(nağıl)
Biri vardı, biri yoxdu, bir qalın meşədə bütün heyvanlardan vardı. Meşədə gözəl marallar, ceyranlarla birlikdə vəhşı, qorxulu canavarlar, hiyləgər tülkülər yaşayırdı. Hamı qorxulu canavarlardan qaçır, hiyləgər tülküləri qovurdu.
Ceyranları, maralları isə sevir, onları tumarlayır, əzizləyirdilər.
Canavarlar və tülkülər çox acgöz və paxıl idilər. Onlar Ceyrandan, onun iti buynuzundan çox qorxurdular. Ona görə də Ceyranın balalarına yaxın dura bilmirdilər. Amma gizlincə çox çalışırdılar ki, balaları tutub yesinlər.
Bir gün Acgöz Canavar gördü ki, Ceyranın dörd qəşəng, toppuş balası var. Neçə vaxt onların komasını güddü ki, ana Ceyran komada olmayanda balaları tutub yesin, aparsın.
Amma Ceyran çox vaxt balalarının yanında olurdu deyə, Pis Canavarın əlinə fürsət düşmürdü. Ceyran meşəyə gedəndə balalarından nigaran qalıb çox tez qayıdırdı.
Bir gün Ceyran meşədən köhnə bir rolik tapdı. Rolikin 4 təkəri var idi. Balaların dördü də rolikin üstündə savaşdı. Ana bilmədi neyləsin, təkərləri çıxarıb hə balasına birini verdi. Ondan sonra meşə saqqızı ilə təkərləri onların hərəsinin bir ayağına bərkitdi. Balalar sevinc içərisində bir təkərli roliki sürdülər. Rolik sürmək çox xoşlarına gəldi. Yarışdılar, sevindilər, savaşdılar, barışdılar... Nə isə, bütün günü başları rolik sürməyə qarışdı.
Bir gün Ana Ceyran balalarına dedi:
- Mən meşəyə - sizə yemlik, göbələk, çiyələk yığmağa gedirəm. Girin komada oynayın, qapını da heç kimə açmayın haaa!
- Yaxşı ana, heç kəsə qapı açmarıq! - Ceyran balaları dedilər.
- Sobanın yanında kəndir var, onu da qapının cəftəsinə sarıyın ki, qapı möhkəm bağlansın.
Ceyranlar anaları gedən kimi qapını bağlayıb buynuzlaşmağa, zarafatlaşmağa başladılar.
Bir azdan qapı döyüləndə qorxudan səssiz dayanıb susdular. Səsləri əsə-əsə soruşdular:
- Kimdir?
- Mənəm, Maralam! Açın qapını!
Ceyranlar təəccüblə bir-birinə baxıb soruşdular:
- Hansı Maral? Biz Maral tanımırıq!
- Ananızın dostuyam, qapını açın! Ananız sürüşüb çaya düşüb, çıxa bilmir. Nə qədər istədim onu çaydan çıxaram, bacarmadım.
- Yalan deyrsən, sən ya qorxulu Canavar, ya da Hiyləgər tülküsən! Çıx get!
Bala ceyranlar düz tapmışdılar. O qorxulu canavar idi. Ceyranın balalarını yeməyə gəlmişdi. Canavar səsini dəyişib dedi:
- Siz necə balalarsız? Heç ananızı çox istəmirsiz?
Balalar bir səslə dedilər:
- Biz anamızı çox istəyirik!
- Bəs ananız dardadır, çətinə düşüb, siz də ancaq özünüzü fikirləşirsiz. O əziyyət çəkib, sizə çoxlu yemlik, göbələk, çiyələk yığıb. Ananız dedi komada, sobanın yanında kəndir var, onu gətirsəm, kəndirdən tutub çaydan çıxar.
Balalar pıçıldaşdı. Bir bala ceyran dedi:
- Bəs o hardan bilir anamız bizə yemlik, göbələk, çiyələk yığmağa gedib.
- O biri bala dedi: Əgər o canavar, ya tülküdürsə, yalan deyirsə, onda kəndirin sobanın yanında olduğunu hardan bilir?
Başqa bala dedi:
- Anamız dardarır, gedək ona köməyə!
Dördüncü bala dedi:
- Düzdür! Qapını açmaq lazımdır!
Belə deyib qapını açdı. Qapını açan kimi Canavar girdi evə. Bir anda bütün balaları qara torbaya doldurub atdı arabasına. Elə qaçdı, elə qaçdı...
Elə qaçırdı, Ana Ceyranla üzbəüz gəldi. Ana Ceyran soruşdu:
- Ay Canavar, nə olub, niyə qaçırsan? Nəsə baş verib?
Canavar qorxusundan dayanmadan qaçdı. Uzaqdan komasının niyə açıq olduğunu görən Ceyran şübhələndi. O arabanın dalınca qaçıb ehmalca arabaya atıldı. Torbanın ağzını açıb balalarını görəndə dəhşətə gəldi. Səsini çıxarmadı. Ağzını torbaya tutub pıçıldadı:
- Susun, balalarım, səsinizi çıxartmayın!
Sonra bir-bir balalrını torbadan çıxarıb yola qoydu. Axırda isə özü torbaya girib, torbanın ipini çəkdi. Canavar evinə yaxınlaşanda kefi elə kökəldi ki, sevincindən fit çalmağa başladı.
Torbanı güclə qaldırıb, deyinə-deyinə onu sürüyüb evinə saldı:
- Bu torba niyə belə ağırlaşdı görəsən?
Qapını bağlamaq istəyirdi, Ceyran torbadan çıxdı. Buynuzlarını cütləşdirib düz Canavarın üstünə tullandı.
- Vaaay qarnım, - deyib Canavar elə uladı, elə uladı...
O gündən Canavar bir daha Ceyran əti yemək istəmədi. Ceyran isə balalarını başına toplayıb xoşbəxt yaşadı.
Nağılçı: Gülzar İbrahimova