Çiçəklərə göz yaşından şeh düşər

Çiçəklərə göz yaşından şeh düşər 

Bal ayımız qurtardı, daha məni gözləmə!

Yağı mənə də qıydı, sənə də… Düşmən bal ayımıza zəhər qatdı, sənə də içirtdi, mənə də…

Səndən ayrıldım, səni tək-tənha qoydum, mənə «vəfasız»de, vəfasız çıxdım. 

Vəfasız çıxdım əhdimizə, düşmən kəsildim arzularımıza, daha məni sevmə….

Qoşa həyatımız qəfil bitdi, arzuları gözləmə… 

Anana de, ağlamasın, «gəlinim» deyib sızlamasın. Ocağa gəlin ola bilmədim, məni bağışlamasın… Ana ola bilmədim, boş beşiyi yırğalamasın, ağı deyib oxşamasın… Bal ayımız bitdi, nə tez bitdi…

Unut arzularını yavaş-yavaş unut! Çıxart məni yadından yavaş-yavaş, çıxart. At məni, birdəfəlik çıxart, ürəyindən, at… Bal ayımız bizi atdı, çox tez atdı…

Telefona baxma, zəngimi arama, nömrəmi yığma, mənə məsaj yazma! Biz artıq başqa dünyalardayıq, o dünyaya nə zəng çatar, nə səs çatar. Bal zənglərimiz nə tez kəsildi…

Nə şad günündə, nə ad günümdə məni ara. Təkcə sevgililər günündə məni axtar! Təkcə sevənlərin bayramında mənə bir dəstə çiçək göndər. Özün gəlmə, çiçəklərə göz yaşından şeh düşər, çiçəklər də mənm kimi tez solar! Özün gəlmə, məzarım od tutar yanar!