(nağıl)
Bir bala Kenquru var idi. O, çox tərs və acgöz idi. Yeməyə nə verirdin, deyinirdi:

- Bu turşdu, istəmirəm, bu da çox şirindi. Bu acıdı, bunu yemirəm, bunun tikanı var, təmizləyin. Çeşmə suyu istəmirəm, bulaq suyu verin. Bu gün bulaq suyu istəmirəm, quyu suyu verin.
Bir gün ata-ana dedi:

- Artıq böyüksən, bu gündən öz yemini özün tapa bilərsən!
- Hardan yem tapacağam?!... – Deyib Kenquru deyindi, deyindi, sonra yem axtarmağa getdi. Bir az getmişdi, Meymuna rast gəlib soruşdu:
- Bilmirsən hardan dadlı yem tapa bilərəm?

Dadlı yemlər, meyvələr ağacda olur. – Deyib Meymun ağacdan-ağaca tullandı:
- Mən ağaca çıxa bilmərəm!
- Tullanıb ağacdan meyvə dərməyi öyrədim sənə?
- Lazım deyil! Acam, gedirəm yem tapım!

- Kenquru əvvəl göbələk, sonra moruq yedi. Armud ağacının altında çoxlu armud vardı. Onların hamısını yedi, qarnı şişdi. Alça görəndə ağzı sulandı. Alça yedi. Sonra alma tapdı, ondan da yedi.

Bu vaxt ağacın oyuğunda bal gördü. Baldan o qədər yedi ki, qarnı az qaldı partlasın. Üstəlik gəyirdi arı yuvasına. Hələ bu da azmış kimi bir yarpaq qopartdı, əllərini ağzını silib, yarpağı atdı bal pətəyinin üstünə. Arıların başçısı acıqlandı:
- Bu “Sağolun!”dur, bizə? Mərifətsiz!
- Özünsən mərifətsiz!
Başçı əmr etdi:
- Arılar, əziyyətlə, gülllərin-çiçəklərin tozundan, şirəsindən dadlı, ləzzətli, xəstələri sağaldan gözəl bir nemət hazırlamışıq, mədəniyyətsiz bir Kenquru gəlib acgözlüyü ilə nizamımızı, qaydamızı pozdu. Onu o qədər sancın ki, bir də bal yeməsin.

Başçı bunu demişdi ki, arılar Kenqurunun üstünə cumdu. Onu elə sancdılar, elə sancdılar, üzü-gözü şişib qarpız boyda oldu. Kenquru canını arılardan qorumaq üçün özünü yaxınlıqdakı çaya saldı.

Arılar ondan əl çəkdi. Kenquru sudan çıxanda baxdı ki, qarnının torbasına balaca, körpə balıq düşüb. Sevindi:
- Nə yaxşı, heç əziyyət də çəkmədən, cibimə balıq düşüb. Görəsən dadlıdır?
Bu vaxt balaca, çoxbilmiş balıq dilə gəldi:
- Yooox, heç dadlı deyiləm, deyib Kenqurunu aldatmaq istədi.
- Nə bilirsən dadlı deyilsən?
- Öz ətimi dişləmişəm, bilirəm!
- Öz ətini necə dişləmək olur?
- Sən də istəsən öz qolundan azca dişləyib dadına baxa bilərsən.
Kenquru öz qolunu elə dişlədi ki, az qaldı qolu qanasın. Ağrıdan dırnaqları açıldı, açılan kimi də balıq tullanıb suya düşdü. Üzüb sevincək uzaqlaşdı. Kenquru uzaqdan onu hədələdi:

- Bir də çəngimə keçsən, əlimdən qurtara bilməyəcəksən!
Kenquru balığa inandığına peşman oldu. Bir az getmişdi, birdən budaqdakı quş yuvasında bala sərçə gördü:
- Nə toppuş sərçəsən, indi səni də yeyəcəyəm!
- Yemə, yemə, anam görər yuvada yoxam, axtarar, tapmaz, ağlayar!
- Bilmərəm, mən böyümüşəm, özüm-özümə yem axtarıb-tapmalıyam. Səni buraxmaram, şirin, dadlı sərçəyə oxşayırsan.

- Amaaaan, Cik-Cik, Köməyə gəlin! – deyib Sərçəcik qışqırıb qanad çaldı. İstədi uçsun, balaca idi deyə, uça bilməyib yerə düşdü. Kenquru quşu götürdü, amma yeyə bilmədi. Hiss etdi yeməkdən qarnı az qalır partlasın:
- Hay-küy salma, bu saat yemədim. Qoyacağam səni qarnımdakı torbaya, saxlayacağam nahara!
Burax quşu, xahiş edirəm! - Bu vaxt ağacdan bir səs gəldi.

- Dələyəm! Bala sərçə mənim dostumdur. Analarımız yem gətirməyə gedib. Bu sərçəciyi də mənə tapşırıblar göz qoyum. Aparma onu, nə olar...
- Kenqurular yaxşı eşitmir. Sən də ağacın başından danışırsan, heç eşitmirəm, yaxın gəl görüm, nə deyirsən?!...
Dələ atılıb-düşdü axırıncı budağa. Danışmaq istəyəndə Kenquru onu tutub atdı qarnındakı torbaya. Bir əli ilə qarın torbanın ağzını bağladı ki, çıxmasın!
- Bax burdan danış, onda səni lap yaxşı eşidərəm!
- Burax məni, acgözün biri!

- Buraxan deyiləm. Demirsən bala Sərçə dostundur, indi onunla qal.
Dələ için-için ağlayan Bala sərçəni qucaqladı:
- Ağlama, bizi burdan xilas edən tapılacaq. İnan mənə!
Bala sərçə sakitləşib yatdı. Kenquru yorulmuşdu deyə, istədi yuvaya qayıtsın. Yolda qarşısına kim keçdi, acgözlüklə götürüb qarın torbasına saldı. Hətta sürünən Tırtılı da götürdü. Tırtıl ağladı:

- Burax məni. Görmürsən necə balacayam? Nə qədər canım var ki, məni yeyib doyasan.
- Səni doymaq üçün tutmamışam. Dadına baxmaq istəyirəm.
- Mən düz bir aydır ki, günləri saya-saya sürünürəm ki, bir gün mən də dönüm bəzəkli kəpənək olum, uçum. Dünyanın gözəl yerlərini görüm. Nə olar, arzumu ürəyimdə qoyma. Bu gün nəhayət ki, uçacaqdım.
- Eybi yox, səni ağzıma atanda uçarsan! – deyib, Kenquru güldü.
Sonra Kenquru bir Bala dovşan tutdu.

Daha sonra Qurbağa,

Çəyitkə, Parabüzən... Kenquru qarın torbası dolana qədər tutdu.

Yuvaya çatanda qarşısına yenə həmin Meymun çıxdı.
- Nə olub, xəstələnmisən? Qarnını niyə tutmusan?

- Xəstələnməmişəm. Ovdan gəlirəm, çoxlu ov ovlamışam ki günorta, axşama yeyəm!
- Nə ovlamısan? – Meymun soruşdu.
- Heeççç... – Deyib Kenquru ovlarını Meymuna göstərməyib əli ilə qarın torbasının ağzını bərk yumdu.
- Demirsən demə! Bayaqdan gözləyirdim gələsən, səninlə bir oyun var, onu oynayım. - Meymun dedi.
- Nə oyundur?
- “Qıdı-qıdı” oyunudur. Onu oynayanda gülürsən. Əhvalın yaxşılaşır, bütün günü kefin yaxşı olur. O, yeməkdən də maraqlıdır.
- Necə oynayırlar onu?
- Əvvəl mən gözümü yumub, səssiz dururam. Sən mənə yaxınlaşıb ya boynumdan, ya qolumun altından, ya da qarnımdan qıdıqlayıb deyirsən: “Qıdı-qıdı, nədir deynən dayımın adı?”. Sən cavab verməlisən “Qıdı-qıdı, Xıdırdır dayının adı!”. Bunu gülə-gülə demək elə də asan deyil. Ona görə kim cavabı tam deyə bilsə, o da udub, qalib olur. Kim qalib olsa, o birinə bir ovuc qoz tapıb gətirir!
Acgöz Kenquru “Bir ovuc qoz”, sözünü eşidəndə sevindi:

Əslində Meymun Kenqurunun acgözlüyündən xəbərdar idi. O ağacın hündür yerindən hər şeyi görmüşdü. Görmüşdü ki, Ana sərçə bayaqdan balasına necə ağlayır. Eşitmişdi anası bayaqdan ağlaya-ağlaya bala dovşamı axtarır. Tırtılın Kenquruya necə yalvardğını da görmüşdü. Amma bilmirdi onları necə xilas eləsin... Əslində bir yol axtarırdı.
Oyun başladı. Əvvəlcə Meymun gözlərini yumub səssiz durdu. Kenquru ona yaxınlaşıb boynundan qıdıqlayıb soruşdu:
- Qıdı-qıdı, nədir deynən dayımın adı?
Qıdı-qıdıdı, qıdı-qıdıdı, Xıdırdı... - Meymun bu vaxt elə güldü ki, axıra qədər sözünü deyə bilmədi.
- Uduzdun! Get bir ovuc qoz gətir mənə! – deyib Kenquru sevindi.
- Hələ bilmək olmaz kim uduzub. İndi növbə mənimdir. Bəlkə heç sən də sözlərin hamısını deyə bilmədin?
- Yaxşı, baxarıq! – deyib bu dəfə Kenquru gözlərini yumub səssiz dayandı. Meymun atılıb onun qollarının altından elə qıdıqladı, elə qıdıqladı ki, doğrudan Kenquru gülməkdən uğunub getdi. Bircə “Qıdı-qıdı”, deyə bildi.
Güləndə də əlini qarın torbasının üstündən götürmüşdü deyə, bütün balalar - Sərçə, Dələ, Parabüzən, Dovşan, Tırtıl, Qurbağa, Çəyitkə hamısı qaçdı. Beləliklə, balaların canı acgöz Kenqurudan belə qurtardı.

Buna görə Kenquru heç Meymunla dalaşmadı da... Çünki, “Qıdı-qıdı” oyunu çox xoşuna gəlmişdi.
Nağılçı: Gülzar İbrahimova