Röyada məktub

Röyada məktub

Röyadayıq. Sən də, mən də. Məni axtarırsan. Qan-tər içərisində, ağlaya-ağlaya, zarıya-zarıya. Məni kimdən soraqlasan da, yerimi deyən olmur. Görə-görə ki, arxanca qaçıram, sənə heç nə demirlər. Dönüb arxana da baxmırsan ki, məni görəsən. Arxadan səni nə qədər çağırıramsa, səsim çıxmır...

Qaçıram. Qaçıram ki, sənə çatam, çata bilmirəm. Çünki nə qədər qaçsam da bir addım belə ata bilmirəm...

Sənsə get-gedə məndən uzaqlaşırsan. Yanımdan çox adamlar ötüb-keçir. Özləri də qanadlı. Ağlaya-ağlaya onlardan birinə yalvarıram ki, məktubumu sənə çatdırsın. Yazığı gəlir, eşidir məni.

Məktub yazmaq istəyirəm sənə. Qələmim yazmır. Qolumu çərtib qələmin ucunu qanıma batırandan sonra yazır. Məktub yazıram sənə. Qara qələmlə yazsam da, yazdıqlarım qan rəngində alınır, qan qoxusu verir. Sən bir röyadakı sehrə bax, rəngə bax, qoxuya bax...

Yazıram, yazdıqca qanadlı adam yazdıqlarıma baxıb ağlayır. Elə bil, hər dərdimdən, hər acımdan xəbərdar olan bir adam kimi gözlərindən qan-yaş tökür.

Yazıram. Yazıram ki, axtarmayasan məni, özünü yormayasan. Bir də yazıram ki, məni itirmək asan olsa da, tapmaq çox çətindir. Axtarma məni. Onsuz da tapa bilməyəcəksən. Yazdığıma inanmasan, məni tapmaq istəsən, güllər, çiçəklər açanda gedərsən qoşa, əl-ələ gəzdiyimiz yaşıl xiyabana. Hər yan yamyaşıl, gül-çiçək olacaq. Həmin güllərin-çiçəklərin arasında başını aşağı salmiış, solmuş bir gül görəcəksən. Qupquru qurumuş, solmuş qızılgül. Əllərinlə oxşamassan onu. Su verməssən ona. Onsuz da dirilməyəcək. Həmin solmuş gülü qoparıb yaylığa bükərsən, həmişə yanında gəzdirərsən.

Məni başqa cür tapa bilməzsən: nə həyatda, nə də röyada!..