Kitab oxumağın vaxtı yetişdi

Kitab oxumağın vaxtı yetişdi

Respublika Uşaq Kitabxanasında uşaq yazıçısı Gülzar İbrahimovanın (Gülzar nənə) "Bir zalım şah vardı" adlı kitabının təqdimatı keçirilib. ANS PRESS-in məlumatına görə, tədbirdə Yasamal rayonu 53 saylı, 18 saylı, 158 saylı məktəblərin 5, 6, 7 - ci sinif şagirdləri iştirak edib.

 

Gülzar nənə nağıllarında dünyanın ən varlı hökmdarları olmuş Nadir şah və Cahan şahın həyatlarını qələmə alıb. Yazıçı xanım Tac-Mahal nağılında Hindistan şahı Cahan şahın hakimiyyət illərindən, onun sevgisindən və sevimli arvadı Mumtaz Mahalın xatirəsini əbədiləşdirmək üçün Tac Mahal kimi möhtəşəm bir abidə tikdirməyindən bəhs edir.

Yuxarı sinif şagirdlərində böyük maraq oyadan kitab tərdbirdə geniş müzakirə olunub. M.Müşfiq adına 18 saylı məktəbin dil-ədəbiyyat müəllimi Aynur Cəfərqızı kitabın şagirdlərin maariflənməsində çox böyük rol oynayacağını vurğuladı: “Bir zalım şah vardı” kitabını oxuduqca düşündüm ki, yaxşı ki, Gülzar İbrahimova söz sənətini seçib və dünyanın kədərli olayları qarşısında öz qələmi ilə mübarizə aparır. Və yaxşı ki, Gülzar xanım nağıl da yazır, indiki dünyamızın çoxzamanlı müasir nağılını dünyaya danışır...

Bu gün Azərbaycan məktəbinin qarşısında Vətən tarixini dərindən bilən, onun müqəddəratını düşünən, haqqını-hüququnu müdafiə etməyi bacaran vətəndaş yetişdirmək kimi bir vəzifə durub. Ədəbiyyat bu vəzifənin həyata keçirilməsi üçün bir vasitədir. Mənim fikrimcə, qarşımızda ayıq təfəkkürlü, oyaq baxışlı, yeni informasiyalara, məlumatlara həris uşaqların vaxtında müstəqillik dövrümüzün ədəbiyyatı-nağılları, məhz belə olmalıdır-Gülzar nənənin nağılları kimi". 

G. İbrahimova isə bildirib ki, tarixi əhvalatları nağıla çevirməkdə məqsədi oxucularını yalnız bu hadisələrdən xəbərdar etmək deyil, insanları sülhə çağırmaqdır. 

Çox isti, səmimi bir şəraitdə keçirilən tədbir uşaqların ürəyincə oldu. Tədbirin sonunda Gülzar nənə 100 -dən çox uşağa öz kitablarından və azyaşlılara isə ANS PRESS Nəşriyyat Evinin məhsulu olan və özünün şef-redaktoru olduğu Bala Dili jurnallarından hədiyyə elədi.

 

İnformasiya anspress.com saytından götürülmüşdür.