(nağıl)
Bir gün Cırtdan nənəsinin eşşəyini götürüb gedir meşəyə odun yığsın.
Elə təzəcə odun yığmağa başlamışdı, görür şahın adamları ona yaxınlaşıb soruşdular:
- Şahın qızı meşədə azıb, görməmisən?
- Görməmişəm! – Deyəndən sonra şahın adamları aralanıb gedirlər. Cırtdan görür ki şah adamları getdilər girdilər dağın üstündəki mağaraya. Bir az keçmişdi ki, hamısı həşirlə bayıra qaçdılar. Üz tutdular saraya tərəf. Onlar qaçmaqda olsun, görək Cırtdan neylədi.
Elə ki şah adamları mağaradan çıxıb qaçdılar, Cırtdan çox maraqlandı görəsən şah adamları bnə gördülər ki, başladılar qaçmağa? Belə fikirlərlə eşşəyini düz sürdü mağaraya. Düz mağaranın ortasına çatanda nə görsə yaxşıdır? Mağaranın bir küncündə yekə, boz bir ayı yatıb. Şahzadə isə qısılıb küncdə səssizcə zülüm-zülüm ağlayır. Ayı isə elə xoruldayır, elə xoruldayır, onun xorultusundan mağara silkələnir.
Şahzadə Cırtdanı görən kimi pıçıltılı səslə ona yalvarmağa başladı:
- Cirtdan, sən bir dəfə məni ölümdən qurtarmısan, nə olar, yalvarıram sənə, bu dəfə də qurtar!
- Bəs şah adamları niyə qaçıb getdilər?
- Getdilər ovçuları gətirsinlər ayını öldürsün. Onlar gələnə qədər Ayı səni də məni də öldürəcək!
- Ayının üstündən adlayıb keçə bilmərsən?
- Yox, oyanan kimi məni yeyər!
- Bəs nə əcəb indiyəcən səni yeməyib?
- Onu görəndə huşumu itirib yerə yıxılmışdım, yəqin gözləyir özümə gəlim, sonra yesin.
- Onda mən eşşəklə yaxınlaşım sənə. Əlini ver mənə, ordan qaldırım səni eşşəyin belinə.
Şahzadə razılaşdı. Çünki başqa çarəsi yox idi. Cırtdan yavaş-yavaş yaxınlaşdı qızın yaxınlığına. Eşşəyin də başını tez-tez tumarlayırdı ki, Ayıdan qorxub anqırmasın.
Eşşəyin səsi elə zil idi ki, anqıran kimi Ayı oyanacaq, mağaradan bir adam da sağ çıxmayacaqdı.
Elə ki şahzadə eşşəyə mindi, Cırtdan eşşəyə bir qamçı ilişdirdi ki, götürülsün, aradan çıxsınlar. Amma Ayı qamçı səsinə yuxudan ayıldı. Ayılan kimi də pəncələrini qaldırdı, cumdu Cırtdanla Şahzadənin üstünə. Eşşək bunu görüb elə anqırdı, elə anqırdı... Eşşəyin səsi mağarada necə əks-səda verdisə, dağ titrədi. Yuxulu Ayı başa düşmədi bu nə səsdir. Qorxudan özünü mağaradan bayıra atıb üz tutdu qaçmağa. Bu o vaxt idi ki, ovçular gəlib çıxdılar və ayını kəməndə saldılar. Baxdılar ki, Cırtdanla Şahzadə gəlirlər. Şah özü də burda idi. O eşitmişdi qızı mağaradadır, qaça-qaça gəlmişdi. O, Cırtdandan soruşdu:
- A Cırtdan nə təhər oldu, bu qədər adam ayı ilə başara bilmədi, sən başardın?
- Şah sağ olsun deyib, - Cırtdan necə olmuşdusa, hər şeyi şaha danışdı.
Şahzadə də başına gələnləri atasına danışıb dedi:
- Cırtdan bu dəfə də məni ölümdən qurtardı, ona bəxşiş vermək lazımdır!
Ovçular da dilləndilər:
- Əlbəttə, lazımdır! O şahzadəni ölümdən qurtarıb!
Şah əmr etdi ki, Cırtdana bir eşşəyin yükü qədər qızıl-gümüş versinlər. Cırtdan isə razılaşmayıb dedi:
- Şah sağ olsun! Mən bu hədiyyələri istəmirəm, payın çox olsun!
- Nə istəyirsən, istə Cırtdan, verim!
- Mən bir kərə şahzadəni ölümdən qurtardım, biz onunla dost olduq. Amma saray keşikçiləri heç vaxt icazə vermirlər ki, mən saraya dostumun yanına gəlim, onunla dostluq eləyim. İcazə ver, məni dostumdan ayırmasınlar.
Bu dəfə şahzadə əmr verdi:
- Ata, icazə versəydin, yerinə əmr edərdim!
- İcazə verdim!
Şahzadə əmr etdi:
- Bu gündən belə heç kəs Cırtdanı saraydan qovmayacaq! Əmr edirəm!
Şah təkrar elədi:
- Əmr edirəm!
- Cırtdan eşşəyi düz saraya sürdü.
Nağılçı: Gülzar İbrahimova