Ovçu və Tülkü

Müəllif: Gülzar İbrahimova

Ovçu oyandı səhər,

Ov tüfəngi çiynində,

İsti kürkü əynində,

Geyindi taykeş başmaq,

Getdi meşəyə qoçaq.

 

Çox heyvan qovaladı,

Axır tülkü ovladı,

Soyundu öz kürkünü,

Kürkə bükdü tülkünü.

 

Ovdan qayıtdı evə,

Acıq verdi Tülküyə,

Onu saldı anbara,

Sonra getdi qonşuya,

Tülkü haqda danışsın,

Öyünsün, lovğalansın.

 

Yolda dayanıb dedi:

“Deyəsən unutmuşam,

Kilidi vurmamışam!”.

Yəqin Tülkü qaçıbdı,

Zəhmətim heç olubdu”.


 

Ovçu qaçdı anbara,

Gördü bomboşdur ora,

Girdi içəri baxsın,

Bəlkə Tülkünü tapsın.

Tülkü arxadan gəldi,

Qapını kilidlədi...

 

Ovçu çəkdi hay-haray:

“Vay-vay, vay-vay, vay-vay-vay...

Qonşular, ay qonşular,

Kömək edin, nə olar!”.

Tülkü isə həmin vaxt,

Gəzirdi rahat-rahat.