- Rəssam, anamın ad günü olacaq. Onun portretini çəkə bilərsən?
- Çəkərəm, şəklini ver, baxım, çəkim.
- Yaxşı şəklini tapmadım. Mən deyim, sən də çək.
- De!
- Çox gözəldir anam. Heç bilmrəm necə başa salım səni. Mən deyim, sən də başla çək.
Anam çox qəribədir, elə bil bir az Günəşə, bənzəyir. Adamı isidir. Özü də sanki, isti, şəfəq saçır, Eynən Günəş kimi gözəllik yaradır. Ən soyuq havada belə onu görəndə isinirsən, sevinirsən. Anamın bircə fərqi var Günəşdən. Anam heç vaxt yandırmır, qaraltmır, qaçıb buludların arxasında gizlənmir.
Bir az yaşıl təbiətə bənzəyir, baxırsan, ürəyin gözəlliklə dolur. Qoynunda yatırsan, sənə dünyanın ən gözəl mahnısını, – öz mehriban ürəyindən qopub gələn laylasını oxuyur. Aman, bu laylanı düyanın ən məhşur ulduzu belə, ana kimi ifa eləyə bilməz.
Dənizə də oxşayır anam. Dəniz suyu kimi gözəldir. Anamın gözlərində dəniz saflığı, ürəyində dəniz qədər sevgisi var. Yayın qızmarında adamın ürəyinə sərinlik verər, qəlbinə, ruhuna sakitlik gətirib dəniz sevinci bəxş edər. Amma bir fərqi var dənizdən. Anam heç vaxt dəniz kimi coşub-daşmaz. Elə vaxtlar anam dənizə oxşamaz. Mənim anam dənizdən də gözəldir.
Anam bir az yağışa da oxşayır. O qədər zəhmətkeşdir ki, hər yanı yağış kimi yuyub tərtəmiz edir. Kimsə qəlbinə dəyəndə bulud kimi dolur. Məndən nigaran qalanda yağış kimi yağır.
Anam küləyə də bənzəyir. Həmişə xəzri olub saçlarımı sığallayır. Kimsə xətrimə dəyəndə dəyişir, tufana dönüb həmin adamı bərdən
silkələyir, sonra sillələyir, saçlarını yolur, məndən uzaqlaşdırır.
Gül-çiçəyə lap çox bənzəyir anam. O, gül üzlüdür. Çox oxşarı var çiçəklərə. Ətir qoxur saçları, isti qucağı. O ətirdən heç yerdə qoxa bilməzsən. Ən bahalı ətir olsa belə, o, ananın ətrini əvəz eləməz.
Belədir mənim anam. Gözəl, çox gözəldi mənim anam. Bir fərqi var gül-çiçəkdən. Onun qızılgülün tikanları kimi tikanları yoxdu. Ona görə anam çiçəklərdən də gözəldi.
Amma gül-çiçəklə çox oxşardı anam. O qədər oxşardılar ki, anam da zaman-zaman gül-çiçəklər kimi solur. Rəssam, sən onun portretini elə çək ki, solmasın somasın, heç vaxt solmasın mənim anam!
Müəllif: Gülzar İbrahimova