Sehirli tütək

Sehirli Tütək

Biri vardı, biri yoxdu, Əziz adlı kimsəsiz, balaca bir oğlan var idi. Əziz işləyir, kəndin qoyun-quzusunu otarıb çörək pulu qazanırdı. Əzizin sehrli bir tütəyi vardı. O, tütəyi bir dəfə çalan kimi qoyunlar kəndin ortasında Əzizin başına toplaşardı. Əziz onları otlağa aparar, tütəyi iki dəfə çalanda qoyun-quzu otlamağa başlardı. Tütək üç dəfə çalınanda isə qoyun-quzu ağzını otdan çəkər, sanki başa düşərdilər ki, geri qayıtmaq vaxtıdı. Bir dəfə Əziz sürünü otlamağa buraxıb bir ağacın kölgəsində uzandı ki, dincəlsin. İplə boynundan asdığı tütəyini isə yerə qoymayıb, ağacın balaca bir budağından asıb yatdı.

Yatıb-dincələnəndən sonra heyvanları bir yerə yığmaq üçün tütəyini götürüb çalmaq istədi. Amma tütəyini tapa bilmədi. Sən demə, tütək sehrliymiş və ağaca dəyən kimi ağac böyüməyə başlayıb. O qədər böyüyüb, o qədər böyüyüb ki... Əziz ağaca çıxmaq istədi. Bir az çıxdı, yoruldu, daha dırmaşa bilmədi. Düşdü ağacdan və qışqırdı:

- Ağac, əyil, tütəyimi götürüm!

- Əyilə bilmərəm, qamətim əyilər, belim ağrıyar.

- Bəs neyləyim, qoyun-quzunu bir yerə yığmalıyam, axı

onlar ancaq tütək səsinə yığılır.

- Bilmirəm, əyilmək fikrim də yoxdur!

Əziz bilmədi neyləsin ki, ağacı fikrindən döndərsin. İstədi, ağacı odla qorxutsun. Getdi odun yanına:

- Od, ağacı yandır, əyilsin, tütəyimi götürüm.

- Gedə bilmərəm, həvəsim yoxdur!

Əziz oda hirsləndi. Çayın yanına gedib dedi:

- Ay su, xeyirxah su, təmiz su, odu söndür, od ağacı yandırmır, ağac da əyilmir. Tütəyim qalıb ağacda, götürə bilmirəm.

- Çox elə mənə lazımdı...

Əziz küsüb öküzün yanına getdi. Dərdini ona danışdı.

Axırda da dedi:

- Öküz, suyu iç, çay qurusun! Mənə kömək eləmir!

- Təzəcə içmişəm, daha bacarmaram! Əziz canavarı tapıb dərdini ona danışıb dedi:

- Qurd, ay qurd, öküzü ye! Canavar dedi:

- Yaxşısı budur, bir az gözləyim, hava qaralsın, sənin oyunlarını yeyim. Əziz bunu eşitcək qaçdı ovçunun yanına:

- Ovçu əmi, mənə kömək elə, canavarı vur!

- Ovdan təzə gəlmişəm, yorğunam, bir də rezin çəkmə geyinə bilmərəm! Əziz bikef oldu. Siçanın yanına qaçdı:

- Siçan, ay siçan, ovçunun rezin çəkməsini didişdir!

- Şam yeməyimi yemişəm, sabah yeyərəm!

Əziz pişiyə şikayətləndi:

- Pişik. Ay pişik, qaç, siçanı ye! Mənə kömək eləmir!

- O qədər yemişəm ki, qarnım partlayır.

Əziz bezib-bikef oturdu. Bu vaxt it gəlib çıxdı. Əziz dərdini ona da danışanda it pişiyə hirsləndi. Mırıldanıb pişiyin üstünə, pişik də siçanın üstünə cumdu.

Siçan qaçıb ovçunun rezin çəkməsinin içərisinəgirdi. Ovçu siçanı qovub rezin çəkmələrini geydi. Çatıb tüfəngi canavara tuşladı. Canavar tüfəngi görən kimi

öküz səmtə götürüldü. Öküz suya doğru qaçdı. Su isə oda sarı axmağa başladı. Od suyu görən kimi qorxudan özünü verdi ağac tərəfə. Ağac alovu görən kimi əyildi ki, budaqlarını qorusun. Əziz sevincək tütəyini budaqdan götürdü. Çalıb qoyunlarını bir yerə yığdı. Elə o vaxtdan insanlar itlərlə möhkəm dost oldular.