Cırtdan və İfritin nağılı

  (nağıl)

    Biri var idi, biri yox idi, Cırtdan adlı balaca oğlan var idi. Bir gün Cırtdan camaatın danışığını eşitdi. Bir kəndli deyirdi:

-İfrit bizi bezdirib, hər bayram tilsim oxuyur, tufan qoparır, havanı qaraldır. Od püskürür, ağacları yandırır, qar yağdırır, çiçəkləri dondurur. Camaat Novruz Bayramı keçirə bilmir, tonqalları söndürür.  İndi də bayrama az qalıb, yəqin, yenə də bir hoqqa çıxaracaq ki, camaat bayram keçirməsin.

Hamı birağızdan dedi:

-Aman, aman!..

Başqa bir kəndli dedi:

-Uşaqlarımızı işlədir, onlara pul vermək əvəzinə, döyüb qovur!

Bir kəndli dedi:

-Gedək İfriti öldürək!

Dedilər:

-Sehrlidi, ölməzdi!

Cırtdan dedi:

-Mən İfritin başına oyun açaram!

Hamı dönüb Cırtdana baxdı. Oğlanın boyunu görəndə bikef oldular. Dedilər:

-Sən İfritlə bacara bilməzsən.

-Bacararam!

Bir gün İfrit yenə kəndə gəldi. Uşaqlara yaxınlaşıb soruşdu:

-Kim mənim  40 quzumu otarsa, ona 40 gündən sonra 40 qızıl verəcəyəm!

Uşaqlar bilirdilər İfrit yalan danışır, ona görə də heç kəs razılaşmadı. 

Cırtdan irəli çıxıb dedi:

-Mən razıyam, gedək!  

Onlar İfrit yaşayan yerə getdilər. İfrit quzuları Cırtdana göstərib dedi:

-Bax ha, quzuları canavara yedirtmə! Bir quzu əskik olsa, haqqını verməyəcəyəm!

-Razıyam, - dedi Cırtdan.

Cırtdan quzulara yaxşı baxdı. Elə ki 40 gün tamam oldu, pulunu istədi:

-Pulumu ver, 40 gün oldu!

İfrit dedi:

-Gecə pul verməzlər, bərəkətim kəsilər, səhər verərəm.

Gecə Cırtdan özünü yatmışlığa vurub, İfriti güddü. İfrit tövləni açdı, quzulardan birini aparıb, təndirdə gizlətdi və qayıdıb yerində yatdı.

İfrit gedib yatan kimi, Cırtdan quzunu yerinə qaytardı. Səhər İfrit qışqırdı:

-Quzunu canavara yedirtmisən, özün də yatırsan!

-Axşam saymışam, quzular yerindədi. İnanmırsan, özün say!

 İfrit quzuları neçə dəfə saydı. Quzular doğrudan da yerindəydi. Qaçıb təndirə baxdı. Elə bildi, quzu özü təndirdən çıxıb.

-Pulunu səhər verərəm, -  deyib, gecəni gözlədi. Cırtdanı yuxuya verib, tövləyə getdi. Bu dəfə iki quzu gizlətdi. Səhər açılan kimi qışqırdı:

-Tənbəlin biri, harda itmisən? İki quzumu canavara yedirtmisən!

-Ola  blməz, hamısı yerindədi, inanmırsan, say! – Cırtdan arxayın dedi.

İfrit quzuları saydı. Quzular yenə 40 dənə oldu. 

İfrit başa düşdü ki, bu, Cırtdanın işidir. Yenə bir bəhanə ilə Cırtdanın pulunu vermədi. Eə ki gecəyarı oldu, İfrit bir yekə dəyənək götürüb girdi Cırtdan yatan otağa. Dəyənəklə yorğanın üstündən o qədər vurdu ki…

-Bu da sənin qızılların, - deyib rahatca yatmağa getdi.

Səhər İfrit həyətə çıxanda həyətdə nə görsə yaxşıdr?..  Cırtdan həyətdə bardaş qurub oturub, çay içir.

Sən demə, Cırtdan axşamdan kələk qurubmuş. Yatdığı yorğanın altına odun parçaları uzadıb, özü də gizlənibmiş. Qaranlıqda İfrit odunu Cırtdan bilib, dəyənəklə çırpıb.  İfrit qəzəbləndi. Hələ heç kəs onun başına belə oyun açmamışdı. 

İfrit hirsindən qışqırdı:

-Bu saat səni öldürəcəyəm.

Dəyənəyini qaldırıb Cırtdanı vurmaq istədi, Cırtdan isə heç yerindən də tərpənmədi. Çünki yorulmuşdu. Gecə dərin quyu qazmışdı. Quyu görünməsin deyə, üstünə palaz da sərmişdi. İfrit ayağını palazın üstünə qoyan kimi, gurutulu ilə düşdü quyunun dibinə.  Cırtdan çayını ləzzətlə içdi. Sonra kəndə gedib olanları camaata danışdı.

Camaat əvvəl inanmadı, sonra gəlib hər şeyi gözləri ilə görəndə sevindilər:

-Sağ ol, Cırtdan, afərin, əsl oğulsan!

Sonra isə tonqal qalayıb bayram keçirtdilər.  Çaldılar, oynadılar.  Cırtdanı isə özlərinə başçı seçdilər.  

Nağılçı: Gülzar İbrahimova