Bağışla məni

Bağışla Məni

Anası Ayxana içərisində balıq olan akvarium bağışladı. Ayxan sevindi, bütün günü balıqla oynadı. Ona yem verdi, akvariumun suyunu tez-tez dəyişdi.  Amma bir gün balıqla oynamaqdan bezdi. Məstan pişiyin də balıqdan xoşu gəlirdi. Pişik bütün günü balığa baxırdı. Bunu görən ana Ayxana tapşırdı:

- Bax ha, birdən pişik balığı yeyər! Bir gün Ayxanın anası evdə olmayanda dostu İsmayıl onlara qonaq gəldi. Balığı görəndə çox xoşuna gəldi, dedi:

İstəyirsən, sənə fit bağışlayım? Səsi elədir, elə bil qatar fit verir.

- Hə, istəyirəm!

- Onda sən də mənə balıq ver!

- Yox, balığı anam mənə hədiyyə verib. İstəsəm, mənə fit də alar!

- Belə fit satılmır, o, əsl yol polisi fitidir! Çalan kimi elə bilirlər, polis gəlib. Fiti mənə hədiyyə etsələr də istəsən onu sənə verərəm. Fikirləş, bir gün pişik balığı yeyəcək, nə fitin, nə də balığın olacaq.

- Yaxşı, dəyişək!

Uşaqlar balığı tutana qədər akvariumun ətrafı su içində oldu. İsmayıl sevincək fiti Ayxana verdi və balığı apardı. Ana gələndə yerdə suyu görüb soruşdu:

- Bəs balıq hanı?

Ayxan qızarıb başını aşağı saldı. Ana yavaş səslə dedi:

- Məstan akvariumun başına fırlanırdı, yəqin, balığı o yeyib. Ayxan, elə bil, yuxudan oyandı: «Yox, onu Məstan yeməyib, İsmayıla bağışlamışam», demək  istədi, amma anasının inciyəcəyindən qorxub demədi. Ana hirsləndi:

- Hanı Məstan? Oğru pişik! Görürsən, qorxudan gizlənib. Yəqin, həyətə qaçıb, tez oğrunu tap gətir bura! Ayxan həyətə çıxıb Məstanı tapdı, evin altındakı  zirzəmiyə qoyub qapısını bağladı. Ayxan pişiyi evə aparmadı ki, birdən anası pişiyi cəzalandırar. O hətta gizlincə pişiyə yemək də apardı. Məstan bir neçə saat qaranlıq zirzəmidə qaldı. Birdən ana zirzəmidən pişiyin miyoltusunu eşitdi. Gedib zirzəminin qapısını açanda pişik onun yanından sivişib evə qaçdı. Divanın üstünə hoppanmaq istəyəndə akvariuma düşdü. Ana tez onu sudan çıxartdı:

- Nə olub sənə, oğurluq elədiyin bəs deyil, dinc də durmursan? Ayxan qorxdu birdən anası pişiyi cəzalandırar, qorxudan ağladı. Anası onu sakitləşdirməyə çalışdı:

- Ağlama, mən sənə təzə balıq alaram! Məstanın isə dərsini vermək lazımdır, ona dərs olsun,

- dedi.

Ayxan qaçıb pişiyi qucaqladı:

- Onun günahı yoxdu, ana, dəymə ona!

- Necə yəni günahı yoxdur?

Ayxan hər şeyi anasına danışandan sonra ana lap hirsləndi:

- Heç utanırsan?

- O dedi ki, gəl balıqla fiti dəyişək. Mən də dəyişdim! Onu demirəm, başqasına böhtan atmağını deyirəm. Bəs Məstanın günahı olmadan sən onu niyə müdafiə eləmədin? Mən onun qarasına danışanda niyə emədin o günahsızdır?

- Qorxdum, məni danlayasan!

- Bəs Məstana cəza versəydim, sənə xoş gələrdi?

- Yox!

- Səhvini boynuna aldığına görə səni bağışlayıram. Bir də belə eləmə!

- Eləmərəm ana, bağışla!

- Məndən yox, Məstandan üzr istə, sən ona pislik eləmisən! Ayxan Məstanı qucağına aldı, tumarladı, sanki ondan üzr istədi. Məstan sanki hər şeyi başa düşürdü. Üzünü Ayxanın üzünə sürtdü.