(nağıl)
Axşam hamı atanı gözləyirdi ki, gəlsin, bir yerdə şam yeməyi yesinlər. Maya sevincini bölüşdü:
- Sabah mən də atamla ova gedəcəyəm!
Ana dedi:
- Maya, gəlsənə getməyəsən. Ovçulara mane olacaqsan. Meşə istəyirsən, gəl Gülxar xala, sən, mən gedək yaxınlıqda meşəyə, gəzək.
- Yox, atamla getmək istəyirəm. Onlar Şəlaləyə gedəcək. Şəlaləni görmək istəyirəm. Atam ova gedəndə hər dəfə bir uşaq aparır. Qoy indi də mən gedim.
- Onlar oğlandır. Ova kişilər, oğlanlar gedər.
Bu vaxt Gülxar iki ovurdu yeməklə dolu qıza çımxırdı:
- Anan deyir getmə, getmə. Qızın ovda nə işi var... Mənim qızım olsaydın ağzından vurub səni yerində oturdaram.
Gülxar ananın rəfiqəsi idi. Şəhərdə yaşasa da, tez-tez Saragilə qonaq gəlir, günlərlə onlarda qalırdı. Mayanın Gülxardan heç xoşu gəlmirdi. O həmişə, hamının dalınca danışır, hamını pisləyirdi. O qədər danışırdı, heç kəsə aman vermirdi. Özü də elə danışırdı, elə bil dava edirdi. Maya atasına, ya anasına nəsə bir söz demək istəyəndə xeyli gözləyirdi ki, Gülxar sussun. O da susmaq bilmirdi.
İndi Gülxar belə deyəndə, balaca qızın ürəyi ondan lap sındı.
Mayanın gözləri dolmuşdu ki, bu vaxt ata otağa girdi. Ata qızını o qədər çox istəyirdi ki, Maya ağlayanda ata üçün elə bil "dünya dağılırdı".
- Nə olub, niyə gözlərin dolub?
Sara qızının başını tumarlayıb dedi:
- Murad, dedim bəlkə Mayanı fikrindən döndərə bildim, ova getməsin.
Ata bir sözü ilə Mayanı sakitləşdirdi:
- Söz vermişəm aparacağam, deməli gedəcəksən. Gözlərini sıxma! - Ata belə deyib Mayanı qucaqladı.
Maya səhər ova gedəcəkdi deyə, sevindiyindən yuxusu qaçmışdı. Gecə yarıya qədər elə bildi səhərdir, durub oturdu. Sonra təzədən yatdı. Bir də səhər ananın səsinə oyandı:
- Ovçu qızım, dur, ovçular hazırdırlar, səni gözləyirlər.
Gülxar yuxulu-yuxulu deyinməyindən qalmadı:
- Sara, niyə oyadırsan, durub görəcək gediblər, bir az ağlayıb susacaq. Altı yaşlı qızın ovda nə işi var...
Maya balıncını Gülxarın başına atıb dedi:
- Sən yat, yatanda da danışırsan...
Gülxar yorğanı başına çəksə də, deyinməyi eşidildi:
- Get, qız, səni ovda ayı, canavar yesin!
Gülxarın bu sözü ananın da xoşuna gəlmədi:
- Gedənin arxasınca pis danışmazlar!
Ovçular yola düşdü. Şəlaləyə gedən yol elə uzaq idi, düz günorta şəlaləyə çatdılar. Ovçular burda çox olmuşdular deyə, hərə öz işində idi. Kimisi odun gətirir, o biri ocaq yandırır, hərə bir iş görürdü ki, günorta yeməyi hazırlasınlar.
Maya isə şəlaləni - onun gözəlliyini, möhtəşəmliyini görüb, təəccübdən ağzı açılı qalmışdı. Ata bir Maya ilə şəlaləyə baxandan sonra dedi:
- Yaxına getmə, elə burda dur, bax. Düşərsən suya.
- Maya, yemək hazırdır, gəl yemək yeyirik! - Deyib ata bir azdan qızını süfrəyə çağıranda baxdı ki, Maya durduğu yerdə yoxdur.
O, tez qaçıb şəlalənin töküldüyü yerə baxdı. Ovçular hamısı nigaran qalıb süfrədən qalxdılar. Hərə bir yana getdi ki, Mayanı axtarsın.
Ata əyilib şəlalənin töküldüyü yerə baxanda dəhşətə gəldi. Maya boğazına qədər suda idi. Ata çox qorxdu. elə bildi Maya yuxarıdan aşağı - daşların üstünə düşüb. Amma Maya bir əlini qaldırıb, " Ata, burdayam", deyəndə, ata sakitləşdi. Qızının yanına düşə-düşə qışqırdı:
- Gözlə, gəlirəm, Maya! - Ata dərəaşağı qaçanda uzaqdan soruşdu:
- Maya nə oldu sənə, yıxıldın?
- Yox ata, yıxılmamışam, özüm suya girdim ki, bu iti götürüm. Bu balaca it şəlalədən düşdü, özüm gördüm.
- Yazıq heyvan. Yəqin yuxarıdan yıxılıb. Özün niyə girirdin suya. Şəlalə bərk axır, özü də bəzi yerləri dərindir, boğulardın axı... Gərək mənə deyəydin, mən gəlib çıxarardım.
Maya qucağındakı heyvanı tumarlaya-tumarlaya dedi:
- Çağırdım. Başınız qarışıq idi, nəydi, heç kim eşitmədi. İt isə az qalırdı boğulsun.
- Yaxşı gəl çıxaq sudan, sənə soyuq olar.
- Ata, bu iti apararıq da evə.
- Birdən anası onu axtarar.
- Yəqin ki, indi anası onu tapmayacaq. O dağın başından düşüb.
- Yaxşı, apararıq!
Ovçular onlara yaxınlaşanda Mayanı dövrəyə alıb güldülər:
- Əsl ovçu Mayadır. Canavar ovlayıb.
Maya heyvanı qurulaya-qurulaya dedi:
- Görmürsüz, o itdir, canavar deyil.
Ovçulardan biri ataya ədyal verdi. Ata qızını ədyala bükə-bükə dedi:
- Qızım onlar əsl ovçudur. Canavarı itdən ayırmağı bacarırlar.
Maya qucağındakı balaca heyvanın gözlərinə baxıb təəccüblə soruşdu:
- Deyirsiz o, canavar balasıdır?
- Əlbəttə, - ovçular bir ağızdan dedi.
Maya bala canavarı da ədyalın içinə salıb qətiyyətlə dedi:
- Ata, mən bu bala canavarı burda kimsəsiz qoyub gedə bilmərəm!
Hərə bir yandan fikrini dedi:
- Canavar saxlamaq olmaz, o vəhşidir!
- Bir gün quduzlaşar, sahibini də dişləyər!
- İt dişləsə çarə tapılır. Canavar dişləsə yeri gec sağalır. Bəzən adam ölür.
Hərə bir söz dedi, Maya isə canavar balasını bərk-bərk qucağına sıxdı.
- O, mənimdir, evə aparacağam, - dedi.
- Qoy aparsın! - deyib Murad ovçuları sakitləşdirdi. Maya bala canavar qucağında atanın boynunu qucaqladı. Ata dedi:
- Aparaq evə, Maya amma bir az böyüyəndən sonra, iki-üç yaşı olanda gətirib buraxarıq meşəyə.
- Yaxşı, deyib, Maya sevincək atasını öpdü. Əslində atanın özü də heyvan sevən idi. Ovçulara qoşulub ova gəlməkdə məqsədi isə marallara, ceyranlara baxmaq, onların balaları ilə oynamaq idi.
Hamı ləzzətlə yemək yesə də, canavar heç nə yemədi. Axşam qayıdanda Qaraca çobana rast gəldilər. Qaraca çoban canavara süd içirdib dedi:
- İç, böyü, sən də mənim qoyunlarımdan oğurlayıb yeyərsən!
Hamı güldü. Evə çatan kimi hamı bala canavarı tumarladı, ona xoş söz dedi. Bircə Gülxar onu yaxına buraxmayıb dedi:
- Vay, nə eybəcər olurmuş canavar balası...
Bala canavar sanki bunu başa düşdü, atılıb Gülxarı var gücü ilə - qolundan bərk dişlədi. Gülxar elə qışqırdı, səsinə qonşular gəldi.
Həkim çağırdılar, həkim qola heç sarğı da qoymayıb dedi:
- Bala heyvanın hələ dişləri yoxdur batırsın, xanım sadəcə qorxub qışqırıb. İstəsə xanıma sakitləşdirici vura bilərəm!
- Lazım deyil mənə sakitləşdirici, mən sakitəm! - Gülxar hikkə ilə dedi. Bala canavar elə balaca idi, hamı ona "Çubuş" dedi. Adı da Çubuş qaldı.
O gündən Çubuş Mayagildə yaşadı. Ata, ana, Maya meşəyə gəzməyə gedəndə onu da aparır, onu sərbəst buraxırdılar ki, istəsə meşədə qalsın. Bu heç də Mayanın ürəyindən deyildi Çubuşdan ayrılsın. Amma qız düşünürdü ki, qoy Çubuş üçün hara əzizdir, rahatdır, orda da qalsın.
Ata Çubuşun qulağının birinə sırğa da taxdı ki, bir gün itəndə sırğasından tanısınlar.
Gülxar demək olar ki, hər həftə Mayagilə gəlir, iki, ya üç gün onlarda qalırdı. Amma Çubuş onlara gələndən, demək olar ki, Gülxar ayda bir dəfə ancaq gəlirdi. O da qonaqlıq, yığıncaq olanda. Çünki, Çubuş onu görəndə hirslənir, cumurdu dişləsin. Gülxar hirslənir, deyinirdi:
- Rədd eləyin bu heyvanı, çıxıb getsin. Necə dözürsüz bunun vəhşiliyinə!
- Çubuş səni görəndə belə olur. O çox ağıllı və sakitdir.
Günlər keçir, Çubuş böyüyür, Maya da məktəbə gedirdi. Maya dərsə gedəndə Çubuş darıxır, bilmirdi neyləsin. Bir də qız dərsdən qayıdandan sonra sakitləşirdi. Mayanın sinif yoldaşları da Çubuşu sevir, onunla oynayırdılar. Sinifdə Əziz adlı paxıl, dalaşqan oğlan vardı, bircə Çubuşun ondan xoşu gəlməzdi. Əziz onu tumarlayanda hirslənər, qaçıb gizlənərdi. Qalan hamı Çubuşla dost idi.
Bir də Çubuşun Gülxardan xoşu gəlməzdi. Həmişə Gülxarı Çubuşdan qoruyurdular ki, onu dişləməsin. Amma bir dəfə qoruya bilmədilər. Çubuş Gülxarı elə pis dişlədi ki, qadının qolunun qanı dayanmadı. Onu xəstəxanaya aparanda qəbul otağında sənəd istədilər.
- Əl çantamı verin, sənəd orda var, özüm verim! - Gülxar dedi:
Amma tibb bacısı çantanı Saraya uzadıb dedi:
- Onun əli qanlıdır, zəhmət olmasa, siz verin!
Sara sənədi götürəndə onun arasından bir şey düşdü yerə. Sara sənədi tibb bacısına verdi. Sonra əyildi yerə düşən şeyi götürsün, dəhşətə gəldi. Yerdə Saranın itdiyi sirğası var idi. Bu sırğa Sara üçün çox əziz idi. Murad onu düzəltdirmiş, üstünə də "Sara" yazdırmışdı. Sara sənədi yerinə qoyanda isə sırğanın o biri tayını gördü. Sırğanın o biri tayı qabında idi. Yəqin ki, onu da bu gün götürmüşdü.
Sara əlində bir sırğalara baxdı, bir rəfiqəsinə. Sırğaları Gülxara göstərdi və başını buladı. Gülxarın rəngi qızardı. Oğurluğunun üstü açıldı. Sara özü də pərt oldu. "Bilsəydim heç çantanı açmazdım", deyə düşündü. Bundan əvvəl də, evdə yığıncaq olanda bir dəfə Saranın bahalı bir üzüyü itmişdi. Amma Sara kimdən şübhələnsə də, rəfiqəsindən heç vaxt şübhələnməmişdi.
Gülxar sağalsa da, daha heç vaxt Saragilə gəlmədi. Hamı məəttəl qaldı ki, Çubuş Gülxarın oğurluğunu necə hiss edib...
Çubuş adam dişləyəndən sonra daha kənddə qala bilməzdi. Maya da bunu başa düşürdü ki, daha böyük canavar ailədə qala bilməz. Çubuşu göz yaşı içərisində meşəyə apardılar. Orda maşından düşürüb qayıtdılar. Bu anı Maya heç vaxt unutmadı. Çubuş sakitcə arxa pəncələri üstə oturmuşdu. Gözlərindən isə yaş axırdı.
Neçə il keçdi. Son zəngdə bütün uşaqlar yığışdı şəlaləyə getsinlər və bir gecə də orda qalsınlar. Hətta uşaqların atalarından iki silahlı ovçu da getmişdi ki, uşaqları vəhşi heyvanlardan qorusun.
Gecəni yatdılar. Səhər Mayanın yuxusu çəkilmişdi deyə, durub dərənin üstündə oturdu, şəlaləyə baxdı. Birdən səs eşidib başını qaldıranda gördü ki, uzaqdan üstünə bir ayı gəlir. Qışqırıb ayağa qalxdı. Ovçular gələnə qədər ayı artıq qıza çatmağa az qalırdı.
Maya qaçsa da, ayı yaxında idi. Atılan güllələr ayıya dəymirdi. Birdən ayı qıza çatıb pəncəsini ona uzadanda uzaqdan sürətlə bir canavar çatıb ayının başına tullandı. Onların ikisi də dərədən aşağı, suya düşdülər.
Aşağı boylananda gördülər ki, ayı daşın üstündə hərəkətsiz qalıb. Canavar isə sudan çıxırdı. O ayının üstünə düşmüşdü deyə, ona heç nə olmamışdı. Səhər günəşi canavarın qulağındakı sırğanın üstünə düşüb onu parıldadırdı. Sırğanın parıltısı Mayanın gözünə düşdü. Maya Çubuşu tanıyıb qışqırdı:
- Çubuş, Çubuş, çox sağ ol. Sən yaxşılığı itirmədin!
Canavar qaça-qaça yuxarı gəldi. Ovçulardan başqa hamı qorxudan qaçıb itdi. Ovçular tüfənglərini hazır saxladılar. Maya isə yerindən tərpənmədi. O üstünə gələn canavarı qucaqlamaq üçün qollarını bərk-bərk açdı. Amma Çubuş elə böyümüşdü, Maya onun ağırlığına davam gətirə bilməyib yerə yıxıldı və göz yaşı içərisində xilaskarını qucaqladı.
Nağılçı: Gülzar İbrahimova