Necə oldu ki, Cırtdan Ayı xilas elədi

(nağıl)

 Biri var idi, biri yox idi, bir Cırtdan var idi. Cırtdan o Cırtdan idi ki, dostlarını Divin əlindən qurtarmışdı. O Cırtdan idi ki, Küpəgirən qarı ilə İfrit onun əlindən təngə gəlmişdilər. Bu dəfə Cırtdan elə bir qəhrəmanlıq elədi ki, bütün dünyanı qaranlıqdan xilas elədi. İnanmırsan? Onda eşit! Gör, nağıllar dünyasında nələr olur...
Bir səhər Cırtdan oyanıb gördü nənəsi hələ də yatıb. Nənəsini oyatdı:
- Nənə, nə olub, niyə yatmısan?
- Ayağım əzilib!
- Ay nənə, axşam heç ayağın ağrımırdı, birdən nə oldu ayağına?
- Hamısı Küpəgirən qarının işidir. Yenə Ayı oğurlayıb, qalmışıq Aysız. Gecə hindən səs gəldi, çıxdım görüm tülkü-zad toyuqlara dəymir ki... Çölə çıxdım, hər yan qapqaranlıq idi. Heç nə görmədim. Ayağım dəydi quyunun daşına, üzü üstə yıxıldım. Yaxşı ki, quyuya düşmədim.
- Nə bilirsən Ayı Küpəgirən qarı oğurlayıb?
- Deyirlər Ay göydə uzun müddət görünməsə, deməli Ayı Küpəgirən oğurlayıb.
- Mən Ayı xilas eləyərəm!
Nənə elə bildi Cırtdan zarafat eləyir, güldü. Ayağa qalxmaq istəyəndə ayağı ağrıdı, qalxa bilmədi. Cırtdan gedib yağ gətirdi, çörək gətirdi. Nənə ona yağlı tikə tutmağı öyrətdi. Cırtdan özünə də, nənəsinə də tikə tutdu. Ləzzətlə yağlı tikə yeyəndən sonra ayağa qalxıb dedi:
- Gedirəm Ayı xilas eləyəm!
- Bala, ağlını başına yığ, neçə-neçə cavan pəhləvanlar gedib Ayı Küpəgirənin tilsimindən qurtara bilməyib, sən balaca boyunla Ayı necə xilas eləyəcəksən?
- Nənə, xeyir-dua ver! Qaranlıq gecələrimizi nurlandırmağa gedirəm!
- Yolun açıq olsun, get!
Cırtdan özü ilə yağ tikəsi götürüb yola düşdü. Az getdi, çox getdi, gəlib dörd yol ayrıcına yetişdi. Bilmədi hansı yana getsin. Baxdı ki, yolun kənarında ağ saçlı, ağ saqqallı, üzü nurlu, bir qoca oturub. Qoca Cırtdanı görüb güldü:
- Balaca oğlan, bu balaca boyunla Ayı necə xilas eləyəcəksən?
- Baba, hardan bildin mən Ayı xilas eləməyə gedirəm?
- Mən hər şeyi bilirəm. Ulduzlar mənə çoxdan deyir ki, dünyaya Cırtdan adlı oğlan gələcək, Ayı Küpəgirən qarının tilsimindən qurtaracaq. Gecənin aylı işığını qaranlıqdan xilas edəcək! Mən də o vaxtdan oturmuşam burda, səni gözləyirəm ki, yolu göstərəm!
- Göstər baba, mən doğrudan da Ayı xilas eləməyə gedirəm!
- Cırtdan, burdan düz gedərsən. Gedib çatacaqsan böyük bir çaya. Çay yoxuşu ilə qalxıb dağa çıxarsan. Ordan böyük şəlalə axır. Şəlalənin yaxınlığında nəhəng Simurq quşu yaşayır. O xeyirxahlıq quşudur. Hər kəsə xeyir verər. Quş nəhəng qanadlarını açanda Ay işığının qarşısını kəsir hər yan zülmət qaranlıq olur.
- Necə xeyirxah quşdur ki, işığın qarşısını kəsir?
- Eşit, deyim! Küpəgirən qarı yaşıl ilanı ofsunlayır. Yaşıl ilan sarılıb Simurq quşunun ayağına ki, kəs Ayın qarşısını, yoxsa səni çalaram. Simurq quşu qorxudan Yaşıl ilan nə deyirsə, onu eləyir.
- Bəs Yaşıl ilanı necə məhv eləmək olar?
- Yaşıl ilanı yalnız sehrli oxla vurmaq olar. Ox da Dəmirağacın altında basdırılıb.
- Onda əvvəl gedim Dəmirağacı axtarım, tapım.
- Get Cırtdan, amma özünü İfritdən qoru!
- İfritdən niyə?
- İfrit oxun keşiyini çəkir ki, heç kəs onu oğurlamasın.
Cırtdan hər şeyi öyrənib nurani qocadan ayrıldı. Az getdi, çox getdi, axtarıb Dəmirağacı tapdı. İfrit ağacdaydı, Cırtdanı görüb qışqırdı:
- Yaxınlaşma, öldürərəm!
- Nə işim var ağaca yaxınlaşım, meyvəsi yox, bəhrəsi yox. Sənə yağlı tikə verirəm!
- Onda yaxınlaş, bir söz demirəm!
Cırtdan yağlı tikəni İfritə verdi. İfritin başı yeməyə qarışan kimi yavaşca onun ayağını iplə ağaca bağladı. Sonra ağacın altını qazıb oxu və yayı götürdü.
- Neyləyirsən? – İfrit qışqırdı.
- Yaşıl ilanı öldürməyə gedirəm!
- Qaytar oxu, yoxsa səni öldürərəm!
- Tuta bilsən, öldürərsən,- deyib Cırtdan götürüldü. Yekəpər İfrit Cırtdanın dalınca qaçmaq istəyəndə ağacdan kəlləmayallaq, ağzıüstə yerə dəydi.
Cırtdan getdi, getdi, gəlib nurani qoca deyən yerə - şəlaləyə çatdı. Şəlalə elə böyük idi ki, axıb töküldüyü yer elə bil dəniz idi. Cırtdan bir xeyli gözləyəndən sonra gördü ki, birdən-birə hər yan al-əlvan oldu.
O hələ ömründə bu qədər gözəl rənglər görməmişdi. Sən demə, uçub gələn Simurq quşuymuş. Quş elə gözəl idi, ətrafa rəngli işıq saçırdı.
Simurq quşunun ayağından böyük, yaşıl ilan sallanmışdı. Quş şəlalənin üstündə qanad çalıb dedi:
- Ey yaşıl, zəhərli ilan! Nə vaxtdır sarılmısan ayağıma. İnsafın olsun, heç olmasa su içəndə məni rahat burax!..
- Olmaz! Mənə əmr olunub ki, sənin ayaqlarından sallanam!
Nəhəng quşun eybəcər ilana yalvarması Cırtdanı hirsləndirdi. Oxu çəkib yaşıl ilanı nişan aldı.
İndi sizə kimdən deyim, kimdən danışım, Küpəgirən qarıdan. Küpəgirən qarı həmin vaxt güzgüdən fala baxırdı.

Güzgü nə baş verdiyini göstərən kimi Küpəgirən bir tufan qopartdı ki, çay aşıb-daşdı. Çayda böyük bir burulğan yarandı. Balıqlar burulğanda fırfıra kimi fırlandılar. Dalğalar çayın kənarında dayanıb ilanı nişan almış Cırtdanı qucaqlayıb oxqarışıq suya saldılar.
Bu vaxt balıqlar Cırtdana kömək elədilər. Onu bellərinə mindirib xilas elədilər. Cırtdan özünü itirmədi. Tez yayı çəkdi, yaşıl ilanı nişan alıb oxu atdı. Ox ilanın başından dəyən kimi ilan suya düşdü. Simurq quşu sevincək qanad çaldı:
- Sağ ol oğlan, - dedi, - canımı Yaşıl ilandan xilas elədin! Nə arzun var de, yerinə yetirim!
- İstəyim odur ki, heç vaxt Ayın qarşısını kəsməyəsən. Gecəni zülmət qaranlıqda qoymayasan!
- Baş üstə Cırtdan! Daha heç vaxt Ayın yaxınlığında uçmaram!
Sonra Simurq quşu lələyindən birini Cırtdana verib dedi:
- Al, lələyimi sənə verirəm, nə vaxt çətinə düşsən, məni çağır! Lələyi at göyə de:
“Dünyanın ən sürətlisi və güclüsü Külək! Lələyin sahibini tez mənə çatdır!”. Belə desən Külək o saat məni sənə çatdıracaq. Həmin an qulluğunda hazır olacağam!
Cırtdan lələyi götürdü.Balıqlar Cırtdanı çayın kənarına gətirdilər.
Cırtdan təzəcə sudan çıxmışdı ki, Küpəgirən qarını gördü. Qarı toru qaldırdı ki, oğlanın başına keçirtsin. Bunu görən Simurq quşu bərkdən qanad çaldı. Quşun qanad çalmasından yaranmış külək elə elədi ki, tor Küpəgirən qarının öz başına keçdi. Küpəgirən qarı özünü saxlaya bilməyib çaya düşdü. Cırtdan sevincək kəndə qaçıb nənəsinə şad xəbər apardı.

Nağılçı: Gülzar İbrahimova