(nağıl)
Küpəgirən qarı bikef olmuşdu. Çünki hamı Novruz bayramına hazırlaşırdı. Belə vaxtlar qarının kefi olmurdu. Bilirdi ki, bayram gəlir, özü də camaatın ən çox xoşladığı, uşaqların, böyüklərin sevdiyi əziz bayram - Bahar bayramı gəlir. Belə vaxtlarda Küpəgirən qarı özünə yer tapa bilmirdi.
Hər il ilin axırıncı çərşənbəsində, Novruz bayramı günü axşam camaat tonqal qalayıb şənlənir, tonqalın üstündən tullanıb deyirdilər:
- Ağırlığım-uğurluğum pislərə getsin!
Tüstü də camaatın ağırlığını düz Küpəgirən tərəfə gətirirdi. Tərslikdən onların ağırlığı Küpəgirənə tərəf gəldikcə o ağırlaşır, pisliyi lap çoxalırdı.
Kənddəkilər bayrama hazırlaşmaqda olsunlar, sizə kimdən deyək, kimdən xəbər verək Cırtdandan.
Elə ki Cırtdan oxla Yaşıl ilanı başından vurdu, ilan Simurq quşunun ayağndan açılıb çaya düşdü. Cırtdan çaydan çıxıb sevincək kəndə səmt qaçmağa başladı ki, nənəsinə şad xəbər aparsın. Çünki nənə çox bikef idi. Həm də nənə yıxılmış, ayağı əzilmişdi. Küpəgirən qarı elə eləmişdi ki Ayın üzü tutulmuş, gecələr zülmət qaranlığa çevrilmişdi. Necə eləmişdi?
Küpəgirən qarı tilsim eləyib, ovsun oxumuş, Yaşıl ilan ovsunlanmışdı. Yaşıl ilan da sarılmışdı Simurq quşunun ayağına, ondan əl çəkmirdi ki, “səni çalacağam”!
- Neyləmişəm sənə? Burax, çıxım gedim! – Quş yazıq-yazıq desə də Yaşıl ilan əl çəkməyib.
- Buraxa bilmərəm, nə əmr eləsəm, onu da yerinə-yetirməlisən!
- Neyləməliyəm?
- Hər gecə qanadlarını elə möhkəm açmalısan ki, Ayın üzü tutulsun, Yer zülmət qaranlıq olsun!
- Nəyə gorə gözəl Aylı gecələri Zülmət qaranlıq gecələrə çevirmək istəyirsən?
- Sus, mən belə əmr edirəm! Razı deyilsənsə, bu saat səni çalıram!
- Yox, öldürmə məni, nə əmr etsən yerinə-yetirərərm!
O vaxtdan hər gecə Simurq quşu qanadlarını Ayın qarşısında elə açırdı ki, Ay tutulur, işığı Yerə çatmırdı. Cırtdan bundan xəbər tutan kimi Yaşıl ilanın başından oxla vurdu, ilan Simurq quşunun ayağından açılıb çaya düşdü.
Cırtdan da sevincək kəndə qaçırdı ki, Ayı xilas elədiyi xəbərini nənəsinə çatdırsın.
Birdən Küpəgirən qarı bütün bunlardan xəbər tutdu. Özünü Cırtdana çatdırdı. Bir tufan, bir mərəkə qopartdı ki, aləm bir-birinə dəydi. Küpəgirən Cırtdanın başının üstündə üç dəfə fırlandı, sonra isə süpürgəsi ilə onu elə bərkdən itələdi, Cırtdan təzədən çaya düşdü. Çayın suyu elə buruldu, elə buruldu, Cırtdanı burulğanına salıb uddu.
Küpəgirən qarı bərkdən bir qəhqəhə çəkib, uçaraq gözdən itdi.
Küpəgirən qarı yuvasına uçmaqda olsun, görək, Cırtdanın başına nələr gəldi. Cırtdan nə qədər çapaladısa da burulğandan canını qurtara bilmədi. Bir də gözünü açdı ki, qaranlıq bir yerdədi. Başa düşə bilmədi, hardadı. Bircə onu başadüşdü ki, hardadısa, həmin yer tərpənir. Gözlədi, görsün bunun axırı necə olacaq.
Bir az keçəndən sonra Cırtdan baxdı ki, işıq gəlir. Özü də mağara kimi bir yerdədi. Çapalayıb işıq gələn yerdən özünü bayıra saldı. Çıxanda nə görsə yaxşıdır?
Sən demə Cırtdan burulğana düşəndə onu çayda bir timsah udur. Timsah xeyirxah timsah idi. Kim çayda boğulursa, ona kömək edir. Necə kömək edir7 Həmin adamı udur, sonra isə çayın sahilinə gətirib, orda onu yerə buraxır. İndi də Xeyirxah Timsah belə elədi.
Cırtdan onun ağzından çıxıb yerə tullandı. Timsaha dedi:
- Sağ ol, Xeyirxah Timsah! Sən məni ölümdən xilas elədin!
- Bilirəm, sən də xeyirxahsan, Simurq quşu Yaşıl ilandan xilas elədin! İndi isə nə qədər ki, Küpəgirən qarı gəlib çıxmayıb, çıx, get!
Cırtdan Timsahla sağollaşıb getdi. Yenə bir az getmişdi, gördü toz-tozanaq qopdu. Başa düşdü ki, gələn Küpəgirən qarıdır. Onu da başa düşdü ki, bu dəfə onun əlindən sağ qurtara bilməyəcək. Tez Simurq quşu verən lələyi göyə atıb dedi:
- Dünyanın ən sürətlisi Külək! Lələyin sahibini tez mənə çatdır!
Cırtdan elə bunu demişdi, lələk yoxa çıxdı. Lələyin yoxa çıxmağı ilə Simurq quşu havada göründü. Külək İfritə qarını uzaqlara apardı. Cırtdan Simurq quşunun belinə çıxıb düz kəndlərinə gəldi. O vaxt çatdı ki, hamı ocaqın başına toplaşıb ki, bayram eləsinlər, amma bikef dayanıb Cırtdanı gözləyirlər. Cırtdanı görən kimi zurnaçılar qara zurnanı üflədilər. Hamı sevindi. Qızlar evə qaçıb şad xəbəri nənəyə çatdırdılar.
Sevindiyindən nənənin ağrıyan ayağı sağaldı. Qaçıb Cırtdanı qucaqladı. Sonra isə hamıdan əvvəl ocağın üstündən tullandı. Elə bil heç ayağı ağrımırmış.
- Novruz bayramınız mübarək olsun! – dedi.
Nağılçı: Gülzar İbrahimova