Tamahkar qazı

Tamahkar qazı

(Nağıl)

Biri vardı, biri yoxdu  Gültəkin adında gözəl bir qız var idi. Qızın  kimsəsi yox idi. Təkcə  yaşayır, zəhmətlə  pul qazanır, özünü dolandırırdı.  Gültəkin uşaq olanda atası çox vaxt kefli olur, anasını döyüb incidirdi.     

Axırıncı  dəfəki hadisə isə Gültəkinin heç vaxt yadından çıxmırdı.

 Bir dəfə ər  çayın  gec hazır olduğuna görə arvadını  qəddarcasına  o qədər döydü ki, arvad qan qusmağa başladı.    

Gültəkinin isə əlindən  nə gələ bilərdi. O atasından çox qorxurdu. Təkcə ümid yeri anasının həmişə taxçada qoyduğu quran idi.  Gültəkin quranı qoynuna sıxıb, bu hay-küyün tez qurtarması üçün allaha yalvarırdı. Zavallı ana qan qusandan sonra qızını yanına çağırıb dedi:

-Bala atan mənim sonuma çatdı, mən öləndən sonra o səni də mənim günümə salacaq. Qaç canını ondan qurtar. Qızcığaz ağlaya-ağlaya dedi:

-Mən səni o vəhşinin yanında tək qoyub heç yerə getmirəm.

Ana balasına yalvardı:

-Mən sənə nə deyirəm eşit!  Nə qədər ki, sərxoşdu, çıx get. Sarı dağın lap yuxarısında bir mağara var. Əyin-baş götür, elə oradaca da yaşa. Qurd-quşla bir yerdə yaşamaq bu kişi ilə bir yerdə yaşamaqdan asandır. Bir də qızım bir gün atan məni həyətdə döyəndə yoldan keçən  bir dərviş bunu gördü və torbada mənə bir sehrli çubuq verib mənə  bir dua öyrətdi. Həmin duanı yadımdan çıxarmamaq üçün kağıza yazıb, çubuğun yanına qoymuşam.

Atan həmin torbanı mənim əlimdən alıb, haradasa gizlədib. O heç bilmir ki, onlar nə üçündür. Çalış onları tap götür. Sehrli çubuğu nəyə vurursan, gözgörünməz olur. Duanı isə kimin üzünə oxuyursan, həmin adam buynuz çıxarır,  ikinci duanı oxuyanda buynuz yox olur. 

Gültəkin  bir söz demədi. Yığışdı, anası ilə görüşüb ayrıldı. Birinci gecəsini anasından uzaqda, mağarada necə keçirdi, bir allah  bilir.  Ertəsi günü eşitdi ki, anası ölüb. Elə bil öz tənhalığını daha çox hiss elədi. Evlərindən gətirdiyi  quranı qoynuna sıxıb, yalvardı ki, quran onun  qəddar atasına cəza versin.                     

Heç iki gün keçmədi ki,  Gültəkinin atasını  bağda sərxoş vəziyyətdə uzanıb yatan yerdə  ilan vurub öldürüb.

 Yalnız bundan sonra Gültəkin evlərinə qayıtdı.

İllər keçdi, Gültəkin böyüyüb ağıllı, gözəl bir qız oldu.  Qızın çox gözəl olmasına baxmayaraq O, heç bir cavana məhəl qoymur, özü də kişi paltarında gəzirdi ki, onu sevib-eləyən olmasın.

Amma məsəl var deyərlər, «sən saydığını say, gör fələk nə sayır».

Günlərin isti bir yay günündə  Gültəkin sərinləmək üçün  sərin dağ şəlaləsində çimirdi.  Bu vaxt  qızın bəxtindən  kəndin ən yekəbaş, dələduz  cavanı olan  Ağaəli  də şəlaləyə gəlmişdi. Tərslikdən o qızı gördü, qız isə  ona kimsə baxdığını hiss etmədi. Kişi paltarını soyunmuş Gültəkini görəndə oğlanın ağlı başından çıxdı. Qız həqiqətən də çox gözəl idi.  Nəyin bahasına olur-olsun həmin qızla evlənməyi qərar verdi.

Qız evə qayıdandan sonra Ağəli onlara gəldi. Gültəkin onu həyətdəcə qarşılayıb, onun cavabını verib, yola saldı.

Ertəsi gün Ağaəli yenə onlara gəldi. Bu dəfə O qızın hirsli cavabından pərt oldu. Gördü qız salıb tərsliyinə, başladı kobudluğa və dedi:

Sənə fikirləşməyə bir gün də vaxt verirəm. Əgər ağlın başıva gəlməsə səni götürüb qaçacağam.

Gültəkin oğlanın dediyi sözdən çox qorxdu. Bir anlığa anasının keçirdiyi əzablı günlər gəlib gözünün qabağında durdu. Qız vahimələndi. Qorxudan bilmədi səhəri necə açdı. Sübh namazı qurtaran kimi Ağaəli Gültəkinin evinə gəldi.

Qız qapının dalında gizlənmişdi. Elə ki, oğlan içəri girdi, bihuşdarı tozunu oğlanın üstünə töküb, qaçdı həyətə. Ağaəli üstü başından bu tozu təmizləyincə bihuşdarı öz təsirini

göstərdi və oğlan tappıltı ilə yerə yıxıldı.     

Biçarə Gültəkin  yenə də paltar boxçasını götürüb dağdakı mağarada qaçıb gizləndi.

 Elə ki qız oğlanın əlindən çıxır, arzusuna çatmayan Ağaəli, Gültəkindən nə yolla olur-olsun qisas almaq qərarına gəlir.

Əvvəlcə gedir qazının yanına ki, qazı ağa kömək elə məni ifritənin əlindən qurtar. Başına gələnləri  isə qazıya belə danışır:

-Qızın məndən çoxdandır ki, xoşu gəlirdi. Nə qədər mənə xəbər göndərirdisə də, mən ona öz qəti fikrimi dedim ki,  məndən sənə zorla ər ola bilməz. Amma sözümə qulaq asmadı. Səhər obaşdan məni gəlib evlərinə apardı ki, sənə çox vacib sözüm var. Mən də dedim yetim qızdır. Getməsəm yaxşı olmaz. Getdim. Dedi ki, sən bu gündən mənimlə qalmasan səni tilsimə salıb məhv edəcəyəm. Mən dedim heç olmasa camaatdan utan, o mənim üstümə bihuşdarı  töküb, əl-ayağımı bağladı. Cibimdə də bir-iki qızılım var idi bazara aparırdım ki,  bazardakı zərgər onlardan bir qəşəng bir qolbaq düzəltsin. Həmin qızılları da cibimdən götürüb qaçdı . Hannan-gecdən ayıldım, durub gəldim bura. Gültəkini bu kənddə qoymaq olmaz. O çox ifritədir.    

İnanırsan qazı ağa, mən heç onlara getmək istəmirdim, bir  də gözümü açıb, gördüm onlardayam. Onun atası mənə demişdi ki, onun qızı sehrkardır. Yazıq kişi evlərində olan davaların  hamısının da günahını qızında görürdü.   

Üstündəki bihuşdarı tozu hələ təmizlənmədiyindən Ağaəli onu da qazıya göstərdi. Qazı həmin tozu iyləyən kimi gördü  ki, doğrudan da bihuşdarı tozudur. Oğlanın dediklərinə bir az inansa da, Gültəkini tanıdığından  qız haqqında pis fikir demək istəmədi. Bu vaxt  Ağaəli cibindən bir qızıl çıxarıb qazıya göstərdi  və dedi:

-Görürsən, qızıllardan biri cibimin dibində qalıb, həyasız bunu heç görməyib. İnanmırsansa al bax, özü də qoy səndə qalsın, verirəm sənə.

Hədiyyə çox bahalı idi. Qazı da  pulgir və acgözün biri olduğundan ağlı başından çıxdı. O, gözlərinə inanmadı. Hələ ömründə ona belə bahalı rüşvət verən olmamışdı. Belə bahalı hədiyyəyə  görə, qazı özü kimi istəyirsən döyüb öldürməyə hazır idi.O, bir anın içərisində fikrini dəyişdi və qızın qarasınca danışmağa başladı:

-Gör ifritə səni nə günə salıbsa, sən mənə bu boyda hədiyyə verirsən ki, sənin canıvı onun əlindən qurtaram. Oğlum, heç fikir çəkmə. Mən buna əncam çəkərəm.

Bundan sonra qazı kənd camaatını meydana yığıb başa saldı ki, kənddə ifritə, tilsimkar peyda olub. Kim həmin ifritə qızı məhv eləsə, yeri cənnətdir. Camaat Gültəkini çox yaxşı qız bildiklərindən  çox heyfsiləndilər. Amma nə etsinlər, şeytan qızı yolundan döndərib. Onlardan Gültəkini yaxından tanıyanlar, onu çox istəyənlər  bunun iftira olduğunu dedilər. Qazı onları kafir adlandırdı. Camaatın çoxu isə qazıya inanıb, ifritəni görsələr, onu öldürəcəklərinə söz verdilər.

Gültəkin isə heç nədən xəbəri olmayaraq, mağarada yaşayırdı. O indi bircə Ağaəlidən başqa heç kəsdən və heç bir heyvandan qorxmurdu.

Artıq on gün idi ki, Gültəkin mağarada təkcə qalırdı. Günorta üstü qızın ən çox istədiyi rəfiqəsi Nazənin gəlib mağaraya çıxdı. Hər ikisi çox sevindi. Amma rəfiqəsinin gəlişinin səbəbini biləndə Gültəkini dəhşət aldı. O söz tapa bilmədi ki. Ağaəlinin haqqında desin. Öz doğma elinə-obasına qayıda bilməyəcəyinə görə çox pis oldu. Rəfiqəsi onu birtəhər başa saldı ki, burada qalmaq onun üçün qorxuludur, o başqa yerə getməlidir. Nazənin sözünü deyib, tez çıxıb getdi.

Sən demə Ağaəli bilirdi ki, Nazənin gec-tez Gültəkinin yanına gələcək ki, camaatın ona qarşı olan nifrət və qəzəbini  çatdırsın. Ona görə də neçə gün idi ki,  Nazənini güdürdü. Nəhayət ki, Ağaəli istədiyinə çatdı. Gültəkinin  yerini  öyrəndi. Qazının adamları qızın əl-ayağını bağladılar, kəndə qədər atın arxasınca sürütdülər.

Kəndə çatanda qızın üz-gözü al-qan içərisində idi.     

Gültəkini dərin bir quyuya saldılar ki, camaat yığılan kimi edam etsinlər. Qıza üç kişi keşik çəkirdi.

Gültəkin ilk dəfə özündə gücsüzlük hiss elədi. O artıq özü də baş verən haqsızlıqdan bezmişdi. Halsız halda quyunun dibinə uzandı. Bir anlığa onu yuxu tutdu. Yuxuda ölüm ayağında da qızından nigaran olan anasını  gördü. Ana qızını öpdü və  sehrli çubuq olan torbanı ona uzatdı.          Gültəkin yuxudan dik atılıb oyandı. Elə bil onun qollarına qüvvət, dizlərinə taqət gəldi. Qız evlərinə gedib torbanı götürmək üçün nə yolla olursa olsun  quyudan çıxmalıydı. Bunun üçün bir yol fikirləşmək, keşik çəkənləri quyudan uzaqlaşdırmaq lazım idi. Gültəkin bunun üçün fırıldağa əl ataraq dedi:

Mənə həqiqətən də sehrli olmaq vergisi verilib, indi mən edam ediləcəyəm, Amma mən istəyirəm ki, ölməmişdən qabaq doyunca yeyib, içəm. Mən sizə çoxlu qızıl-gümüş yeri deyim, siz də onları götürəndən sonra mənə yemək gətirin.

Kişilər sevindilər və təkliflə razılaşdılar.

Bunun üçün mənə bir uzun kəndir lazımdır –deyə  Gültəkin dilləndi.

Tamahkar nökərlər qıza inanıb tez qıza bir kəndir tapıb gətirdilər. Gültəkin kəndiri o tərəfə fırlatdı, bu tərəfə fırlatdı və dedi:

- Ağ bulağın yanında bir böyük daş var, o daşı qaldırsanız altında çoxlu qızıl var. Amma götürəndə başınız davaya qarışmasın, tez gəlib mənə yemək-içmək gətirin.

Bunu eşidən kişilər bir göz qırpımında gözdən itdilər. Gültəkin tez kəndiri quyunun yuxarısındakı ağaca atıb, quyudan çıxdı. Xəlvətcə evlərinə qaçıb torbanı tapdı. Həmçinin torbanın içərisində buynuz çıxması və yox olması üçün dua yazılmış kağız da var idi.  Çubuğu vurdu  evin küncündəki səhəngə. Səhəng gözəgörünməz oldu. Əlini səhəng olan yerə gəzdirəndə gördü ki, doğrudan da səhəng yerindədir. Çubuğu yavaşca vurdu öz başına və çıxdı həyətə.  Qonşular hərəsi öz işində idi. Qız başa düşdü ki, heç kəs onu görmür. 

Tez torbanı götürüb qaçdı qazının evinə. Qazı yemək yeyirdi. Üzünü qazıya tutub kağızdakı duanı oxudu:

 Başın boşdur qoy dolsun

 Boş başda buynuz olsun,   

 Öküz buynuzsuz olmaz

 Qoşa buynuzun olsun!

Qazının başından çox eybəcər bir buynuz çıxdı. Arvadı gəldi ki, süfrəni yığışdırsın, ərini görüb qəşş eləyib huşunu itirdi. Qazı nökərləri çağırdı. Nökərlər qazını görən kimi hərəsi bir tərəfə qaçıb getdi. Qazı ayağa qalxıb əmmaməsini başına qoyanda başa düşdü ki, buynuz çıxarıb.

Gültəkin isə vaxt itirməyib düz yollandı Ağaəlinin evinə. Ağaəlini evdə tapmayıb bağa baxdı. Ağaəli orada özünü sərinə verib çay içirdi. Gültəkin Ağaəlini  də eybəcər bir görkəmə salıb yenə də gəldi girdi quyunun içinə.

Ona keşik çəkən kişilər isə gəldilər Ağ bulağın yanındakı  daşı qaldırdılar, gördülər burada qızıldan-zaddan əsər əlamət də yoxdur. Amma daşın altında bir böyük arı şanı var idi. Arılar illərlə bura bal yığmışdılar. Həmin şanı götürüb, aralarında bölüşdürdülər.Deyinə-deyinə gəldilər Gültəkin olan quyunun başına. Çörək gətirib tapdıqları balı ləzzətlə yeməyə başladılar.    

Gültəkin onlardan bircə parça çörək istədi. Onlar isə çörək əvəzinə qızın başına daş, torpaq atmağa başladılar. Gültəkinin kişilərdən onsuz da acığı gəlirdi. Ona görə də onların bu hərəkətinə heç dözə bilmədi. Başladı onların üzünə dua oxumağa:

 Başın boşdur qoy dolsun

 Boş başda buynuz olsun,   

 Öküz buynuzsuz olmaz

 Qoşa buynuzun olsun!

 Nökərlər  bir-birlərində buynuz görəndə qışqırışıb qaçdılar.

Qazıya xəbər çatdı ki, quyunun başında olan nökərlər də buynuz çıxarıb. Qazı o saat fikirləşdi ki, bu Gültəkinin – «o cadugar» qızın işidir. Qızı yanına gətizdirib dilə tutub dedi:

-Qızım bəlkə mənim dərdimə bir əlac edəsən, mən bilirəm sən çox ağıllı qızsan. Nə qədər qızıl istəsən verərəm sənə.

-Sənin qızılın-zadın mənə lazım deyil. Mən istəyirəm  sən necə  camaatı inandırmısan ki, mən cadugar, tilsimkaram, yalanıvı boynuva alasan. Qoy camaat bilsin ki, Ağaəli də sən də fırıldaqçısan, elə etməsən ömür boyu buynuzlu qalacaqsan- deyə Gültəkin qazının üstünə qışqırdı.

Qazı fikirləşdi ki, qızı aldatmasa Ağaəli verən qızıl

əlindən çıxacaq. Ona görə də dedi:

-Mən belə buynuzla camaatın qabağına çıxsam, heç kəs mənim sözümü eşitməz.

Gültəkin  gördü ki, qazı düz deyir. Ona görə də buynuzu yox eləmək duasını oxudu:

Sənə buynuz yaraşır

Sən buna edirsən  naz

Buynuzu yox edirəm, 

Buynuzlu eşşək  olmaz

Buynuzları yox olan qazı ürəkləndi və əmr etdi ki, qızı bayıra salsınlar.

Gültəkin  elə bil buna hazır idi. Tez əzbərlədiyi duanı bir də oxuyub, qazıya ondan da böyük bir buynuz hədiyyə etdi. Sən demə bir adama ikinci dəfə dua oxuyanda, ondan da iki dəfə böyük buynuz yaranır. İndiki buynuzu elə ağır idi ki, qazı bu buynuzla heç tərpəşə bilmirdi.

Gültəkin isə qazını daha da qorxutmaq üçün sehrli çubuğunun köməyi ilə yoxa çıxdı.   

Qazı hər yerə adam göndərdi, heç yerdə qızı tapa bilmədi. Axırda əlacı kəsildi. Bütün kənd camaatını meydana yığdırdı. Özü də arvadı ilə camaata xəbər göndərdi ki,   Gültəkinin heç bir günahı yoxdur, o çox yaxşı qızdır, bütün günahlar Ağaəlidədir. O qızı zorla almaq istəyib, qız razı olmayıb deyə qızı şərləyib.

 Gültəkin də meydanda idi. Amma gözəgörünməz olduğundan  onu heç kəs görmürdü. Hamı deyilənlərə inandı.    

 Ağaəlini evindən zorla meydana dartıb gətirdilər. Camaat onun eybəcər buynuzlarını görüb ondan daha da zəhlələri getdi. Ağaəlini daşa basıb, kənddən qovdular.

Gültəkin isə meydandan düz qazıgilə gəlib yapışdı onun eybəcər saqqalından və dedi:

Sənə buynuz yaraşır

Sən buna edirsən  naz

Buynuzu yox edirəm, 

Buynuzlu eşşək  olmaz

Bunu deyən kimi buynuzlar yox oldu. Gültəkin qazıya tapşırdı ki, bir də haqsız iş görsə ömürlük buynuzla qalacaq. Qazı ilə bir yerdə meydana getdilər. Camaat Gültəkini görüb onu alqışladı.

Gültəkin anasının qəbri üstünə gedib ən çətin vaxtında ona kömək etdiyinə görə anasına «sağ ol» dedi və qəbrini  öpdü. Həmin gündən gözəl Gültəkin kişi paltarı geyməyini də tərgitdi. Buynuz çıxma duasını mən sizin üçün yazıram, bəlkə birdən lazım oldu. Kim isə sizə nahaqdan şər atsa, kimsə sizə yalan desə, təqsiriniz olmaya-olmaya sizə əl qaldırsalar onda bu duanı oxuyarsız:

 Başın boşdur qoy dolsun

 Boş başda buynuz olsun,   

 Öküz buynuzsuz olmaz

 Qoşa buynuzun olsun!

Duanın tərsi isə belədir:

Sənə buynuz yaraşır

Sən buna edirsən  naz

Buynuzu yox edirəm, 

Buynuzlu eşşək  olmaz