəfə təkrar olunandan sonra qadının yuxusu tamam qaçdı.   
     Nadirə alaçığın pəncərəsi qarşısında dayanıb qaranlıqda həyəti seyr edəndə gözü bayıra baxsa da, fikri dəhşətli yuxularının yanındaydı. Ay səhranı süd kimi işıqlandırmışdı. Gözəl bir bahar axşamı idi. Nadirə bir də fikir verdi ki, burda hər gecə bülbüllər cəh-cəh vurduğu halda, bu gecə hardansa bir bayquş gəlib və dayanmadan da ulayır. Pıçıltı ilə dedi:
   - Xarabalıq quşu, hardan gəlib çıxmısan, uç, get! 
     Qoy Nadirə qara fikirləri ilə bayquşun səsinə qulaq assın, titrəyən səsilə bayquşu qovsun, sizə kimdən deyim, kimdən xəbər verim, Əliquludan! 
      Qəsdçilər gizlin-gizlin öz işlərindəydilər. Onlar hər şeyi Əliqulu deyən kimi eləyib yavaş-yavaş Nadir şahın çadırına yaxınlaşırdılar. 
     Qəsdçilərdən biri atların yanında qalmışdı ki, atlar yəhərli, hazır olsunlar. 
      Qalan üçü isə Nadir şahın alaçığına tərəf yollanırdı. Qoçu bəy Nadir şahın xüsusi gözətçilərindən olduğuna görə sarayda onun əsas vəzifəsi şaha qarşı hazırlanan sui-qəsdləri öyrənib vaxtında ifşa eləmək idi. Ona hamı Nadir şahın ən çox inandığı adam kimi baxırdı. 
     Buna görə də indi Nadir şahın alaçığına tərəf ən birinci o gedirdi. Hamıdan qabaqda yeriyərək hər yerdə qarşılarını kəsən gözətçilərin sorğu sualına da özü cavab verirdi. 
     Gözətçilər cürbəcür suallar versə də, Qoçu bəy onların hamısına inandırıcı cavab verirdi:
      -  Kimsiniz? Hardan gəlib-hara gedirsiz?
      -  Mənəm, Qoçu bəyəm! Nadir şahın əmrini yerinə yetirirəm!
      -  Qoçu bəy! Sənin şah hüzuruna keçməyinə etirazımız yoxdur! Amma de, yanındakılar kimdir?
      -  Onları Nadir şahın əmrilə onun görüşünə aparıram!
      -  Axı Nadir şah yuxulayıb, alaçığından gələn işıq da sönüb!
          Bu yerdə Qoçu bəy səsini qaldırdı:
      -   Axmağ adam! Məgər mənə - Qoçu bəyə inanmırsan ui, bu qədər vaxtımızı alırsan? Mən indi Nadir şaha sənin haqda məlumat verərəm!  
      - Yox Qoçu bəy, amanın bir günüdür! Məndən ona heç bir söz demə! Balalarıma yazığın gəlsin! Bağışla məni! Buyur keç, buyur!
       Gözətçi az qala gələnlərə baş əyərək onlara yol göstərdi. 
       Şərq hökmdarlarının, xüsusilə İran şahlarının çadırı çox dəbdəbəli olurdu. Nadirin çadırının uzunluğu iyirmi arşın, eni isə on beş arşın idi. Dirəklərin üstündə qızıldan iki böyük qübbə var idi. Ay onların üstünə düşür, onlar da işıq saçırdılar. Çadır xalılarla və cəvahirlərlə bəzədilmişdi. Çadırın hər küncündə bir gözətçi əyləşmişdi. 
      Qoçu bəy bilirdi ki, həmin gözətçiləri mütləq öldürmək lazımdır. Onlar heç kəsi Nadirin yataq otağına buraxan deyildilər. 
       Sui-qəsdçilər eyni vaxtda hərəkət edərək sakitcə gözətçiləri öldürüb alaçığa daxil oldular. 
      Nadirə həmin vaxt yatmasa da ərinin yanında uzanmışdı. O, səs eşidən kimi yerindən dik qalxdı. Onun belə qalxmasından Nadir şah da oyanıb yuxulu-yuxulu soruşdu:
     - Nə baş verib? - Birinci dəfə idi ki, Nadir şahın sualı cavabsız qaldı. 
      Şahın çadırında zəif bir işıq yanırdı. Nadir şah bir də baxdı ki, onun yaxın adamları qılınc əllərində çadırdadılar. Nadir şahın heç ağlına da cəlməzdi ki, onun tayfasından olan adamlar, özünün ən çox inandığı qan qohumları ona qəsd eləməyə gəliblər. Nadir şahın belə şey ağlına gəlsəydi elə nərə çəkər, elə bağırardı ki, səsinə qonşu alaçıqdan gəlib sui-qəsdçiləri bir anda yox edərdilər. 
      Qəsdçilərdən biri tez özünü Nadir şaha çatdırdı. Qılıncını qaldırıb elə zərblə şahın başından vurdu ki, Nadir şahın səsi çıxmadı. Amma heç kəsin cürəti çatmadı ki, onun başını kəssin. Şahın başını nökər kəsdi. Baş bədəndən ayrılan kimi cansız cəsəd yerə düşdü. Kəsilmiş damarlardan qan fəvvarə vurdu. 
      Bu o vaxt idi ki, artıq Fəthabad xoruzları banlayıb səhərin açılmasını xəbər verirdilər.  
     Çadırda isə iki adamın cəsədi – Nadirlə Nadirənin cəsədi yanbayan uzadılmışdı. Nadir necə öldü, bildin, indi gəl Nadirə necə oldu öldü, sənə onu nəql eləyim... 
     Sui-qəsdçilər nökərlərinə tapşırmışdılar ki, alaçığa girən kimi Nadirənin ağzını tutsun, nökər də elə eləmişdi. Nadir şahın nəfəsi kəsilən kəsilən kimi nökərə əmr elədilər: 
    - Azad elə qadını, çıxsın getsin! Onun bu işlərdə günahı yoxdur!  
      Nökər Nadirənin əl-qolunu açdı. Bayaqdan Nadirə dünyada ən çox sevdiyi adamın öldürülməsinə dəhşətlə tamaşa edirdi. Bu acı görünüş ona tanış idi. Çünki bayaqdan bir neçə dəfə mürgü vuranda Nadirə şahı elə beləcə - yatağında qan içərisində görmüşdü. Amma sui-qəsdçiləri yuxuda tanıya bilməmişdi. 
      Nadirənin əl-qolu açılan kimi cumdu qana bulaşmış döşəyin altından xəncərini çıxardıb bir göz qırpımında qəsdçilərdən birinin- birinci Nadir şaha qılınc qaldıranın böyrünə sancdı. Qılıncı çıxarıb o birisini vurmaq istəyəndə nökərlər ta ki canı ağzından çıxana qədər Nadirəyə qılınc vurdular. Nadirə qışqırıb Nadir şahın  yanına yıxıldı. Bundan sonra onun üzündə xoş bir təbəssüm yarandı. Nadir şahla bir yerdə ölmək Nadirəyə yaşamaqdan da xoş oldu. 
     

     Xəzinə 

     Səhər Nadir şahın başını nizədə görən hər kəsin gözləri təəccübdən bərələ qaldı.
     Əliqulu doğmalarının başına gələnləri eşidəndə çox pis oldu. Arvad-uşağını vaxtında gizlətmədiyinə görə peşiman oldu.  Onun şahlığa, var-dövlətə olan eşqi o qədər yüksəkdə idi ki, oğul-uşaq yadına belə düşmürdü.  
     Elə ona görə dərdini də çox tez soyudub yenə də öz işləri ilə məşğul olmağa başladı. 
     Əliqulu gecikmədən Nadir şahın qərərgahına gəlib özünü şah elan etdi. Hamıya da tapşırdı ki, ona Adil şah desinlər. Amma nə edirdisə də onun fikri Kəlatdakı böyük xəzinənin yanındaydı. Ona görə də özünün şah elan edən kimi dayanmadan birbaşa Kəlata yola düşdü. Nadirin kəsilmiş başını götürməyi də unutmadı. 
    Az getdi Əliqulu dayanmadı, çox getdi dincəlmədi, gecəsini gündüzünə qatdı, yatmaq vaxtı yuxusuna haram qatdı, yemək vaxtı yeməyinə, şər qarışana yaxın gəlib Kəlata çatdı. Mağaranın qapısına çatanda gözətçinin səsini eşitdi:
    - Kimsən, nəçisən, dəstəni başına yığıb buralarda at sürürsən, meydan sulayırsan? Bəlkə başın bədəninə ağırlıq edir? Bilmirsən ki, bu mağaraya yaxın gələn başsız qalır? 
     Əliqulu Abdullahın səsini tanıdı. O xəzinə gözətçilərinin başçısı idi. Nadir şaha çox etibarlıydı. Nadir şah desəydi öl, ölərdi, heç soruşmazdı, nəyə görə, desəydi qal, yaşardı, şahın canına dua edə-edə. Əliqulu bilirdi ki, Abdullah Nadir şahın əmri olmadan  heç vaxt xəzinənin darvazasını açmayacaq. Darvaza isə dava ilə yox, xoşluqla açılmalıydı. Çünki Nadir şah xəzinəni qorumaq üçün sirrli bir plan qurmuşdu.
    Qayalıqda yerləşən xəzinənin yerini daşyonanlar üç ilə qazıb hazırlamışdılar. Xəzinəni iki yüz gözətçi qoruyurdu. Onlara Abdullah Mərvani başçılıq edirdi. Bu alınmaz bir qala idi. O boyda qalanın cəmi bircə giriş üçün darvazası var idi. Qalan ətrafı keçilməz qayalardı. Üstəlik xəzinənin girişində daşdan yonulmuş bir barıt anbarı var idi ki, onun da içi həmişə barıtla dolu olardı. 
      Nadir şah Abdullaha tapşırmışdı ki, əgər xəzinəyə hücum olsa, gözətçilər öldürülərsə, mütləq barıt anbarını partlatsın. Barıt anbarı partlayarsa, onun üstündəki dağ uçub xəzinənin girişini tutacaq. Girişi isə daş parçalarından təmizləmək üçün ən azı bir aya qədər vaxt lazım olacaq. O vaxta qədər də Nadirin əsgərləri çatıb xəzinəni ələ keçirmək istəyənin dərsini verəcəkdilər.   
     Bütün bunları Əliqulu yaxşı bilirdi. Ona görə də Abdullahın səsini tanıyan kimi onunla xoş danışmaq qərarına gəldi:
    - Xoş gördük səni, Abdullah! Tanıdınmı məni? 
    Abdullah da onunla mehriban danışdı. Çünki onun Nadir şahın ölümündən xəbəri yox idi:
  - Əlbəttə, tanıdım! Qüdrətli şahın qardaşı oğlunu tanımaya bilərəmmi?
   Əliqulu özünə arxayın-arxayın dedi:
  - Elə isə sənə əmr edirəm! Qapını aç! 
   Abdullah Əliquludan çəkinirdi, bir istədi darvazanı açsın, amma Nadir şahın əmrini yadına salıb dayandı:
    - Ey şahzadə, başqaları bilməsə də sən yaxşı bilirsən ki, bu darvaza ancaq və ancaq Nadir şahın əmri ilə açılır. Əgər onun əmri ilə gəlmisənsə, göstər, həmən darvazanı açım! 
   - Mən sənə elə bir şey göstərəcəyəm ki, o əmrdən də güclüdür! 
   Abdullah heç nə başa düşməyib soruşdu:
   - Mənim üçün Nadir şahın əmrindən güclü heç nə ola bilməz! 
    Əliqulu dedi:
   - Nadir şah öldürülüb! Dünəndən İran şahı mənəm! 
    Bunu eşidəndə Abdullah qorxudan qışqırdı:
   - Allah sən saxla, bu heç vaxt ola bilməz! İnana bilmərəm! 
    Əliqulu əmr etdi ki, içrəisində Nadir şahın başı olan torbanı iplə darvazadan içəri çəksinlər. Elə də elədilər. Abdullah və gözətçilər Nadir şahın kəsik, qanlı başını görəndə heyrətdən içlərini çəkdilər. 
    Əliqulu dedi:
  -  Abdullah və keşikçilər! Bu gün Nadir şah yoxdur və onun yerinə mənəm. Mən indi İran şahıyam və bu torpaqda yaşayan adamların malı və canı, o cümlədən sizin malınız və qanınız mənim ixtiyarımdadır. Əgər ağılla hərəkət edib darvazanı açsanız, hamınıza ənam verəcəyəm, darvazanı açmaqdan imtina edib darvazanı partlatsanız, dəhşətli işgəncələr sizi və sizin ailə üzvlərinizi gözləyir. Bütün nəslinizdən bir adam belə sağ qoymayacağam! Düşünün, seçim sizindir! 
   Abdullah bir istədi desin ki, axı Nadir şahın yerinə üç oğlu var sən niyə şah olursan? Sonra fıikirləşdi ki, bunu desə Əliqulunun gözündən düşəcək və hələ ola bilsin ki, bu sözünə görə onu edam da elətdirsin. Bunları düşünən Abdullah qəmli səslə dedi:
  - Bizim Nadir şahın ölümündən xəbərimiz yox idi. Ona görə də səni yaxşı qarşılamadıq. Bu saat darvazanı açarıq, içəri təşrif buyurarsınız!  
     Xəzinənin darvazası açıldı. Əliqulunun əsgərləri içəri daxil oldular. Əliqulu dedi:
    - Əvvəl mənə göstər görüm Nadir pulları harda saxlayırdı? 
   Abdullah dedi:
     - Ey İran şahı! Onu göstərə bilməyəcəyəm! Qiymətli canına and olsun ki, mağarada iki xəzinə var. Kiçik xəzinə və böyük xəzinə. Pullar əvvəlcə kiçik xəzinəyə yığılırdı, sonra isə Nadir şah Kəlata gələndə o böyük xəzinəni açardı, yığılmış pulları böyük xəzinəyə daşıtdırardı. Kiçik xəzinənin açarı həmişə məndə olar, amma böyük xəzinənin açarını Nadir şah yalnız özündə saxlayardı. 
      - Hazırda kiçik xəzinədə pulların sayı nə qədərdir? 
      - Beş yüz on iki min nadiri. 
      - Gətir onu mənə!
      Abdullah dinməz-söyləməz gedib pulları Əliquluya gətirdi. Əliqulu pulları alıb əvəzində ona bir qəbz yazdırıb verdirdi. Sonra isə soruşdu:
      - Bəs böyük xəzinənin necə, sərvətinin sayından məlumatın var?
      - Xəzinədə olan bütün əşyaların siyahısı bu dəftərdə var. Bu siyahıların sayının bir nüsxəsi məndə, biri isə şahın özündə olardı. 
      Əliqulu ürəyində çox sevinsə də üzdə bunu büruzə verməməyə çalışırdı. Dəftərdəki siyahını oxuduqca ürəyi sevincdən lap bərk döyünürdü. 
      Birinci dəftərdə cəvahiratla bəzədilmiş qılınclar, şəmşirlər, tüfəng və tapançaların siyahısı var idi. Burada min beş yüz qılınc və şəmşir, min tüfəng və tapança var idi ki, hamısını məhşur ustalar cəvahiratla bəzəmişdilər. Siyahılar elə çox idi ki, bunların hamısını oxuyub qurtarmaq üçün Əoiquluya çox vaxt lazım idi. Ona görə dəftərləri bir tərəfə qoyub böyük xəzinənin qalın qapısına xeyli baxandan sonra Abdullahdan soruşdu:
   - Bilmirsən Kəlatda yaxşı açar ustaları varmı ki, bu qapını aça bilsinlər?
   - Ey qüdrətli şah! Bu açar elə sirlə, elə sehrlə düzəldilib ki, heç bir açar düzəldən onu aça bilməz! 
   - Onda gərək qapını partladıb açaq!
   -  Necə məsləhətdir, şahım! 
    Əliqulu əsgərlərə əmr verdi. Əsgərlər qapının üstündəki barıtları daşıyıb başqa yerə yığdılar. Sonra isə qapının altını qazıb ora barıt doldurdular. Bir neçə saniyəyə əsas xəzinənin qapısı gurultu ilə yerə düşdü. Barıtın tüstüsü çəkilən kimi əsgərlər və Əliqulu xəzinəyə girdilər.  İçəri girənlərin daş-qaş parıltısından gözləri qamaşdı. Hamı heyrətdən donub ağzıaçıq qaldı. 
     Belə nəql eləyirlər ki, təkcə böyük xəzinədə yetmiş beş sandıq cavahirat və cəvahiratla bəzədilmiş taxtlar var imiş. Əliqulu bunların hamısını özünə götürdü. Sonra isə bir az qiymətli daş-qaş qalmışdı ki, onlar da gözətçilər və Abdullahın arasında bölüşdürdü.        


 
   Adil şahın zülmləri


        Əliqulu Kəlata gedib xəzinəni ələ keçirdi.  
      ilə danışıb qaçmaq planı qurdu. Amma onların istəyi baş tutmadı. Əsgərlər Nadir şahın oğlanlarını – Nəsrullahı və İmamqulunu tutub Əliquluya təhvil verdilər. Əliqulu Nadirin kor oğlu Rzaqulunu, ondan başqa Nadir şahın  altı oğlu və qızını bir zirzəmiyə toplamağı əmr etdi.
   Xəzinədən bir tac götürüb başına qoyandan sonra hamıya xəbər çatdırdı ki, o artıq İran şahı olduğuna görə ona Əliqulu yox, Adil şah desinlər. 
     Carçılar hər yana car çəkdilər. Əliqulunun şah olma xəbərini hər yana çatdırdılar. Şah yeddi gün, yeddi gecə qonaqlıq verdi. Qənnadıçılar müxtəlif çeşidli halvalar hazırladılar, şirniyyatlar bişirdilər. Nə başını ağrıdım, yeddi gün, yeddi gecə bayram oldu. Kasıb-kusubun qarnı doydu. 
    Nadir şahın vaxtında vergi verməkdən camaat bezar olmuşdu. Adil şah özünü camaata yaxşı göstərmək üçün vergi yığanlara əmr etdi ki, camaatdan iki illik vergini almasınlar. Hamı sevinib şaha dua elədi.       
      Amma bütün bunları Əliqulu ona görə eləmirdi ki , xalqa ürəyi yanır, ona görə edirdi ki, xalq bir padşah kimi onu qəbul eləsin. Qorxurdu ki, birdən camaat qalxar və tələb edər ki, şah Nadir şahın övladlarından biri olsun. 
    Əliqulu bütün işləri tədbirlə, siyasətlə edirdi. O, əvvəlcə əmr elədi Nadir şahın özü kor elədiyi oğlu Rzaqulunu qətlgaha gətirdilər. Kor cavan əvvəl anlamadı ki, onu hara aparırlar. Cəllad onun əl-qolunu bağlayıb diz üstə çökdürəndə başa düşdü ki, onu edama hazırlayırlar. Dizləri əsən bədbəxt cavan dedi: 
    - Gözlərimi çıxartmısız, dünya işığına həsrət qalmışam, indi kimin yerini dar edirəm ki, məni edam eləmək istəyir? 
    Əliqulu heç nə danışmırdı ki, Rzaqulu onun səsini tanımasın. Onlar kiçik yaşlarında olanda, iki əmioğlu həmişə bir yerdə oynayırdılar. İndi isə taxt-taca hərislik Əliqulunun ürəyini daşa döndərmişdi. Rzaqulu hamıdan şübhələnsəydi də bircə inanmazdı ki, istəkli əmoğlusu Əliqulu belə bir əmr verə bilər. 
    Acgözlükdən gözlərini qan örtmüş Adil şah – yəni Əliqulu əlinin işarəsi ilə cəllada əmr etdi ki, Rzaqulunu qətlə yetirsin. Cəllad istəməs də əlacsız qalıb xəncəri Rzaqulunun boynuna endirərək oğlanın şah damarını kəsdi. Az sonra günahsız şahzadənin başı bədənindən aralı yerə uzadıldı. 
    Ondan sonra Əliqulu əmr etdi Nəsrullahı, Nadirin ikinci oğlunu edam üçün gətirdilər. Nəsrullah həm də Hindistan şahının kürəkəni idi. 
      Nadir şah Hindistan şahı Məhəmməd şahı məğlub edəndən sonra onunla sülh müqaviləsi bağlamış və hər iki ölkə arasında əmin-amanlığı saxlamaq üçün həmin şahın qızını oğluna almışdı. Nəsrullahın iki körpə uşağı var idi. Şahzadənin gözlərini bağlamışdılar. Onun əllərini də bağlayanda dedi: 
   - Nə etmişəm ki, mənim əllərimi belə möhkəm bağlayırsız?
   - Şahın əmridir!
   - Bu yanlış əmrdir. Hansı din-məzhəbdə yazılıb ki, günahsız adam qətlə yetirilsin? Axı mən nə günahın sahibiyəm? 
     Onun sualını cavabsız qoydular. 
     Uşaqlarını yadına salan Nəsrullah qışqırdı:
   - Heç olmasa körpə balalrıma yazığınız gəlsin, onları yetim qoymayın!..
      Yenə də ona cavab verən olmadı. Əliqulunun əmri ilə onun ikinci əmisi oğlunu qətlə yetirdilər.
      Nəsrullah  son ana qədər imdad istəsə də, qəddar Əliqulunun ürəyi yumşalmaq bilmədi. Yalnız cəllad qılıncını qaldırıb endirəndən sonra oğlanın səsi kəsildi. Hər iki qardaşın başsız cəsədlərini bir yerə uzatdılar. 
     Nadirin kiçik oğlu İmamqulunu da edam elətdirəndən sonra Əliqulu hər üç qardaşın balalırının qətlinə başladı.  
     Əliqulu balaca uşaqların boynunu vurdurmadı, onları edam elətdirmədi, eləcə boğdurdu. Cəllad uşağın ağzını açırdı, bir dəsmal büküb onun ağız yoluna qoyurdu. Sonra isə bir çubuqla onu dərinə itələyirdi. Bir anın içərisində uşaq çapalayıb ölürdü. Allah sən saxla! 
    Əliqulu isə gözlərini belə qırpmadan bütün bunlara baxır, heç tükü də tərpənmirdi.  
     Təkcə Nadir şahın Şahrux nəvəsi Adil şahın əlindən can qurtardı. 
     Bu necə oldu, qoy onu da danışım.

       Şahruxla Ümmülnisənin əhvalatı 

     Əliqulunun Ümmülnisə adlı yüngülxasiyyət bir qızı vardı. Qız həm çox çirkin idi və həm də xasiyyətcə də tərsin biriydi. Elə tərslikdə də atası Əliquluya oxşamışdı. 
     Əliqulu onu heç kəsə ərə verə bilmirdi. Qız özü gözəl olmasa da hərədə bir nöqsan axtarırdı. Bir anasına bələd idi ki, qızının könlündə kim var. Sonradan Əliqulu özünü şah elan eləyəndən sonra ona xəbər verdilər ki, nə durmusan Adil şah, qızın Nadir şahın nəvəsi Şahruxa vurulub, nə illah eləyirlər, deyir, öldü var, döndü yox.  
     Əliqulu qızının qara sevdasından xəbər tutanda qəzəbləndi. Baxmayaraq o özü də Nadir nəslindən idi, qərar vermişdi ki, bütün Nadir nəslini qırsınlar, bir nəfərə də aman verməsinlər. İndi qızının bu istəyi onu lap çaşdırmışdı. 
       Əliqulu bu haqda çox düşünəndən sonra bir qərar çıxara bilmədi. Axırda əlacsız qalıb bu haqda vəziri ilə məsləhətləşməyə qərar verdi:
     -Eşitmisənmi nankor qızımın düşmən balasına aşiq olduğunu?
     - Xəbərdaram, şahım!
     - Qərar verə bilmirəm, vəzir, görəsən Ümmülnisənin sevdiyi Şahruxu öldürtsəm, qızın məndən üzü dönməz ki?
     - Dönər şah, dönər! Eşitdiyimə görə qız oğlanı çoxdan, özü də dəlicəsinə sevir. Onu öldürtsən, qızın səndən üz çevirər. Hələ ola bilər ki, qızın başına hava da gəlsin. Yaxşısı budur, Şahruxa dəymə, ona xəbər yolla, qoy Ümmülnisə ilə evlənməyə qərar versin. De ki, əgər qızımla evlənsən, sənə rəhm eləyərəm, öldürtmərəm. Can şirin şeydir, razılaşar.
    - Sən çox ağıllısan, vəzir!  
     Vəzirin dediyi şahın beyninə batdı. Əmr etdi ki, Nadir şahın bütün nəslini qırsınlar, təkcə Şahruxa dəyməsinlər. Beləliklə Şahın əmri icra olundu. Bu xəbər Şahruxa da çatdı. Şahrux xəbərdən sarsıldı. Amma çox məətəl qaldı: «Görəsən onu nə əcəb sağ qoydular?»- deyə öz-özünə sual versə də sualına cavab tapmadı. 
     Bir neçə aydan sonra şahın yaxın adamı Hüseynəli bəy zindanda onun yanına gələndə hər şey Şahruxa bəlli oldu.  
     Hüseynəli bəy dedi:
   - Şahzadə, şahın əmri ilə gəldim görəm necəsən? 
     Şahzadə söylədi:
  - Özüm zindanda, atam, qardaşlarım öldürülüb, mənim əhvalım hər kəsə bəlli olmalıdır, bunu sormağa gərək yox!
    Hüseynəli bəy oğlanın cavabından pərt oldu:
  - Onlar hamısı çoxdan olub, fikir eləmə! 
    Şahzadə istəyirdi ki, Hüseynəli bəy tez çıxıb getsin. Ona görə də dedi:
   - Hüseynəli bəy, bilirəm, zindana ona görə gəlməmisən ki, əhvalımı öyrənəsən, gəlişinin məqsədini de! 
     Hüseynəli bəy həyasız-həyasız güldü:
  - Adil şah istəyir ki, sən sağ qalasan. Sağ qalmağın isə tək bir yolu var. Əgər ki, sağ qalmaq istəyirsənsə, onun qızı ilə evlənməlisən. Adil şah üstəlik sənə vəzifə də söz verir. 
    Şahrux barmağını dişlədi. İndi ona məlum oldu ki, nə üçün Əliqulu – yəni Adil şah indiyə qədər onu qətlə yetirməyib... Yadına öz sevdiyi, neçə illərdi həsrətini çəkdiyi çevgilisi Sepidə düşdü.    
    -  Nə danışırsan, Hüseynəli bəy! Əliqulu mənim bütün nəslimi qırıb, indi mən onun qızı ilə evlənim? Bir balışa baş qoyum?
     Hüseynəli bəy güya oğlanın başına ağıl qoymaq istədi:
   - Sən cavansan, hələ nə yaşamısan ki… Gəl, tərslik eləmə, daşı ətəyindən tök, yeganə nicat yolundan imtina eləmə. 
    Şahrux çox cavan olsa da dərrakəli idi. O bilirdi ki, Ümmülnisəni almağa razılıq versə, İran adətinə görə tezliklə nişan olacaq və bir müddətdən sonra toy. O müddətə isə Allah bilir nələr ola bilərdi…
    Ona görə də çox da düşünmədən razılıq verdi. 
    Bunu görən Hüseynəli bəy işi daha tez həll eləmək istədi:
   - Onda elə bu saat şaha elçi göndərməlisən!
    Şahrux məəttəl qaldı:
  - Axı bu necə ola bilər? Mən dustağam, burda mənim heç kəsim yoxdur ki, şah qızına elçi göndərəm…
  - Mən bu işi öhdəmə götürürəm. Sən isə şaha bir məktub yaz ki, onun qızını almaq istəyirsən! 
    Şahrux şaha məktub yazdı, Hüseynəli bəy məktubu şaha çatdırdı. Sonra isə xəbəri Ümmülnisəyə apardı. Ümmülnisə sevincindən oynadı. Şad xəbərə görə Hüseynəli bəyə hələ yüz qızıl da bağışladı. 
    Elə həmin gün Şahruxu zindandan azad elədilər. Ona hətta Məşhəddə bir qala da bağışladılar. Şahrux həmin gün qalaya köçdü.  
    Bir həftədən sonra qalada şirni-şərbət məclisi düzəldildi. Ümmülnisənin kəbinini Şahruxa kəsdilər. 

               

İki qardaşın taxt davası

     Əliqulunun özünə oxşar -  paxıl, qəddar, acgöz bir qardaşı var idi. Özü də çox şöhrətpərəst idi. Həmişə şah olmaq, hökmranlıq etmək arzusunda olsa da, qorxudan bu istəyini qardaşından gizlədirdi. Bilirdi ki, qardaşı bunu bilsə, mütləq onu edam elətdirəcək, ya da gözlərini çıxartdıracaq. 
    Əliqulu isə o qədər çoxbilmiş idi ki, qardaşının istəyindən tezliklə xəbər tutdu. Hikkəsindən özündən kiçik üç qardaşının da gözlərini çıxartdırdı ki, birdən bilmək olmaz, onlar da bir gün şahlıq eşqinə düşərlər. Bundan sonra qoşunu ilə bərabər İsfahana - o biri qardaşının – İbrahim xanın da gözlərini kor etmək üçün səfərə çıxdı.  
      İbrahim xan eşidən kimi Əliqulu onlardan kiçik qardaşlarının nahaqdan gözlərini çıxartdırıb, bildi ki, növbə onunkudur. Qardaşı onu da bilirdi ki, bütün İranda Əliqulunu bir qəssab kimi  tanıyırlar. Əgər Əliquluya qarşı müharibə etmək üçün özünə tərəfdar yığsa, az bir vaxtda böyük bir qoşuna sahib ola bilər.
     Vaxtı uzatmadan İbrahim xan silah toplamağa, qoşun yığmağa başladı.  Elə onun fikirləşdiyi kimi də oldu. İbrahim xan az bir vaxtda başına səksən minlik qoşun topladı. 
   Əliqulunun şahlığı çox da uzun sürmədi. Bir müddətdən sonra Əliqulu qoşunu ilə Tehrana daxil olanda qardaşı İbrahim xanın qoşununun üstünə gəldiyini eşitdi. 
      Qardaşı ordusunun çox böyük olduğundan xəbər tutan Əliqulu üz tutub Xorasan tərəfə qaçmağı qərara aldı. Amma İbrahim xanın adamları daha cəld tərpənib onu Tehran yaxınlığında əsir aldılar. 
    Əsir düşmüş Əliqulu az qala ağlayıb onun qollarını zəncirləmiş Əmiraslan bəyə dil tökdü:
   - Məni azad et, peşiman olmazsan! Səni Azərbaycana hakim təyin eləyərəm! 
    Əmiraslan bəy Əliqulunun hiyləgər gözlərinə nifrətlə baxıb kəlməsini ağzında qoydu:
   - Sus, qaniçən şah! Sənə aman versəm, yenə də qan içməyinə davam edəcəksən! Sən azad olmağa layiq deyilsən! 
     Adil şahı qolları bağlı qardaşı İbrahimin hüzuruna gətirdilər. İbrahim xan qardaşından o qədər yanıqlıydı ki, onu görən kimi qışqırıb cəllad çağırdı:
    - Cəllad, mil çək bu şərəfsizin gözlərinə! Necə ki, o bizdən kiçik üç qardaşımızın gözlərinə mil çəkdirib. 
     Amma bununla belə İbrahim şah qardaşını öldürtmədi. Ona görə yox ki, ona rəhmi gəldi, ona görə ki, qardaşı Nadir şahın xəzinəsinin çoxunu ələ keçirmiş, bir hissəsni  də gizlətmişdi. İbrahim şah qardaşından bütün xəzinəni alsa da bununla gözü doymadı. O istəyirdi ki, qardaşı gizlətdiyi xəzinənin də yerini ona desin. Ona görə də hər gün qardaşına işgəncə verdirirdi. Əliqulu nə qədər and içsə də ki, daha heç bir yerdə xəzinə gizlətməyib, qardaşı ona inanmırdı. 
     Amma həqiqətən də Əliqulunun heç bir gizli yerdə xəzinəsi yox idi.
      

    Şahruxun şah qoyulması

    Şahrux Əliqulunun başına gələnlərdən xəbər tutanda sevindi. Həm də ona görə sevindi ki, Ümmülnisə ilə evlənməkdən canı qurtarmışdı.
     Əliqulu taxtdan salınandan sonra Məşhəd şəhərinin böyükləri Şahruxun yanına gəlib onun İran taxtı-tacına sahib olmasını təklif etdilər. Şahrux isə cavan yaşından o qədər fitnə-fəsadlarla üzləşmişdi ki, həqiqətən şah olmaq istəmədi:
    - Qoy İran şahı başqası olsun. Mən rahat yaşamağı daha üstün tuturam. İran əhli kimi istəyirsə onu da qoy şah seçsin. Amma mənimlə işiniz olmasın! 
     Onunla razılaşmadılar. Məşhəd sahibmənsəblərndən biri dedi:
    -  Nadir şahın nəvəsinə bu təklifdən boyun qaçırmaq yaraşmaz! Bu gün İranın başçısı yoxdur və tezliklə hərci-mərclik başlayacaq. Ölkəyə başçı lazımdır ki, şər adamlar yerlərində oturtsun! 
      Şahrux yenə də razılaşmadı. Gələnləri belə başından elədi: 
   - İndi Ramazan ayıdır. Mənə möhlət verin, Ramazan ayı çıxana qədər fikirləşim. 
     Əyan əşrəflər gördülər cavan şahzadənin şahlıq eləməyə meyli yoxdur və onu heç bir yolla yola gətirə bilməyəcəklər, Şahruxun anasının yanına getdilər ki, bəlkə onun sözü ilə oğlan yola gələ. 
     Anası çox öyüd-nəsihətdən sonra oğlunu yola gətirdi. Nəhayət ki, Şahrux Məşhəd şəhərində taxta oturub, şah oldu. 
     Şah olandan bir həftə sonra  isə Şahrux şah əyan-əşrəfin təklifi ilə razılaşdı.  


       Şahrux şah olur

Əyanlar içərisində bir nəfər Şahruxun şah olması üçün daha çox canfəşanlıq edirdi. Əslində onun məqsədi başqa idi. O istəyirdi ki, öz qızını Şahruxa versin və bu vasitəylə İmam Rza məqbərəsinin naibi olsun. Ona görə də başına bir dəstə ruhani yığıb Şahruxun yanına getdi. Şahruxun əl-ayağından öpdü, yüz dil tökdü ki, cavan şahzadə taxtı-taca sahib dursun:
   - Ey şahzadə, səndən layiqlisi yoxdur ki, bu gün şahlığa sahib çıxsın, İran məmləkətinə başçılıq etsin. Yalnız Nadir şahın nəvəsi taxt-taca layiqdir. Cavanlıq edib, tərsliyinə salma, tacı başına qoy, xalqı peşiman etmə!
 -  Mən söz-söhbətdən uzaq, çəkişmələrdən iraq yaşamaq istəyirəm! Şahlıq mənə yalnız dərdi-bəla gətirəcək. İstəmirəm şah olum, əl çəkin məndən! 
    Əlacə kəsilən əyan-əşrəf Şahruxu yola gətirmək üçün anasının yanına yollandı. 
    Şahruxun anası oğluna çox öyüd-nəsihət versə də, onu yola gətirə bilmədi. Axırda oğlunu uola gətirmək üçün Nadir şahın ruhuna və onun qətlə yetirilmiş cavan qardaşlarının ruhuna and verdi ki ,Şahrux taxtı-tacdan imtina eləməsin. Bundan sonra əlacı hər şeydən üzülən Şahrux daha imtina edə bilmədi. Şah olmağa razılıq verib Məşhəd şəhərində taxta oturdu. 
      Şahrux mirzə həm cavan, həm də çox yaraşıqlı idi. Bundan başqa Nadir şahın nəvəsi olduğuna görə camaat arasında böyük hörməti var idi. Hamı onu sevir, canına dua edirdi. 
     Saraydakı ayin-əşrəflər Şahrux şaha məsləhət gördülər ki, evlənsin. Az bir müddətdən sonra Şahrux şah naib Töliyənin qızı ilə evləndi. 
      Şahrux şah olandan sonra İranın bütün vilayətlərinə məktub yazıb göndərdilər ki, hər yanda onun şahlığını tanısınlar. Məktub Tehranda İbrahim xana çatanda İbrahim xan artıq Tehranda özünü şah elan eləmiş və yaxın dostu Əmiraslan xanı da Azərbaycana hakim göndərmişdi. Həm də Nadir şahın xəzinəsini ələ keçirərək çox varlanmışdı. 
      Məktubu alan İbrahim şah çox pis oldu. O bu qədər əziyyət çəkib şahlığı ələ keçirmiş Şahrux isə oturduğu yerdə taxtı-taca sahib çıxırdı. Buna görə də yollar axtarmağa başladı ki, Şahruxu məhv eləsin. Nəhayət ki, bir yol tapıb Şahrux şaha belə btir məktub yazdı: « Möhtərəm şah! Şah olduğunuzu eşidən kimi fərəhləndim. Özümü Şahrux şahın nökəri sayıram və bilin ki, hər an canımı şahın yolunda qurban verməyə hazıram! İstərdim sizin tacqoyma mərasiminiz Nadir şahın nəvəsinə layiq təşkil edilsin. Buna görə də Sizi tacqoyma mərasimini keçirmək üçün İsfahana dəvət edirəm!». 
    İbrahim xan məktubu çaparla Məşhədə – Şahrıx şaha göndərdi. 
    Amma belə bir məktubu yazmaqda İbrahim xanın qara niyyətləri var idi. O, Şahrux şahı İsfahana dəvət etməklə onu tələyə salmaq, fürsət düşən kimi qətlə yetirmək istəyirdi.
     Buna görə də məktubun cavabını səbirsizliklə gözləyirdi.
     İbrahim xanın məktubunu oxuyandan sonra Şahrux şah məktubun səmimi yazıldığına inandı və hətta səfərə çıxmaq üçün hazırlıq görməyə başlamağı da təklif etdi. Amma əyan-əşrəflər, şahı sevənlər cavan şaha məsləhət gördülər ki, tələsməsin, belə səfərlərdə ehtiyatsızlıq ola bilər.
        Bir neçə gündən sonra İbrahim xanın çaparı qayıtdı. Cavab məktubu isə heç də İbrahim xanın kefini açmadı. 
      Məktubda deyilirdi: «İbrahim xan! Səmimi, xoş məktubuna görə şah sənə təşəkkürünü bildirir. Nəzərə al ki, Şahrux şahın hələ heç bir yerə səfəri gözlənilmir. Bu mühüm hökumət işləri ilə bağlıdır. Sən isə yaxın günlərdə Kəlatdan ələ keçirdiyin xəzinəni gətirib İran şahına təhvil ver. Özün bilirsən ki, xəzinənin əsl varisi Nadir şahın nəvəsidir!». 
      İbrahim xan məktubu oxuyub hiddətləndi. Əlini divara çırpıb dedi:
    - Deməli, hər şeyi müharibə həll etməlidir. 
      Elə həmin andan da müharibəyə hazırlıq əmri verdi. 
      

     Şahrux şah İbrahim xanla döyüşə hazırlaşır.

     Elə ki, Şahrux şah İbrahim xanın ona qarşı müharibəyə hazırlaşdığını eşitdi, barmağını dişlədi. Başa düşdü ki, hansı niyyətlə İbrahim xan onu tacqoyma mərasiminə çağırırmış. Qoşun başçısını yanına çağırtdırıb dedi: 
     - Müharibəyə hazırlaşın! Əmim oğlu İbrahimin başına topladığı ordunu darmadağın edib, İran əhlini İbrahim, Əliqulu kimi cəllad qardaşlardan azad etməliyik. Həmçinin babamın var-dövlətini əllərindən alıb sarayın xəzinəsinə qaytarmalıyıq! 
       İbrahim xan əlli minlik qoşunla Məşhədə tərəf gəlirdi. Xorasan yolunda iki əmioğlu – iki qoşun üzbəüz gəldi. Qanlı vuruşma başladı. Bir anın içərisində yerdə qan göləməçələri əmələ gəldi. Başlar bir tərəfə, başsız bədənlər başqa tərəfə düşdü. 
      İbrahim xanın döyüşçüləri bu ağır döyüşə davam gətirə bilməyib Qum şəhərinə qaçdılar. Amma camaat şəhərin darvazasını onların üzünə bağladı.
     İbrahim xan müharibəni uduzduğuna görə çox qəzəbli idi. O, döyüşçülərinə belə əmr verdi:
    - Darvazanı sındırın! Şəhəri yerlə-yeksan eləyin!  Evləri dağıdın qarşınıza çıxanı öldürün! Xoşunuzə nə gəlsə götürün, xoşunuza gəlməyəni yandırın! 
      Vəhşi əsgərlər bir göz qırpımında günahsız əhalinin üstünə cumdular.  
      Qum şəhəri müqəddəs şəhər sayılırdı. Həmin şəhərdə səkkizinci imamın bacısının qəbri var idi. Amma İbrahim xan dindən, imamdan çox uzaq olduğundan onunçün fərqi yoxdu. Qoşunsgərlər əllərinə keçənə rəhm eləmədilər. Qarşılarına çıxanı döydülər, öldürdülər, bağlı qapıları sındırıb evlərə soxuldular, qarət elədilər. Nə qadına, nə uşağa rəhm eləmədilər. Hələ indiyə qədər İranın heç bir şəhərində belə faciə olmamışdı. 
       Şəhər əhalisinin bir qismi imam Rzanın bacısının qəbrinə sığındı. Qəddar xanın qoşunları onlara da rəhm eləməyib məqbərəyə soxularaq ora pənah gətirənlərin hamısını qılıncdan keçirib məqbərədə qiymətli nə vardısa qarət elədilər. 
     İbrahim xanın başı qarətə, özü ilə gəzdirdiyi xəzinəyə qarışdığından, acgözlüyündən tora düşdü. O xəzinədən əl çəkib qaçaraq canını qurtara bilərdi. Amma acgözlüyü onu məhv elədi. 
       Elə ki, İbrahim xan mühasirəyə düşüb əsir alındı, elə həmin an Şahrux şah əmr elədi ki qarət olunmuş bütün qiymətli əşyalar Qum əhalisinə qaytarılsın. İbrahim xanı, kor Əliqulunu, Nadir şahın xəzinəsini Tehrana göndərdilər. 
       Şahrux şah qoşun başçısı Məhəmməd Həsən xanın döyüşlərdə hünərinə görə yüz min nadiri və cəvahiratla bəzədilmiş qılınc bağışladı. Onun özünü isə Esterabad şəhərinə hakim göndərdi. 
     Şahrux şah döyüş işlərini qurtaran kimi əmr etdi Əliqulunu onun hüzuruna gətirdilər. Şahrux şah nifrətlə kor əmisi oğluna baxıb soruşdu: 
     - Doğma əmin Nadir şahın sənə həmişə yaxşılığı dəydiyi halda nəyə görə Nadir şahın nəslini – yəni öz yaxın qohumlarını qırmaq qərarına gəldin? Atam Rzaqulu kor ola-ola onun sənə nə ziyanı dəyə bilərdi ki, onu qətlə yetirdin? 
    Əliqudlu cavab vermədi. Şahrux şah sual verəməyə davam elədi:
     -  Bəs qanı qanından olan əmin oğlanlarını – mənim qardaşlarımı niyə öldürtdün? Nədən dünyaya təzə göz açmış körpələrin canına rəhm eləmədin?
   Nəhayət ki, Əliqulunun dili açıldı:
  -  Onlar sağ olsaydı mən heç vaxt şah ola bilməzdim. Həmçinin mən Nadirin o biri övladlarını öldürməsəydim, onlar sağ qalsaydı sən özün də bu gün şah ola bilməzdin. 
  - Məni sən yox, Allah şah eləyib. Sən isə mənə, yaxınlarıma qəddarlıqdan, pislikdən başqa bir şey eləməmisən! 
 - Düzünü de, niyə düzünü demək istəmirsən? Səni öldürsəydim, bu gün şah olardın? 
 - Sən qızını mənə verməkdən ötəri öldürtmədin.
  - Hansı məqsədə öldüməsəm də bu gün şah olduğuna görə mənə minnətdar olmalısan!   
 - Məni diri qoyduğuna görə bəlkə də səni sağ buraxaydım. Amma kor atamı öldürtdüyünə görə səni bağışlaya bilmərəm. Hansı ölümü özünə layiq bilirsən, özün seç!
 - Məni qətlə yetirəcəyini əvvəlcədən bilirdim. Ona görə hansı ölümü seçəcəyimi də əvvəldən fikirləşmişəm. Əmr et, damarlarımı kəssinlər. Bədənimin qanı axıb qurtarana qədər ölüm. 
 Şahrux şah əmisi oğlunun sonuncu arzusunu yerinə yetirdi. Onun əmrilə cəllad Əliqulunun əl və ayaq damarlarını kəsdi. Çox qan itirib özündən gedəndən sonra isə ölümünün sürətlənməsi üçün boyun damarlarını kəsdi. 
     Daha sonra şahın hüzuruna İbrahim xanı gətirdilər. Şah bu dəfə ikinci qardaşa sual verdi:
    - Bilə-bilə İran taxtının həqiqi varisi mənəm, nə üçün şahlıq iddiasına düşdün?
     - İstəyirdim bütün işləri yoluna qoyum, sonra səni dəvət edim, İranın şahı olasan!
     -  Yalanlarınla özünü alçaltma! Elə bir şahanə fikrin olsaydı, Əliqulunu kor edəndən sonra babamın xəzinəsini saraya göndərərdin. Heç olmasa bu haqda mənə bir xəbər göndərərdin. Onda bilərdim doğrudan da mənə sadiqsən. Sən isə mənə qarşı müharibəyə qalxdın. Qum şəhərini darmadağın elədin, günahsız camaatı qətlə yetirdin, mallarını qarət elədin! 
      Şahrux şah əmr elədi ki, etdiklərinə görə İbrahim xanın gözlərini çıxartsınlar. Sonra isə onu Məşhədə göndərdi. Ancaq İbrahim xan gözləri kor yaşaya bilmədi. Bıçağı götürüb boyun damarlarını kəsərək özünü qətlə yetirdi. 

         Fitnə qurbanı

    Günlərin bir günü ara sakitləşəndən sonra Şahrux şahın hüzuruna qayınatası Mirzə Seyid Məhəmməd gəldi. Onun əlində bir kağız var idi. Kağızı şaha göstərib dedi:
    - Bu siyahıda yüz iyirmi nəfərin adı var. Onlar bu günə qədər şaha çox qulluq göstəriblər. Göstərdikləri qulluğun müqabilində onlara qiymətli bəxşiş verilməlidir. 
     Şah siyahını xeyli nəzərdən keçirəndən sonra dedi:
   - Bu saat əmr edərəm xəzinədən onların hərəsinə xələt verərlər. 
   -  Yox, xələt çox az olar. Onlar daha böyük bəxşişə layiqdirlər. Məsələn, bu qiymətli bəxşiş kənd və ya gəlirli bir mülk ola bilər. Nadir şahın xəzinəsi də sənə çatıb. Xəzinədən bunlara pay ayırsaq, var-dövlətimiz azalmaz. Bu adamlara mən çoxdandı söz vermişəm. İndi sən bunlara bəxşiş verməsən mən onların yanında yalançı olaram. 
   - Bunların adını mən birinci dəfədir eşidirəm. Mənə yaxşı qulluq göstərmiş olsaydılar, heç olmasa adlarını eşidərdim. Hətta mənə qulluq etmiş olsaydılar da mən yüz iyirmi nəfərə sən istəyən qədər bəxşiş verə bilmərəm. Nahaq sən onlara mənim adımdan söz vermisən. Mənə məsləhət eləsəydin deyərdim söz vermə. 
- Axı bu adamlar etdikləri işlərin müqabilində məndən bəxşiş istəyir və haqlı olaraq mənə təzyiq edirlər. 
   Bu sözləri eşidəndə Şahrux şah qəzəbləndi:
   - Necə yəni təzyiq edirlər. Rəiyyət mənə necə təzyiq göstərə bilər? Əgər onlar sənə təzyiq edirsə, sən də mənə təzyiq eləməlisən? 
      Mirzə Seyid Məhəmməd kürəkəninin yanından qaşqabaqlı çıxıb söz verdiyi adamların yanına getdi. Söhbəti onlara olduğu kimi nağıl eləyəndə onlardan biri dedi:
     -  Günahkar özünsən. Sənə dedim özün şah ol, eşitmədin. « Dedin Nadir şahın nəvəsi şah olmalıdır!». Sən Səfəviyyə şahzadələrindənsən. İran şahlığına sənin hamıdan çox haqqın var. 
     Həqiqətən də Mirzə Seyid Məhəmməd Süleyman şahın nəvəsi idi. Ona görə Səfəvi şahzadəsi hesab olunurdu. 
     Həmin gecə Mirzə Seyid Məhəmmədin hirsindən-hikkəsindən gözünə yuxu getmədi. Özünə yaxın adamları ilə oturub Şahrux şahı necə şahlıqdan uzaqlaşdırmaq haqqında plan qurdular. 
Gecə olan söhbətdən kim isə Şahrux şahı xəbərdar etdi. Şah qayınatasını yanına çağırtdırıb dedi:
    - Mənim yerimə kim olsaydı səni dar ağacına çəkdirərdi. Amma mən bunu eləmirəm, çünki sən mənim qayınatamsan. 
    Mirzə Seyid Məhəmmədin bununla yenə də hirsi soyumadı. Bütün günü beynində kürəkəninə sui-qəsd planı hazırladı. Bir gün Şahrux şah Ənbərana köçəndə onu dustaq eləyib tutdular. Taxt-tacdan imtina etməyə məcbur edərək ondan istefanamə aldılar. Özünü isə dustaq etdilər. 
     Bir neçə gündən sonra carçılar car çəkərək xalqa bildirdilər ki, Şahrux şah taxtdan imtina edib, onun yerinə qayınatası şah olub. 
     Mirzə Seyid Məhəmməd xəzinədən özünə bir tac seçib başına qoydu. Özünü isə Səfəvi şah Süleyman adlandırdı. 
    Bu vaxt Şahrux dustaq idi. Onun heç vaxt ağlına da gəlməzdi ki, bir gün qayınatası onu tutduracaq və yerinə özü şah olacaq. Fikirləşdi ki, gərək sui-qəsd qurulmasını eşidəndə gərək qayınatasını bağışlamayaydı. 
     Amma cavan şahın qanı nə qədər qara olsa da o öz qoşun başçılarına arxayın idi. İnanırdı ki, bir gün qoşun başçıları gələcək və onu dustaqxanadan azad edəcəklər. 
     Daha cavan şah bilmirdi ki, qayınatası şah olan kimi qoşun başçılarından dördünün artıq gözlərini kor elətdirib. 
     Şahrux şaha ən çox sadiq olan Həsən xan  Şahruxun qayınatasının etdiklərindən xəbər tutan kimi daima Şahruxu xilas eləmək üçün yollar fikirləşməyə başladı. 
     Qoy Həsən xan xilas yolu axtarmaqda olsun, gəlin görək cavan şahın başına nələr gəldi...
     Bir gün təzə şahın adamları dustaqxanaya gəlib Şahruxun əl-qolunu bağlayıb onu manqal yanan bir otağa gətirdilər. Manqalı görən kimi Şahrux başa düşdü ki, gözlərinə mil çəkməyə gətiriblər. 
    Bir neçə dəqiqədən sonra qayınatasının əmri ilə Nadir şahın nəvəsi və İran cavanlarının ən yaraşıqlısı Şahrux kor edildi. 
    Şahruxun kor edilməsi bütün İran əhlinə pis iəsir elədi. Bunu başa düşən Həsən xan yavaş-yavaş xalqı üsyana hazırlaşdırmağa çalışdı. Bir gün o başının dəstəsi ilə qəfildən Məşhədə daxil oldu və meydanda uca səslə qışqırdı:
   - Nadir şahın nəvəsi Şahruxun bəxt və iqbalı uca olsun!
   Camaat bunun nə demək olduğunu o saat anladı. Bu o demək idi ki, bütün xalq Şahrux şahı müdafiəyə qalxsın! 
     Həmin an camaat meydana axışmağa, qiyamçılara qoşulmağa başladı. Camaatın sayı get-gedə çoxalırdı. Onlar şah sarayına tərəf yeriyirdilər.
     Şah Süleyman Sani heç özünü müdafiə etməyə macal da  tapmadı. Saraydan çıxıb qaçmağa da imkanı olmadı. Onu tutub əl-qolunu bağlayıb dustaq elədilər. 
     Həsən xan qoşun başçısı olmuş, çox qanlar, çox qadalar görmüşdü. Ürəyi daşlaşmışdı. Amma o dustaqxanada gözləri kor olmuş cavan şahı görəndə ürəyi dözmədi, gözünün yaşını saxlaya bilməyib  hönkür-hönkür ağladı. Onu qucaqlayıb «Kim sənin cavan canına qıydı?», deyib bərkdən qışqırdı. Sonra isə Şahruxu qucağında aparıb taxta oturtdu.        
     Şahrux kor olduğuna görə şah olmaq istəməsə də İran əhlinin arzusu ilə yenidən şah tacını başına qoydu. 
      Nağılımız da burda qurtarmalıydı. Elə Şahrux da o dövrdə gözü kor-kor taxta oturanda elə bildi ki, dəhşətli nağıllar sona çatdı. Amma... Qanlı-qadalı tarix davam elədi. 
      Nadir şahın vaxtında orduda şahın etibarını qazanmış bir qoşun başçısı var idi. O şaha can-başla qulluq eləmişdi. Elə ki, Əliqulu şahlığı ələ keçirtdi, köhnə şahın etibarlı adamı kimi həmin qoşun başçısını da aradan götürmək qərarına gəldi. Bunu vaxtında başa düşən qoşun başçısı vaxtında qaça bilsə də çatdırıb altı yaşlı oğlunu Əliquludan gizləyə bilmədi. Zülmkar Əliqulunun əlinə keçən kimi günahsız uşağı, yəni  – Məhəmməd Qacarı axtaladı. Yəni onun cinsiyyət üzvünü əzdirib, burdurub elə hala saldı ki, uşaq gələcəkdə nə evlənə bilsin, nə də uşağı olsun. 
       Bəlkə də elə bu səbəbdən biri oldu ki, Qacar hakimiyyəti ələ keçirəndən sonra ən əzazil, ən dəhşətli bir hökmdara çevrildi. Axtalandığına görə hamı ona «Xacə şah» dedi.  Şah Qacarın zülmkarlığı elə həddə gəlib çatdı ki, bütün dünya xalqları bu zalım şahın adı gələndə əsim-əsim əsdilər. 
    Atasının ölümündən sonra başına qoşun toplayan Ağa Məhəmməd şah Qacar əvvəl Mazandaranı və Gilanı, sonra isə Şirazı, İsfahanı özünə tabe elədi. O, Kerman şəhərində görünməyən qədərində qan tökdü, görünməyən qədər vəhşilik törətdi.  
     Bu hərbi yürüş vaxtı şəhər qarət edildi. Dinc şəhərin sakinlərindən iyirmi min kişinin gözlərinə mil çəkilib kor edildi. Şah Qacar camaatı qorxutmaq üçün altı yüz kəsilmiş başın kəllə sümüklərindən piramida formasında «Qorxu məqbərəsi» tikdirdi. Səkkiz min qadın tutularaq əylənmək üçün Məhəmməd şah Qacarın əsgərlərinə verildi. Uşaqlar qul halına salındı. 
        Qacar Xorasan şəhərinə hücum edəndə Nadir şahın nəvəsi Şahrux orada şahlıq edirdi. Heç kəsə ziyan verməyən rəhmli Şahrux şahın ağlına da gəlməzdi ki, bir gün Məhəmməd şah Qacar onun da şəhərinə basqın edəcək, şəhəri viran edəcək, xaraba qoyacaq. 
      Günlərin bir günü belə bir dəhşət Xorasanda da baş verdi. Şahrux şah camaatı qırılmasın deyə tez Məhəmməd şah Qacara təslim oldu. Tamahkarlığını bildiyindən öz xoşu ilə xəzinəni də ona verdi. 
        Dolu xəzinə Şah Qacara azlıq elədi. Şahrux şaha inanmadan ona işgəncə verməyə başladı ki, «xəzinənin yerini düzgün de!».  Daha heç bir xəzinə yeri bilməyən Şahrux şah ağır işgəncələrə dözə bilmədi. Sonuncu dəfə onun başına qaynar qurğuşun tökəndə kor gözlərini həmişəlik yumub canını tapşırdı. 
     Var-dövlət hərisi, ürəyində insanlara kin, nifrət gəzdirən, xalqının düşməni olan şah Qacarın bu hərəkəti onu yadların da, yaxınlarının da yanında gözdən saldı. Hərbi yürüşlərindən birində Azərbaycana – Şuşaya gedərkən öz qan qohumu yolda şaha zəhərli qovun verib öldürdü. 
    Aşkar olmuş dəhşətlərdən qorxulu nağıl yazdım. Gizlin olmuş dəhşətlərdən isə bəndənin xəbəri olmaz. Nağılım sona çatdı. Göydən qızıl yağışı yağmağa başladı. Bütün acgözlər, tamahkarlar qaçıb qızıl yağışının altına qaçdılar ki, çoxlu var-dövlət yığsınlar. Başlarına o qədər qızıl töküldü ki, qızılın içində qaldılar. İtdilər, batdılar. 
    Eşit Gülzar nənəni! Qızıl yağışı yağanda qaç, gizlən! Qızıldan hələ heç bir şaha, heç bir Süleymana, heç bir insana sevinc gəlməyib. Sən gözlə, gözlə ki, səadət yağışı yağsın, sən də səadət yağışının altında dayanıb islanasan, öz səadətini tapasan! Eşit Gülzar nənəni, eşit!