Qaraoğlanın hekayəti

Qaraoğlanın hekayəti

(Nağıl)

Üçüncü qardaş Qaraoğlanın atəştpərəstlik haqqında hekayəti:

-Müqəddəs Günəş! Mən göyümüzü od-alovdan qurtarmaq üçün, üstünü qara buludlar almış İran məmləkətində oldum. İran əhli atəşpərəst idilər və ilahi qüvvə saydıqları oda səcdə edirdilər. Camaat dünyada bütün olanları və olacaqları odla bağlayır, gecə və gündüz oda dua edirdilər.

Onlar deyirdilər ki, Od Ahura Mazdanın (Hürmüzdün) oğludur və o müqəddəsdir. Əgər kimsə odu söndürərdisə, o adam müqəddəs «Ahura Mazdanın oğlunu öldürən» sayılardı. Həmin adam dinsiz kafir kimi tanınar və onun özünü tonqalda yandırardılar.

Hətta ölkədə hər hansı bir yerə od düşüb yansa belə, həmin odu heç kəs söndürməz, bunu günah sayardılar.

İran məmləkətində hər külfətin istidə də, soyuqda da evində və həyətində ocaq yanardı. Daima yanan ocaq külfətin müqəddəs piri sayılardı. Ocaq sönərsə, həmin külfət yasa batar, qara geyinərdi.

Məmləkət əhli ocağı sönən adamlara Ahura Mazdanın xoşu gəlmədiyi adamlar kimi baxardılar. Belə adamlar pis niyyətli adamlar sayılar, onları heç kəs xeyrinə, şərinə çağırmazdı.

Bunun qorxusundan camaat var gücləri ilə çalışardılar ki, ocaqları sönməsin. Onlar gecə-gündüz ocağın keşiyini çəkər, onu sönməyə qoymazdılar. Meşələr qırılıb yandırılar, nahaqdan tüstülənən ocaqlar isə yerdə camaatın gözlərini kor edərdi, göydə də bizim.

Mən hal-qəziyyəni İran hökmdarına danışmaq üçün onun yanına getdim. Hər şeyi açıb, ona danışdım. O, mənə axıra qədər qulaq asdı. Mən yəqin hökmdar məni başa düşdü, deyə ürəyimdə sevindim. Elə bu vaxt o ayağa qalxıb, cəllada əmr elədi:

-Cəllad, bu dinsizi, kafiri diri-diri odda yandırın. Qoy bilsin ki, bizim od müqəddəsdir, kimsə onun müqəddəsliyinə şəkk gətirə bilməz.

Sən isə göydən gəlmiş cavan, əgər dediyin düzdürsə, doğrudan da sən göylər oğlusansa, qoy onda göylər sənin imdadına çatsın.

Mən sonra nə dedimsə, nə danışdımsa da, heç kəs məni eşitmədi. Elə istəyirdim ki, Sehr ulduzunu köməyə çağırım, bir də onu gördüm ki, ağzımı möhkəm bağladılar. Məni meydana apardılar. Orada böyük bir tonqal qaladılar ki, məni yandırsınlar.

Hökmdarın carçısı car çəkib hamını meydana çağırdı. Hamı tez bir vaxtda meydana yığışdı.

Eşitdiyimə görə hökmdarın çox ağıllı bir qızı var idi. Adı da Sepidə idi. O, atasının hüzurunda baş əyib ona dedi:

-Mehriban ata! Gəl sən bu cavanı odda yandırma. Bəlkə oğlan düz deyir, göylərdən gəlib? Əgər göylərdən gəlibsə, onu yandırmaq olmaz, o müqəddəsdir. Göylərin qəzəbinə gələrik.

Hökmdar sevimli qızı Sepidənin də sözünü eşitməyib, dediyinin üstündə durdu:

-Mən onu edam etməsəm, Ahura Mazdanın bizə qəzəbi tutar. O, kafirdir, dinsizdir. Bu cavanı kafirlər bilə-bilə göndəriblər bizim məmləkətə ki, bizim odumuz-ocağımız sönsün, bütün atəşpərəstlər məhv olsun. Onu mütləq tonqalda yandırmaq lazımdır. Cəllad, dayanma, əmr edirəm, tez onu at tonqala!

Yekəpər cəllad və onun köməkçiləri məni bir yoğun ağaca sarıdılar. Sonra isə həmin ağacı yerə sancılmış iki ağacın üstünə qoydular ki, mən yaxşıcana yana bilim. Daha sonra mənə od vurmaq üçün tonqaldan yaxşı alışıb yanan odunlardan götürdülər ki, gətirib mənim altıma qoysunlar. Bu vaxt leysan bir yağış başlayıb, tonqalı söndürdü.

Meydana yığışanlar bu işə məətəl qaldılar. Çünki burada yağış çox az-az yağardı. Hamı qaçdı öz həyətinə ki, görsün ocağı sönüb, yoxsa yanır. Ocaqlar sönmüşdü deyə, hamı yasa batdı.

Səhərisi günü Hökmdarın tapşırığı ilə yenə də hamı meydana toplaşdı. Bu dəfə də eyni hadisə təkrar oldu. Amma bu dəfəki yağış dünənkindən də çox yağdı. Camaatın həyətlərində təzədən qaladıqları ocaqlar da söndü. Üçüncü gün eyni vaxtda yağış yağanda şahın nurani vəziri irəli çıxıb dedi:

-Qibleyi-aləm və əhli İran! Bu cavan müqəddəsdir və o həqiqətən də dediyi kimi göylərdən gəlib! Bu bizi Yaradanın elçisidir. Bu cavanı biz incitdiyimizə görə o, bizim müqəddəs saydığımız odu söndürdü. Yəqin od daha bizim ona səcdə etməyimizi istəmir. Mən bu gündən oda səcdəmi dayandırıram. Kim mən deyənlə razıdırsa, əllərini göylərə tutsun və desin, «Müqəddəs Yaradan, keç bizim, günahımızdan, sənin elçini incitdiyimizə görə !»

Hökmdar ağıllı vəzirini həmişə eşidərdi. Çünki nurani vəzir deyən həmişə doğru olardı. Bu dəfə də o vəzirin bu ağıla batan sözlərini bəyəndi və vəzirin dediyi son sözləri təkrar elədi:

-Müqəddəs Tanrı, keç bizim, günahımızdan, sənin elçini incitdiyimizə görə !

Meydana toplaşanların hamısı bu sözləri təkrar etdilər.

Beləliklə də, bu hadisədən sonra İran məmləkətində atəştpərəstliyə sitayiş dayandı. Oda səcdə edən qonşu ölkələrdən Əfqanıstan, Hindistan, Pakistan məmləkətlərində də bu möcüzəli hadisəni eşidəndən sonra oda sitayişi dayandırdılar. Beləliklə də, məmləkət və müqəddəs göylərimiz qara tüstülərdən qurtuldu.

Günəş daha sonra üzünü göylər oğlu Qırmıza tutub dedi:

-Cahanın ən gözəl rəngi olan qırımızı rəng! Sevinc rəngi, gözəllik rəngi, Qırmız! De görüm, getdiyin yerdə nələr gördün? İnsanların arasında başına nələr gəldi ki, rəngin dəyişdi? Getdiyin məmləkətdə qan-qadanı silə bildinmi? Kimlərə ümid verdin? Kimlərə həyat verdin? Kimləri məyus etdin? Özünə dostmu qazandın, yoxsa düşmən? Çörək verməyəmi bais oldun, yoxsa çörək almağa? Əhli məmləkət sənin gəlişindən şad oldumu, yoxsa yasa batdımı?

Ardı var ...