Nəzakətli fil

Nəzakətli fil

1. Biri vardı, biri yoxdu, bir canavar vardı. O, heç vaxt evini yığışdırmır, iş görməyə tənbəllik edirdi. Evi damır, az qalırdı ki başına uçsun.

   Bir gün Canavarın evinin yanından fil keçirdi. Birdən necə oldusa, xortumu canavarın evinin damına dəydi və evin bacası yerindən çıxdı.

   Fil pərt oldu. Dişlərini qıcımış canavara baxıb onu sakitləşdirdi:

  - Bağışlayın, evinizin bacasını çıxartdım, amma inanın ki, bunu bilə-bilə eləmədim, indi yerinə qoyaram!

2. Bunu deyib Fil işə başladı. Filin əlindən hər iş gəlirdi. O, işdən qorxmurdu. Səliqə ilə bacanı düzəldib onu yaxşı-yaxşı bərkitdi. Baca yerinə əvvəlkindən də möhkəm oturdu. Fil getməyə hazırlaşanda Canavar qoymadı. Ona elə gəlmişdi ki, fil ondan qorxduğundan üzr istəyib, bacanı da ona görə təmir edib, üstəlik, damı da düzəldib. Canavar düşündü: “Aha!!! Deməli fil məndən qorxur. Bundan istifadə etməliyəm...”

   - Bura bax, bura bax, bu boyda gövdənlə evimi elə silkələdin ki, elə bildim zəlzələdi. Dirəklər yerindən oynadı. Belə evdə yaşamaq qorxuludur.

3. Mənə təzə ev tikməlisən, yoxsa başına elə oyun açaram ki, adın yadından çıxar.  

    Fil məəttəl qaldı. Çünki bu lap yaxşılığa yamanlıq oldu. Hirsləndi. Amma Canavara cavab vermədi. Onu hirslə yuxarı qaldırıb yaxınlıqdakı palçıqlı gölməçəyə tulladı.

     Amma bununla da sakitləşmədi. Hirslə oturdu canavarın evinin üstündə. Ev elə çökdü ki, lap yerə yapışdı. Sonra isə acıqla dedi: 

4. - Bu da sənin üçün təzə ev!

    Fil yavaş-yavaş yoluna davam elədi.  

 

Canavarın ağzı palçıqla dolmuşdu. Palçığı yerə tüpürüb dedi:

 

- Mən bir şeyi başa düşə bilmirəm, gah qorxudan məndən üzr istəyir, gah da məni yerə çırpır. Heç nə başa

düşmürəm. 

5  Bayaqdan onlara baxan qoca qarğa canavarı başa salmaq istədi:

   - Əvvəl Fil nəzakət göstərdi, səndən üzr istədi. Amma sən elə bildin o, qorxudan səndən üzr istəyir. Bundan sonra nəzakəti qorxaqlıqdan ayırarsan..