Dostlaşmış nağıllar

 

(nağıl)   

    Güllü adlı bir işgüzar nənə vardı. Bu nənə bir saat da işsiz durmazdı. Gah dağıdar, gah yığışdırardı.  Gah həyəti süpürər, gah evi silərdi. Gah nəsə sökər, gah da eynəyini taxıb tikərdi.

Bir gün Güllü nənə evdə oturdu, oturdu, darıxdı, durdu çıxdı həyətə. Gördü həyətdə balaca bir uşaq gedir. Özü də balaca bir uşaq arabası sürür. Nənə darıxdığından onu danışdırdı:

- Sənin nə qəşəng uşaq araban var, allı-güllü. Kuklanın adı nədir?

- Ayşəndir! – Sonra qız əlini ağzına qoyub nənəyə dedi:

- Yavaş danış, nənə, o yatır, səs olsa, oyanar! – Belə deyib balaca qız kuklasının üstünü örtüb səssizcə getdi.

Nənə bir xeyli qızın arxasınca baxıb “ah” çəkdı:

- Mənim heç uşaq vaxtı kuklam olmayıb! – Deyib evə keçdi.

Nənə taxçadan qayçı götürdü, sap gətirdi, köhnə donunu sökdü, güllü tərəfindən balaca bir köynək tikdi, gülsüz tərəfindən balaca tuman tikdi. Paltarlar elə qəşəng alındı, nənənin lap xoşu gəldi.

Sonra da bir kukla tikdi, paltarları ona geyindirdi. Nənənin bir qırmızı deşik şalı vardı, onu da kəsdi, kuklaya papaq tikdi. Kukla oldu gözəl, göyçək Qırmızıpapaq. Qırmızıpapaq darıxar deyə, bir kukla nənə tikdi. Nənə darıxmasın deyə, bir baba tikib yanına qoydu. Nənə ilə babaya baxıb o qədər güldü ki...

Sonra Güllü nənə köhnə kürkünü sökdü, bir canavar tikdi. Canavara parıldayan düymədən göz qoydu, qara düymədən dırnaq qoydu, ağ düyməni ortadan böldü, diş qoydu. Canavara baxdı, özü də qorxdu. Gördü kürkün parçasından çox qalıb, bir ayı da tikdi. Parça çox qalmışdı, tülkü də tikdi. Sonra gördü parça qurtarmaq bilmir, axırda bir div tikdi. Kürkün parçasından bir neçə hissə qalmışdı, ondan da Cırtdana papaq düzəltdi. İstədi qoysun Cırtdanın başına, gördü baş nə gəzir, unudub, nə Cırtdanın kuklasını düzəldib, nə də əyin-başını tikib.

İşini qurtaran kimi gördü həyət-baca əməlli-başlı nağıla döndü. Yorulmuşdu deyə,  getdi, yatdı. Yatan kimi yuxuda kimi görsə yaxşıdır?!

Harri Poteri! Hə, hə, fantastik nağıl qəhrəmanı Harri Poteri. Harri Poter eynəyini silib gözünə taxdı, azərbaycanca güclə danışa-danışa, küskün səslə dedi:

- Nağıl dünyası qəhrəmanlarını düzüb-qoşursuz, söküb-tikirsiz, məni bütün

dünya tanıyır, siz isə heç mənim adımı çəkmirsiz!

- A bala, qoca nənəyəm, incimə! Haqqında eşitmişəm, həmişə pis qüvvələrlə mübarizə aparırsan. Amma mən sənə eynək düzəldə bilmərəm axı.

Harri “Yaxşı” deyib, incik getdi. Nənə əl eləyib onu yola salırdı, Qırmızıpapaq gəldi. Qırmızıpapaq ona səbətdə pay gətirmişdi. Nənə zənbili aldı, gördü boşdur:

- Zənbilin niyə boşdur? Kökələr hanı?

- Sən zənbili boş saxlamısan, içinə heç nə qoymamısan!

- Qoca başım, unutmuşam! Səhər tezdən duran kimi kökə bişirib zənbilinə

qoyaram!

Sonra nənə yuxuda gördü ki, Cırtdan ondan küsüb. Nə qədər elədi könlünü alsın, Cırtdan barışmadı:

- Divi tikmisən, mənə papaq tikmisən, özüm yoxam! Sənin üçün Div, papaq məndən əzizdir!

Nənə söz verib Cırtdanı sakitləşdirdi:

- Tezdən duran kimi parça tapıb, saman yığıb sənin kuklanı düzəldəcəyəm!

Təzəcə Cırtdan sakitləşmişdi, nənə ağlamaq səsi eşidib soruşdu:

- Kimdir ağlayan?

Qoğal ağlaya-ağlaya yumrulanıb gəldi:

- Mənəm! Güllü nənə, mən sənə nə pislik eləmişəm məni yaddan çıxartmısan? Qoğal nağılından babanı çəkmisən, nənəni çəkmisən, ayını, canavarı, tülkünü də çəkmisən, mən yaddan çıxmışam!

- Ağlama, ürəyimi dağlama, səni də yumru kəsib tikərəm!

- Yox, məni bişirmək lazımdır ki, yanaqlarım qırmızı olsun!

- Onda bişirərəm! Tezdən duran kimi bişirərəm!

- Sən mənə söz verdin ki, tezdən duran kimi mənim kuklamı düzəldəcəksən! - Cırtdan dedi:

Qoğal diyirlənə-diyirlənə dedi:

- Yox, nənə birinci məni bişirəcək!

Qırmızıpapaq zənbili göstərib dedi:

- Zənbilim boşdur, nənə tezdən mənə kökə bişirəcək!

Qırmızıpapağın, Cırtdanın, Qoğalın səsi aləmi elə götürdü ki, səsə nənə diksinib yuxudan oyandı. Oyanan kimi tez xəmir yoğurdu, bir qoğal və çoxlu kətə hazırlayıb sobaya qoydu ki, bişsin. Sonra iynə-sap, qayçı, parça gətirdi, işə başladı. Əvvəl boyu bapbalaca Cırtdan kuklası biçdi, tikdi, başına da tikdiyi motal papağı qoydu.

Təzəcə işini qurtarmışdı, Qoğal da, kökələr də hazır oldu. Qoğal qıpqırmızı qızarmışdı.

Nənə kökələri qoydu Qırmızıpapağın səbətinə. Qoğalı da qoydu masanın üstünə ki, soyusun.

Elə təzəcə istəyirdi oturub dincini alsın, bu vaxt bir mərəkə başladı, gəl görəsən...

Bütün kuklalar hərəkətə gəldi, elə bil kökələri, qoğalı gözləyirdilər. Hamı bir-birini qovmağa başladı.

Ayı nənəni qovurdu, baba baltanı götürüb ayını qovurdu. Canavar Qırmızıpapağı qovurdu, Tülkü qoğalı qovurdu. Div yekəpər ayaqları ilə Cırtdanı qovur, ona yaxınlaşan kimi balacaboy Cırtdan onun ayaqları arasında qaçıb itirdi.

- Aman! - Nənə qışqırıb əllərini dizlərinə çırpdı. 

İndi hamı bir-birini yeyəcək, öldürəcək!

Bu vaxt Güllü nənəni elə itələdilər ki, yazıq düşdü təndirə. Yaxşı ki, təndir qalanmamışdı. O, hərdən təndirdən boylanıb öz dediyi kimi, “sınmış” əlləri ilə düzəltdiyi “Hoqqalara” baxırdı.

Bir az bu mərəkəyə tamaşa eləyəndən sonra, nənənin ağlına bir fikir gəldi. O, bir göz qırpımında təndirdən çıxdı, iynə-sapını, qayçısını parçasını götürüb yenə təndirə girdi. Orda tez-tez ölçüb-biçib ovçu düzəltdi. Əlinə də bir çubuq verdi ki, guya o da ovçunun tüfəngidir. Ovçunu həyətə buraxıb dedi:

- Get onlara de, “əllər yuxarı!”.

Ovçu taxta tüfəngini qaldırıb qışqırdı:

- Əllər yuxarı!

Əlini qaldıran qaldırdı, qaldırmayan da pəncəsini qaldırdı. Bunu görən kimi nənə təndirdən çıxdı, Qırmızıpapağın səbətinə yığdığı bütün kökələri masanın üstünə boşaldıb dedi:

- İndi isə hamı yığılsın süfrə başına!

Nənə belə deyən kimi hamı sevincək masanın başına toplaşıb, kökə yeməyə başladı. O qədər yedilər ki, heç Qoğala tərəf baxan da olmadı.

Nənə bir samovar çayı qoydu, hamı ləzzətlə o çaydan içdi, doydu.

Güllü nənə nağılları dostlaşdırandan sonra elə sevinirdi, az qalırdı sevindiyindən uçsun. Ev-eşik, bayır-bacaq nağıllar aləminə dönmüşdü. Hamı çalıb-oynayırdı.

Axşam yeməyini yeyəndən sonra nənə həyətə çıxdı ki, otlaqdan qayıdan inəyi salsın həyətə. Həyətdə Ayşənlə rastlaşdı. Ayşən kuklasını gəzdirirdi. Nənəni görəndə dedi:

- Güllü nənə, şəhərə getməliyik, gecə orda qalacağıq. Orda da hava çox istidi. Olar, Ayşəni bir gecəliyə qoyum səninlə qalsın?

- Ayşən kimdi?

- Kuklamı deyirəm!

Nənə sevincək dedi:

- Hə, əlbəttə olar!

- Onda nənə, qoy indidən səndə qalsın. Biz bir azdan gedəcəyik!

- Qalsın, qalsın! – Deyib nənə kuklanın arabasını sürüb həyətə gətirdi. Nağıl qəhrəmanları kuklanı görən kimi yığışdılar başına. Kukla divi görəndə başladı ağlamağa. Nənə tez Ayşəni götürdü, qaçıb özünü qıza çatdırdı:

- Ayşən ağlayanda neyləyim?

- Nə gülməli nənəsən? Mənim kuklam ağlayan kukla deyil. Batareya ilə işləmir!

- Axı o, bizdə ağladı!

- Ola bilməz nənə, bax onun belində heç ağlamaq üçün setkası da yoxdur. Nənə qayıtdı, gəldi evə. Qayıdan kimi Div kuklanı qucağına alıb güldü:

- Bu nə balaca adamdır. Yesəm dişimin dibində qalar. Ha, ha, ha! –deyib elə güldü, elə güldü, yer, göy guruldadı.

Bu dəfə kukla nəinki ağladı, hətta danışdı da:

- Cüllü nənə, mən divdən qoyxuyam, qoyxuyam!

Bunu eşidən kimi, Güllü nənənin həyəcandan az qaldı dili tutulsun. O ömründə ilk dəfə idi ki, danışan kukla görürdü. Div də pərt olub kuklanı Güllü nənəyə verdi. Kukla nənənin qucağına gələn kimi sakitləşdi.Nağıl qəhrəmanları kuklanın hərəkətinə o qədər güldülər...

Nə isə... Elə ki gecə oldu, Güllü nənə bikef oldu. Oyuncaq kimi özü düzəltdiyi nənə onu fikirli görüb soruşdu:

- Güllü nənə, nə olub, niyə birdən kefin pozuldu? Yorulmusan bəlkə?

- Yorulmamışam. Fikirləşirəm bu qədər qonağa mən hardan yorğan-döşək tapım? Harda yatırdım? Mənim cəmi bir dəst yorğan-döşəyim var!

- Məsələ çətindir. Hamı rahat yatmaq istəyəcək. Amma narahat olma, o bir döşəyi də sal yerə, yorğanı da. İsti havadı, hamı döşənib yerdə yatsın.

Güllü nənə sevindi:

- Sən nə yaxşı çıxış yolu tapdın! -Deyib çarpayıdan döşəyi götürdü, saldı bir tərəfə, yorğanı da o biri tərəfə. Dedi: 

- Durun yatın, gecdi, səhər çalıb-oynayarsız.

Dostlaşmış nağıllar deyib gülə-gülə, yatağa girdilər. Nənə də heç kəsi narahat eləməsin deyə, altına bir nimdaş nalça atdı, kuklasını da aldı qucağına, eləcə büzüşüb yatdı.

Gecənin bir yarısı hay-küy səsinə oyandı. Cırtdan Divə qışqırırdı:

- Çəkil bir tərəfdə yat, bizə də yer qalsın!

- Yox, mən tək yatacağam. Siz məni narahat edirsiz! – Div belə deyib qalxdı. Döşəyi də yorğanı da çırpdı, üstündə kim vardı yerə düşdü. Döşəyə uzandı, yorğanı da üstünə saldı. Uzanan kimi də xoruldamağa başladı. Cırtdan bir odun götürdü. Düz Divin başından vurmaq istəyəndə oyuncaq baba biləyindən tutdu:

- Sakit ol Cırtdan, bapçalaca bir yer tutursan, bir yumşaq yer tap, çəkil yat. Divlə işin olmasın. Qoy necə ona rahatdır, elə yatsın! Bizi xataya salma!

Cirtdan bir az da səsini qaldırdı:

- Onu başa salmaq lazımdır ki, başqalarını da fikirləşsin!

- Kim səs salsa, qoymasa yatam, durub onu yeyəcəyəm! Məni yuxudan yarımçıq oyadanı cəzalandırmalıyam! – Deyə Div yuxulu-yuxulu mızıldandı.

- Çəkil, qoy hamı döşəkdə yatsın!

- Çəkilmirəm! Cirtdan! Səsini kəsməsən durub səni yeyərəm! – Deyib Div təzədən yuxuya gedib xoruldadı.

Cırtdan pıçıltı ilə nənədən soruşdu:

- Nənə, bir kəndir ver, Divin əl-qolunu bağlayaq, uzadaq bir tərəfdə dinməzcə yatsın.

- Kəndir anbarda var! 

Cırtdan qaçdı kəndir tapıb gətirdi, Divin ayaqlarını və əllərini bərk-bərk sarıdı. Hamı köməkləşdi, onu döşəyin bir tərəfinə çəkmək istəyəndə Div oyandı. Qəzəblə əl-ayağının kəndirini qırıb cumdu Cirtdanın üstünə. Qırmızıpapaq cəld balıncı götürüb ona atdı. Div hirslə balıncı dişlədi. Balıncın lələkləri dağıldı, ev lələklə bir oldu. Lələklər uçuşdu, yuxusuz qalmış nağıl qəhrəmanları hirslənib coşdular. Kimin kimdən xoşu gəlmirdi, onu tutmağa, çırpmağa başladı.

Qoğal çəld tərpəndi. Pəncərədən bayıra  hoppandı ki, tülkü onu yeməsin. Oyuncaq nənə tez qaçıb gizləndi ki, canavar onu udmasın. Ayşənin kuklası da durmadan ağlayırdı.

Güllü nənə yaman acıqlandı. Masanın üstünə çıxıb var gücü ilə neçə dəfə qışqırdı:

- Dayanın, bir eşidin məni. Kənddə məni rüsvay eləməyin! Deyəcəklər Güllü nənənin qonaqları gecəyarı yorğan-döşək üstündə savaşdılar.

Güllü nənəni eşidən kim idi? Hamı canının hayında idi. 

Ovçu da bir yanda məəttəl-məəttəl quruyub qalmışdı. Bir də baxdı ki, nənə iməkləyə-iməkləyə gəlib onun pencəyini dartışdırır:

- Nə durmusan, niyə silahla onları qorxudub sakitləşdirmirsən?

- Əllər yuxarı! Yox, pəncələr yuxarı! – deyə, Ovçu neçə dəfə tüfəngi qaldırıb qışqırdı. Amma bu dəfə heç kəs ona inanmadı. Artıq hamı başa düşmüşdü ki, ovçunun çiynindəki,  yalançı tüfəngdir.

- Nənə bilmədi neyləsin. Kuklanı götürüb belinə bağladı ki, onu əzməsinlər. Sonra özünü verdi səhəngin arxasına, gizləndi. Bu vaxt səhəngin içərisindən Qırmızıpapağın səsini eşitdi.

- Güllü nənə, nağıl dünyasından Hörümçək adamı köməyə çağır.

- O kimdi?

- Xeyirxahdı. Dara düşəni dardan qurtarır. O özünü tez çatdırar. Divin öhdəsindən yaxşı gələr.

Nənə doğrudan da dara düşmüşdü. Dostlaşmış nağıllar yenə düşmənə dönmüşdülər. Ona kömək lazım idi. Həyəcanla dedi:

- Bu saat tikərəm, televizorda gömüşəm o qırmızı hörümçək paltarı geyinir!

Belə deyib tünd qıpqırmızı süfrəsini götürüb tikiş maşınının arxasına keçdi. Gözləri lələklərin arasından güclə seçə-seçə süfrəni kəsib doğradı. Sonra iynəni sapladı, maşını işə saldı yaraşıqlı bir Hörümçək adam tikdi. İçərisini isə samanla doldurdu.

Hörümçək adam hazır olan kimi pəncərədən bayıra uçdu. Nənə onun arxasınca çıxıb çağırdı:

- Uzağa getmə, sənə sözüm var!

Hörümçək adam qaranlıqda dövrə vura-vura dedi:

- Salam Güllü nənə, bilirdim ki, bir gün məni də yada salacaqsan! Yoxsa nağıl qəhrəmanları ilə dostlaşmışdın, mən isə yaddan çıxmışdım. Düz elədin ki, mənim kimi xeyirxah nağıl qəhrəmanını yaddan çıxartmadın!

- Hə bala. İndi isə, başına dönüm, qurbanın olum, gör neyləyirsən elə, bir bu dəcəlləri sakitləşdir!  

- Niyə dalaşır onlar?

- Div hamını yorğan-döşəkdən qovub, beləcə dava düşüb. Deyir döşəkdə təkcə özüm yatmalıyam! O birilər də ona görə bir-birlərinə dəyib!

- Bu asandır, bu saat nənə! – Deyib Hörümçək adam ayaqlarını cütləşdirdi, Qollarını açıb havaya qalxdı. Açıq qapıdan içəri girib bir göz qırğımında Divin çiyinlərindən tutub bayıra uçdu. Divin səsi gəldi:

- Ey kimsən, nə edirsən? Məni hara aparırsan? Öldürməyə aparırsan?

- Narahat olma, yaxşı yerə aparıram!

- Niyə aparırsan yaxşı yerə?

- Sən də rahat yatasan, Güllü nənə də rahat yatsın deyə!

- Mən rahat yatmışdım, Cırtdan aləmi qatdı.

- Səni apardığım yerdə nə Cırtdan, nə də heç kəs səni narahat eləməyəcək!

Hörümçək adam belə demişdi, çatdılar bir adaya. Ada çox gözəl idi. Sakit dənizi, isti qumu, gözəl mənzərəsi vardı. Ağaclarda banan, fındıq, nə dadlı meyvə desən. Sahildə nə qədər balıq desən. Balıqlar elə yaxında üzürdülər, əlini uzat, tut. Hətta burda ağacdan asılmış kaymak da var idi. Yəqin ki əvvəl kimsə burda dincəlmişdi. Çünki onlar özlərindən sonra çoxlu azuqə də qoyub getmişdilər. Bütün bunlar acgöz divin çox xoşuna gəldi. Div kaymaka uzanıb yellənə-yellənə dedi:

- Bura gətirməklə mənə böyük yaxşılıq elədin. Səni heç vaxt yemərəm! Amma daha heç kəsi bura gətirmə. Qoy burda rahat yaşayım!

Hörümçək adam dedi:

- Nə vaxt lazım olsam “Hörümçək adam” deyib məni çağırarsan! Gəlib səni yerinə qaytararam!

- Burda mənə lazım olan hər şey var. Mənə lazım olmayacaqsan! Həmişəlik bu adada qalmaq istəyirəm! Ona görə heç vaxt çağırmayacağam səni!

- Özün bil!

Hörümçək adam o vaxt qayıtdı ki, Güllü nənə təzə samovar çayı qoymuşdu. Hamı da həyətdə səhər yeməyinə yığışmışdı. Nənə Hörümçək adamı görən kimi qaçıb onu qucaqladı:

- Sağ ol xeyirxah qəhrəman! Div gedən kimi hamı sakit oldu. Ev-eşiyi də köməkli yığışdırdıq, səni gözləyirdik. Gəl bizimlə yemək ye, samovar çayı iç!

- Sağ ol, əhsən sənə! – Hamı kobud divdən canlarını qurtardığına görə Hörümçək adama minnətdarlıq bildirdi.

Dostlaşmış nağıllar bir yerdə ləzzətlə səhər yeməyi yedilər, söhbət elədilər. Çox sakit bir gün keçirdilər. Gecəni də rahat yatdılar. Bu üç gün, üç gecə davam elədi. Dördüncü gün səhəri Güllü nənə yuxudan qalxıb ağladı. Soruşdular:

- Niyə ağlayırsan?

- Div adada darıxır.

- Qoy darıxsın, ona bu da azdır! – Cırtdan dedi. Hörümçək adam təklif elədi:

- Ağlama nənə, istəyirsən aparım ona baş çək!

- Mən də getmək istəyərdim! - Qirmızıpapaq dedi. – Mən də, mən də hamı dedi. Hətta Cırtdan da utana-utana dedi. Nənə soruşdu:

- İstəyərəm? Bəs hamını necə apararsan?

- Bu asandır. Deyib Hörümçək adam bir anda havaya qalxdı. Göydən hardansa səbətli bir hava şarı tapıb gətirdi. Hamı səbətə yığıldı. Hörümçək adam havada hava şarını itələyə-itələyə uçurub gətirdi Div olan adaya. Div uzaqdan nağıl yoldaşlarını görüb sevincək qışqırdı:

- Sizin üçün yaman darıxmışam! Mən daha sizi incitmərəm, mehriban yaşayarıq! Söz verirəm! Məni də yanınıza götürün!

- Götürək? - Hörümçək adam soruşdu. Hamı razılaşdı.

Sonra Hörümçək adam uçub bir anda Divi götürüb qoydu hava şarına. Hava şarı ağırlaşıb adaya düşdü. Dostlar çoxlu güldü, adada qalıb, çalıb oynadılar, şənləndilər.

Səhər Hörümçək adam düz dörd hava şarı gətirdi. Divlə Cırtdanı birinə, Tülkü ilə Qoğalı birinə, Canavarı, Qırmızıpapağı və oyuncaq nənəni birinə qoydu, qalanları isə o birinə mindirib kəndə gətirdi.

Qayıdanda nənə darvazanın yanında kimi görsə yaxşıdı?

Qırmızı donlu, qırmızı yaylıqlı Maşanı... Hə, hə, sən tanıdığın o balaca, dilli, dəcəl Maşanı. Düzü bir az nənə qorxdu, çünki, o Maşa dediyim bu balaca “Nəmənə” televizorda –  “Ayı və Maşa” seriallarında yazıq Ayının başına nələr gətirmişdi. Aldatmışdı, qışqırtmışdı, ağlatmışdı, qaçırtmışdı, yıxmışdı, yormuşdu. Bilmədi nənə desin, “Xoş gəlmisən!”, yoxsa, “Nahaq gəlmisən, yerimiz yaman darısqaldır!”. Maşa qaşlarını çatıb nənəyə dedi:

- Güllü nənə! Bütün nağıl qəhrəmanlarını tikmisən, başına toplamısan. Məni dünya uşaqlarının çoxu tanıyır, sən isə Ayını da yanına gətirmisən, heç mən yadına düşmürəm!

Nənə hələ də bilmirdi nə desin, Ayı onun köməyinə çatdı:

- Nə yaxşı gəldin Maşa! Sənsiz lap darıxdım!

Nənə gördü ki, Ayı Maşanı necə çox istəyir, ona da xoş oldu. Maşanı qucaqladı, ona “Sən nağıl komamıza xoş gəlmisən!”, dedi.   

Maşa gələndən sonra nağılların dostluğu daha da maraqlı oldu.  Həmin gündən dostlaşmış nağıllar daha da mehribanlaşdılar. Güllü nənə də heç vaxt darıxmadı. Ayşən kukla həmişəlik Güllü nənədə qaldı. Çünki öz evlərinə gedən kimi o qədər ağlayırdı, gözləri şişirdi.

Div daha kobudluq eləmədi. Tülkü Qoğalı yemədi. Canavar nənəni udmadı. Lap axırda da göydən üç alma düşdü. Üç almanı üç yüz yerə bölüb üç yüz uşağa payladılar. Üç yüz uşaq da onu üç yüz yerə böldü, belə-belə bütün uşaqlara alma payı çatdı. Mən də yedim, “Ağzınız nağıllar kimi şirin olsun!”, dedim. 

Nağılçı: Gülzar İbrahimova